Icma.az
close
up
RU
Qalanı xatirədir...

Qalanı xatirədir...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İllər öncə eşitdiyim bir mahnıdan yadımda kövrək bir göynərti qalıb: “Qalanı xatirədir”. Hər il sona çatanda hamı kimi, mən də xəyallanıram ki, ömrümüzdən bir il də belə keçdi. Nədənsə hər zaman o anlarda da həmin mahnı qulaqlarımda səslənir. İllər kimi, xatirələr də baş alıb gedir... Anlayıram ki, hər birimiz bir fərd olaraq həyatımız boyu çox hadisələrin şahidi və sayların unutduğumuz insanlarla təmasda olmuşuq. Bu hadisələrin və o insanların çoxu da illər ötdükcə zaman-zaman yaddaşımızdan silinib gedir. Eləcə biz də başqalarının yaddaşından silinirik. Ancaq elə hadisələr və insanlar var ki, onlar bir ömür boyu bizimlə yol yoldaşı olur və onları heç vaxt unuda bilmirik. Mənzil uzandıqca onlar bizə daha da yaxınlaşır, doğmalaşırlar.

Bu günlərdə xeyli vaxt idi ki, görmədiyim belə dəyərli insanlardan biri ilə görüşüb bir müddət həmsöhbət olduq. Tanınmış jurnalist, vaxtilə bir kollektivdə çalışdığımız Səməd Məlikzadə ilə mənim iş yerimdə görüşdük. O görüşdə Səməd müəllim mənə bir kitab da hədiyyə etdi. Kitabın adı da, orada toplanan hər bir yazı da sanki beynimdə o mahnının sözlərini yenidən səsləndirdi: “Qalanı xatirədir!”

Qeyd edim ki, Səməd Məlikzadə respublikanın tanınmış jurnalistlərindəndir və yazı-pozu ilə məşğul olan az adam tapılar ki, onun imzasını tanımasın. Ölkənin bir çox populyar mətbuat orqanlarında illər uzunu külüng çalıb. Hazırda təqaüddə olsa da, bu gün də döşünə döyən ən məhsuldar jurnalistlərdən daha çox yazır. Onun cəmiyyətimizin müxtəlif problemlərinə güzgü tutan, tariximizlə, mədəniyyətimizlə bağlı qələmə aldığı araşdırma yazıları böyük maraq doğurur.

Müəllif kitaba “Bizim alın yazımız” adını verib. Kitab Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin 1976-cı il məzunlarının ömür yoluna həsr olunub.

Səməd Məlikzadənin kitabı qəlbimdə bir neçə istiqamətdən kövrək duyğular oyatdı. Əvvəla, kitabın müəllifinin illər uzunu tanıdığım, dostluq etdiyim, öz ləyaqəti, mənliyi ilə seçilən, ruzisini halal qələmindən çıxaran bir dostum olması idi. İkincisi, kitab mənim də məzunu olduğum doğma universitetimin, doğma fakültəmin tələbələri və müəllimləri haqqında idi. Daha sonrası, kitabda haqlarında söhbət açılan insanların çoxunu yaxından tanıyırdım və hətta bəziləri ilə müxtəlif illərdə eyni bir kollektivdə çalışmışdım da.

Bir məqamı xüsusi qeyd etmək istərdim ki, Jurnalistika fakültəsi yarandığı gündən Universitetdə həmişə öz sağlam ab-havası, “daxili qanun-qaydaları” ilə digər fakültələrdən çox fərqlənib. Çünki bu fakültənin hər zaman heç bir rəsmi sənədlərlə, göstərişlərlə, qanun-qaydalarla tənzimlənməyən bir nizamı, daxili özəllikləri formalaşıb. Tələbə sayına görə başqa fakültələrdən qat-qat az tələbəsi olub. Jurnalistika fakültəsində təhsil alan tələbələr və müəllimlər arasında elə isti münasibət, mehriban bir mühit olub ki, illər də bu münasibətlərə kölgə sala bilməyib.

Orta və yaşlı nəsilin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar: sovet hakimiyyəti illərində ali məktəblərdə sovet təhsil sisteminin öz fəlsəfəsinə uyğun idarətmə mexanizmi vardı. Buna uyğun da müəllim və tələbə kontingenti arasında müəyyən bir sədd, məsafə formalaşmışdı. Hər kəs də öz yerini və vəzifəsini və məsuliyyətini yaxşı bilirdi. Elə jurnalistika fakültəsini digərlərindən fərqləndirən əsas cəhət də onun bu “çərçivələrdən” uzaq olması idi. Hər birimiz fakültəni özümüzün ikinci ailəmiz hesab edirdik. O səbəbdən də bizlər birinci kursdan məzun olana qədər öz doğma fakültəmizdə müəllimlər və tələbələr arasında hansısa inzibati bir sədd görmədik. Müəllimlərimiz öz tələbələrinə həmkar, qələm yoldaşı kimi baxırdılar. Tələbələr də bir-birlərinə heç vaxt aşağı kurs, yuxarı kurs baxışları ilə yanaşmazdılar. Sanki hamı eyni kursun tələbəsi, bir-birlərini çoxdan tanıyırmış kimi, davranardılar. Məncə, bunun başlıca səbəbi burada dərs deyən müəllimlərin də, təhsil alan tələbələrin də söz adamı olmaları, sözə digərlərindən bir köynək yaxınlıqları ilə bağlı idi. 

