Icma.az
close
up
RU
Qafqaz evi: Prinsipiallığımız illüziyanı reallığa çevirir

Qafqaz evi: Prinsipiallığımız illüziyanı reallığa çevirir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın itirdikləri və İrəvan üçün yaşam şansı

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda vahid Qafqaz evi modelini canlandırdı. Elə bir modeli ki, məsələ yalnız indinin düşüncə məhsulu deyil. Bununla bağlı müzakirələr regionun üç ölkəsinin sabiq SSRİ-dən ayrılaraq dövlət müstəqilliklərinə qovuşduqları vaxtdan başlanıb və indi də əhəmiyyətini saxlayır. Amma...

Diqqət yetirək, Beynəlxalq Sülh İnstitutunun təmsilçisi Stefani Fenkart dövlətimizin başçısına ünvanladığı sualda Cənubi Qafqazın timsalında Avropa İttifaqı kimi institusional formatdan söz açır, onu yeni dünya düzəninin seqmenti kimi vurğulayır, məsələnin həyata keçməsi baxımından regionda sülhün qərarlaşmasını vacib sayır. 

Deməli, strateji əhəmiyyətli Qafqaz evi ideyası dayanıqlı barış mühiti formalaşmadan mümkünsüzdür. Şübhəsiz, ekspertin dedikləri onun şəxsi qənaətindən yox, ümumi strateji yanaşmadan qaynaqlanır. “Əmma”sı ondadır ki, bu nəticəyə gec gəlinib. Gecikən bütövlükdə Avropa, daha böyük anlamda yanaşsaq, beynəlxalq ictimaiyyətdir. Əlbəttə, başqa “əmma”lar da var və yazımızda onlara aydınlıq gətirəcəyik.

Qərb dünyası ötən əsrin 90-cı illərinin sonlarına doğru nisbətən passiv, hazırda yaşadığımız əsrin ilk illərində isə aktiv məcrada reallaşdırmağa girişdiyi Qafqaz evi ideyasını müxtəlif donor qurumların və fondların regional layihələrinin başlıca mövzusuna çevirmişdi. Yəqin, Azərbaycan və Ermənistan cəmiyyətlərini yaxınlaşdırmaq yönümlü “xalq diplomatiyası” adlı illüziya bir çoxlarının xatirindədir. Təşəbbüsün məğzi bu idi: hər iki ölkənin ziyalıları, əsasən, media təmsilçiləri bir-biri ilə təmaslar quracaq, nəticədə ziddiyyətlər səngiyəcək, hər şey unudulacaq, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevriləcək. Başlıca sual belə bir məkana nə üçün ehtiyacın duyulması ilə bağlı idi. 

Əlqərəz, Qafqaz evi ideyasının reallaşması naminə Qərbdən Azərbaycandakı, Ermənistandakı və Gürcüstandakı müxtəlif ictimai birliklərə, media təşkilatlarına layihə şəklində külli miqdarda vəsait yönəlirdi. Ziddiyyətlərin, münaqişələrin, habelə işğal faktının düşüncələrdən silinməsini təmin edəcək bu vəsait hər üç ölkənin cəmiyyətində yetişdirilmiş beynəlmiləlçi zənguləli pasifistlər ordusu tərəfindən xərclənirdi. Bakıda, Tbilisdə və İrəvanda düzənlənmiş çoxsaylı konfranslar, seminarlar isə formal xarakter daşıyır, çıxışçılar boş söz yığını ilə kifayətlənirdilər. Habelə, Qərbin “xalq diplomatiyası”na ictimai dəstəyi həmin tədbirlərdən sonra keçirilmiş banketlərdəki boğazdanyuxarı tostlardan o yana keçmirdi. Gürcüstanla bağlı durum fərqli idi. Azərbaycandakı və Ermənistandakı “sülh qaranquşları”na gəlincə, onlar üzərilərinə düşən “missiyanı” yerinə yetirə bilmədilər. Yəni nə Ermənistandakı şovinist ab-havanı səngitdilər, nə də Azərbaycanın geniş kütlələrinə xitab edib işğalı ikinci plana atmağı bacardılar. Nəhayət, Qərb durumun səmərəsizliyini anladı. 

Onu da bildirək ki, Qafqaz evi təşəbbüsünün yekun məqsədi Azərbaycan, Ermənistan və Gürcüstan arasında sərhəd və gömrük nəzarəti olmayan vahid məkanı yaratmaq idi. Elə məkan ki, onun şərtləri üç region ölkəsini Avropa İttifaqına üzvlük üçün hazır duruma gətirsin. Axı Qərb həm özünün ənənəvi tarixi stereotiplərinə, həm də səmərəlilik faktorlarına görə, Cənubi Qafqaza ayrılıqda yanaşa bilməzdi. Buradakı quruluşların Aİ ideyalarına yalnız müştərək xidməti nəzərdə tutulurdu. 

Əlbəttə, detallarını açıqladığımız təşəbbüs səmiyyətdən uzaq idi. Təkcə ona görə yox ki, regionda erməni işğalının mövcudluğu nəzərə alınmır, dinc azərbaycanlıların qətlinə biganə yanaşılırdı. Həm də o səbəbdən ki, təşəbbüs qlobal məqsədin gerçəkləşdirilməsinə – Cənubi Qafqazın Rusiyaya tarixi bağlılığının sarsıdılmasına, yəni bölgənin Moskvanın təsir dairəsindən tamamilə  uzaqlaşdırılmasına hesablanmışdı. 

Azərbaycan özünün müstəqil siyasi xətti ilə hadisələrin belə cərəyan etməsinə razılıq verə bilməzdi. Əvvəla, hansısa azərbaycanlı, məsələn, Xankəndiyə, yaxud Şuşaya Aİ-də təmsil olunacaq vahid Cənubi Qafqaz məkanının nümayəndəsi statusunda getmək istəməzdi. Çünki qədim şəhərlərimiz Ermənistanda idi, işğal barışılacaq reallıq sayıla bilməzdi. Azərbaycan iqtidarı da buna razılıq verməzdi. 

Balanslı siyasət kursuna sadiq dövlətimiz, eyni zamanda, Qərbin “Çörək və tamaşa” vədina inanmır, regionun qlobal rəqabət meydanına çevrilməsinin mümkünsüzlüyünü rəhbər tuturdu. Axı o zaman da aydın idi ki, Rusiya özünə qarşı qurulmuş oyunla barışmayacaq. Ölkənin prinsipiallığının ağır nəticələrini bu gün Ukraynadakı müharibə təsdiqləyir. Üstəlik, İran amili də diqqətdən yayına bilməzdi. Axı Qərbin anti-İran köklənişi o zaman da olub, indi də var. 

Bəli, Qərb səmimiyyətdən uzaq davrandı, işğal faktına göz yumdu, Ermənistanın təcavüzkar əməlinə biganə yanaşdı. Ancaq Qərb Qafqaz evi təşəbbüsündə uğursuzluq yaşasa da, istəyindən geri durmadı, fərqli taktika seçdi. Tezliklə onun qrantlar hesabına formalaşdırdığı pasifist “sülh göyərçiləri” inqilabçılara çevrildilər. 

Qərb üç Cənubi Qafqaz ölkəsində özünə uyğun hakimiyyətlərin formalaşmasına cəhd göstərdi və Gürcüstanda istəyinə nail oldu. Amma uğur müvəqqəti xarakter daşıdı. Mixeil Saakaşvili demokratiyasına Qərbin bu demokratiyanı saxlamaq üçün ayırdığı vəsait bitən kimi son qoyuldu. Daha doğrusu, xaricdə kimlərsə daimi əli cibində Gürcüstana pul ayırmaqdan yoruldu. Hər halda, quyuya su tökməklə sulu olmaz. 

Yaşananlardan nəticə çıxarmayan ambisioz Qərb üzərindən illər keçdikdən sonra bu dəfə Ermənistan adlı “quyuya su tökmək” qərarına gəldi. Demokrat qiyafəsinə bürünmüş baş nazir Nikol Paşinyanın iqtidara yiyələnməsi fikrimizin sübutudur. Paşinyan hakimiyyəti üzərinə siyasi sərmayə yatıran Qərb Ermənistanı Cənubi Qafqazda demokratiyanı qalası, Nikolu isə cəngavər kimi qələmə verdi. Mövcud istiqamətdəki təbliğat o qədər güclü oldu ki, Paşinyan reallıq hissini itirdi. Ən əsası, Qərb erməni avantürizminə demokratiyanı Ermənistandan Azərbaycana yaymaq aləti qismində baxdı. 

Nəticədə İrəvan yeni işğallara həvəsləndi. Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını elə-belədən verməmişdi. O, xaricdəki ağalarının təlimatına uyğun hərəkət kursu götürmüşdü. O ağaların ki, Azərbaycan müstəvisində “istəklərinə” çata bilməmiş, ölkəmizdəki xalq-hakimiyyət vəhdəti qarşısında çarəsiz qalmışdılar. Yeri gəlmişkən, Nikol yenə öz ampluasındadır. Qərb isə əvvəlki illərdən fərqli olaraq, hazırda daha açıq oyuna üstünlük versə də, uğur qazanmayan saxta beynəlmiləlçilikdən uzaq durur. 

Qətiyyətlə demək olar ki, Azərbaycan Cənubi Qafqaz müstəvisindəki məkrli planları pozdu. Ölkəmiz bunu 44 günlük müharibədə qalib gəlməklə etdi. Zəfər dövlətimizə Qərbin siyasi şantajlarına əhəmiyyətsiz yanaşmaq, onlara məhəl qoymamaq imkanı və potensialını qazandırdı. Ərazi bütövlüyünə və suverenliyinə qovuşmuş Azərbaycan, həmçinin Cənubi Qafqazda diktə edən tərəfə, aktora çevrildi. 

***

Bəli, hazırda Prezident İlham Əliyev mahiyyətində Qafqaz ideyası dayanmış suala məhz müzəffər rəhbər, regionda söz sahibinə çevrilmiş Azərbaycanın lideri kimi cavab verir və bildirdikləri həm də Qərbin vaxtilə tutduğu yolun yanlışlığının izahıdır. Məsələn, dövlətimizin başçısı bildirir: “Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik”. 

Prezident İlham Əliyev Beynəlxalq Sülh İnstitutunun təmsilçisi S.Fenkartın sualını cavablandırarkən onu da bildirib ki, Ermənistan işğalçılıq siyasəti, illər ərzində tutduğu qeyri-konstruktiv mövqeyi ilə özünü Azərbaycanın enerji resurslarından faydalanmaqdan, nəqliyyat marşrutları üçün önəmli tranzit məmləkətə çevrilməkdən məhrum etdi. Halbuki, ölkənin bunun üçün real şansları var idi. Elə bir şanslar ki, onlardan bəhrələnmək təkcə Ermənistanın iqtisadi potensialını, əhalisinin rifahını gücləndirməyəcəkdi, eyni zamanda, onun daha çox dividend vəd edən Qafqaz evi təşəbbüsündə oturuşmuş davamlı iştirakçılığını şərtləndirəcəkdi. Əlbəttə, söhbət həmin təşəbbüsün Qərb trayektoriyasında deyil, müstəqil xəttində təmsilçilikdən gedir. O xətt ki, prinsip etibarilə heç kəsə qarşı yönəlməyib, siyasi məqsəd güdmür, yalnız iqtisadi inkişafı və rifahı rəhbər tutur. 

Bəli, məhz bu formulun yaradılması imkanları olub və yenə var. Diqqət yetirək, hazırda Cənubi Qafqazın qlobal ticarət imkanlarından söz açan beynəlxalq ekspertlər region ölkələri arasında sadələşdirilmiş sərhəd keçidi və gömrük şərtlərinin tətbiqinin əhəmiyyətini qabardırlar. Mövzu bu günlərdə Özbəkistanda düzənlənmiş Avropa İttifaqı – Mərkəzi Asiya Forumunda da müzakirə olunub. Prezident İlham Əliyev isə bildirib ki, neft, qaz və ya yük daşımaları məntiqindən asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Deməli, Bakı ilə Tbilisinin sağlam təməllərə əsaslanmış münasibətləri sərhəd xətlərinin asan aşılması üçün qarşılıqlı inam və etimada əsaslanmış münbit zəmin formalaşdırır. Tam mümkündür ki, gələcəkdə iki ölkə arasında sərhədlər tamamilə aradan qalxsın. Eynilə Avropa ölkələrindəkitək. Çünki Azərbaycan hakimiyyəti kimi, Gürcüstan iqtidarı da regional məsuliyyətin parametrlərini düzgün qiymətləndirmək bacarığındadır.  Müstəqil mövqeyi olmayan Ermənistan isə illər ərzində bütün siyasi sərmayəsini yalnız bəsit yanaşmalı, keçmişin qalığına çevrilmiş avantürizmi bəsləməyə yönəldib. Ona görə də dövlətimizin başçısı vurğulayır ki, proqmatizmdən uzaq yanaşma və “böyük Ermənistan” xülyası həqiqi müstəqilliyin qurban verilməsinə  gətirib və bunun təqsirkarı ölkəni idarə edənlərdir. 

Ermənistan otuz ilə yaxın müddətdə avantürist yolu Rusiyaya arxalanmaqla gedib. İndi onun sığındığı Qərbdir. O Qərb ki, anti-Rusiya mövqeyinə ara vermir. Rəsmi İrəvan isə hazırda Bakının sülh şərtləri ilə razılaşmamaqla, xəstə təfəkkürün təzahür formalarını qorumaq istiqamətində aciz cəhdlər göstərməklə, əvvəllərdəki kimi, Cənubi Qafqazın tam funksionallığını zədələyir, inkişafını əngəlləyir. 

Bəli, indi də Qərbin Rusiyaya qarşı çıxdığını görürük. Birincinin əvvəl erməni işğalına dolayı haqq qazandırdığı məlumdur, indi isə onun hay məkrinə istinad nöqtəsi saxlamaqla, avantürizmə dəstək cəhdi diqqətimizdən yayınmır. Belə bir şəraitdə Qafqaz evi təşəbbüsü yalnız nəzəri ideya kimi qalır. İstər-istəməz sual yaranır: Tutaq ki, Qərbin və ya Rusiyanın öz məqsədləri var və bu, müəyyən mənada təbiidir. Görəsən, Ermənistan müstəqil orqanizmə malik Cənubi Qafqaz platformasında iştirakçılığın əhəmiyyətini niyə dərk etmir? Belə suallar çoxdur və onlara vaxt sərf etmək mənasızdır. Çünki vaxt itkisi yolverilməzdir. Əslində, Prezident İlham Əliyevin bildirdikləri də bu yolverilməzlik haqqında düşünmək çağırışıdır. Amma rəsmi İrəvan yaşadığımız coğrafiyanın perspektiv inkişaf imkanlarından söz açan dövlətimizin başçısının “Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə, əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq” fikrinə həssas yanaşmır. Şansı qaçırmaq məhz budur. 

Dövlətimizin başçısı son günlərdə Bakı – İrəvan barış sazişinə toxunarkən, artıq ikinci dəfədir topun Ermənistanda olduğunu bildirir, paralel surətdə prinsipial məqam açıqlayır: Ölkəmizin sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərt yerinə yetirilməlidir. O iki şərt ki, erməni avantürizminin perspektivdə yenidən baş qaldırmayacağına maksimum təminat mahiyyəti daşıyır. O şərtlər ki, onlara həssas münasibət həm də Bakı ilə İrəvan arasında etimad quruculuğuna müstəsna töhfədir. 

***

Sonda belə qənaətə gəlmək mümkündür ki, Prezident İlham Əliyevin Beynəlxalq Sülh İnstitutunun təmsilçisi S.Fenkartın sualına cavab olaraq vurğuladığı məqamlar Cənubi Qafqaz evi təşəbbüsünün həm müstəqil strukturunun təsviri, həm də sözügedən təşəbbüsün indiyədək gerçəkləşməməsinin izahı baxımından son dərəcə vacibdir. Dövlətimizin başçısının bu cür izahdan sonra “Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq” şəklində fikir bildirməsi isə təkcə Ermənistanı yox, eyni zamanda, dünyanın mütərəqqi kəsimini düşündürməlidir. Çünki ölkəmizin lideri hadisə və proseslərə real müstəvidə yanaşır. 

Ümumən, Azərbaycanın irəli sürdüyü, konfiqurasiyasını hazırladığı real düzən “Cənubi Qafqazın üç ölkəsinin xeyrinə” olsa da, onun özünün də obyektiv çalarları var. Ona görə Prezident Əliyev vurğulayır ki, “biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik”. Yəni Bakı – İrəvan sülh sazişi imzalanacağı təqdirdə də, bir vaxtlar Qərbin israrla sırımağa çalışdığı beynəlmiləlçi, ultra liberal qiyafəyə bürüdüyü kosmopolit ab-havanın formalaşması mümkünsüzdür. Bununla belə, müştərək Qafqaz evi təşəbbüsü, daha doğrusu, həmin təşəbbüsün kənar təsirlərdən uzaq formulu naminə işləmək lazımdır. Yəni, regionun iqtisadi dinamizminin tam təminatı üçün nədənsə, haradansa başlamaq lazımdır. Yəni, Prezident Əliyevin topun Ermənistanda olduğunu vurğulaması kimi, “Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik” şəklində fikir bildirməsi adi məsələ deyil. Əgər İrəvan avantürizmi yaşatmaq niyyətindən uzaq dursa, sülh müqaviləsi imzalanacaq. 

Nəzərə alaq ki, Prezident İlham Əliyev real barış mühiti üçün etimad quruculuğu tədbirlərinin mövzularını da açıqlayır. Söhbət, jurnalistlərin və ziyalıların təmaslarından, qarşılıqlı səfərlərindən və digər regional əhəmiyyətli məsələlər ətrafında müzakirələrin düzənlənməsindən gedir. Şübhəsiz, belə tədbirlər etimad quruculuğu baxımından praktik təsir gücünə malikdir və bunu dövlətimizin başçısı da diqqətə çatdırır: “Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq”.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see207

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see118

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see107

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see107

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri