Qafqaz Təhsil Mərkəzindən şikayət: “Əvvəlcə dedilər ki, universitetdə onlayn təhsil var, sonra isə...
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Qafqaz Təhsil Mərkəzinin göstərdiyi xidmətdən çox narazıyıq".
Bu fikirləri Redaktor.az-a müraciət edən Firuz Əfqan oğlu Şirzadov bildirdi. Onun sözlərinə görə, Qafqaz Təhsil Mərkəzinə müraciət edərək Türkiyənin Okan Universitetinə qəbul almaq istəyib və bu məqsədlə mərkəzlə əməkdaşlığa başlayıb.
Şikayətçiyə bildirilib ki, universitetdə həm əyani, həm də onlayn təhsil mümkündür və təhsil mərkəzi qəbul prosesi ilə yanaşı, tələbənin Türkiyəyə getməsi, sənədləşmə və oturum məsələlərində də dəstək göstərəcək.
Lakin onun sözlərinə görə, qəbul prosesi başa çatdıqdan sonra vəd edilən xidmətlərin heç biri təmin olunmayıb. Firuz Şirzadov bildirib ki, təhsil mərkəzi nə sənədləşmə, nə oturum, nə də universitetlə əlaqə məsələlərində lazımi dəstəyi göstərib. Həmçinin, əvvəlcədən vəd edilən onlayn təhsil imkanı ilə bağlı da aldadıldığını qeyd edib:
“Əvvəlcə dedilər ki, Okan Universitetində onlayn təhsil var. Qəbul aldıqdan sonra isə belə bir xidmətin mövcud olmadığını bildirdilər”.
Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Qafqaz Təhsil Mərkəzindən bildiridi ki, vətəndaşla müqavilə imzalanıb və iddia edilən şərtlər həmin müqavilədə yer almır:
“Qarşı tərəflə müqavilə imzalanıb və müqavilədə belə şərtlər yoxdur”.
Bununla belə, müqavilənin hansı formada bağlandığı, “WhatsApp” üzərindən göndərilən razılaşmanın qanunvericiliyə uyğun olub-olmaması, həmçinin vətəndaşın ASAN imzası olmadan müqavilənin imzalanmasının mümkün olub-olmadığı ilə bağlı suallarımız cavabsız qaldı.
Nuriyyə NATİQQIZI