Səməd Məlikzadənin kitabın titul vərəqində verdiyi “Bizim alın yazımız” başlığı oxucuda nostalji hisslər oyadır. Digər səhifədə başlıq kimi verdiyi “Ömürlərə işıq salaq” və səhifənin aşağı hissəsində yazdığı “Ömür nağıl kimidir - nə qədər uzun olduğu deyil, nə qədər gözəl yaşandığı önəmlidir” fikri sanki 40 otaqlı bir sarayın giriş qapısında asılmış sirli bir lövhədəki kod yazısını xatırladır. 

Beləcə qələm dostumuzun sözlə yaratdığı sirli-soraqlı bir saraya oxucu səyahəti başlayır. Digər iki qoşa səhifədəki jurnalistika fakültəsininin 622-ci və 624-cü qrup tələbələrinin qızılgül çələngi kimi sıralanmış məzun şəkilləri isə  oxucuya bu sarayın o xoşbəxt sakinlərinin kimliklərindən nişan verir.

Kitabın növbəti səhifələrində portret şəkillər və sahibləri haqqında qısa və yığcam tanıtmalar verilib. Bunların arasında dünyasını dəyişənlər də, məzun olduqdan sonra dostların gözündən “qeyb” olanlar da, bu gün yenə də yazıb-yaradanlar da var. Bəlkə də Səməd müəllim dünyasını dəyişən dostlarını ona görə ayırmayıb ki, onların bu gün də “yaşadıqlarını” və dostların qəlbində həmişə yaşayacaqlarını da xatırlatmaq istəyib.

Kitabın əsas bir özəlliyi ondadır ki, onu müəllifin öz kitabı da hesab etmək olar, kitabın tərtibçisi də.

Kitab müəllimlərimizə həsr olunmuş xatirə məqalələrlə başlayır. Mehparə Axundovanın 2014-cü ildə “525-ci qəzet”də çap etdirdiyi “Dövrümüzün Zərdabisi” məqaləsi Jurnalistika fakültəsinin qurucularından olan və milli jurnalistikamızın simvollarından birinə çevrilmiş Şirməmməd Hüseynova həsr olunub. Mehparə Axundova sanki fakültənin tələbəsi olmuş bütün məzunların ürək sözü ilə başlayıb yazısına: “O illərdə jurnalistika fakültəsində oxuyanların bəxti gətirmişdi. Fakültədə dərs deyən heç bir müəllimin tələbələrdən umacağı ola bilməzdi. Şirməmməd müəllim elə birinci kursdan bütün tələbələrə tapşırmışdı ki, əgər eşidəm-biləm ki, müəllimlər sizin qiymətinizi nahaqdan kəsib, mənə deyin. Heç nədən qorxmayın”. Əslində bizim müəllimlərimizdən heç bir qorxumuz, hürkümüz də yox idi. Çünki onlardan heç birində belə bir xasiyyət də yox idi. Əksinə, istənilən problemlərimizdə bizə ilk əl uzadan da müəllimlərimiz olardı. Ancaq elə də olurdu ki, başqa fakültələrdən müəyyən fənləri tədris eləməyə gələn müəllimlərlə bəzən aramızda anlaşılmazlıqlar baş verirdi. Bunlar da dərhal müəllimlərimiz tərəfindən yoluna qoyulurdu.

Səməd Məlikzadənin özünün yazdığı “Müəllimlər müəllimi” məqaləsi deyərdim ki, müəllim şəxsiyyətinə bir qədirşünaslıq yanaşmasıdır. “Bəlkə də bu, qismətimizə düşən bir naxış, pay idi. Yoxsa əsərlərini sevə-sevə oxuduğumuz görkəmli yazıçı, alim-pedaqoqun nə vaxtsa bizə dərs deyəcəyi heç ağlımıza da gəlməzdi. Amma universitet auditoriyasında əyləşdiyimiz ilk günlərdə Mir Cəlal Paşayev bizi salamladı və uğur arzuladı. O, universitetdə bizə dərs deyən müəllimlərimizin də müəllimi idi. Buna görə də Mir Cəlal müəllim fakültəyə gələndə nəinki biz tələbələri, eləcə də fakültənin bütün müəllimləri ayağa qalxır, onunla görüşmək üçün növbəyə dururdular. O, bu hörmətə və sevgiyə layiq insan idi”.

Beləcə bu gün haqq dünyalarına qovuşmuş müəllimlərimiz - Nəsir İmanquliyevin, Nurəddin Babayevin, Ceyran xanım Əbdürrəhmanovanın, Seyfulla Əliyevin, Famil Mehdinin, Nəriman Zeynalovun, Tofiq Rüstəmovun, Yalçın Əlizadənin, Əliş Nəbilinin, Mahmud Mahmudovun işıqlı simaları, xoş xatirələri ayrı-ayrı məqalələrdə gözlərimiz önündə yenidən canlanır. Bu portret yazıların əksəriyyətinin müəllifi Səməd Məlikzadə və onun tələbə yoldaşlarıdır.

Bu gün pedaqoji fəaliyyətlərini davam etdirən müəllimlərimiz də kitabda diqqətdən kənarda qalmayıblar. Cahangir Məmmədli, Akif Rüstəmov haqqında da böyük ürəklə yazılar qələmə alınıb. Jurnalistika fakültəsinin hazırkı dekanı Vüqar Zifəroğluyla aparılan müsahibədə mərhum professor Nəsiman Yaqublu, bu gün öz pedaqoji fəaliyyətlərini davam etdirən Rəhilə xanım Kəsəmənli, Zaur Babayev, Əli Hacıyev və digərlərinin bugünkü jurnalist kadrlarının hazırlanmasındakı yorulmaz fəaliyyətləri öz əksini tapıb.

Kitabı vərəqlədikcə adam fərqli ovqatlara köklənir. 86-cı səhifədəki şəkil çələngi isə sanki səfi pozulmuş bir durna qatarına bənzəyir. Haqq dünyalarına qovuşmuş tələbə yoldaşlarının şəkilləri altında onların yalnız adları yazılıb. Özlərinin yaddaşlarında qaldıqları kimi: Rəşid, Mail, Adil, Allahyar, Musa, Nizami, Xəlil, Maşallah, Əli, Qadir, Yusif, Əlibala, Şamxal, Həsən, Nurəddin, Vəsilə. Səməd Məlikzadənin tələbə yoldaşları olmuş, dünyalarını vaxtsız dəyişmiş bu insanlar həm də hər birimizin mətbuatdan imzalarına yaxından bələd olduğumuz tanınmış jurnalistlərimiz, qələm adamlarımızdır. Növbəti səhifələrdən isə onların hər biri haqqında ağrıyla, ürək qanıyla yazılmış dost, həmkar xatirələri yer alıb.

Vaxtsız dünyalarını dəyişmiş həmkarlarımız haqqında xatirə yazılarını oxuyanda nədənsə bu “durna qatarı”nın bir fərdi olan Şamxal Rüstəmin sanki illər öncə ətrafındakı dostlarına pıçıldadığı bir misrası səsləndi qulaqlarımda: “Bircə biləydim məni kimin qarğışı tutdu!” Allah hamısına qəni-qəni rəhmət eləsin.

“Ayrılığın sonu varmış”, “Bir dəstə buket”, “Cıdır düzüm, İmarətim girir yuxuma”, “Mənim ən gözəl əsərim”, “Görən niyə gecikir bu payız?”, “Pərən-pərən düşmüş xatirələr”, “Jurnalist işığa can atan pərvanə kimdir”, “Sözün işığı ilə yol gedir”, “Kürdəxanıda bir nurani yaşayır” və s. başlıqlarla dərc olunmuş yazılarda keçmiş tələbə-jurnalistlərin (bu gün tanınmış yazarların) daha çox tələbə dostları haqqında, keçmiş xatirələrlə bağlı bir-birindən kövrək, duyğusal yazılardan ayrılmaq olmur və onların təsirindən uzun müddət qurtula bilmirsən.

Müəllif kitabın növbəti bölümlərinə “Gəl qayıdaq o illərə”, “Bizdən yazıblar”, “Dostlar bizi xatırlayır”, “Özümüzü sözə çevirdik” başlıqlarını seçib. Onların da hər biri bir kitaba sığmayacaq xatirələr, yazılar, hekayələr, şeirlər, təəssüratlar... Bu yazıların hamısının da məzmunu, baxış bucağı eyni nöqtəyə fokuslaşıb - Jurnalistika fakültəsinin keçmiş tələbələrinin (bu günün tanınmış jurnalistlərinin) həyat, tale yollarına.

Kitabın “Bizi xatırlayın, xatırlayın baxın” bölümü (foto-albom) deyərdim ki, elə bu sirli sarayın oxucunun maraqla axtardığı 40-cı otağıdır. O otaq ki, sakinləri müxtəlif vaxtlarda, müxtəlif məclislərdə, müxtəlif yerlərdə ağ-qara şəkillərə dönərək dünənimizdən bu günümüzə boylanırlar.

“Bizim alın yazımız” kitabını bir nəfəsə oxudum və təsirindən indiyəcən də qurtara bilməmişəm. Mübaliğəsiz deyərdim ki, Səməd Məlikzadə “Bizim alın yazımız” kitabını ərsəyə gətirməklə doğma fakültəmizə ədəbi və əbədi bir abidə ucaldıb. Sözümüz və sabahımız var olduqca yaşayacaq bir abidə! Qələmin bərəkətli, canın sağ olsun, əziz dost! Yaz, yarat. Böyük sayğılarla, Jurnalistika fakültəsinin keçmiş məzunu:

İlham MƏMMƏDLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see629

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see152

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see147

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see140

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see139

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see138

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see137

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see135

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see131

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see128

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see126

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see126

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see123

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see123

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see116

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see115

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see114

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see113

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri