“Qalatasaray” qələbəni əldən versə də, pleyoffu təmin etdi
Bu ilin son avrokubok həftəsi Türkiyə təmsilçiləri üçün istənilən səviyyədə alınmadı. Ötən tur olduğu kimi, yenə qardaş ölkənin 4 təmsilçisindən yalnız biri qələbə qazandı.
İstanbul nəhəngləri bu həftə ümidləri doğrulda bilmədilər. “Beşiktaş”a məğlubiyyətdən sonra psixoloji cəhətdən yaxşı durumda olmayan “Fənərbaxça” İstanbula 5 oyunluq qələbə seriyası ilə gələn “Atletik”lə görüşdə fanatlarını üzdü. Oyunun əvvəllərində Samet Akaydın rəqibə qol “bağışladı”. Daha öncə həm klub, həm də yığma səviyyəsində bir neçə dəfə bənzər kobud səhvlərə yol verən təcrübəli futbolçu yenə topu qapıçıya ötürmək istəyərkən yanıldı.
Həmin andan etibarən “Fənər” fanatları Sameti fitə basmağa başladılar. Mourinyonun komandası ilk yarıda pis təsir bağışlamasa da, əsas olanı edə, yəni qol vura bilmədi. İlk qolun müəllifi olan təcrübəli İnyaki Uilyams fasilə ərəfəsində topu yaxın küncə sancmaqla komandasının üstünlüyünü artırdı. Onun qardaşı, son AÇ-nin qəhrəmanlarından olan Niko Uilyams isə ilk yarıda zədələnərək əvəzləndi. Mərt Müldürün 69-cu dəqiqədə ikinci sarı vərəqəni alması ilə oyunda intriqa öldü. Matçın ən diqqətçəkən məqamı isə fanatların rəhbərliyi və Əli Koçu istefaya səsləməsi oldu. Hətta oyunu VİP-lojada Türkiyənin idman naziri Osman Aşkın Bak, eləcə də UEFA prezidenti Aleksander Çeferinlə bilrikdə izləyən Koç final fitini gözləmədən - 88-ci dəqiqədə stadionu tərk etdi! 6-cı turu 8 xalla və 21-ci pillədə tamamlayan “Fənər”, çox güman, artıq “8-liy”ə yox, yalnız “24-lüy”ə düşmək uğrunda mübarizə aparacaq.
İsveçə ciddi itkilərlə yollanan “Qalatasaray” ilk yarının ortalarında hesabda geri düşdü. Maraqlıdı ki, komanda ardıcıl 4-cü rəsmi oyunda ilk qolu buraxan tərəf oldu. Düzdü, Yelert hələ fasilə ərəfəsində bərabərlik qolunu vurdusa, Yunus Akgün ikinci hissənin əvvəllərində rəqibin 17 yaşlı qapıçısının səhvi sayəsində 2-ci qolu vurdu. Yeri gəlmişkən, Yunus bu turnirdə 5 qolla bombardirlər yarışına başçılıq edən 4 futbolçudan biridi. Amma bu qol komandaya 3 xal qazandırmadı. “Malmö” son anlarda məğlubiyyətdən qurtulmağı bacardı. Türkiyə çempionu yenə səfərdə 1 xalla kifayətlənməli oldu. Xalını 12-yə çatdıran “Cim-Bom” artıq “24-lüy”ü təmin edib. Bu faktı UEFA-nın rəsmi saytı da təsdiqləyib. Amma komanda, təbii ki, əsas mərhələni ilk “8-lik”də bitirməyə can atacaq. Derbidəki qələbədən ruhlanan “Beşiktaş” Norveç səfərində də ilk qolu vuran tərəf oldu. Amma Fernandeşin qolunun davamı gəlmədi. “Bude/Qlimt” çox tez toparlanaraq hələ fasiləyə qədər hesabda önə keçdi. İkinci hissədə azarkeşlər qol görmədi. 6-cı oyunda 4-cü dəfə uduzan “Qartal” 28-ci pilləyə geriləyərək vəziyyətini xeyli qəlizləşdirdi. Amma komandanın taleyi hələ də öz əlindədi. Bu həftə yalnız KL-də çıxış edən “İstanbul BŞ” hesabına 3 xal yaza bildi. Özü də bundesliqa təmsilçisi ilə oyunda! Zaman göstərdi ki, rəhbərlik Çağdaş Atanı qovmamaqla düzgün addım atıb. Çünki ardıcıl 10 oyunluq qələbəsiz seriyadan sonra bu məşqçinin istefası gündəmə gəlmişdi. Amma komanda toparlanaraq rəsmi matçlarda ardıcıl 3-cü, KL-in əsas mərhələsində isə 1-ci qələbəsini qazandı.
Avropa Liqası, əsas mərhələ, 6-cı tur
Fənərbaxça – Atletik (İspaniya) 0:2
İ.Uilyams, 5; 45.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Samet Akaydın (Çağlar Söyüncü, 46), Ciku, Mərt Müldür, Amrabat, İsmayıl Yüksək, Tadiç (Cengiz Ündər, 72), Şimanski (Ceko, 61), Sen Maksimen (İrfan Can Kahveci, 72), Ən-Nəsiri.
Malmö (İsveç) – Qalatasaray 2:2
Botheym, 24. Penya, 90+2 – Yelert, 43. Yunus Akgün, 56.
Qalatasaray: Muslera, Yelert (Ziyeş, 87), Metehan Baltacı, Sançes (Kərəm Dəmirbay, 33), Əbdülkərim Bardakcı, Berkan Kutlu, Torreyra, Sara (Efe Akman, 87), Mertens (Nelsson, 73), Yunus Akgün, Batşuayi.
Bude/Qlimt (Norveç) – Beşiktaş 2:1
Zinkernagel, 37. Byortfurt, 43 – Fernandeş, 21.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson, Tayyib Sanuç, Əmirhan Topçu, Zaynutdinov, Əl Musrati (Muçi, 64), Ndur (Salih Uçan, 64), Onur Bulut (Mustafa Həkimoğlu, 76), Fernandeş, Rafa Silva (Can Keleş, 87), Semih Kılıçsoy.
Konfrans Liqası, əsas mərhələ, 5-ci tur
İstanbul BŞ – Haydenhaym (Almaniya) 3:1
Dəniz Türüc, 6. Krespo, 18. Pyontek, 88 – Honsak, 61.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Həmzə Gürələr, Opoku, Lima, Kemen, Krespo, Onur Ərgün (Berat Özdəmir, 24), Dəniz Türüc (Keni, 74), Davidson (Əmrə Kaplan, 86), Pyontek (Pelkas, 86).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 324-cü oyundan 87-ci dəfə bərabərliklə ayrıldı (116 qələbə, 121 məğlubiyyət, top fərqi – 444:487)
* “Qalatasaray” daha öncə UEFA kuboku adlanan Avropa Liqasında ümumulikdə yubiley – 100-cü oyununa çıxdı. Komanda bu qarşılaşmalardan 40 qələbə, 26 heç-heçə, 34 məğlubiyyətlə ayrılıb (top fərqi – 161:130). “Cim-Bom” bu turnirdə son 20 qarşılaşmanın yalnız 2-də uduzub (9 qələbə, 9 heç-heçə).
* “Qalatasaray”ın avrokuboklarda səfərdəki qələbəsiz seriyası 7 oyuna yüksəldi (3 heç-heçə, 4 məğlubiyyət).
* “Qalatasaray”ın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 18 oyuna çatdı (13 qələbə, 5 heç-heçə).
* “Qalatasaray”ın İsveç klublarına qarşı keçirdiyi 9 oyunda cəmi 2 qələbəsi var (3 heç-heçə, 4 məğlubiyyət).
* Bu mövsüm AL-in əsas mərhələsində ən çox qol məhz “Qalatasaray”ın iştirakı ilə keçirilən oyunlarda vurulub (6 oyun, 26 qol). Bu müddətdə “Qalatasaray” 15, rəqiblər isə 11 dəfə fərqlənib.
* Turnir AL adı ilə keçirilməyə başlandığı 2009/10-dan bu yana bu turnirdə Mertensdən (17) çox məhsuldar ötürmə verən futbolçu yoxdu!
* Yelert “Qalatasaray”ın heyətində 17-ci, avrokuboklarda isə karyerasının 20-ci oyununda ilk qolunu vurdu.
* “Fənərbaxça” avrokuboklarda 280-ci oyundan 111-ci məğlubiyyətlə ayrıldı (111 qələbə, 58 heç-heçə, top fərqi - 381:400).
* “Fənərbaxça” İspaniya klublarına qarşı keçirdiyi 12-ci oyunda 10-cu məğlubiyyətlə üzləşdi (2 qələbə). Hər iki qələbə “Sevilya” üzərində qazanılıb.
* Mourinyonun karyerasında ilk dəfə onun komandası AL-də ev oyununda qol vurmadan məğlub oldu. Buna qədər bu turnirdə onun kollektivləri 24 ev oyununun heç birində belə aqibətlə üzləşməmişdilər.
* Mourinyo karyerasında ilk dəfə “Atletik”ə uduzdu. O 2010-13-cü illərdə “Real”ın başında “Atletik”ə qarşı 6 oyunun hamısından qələbə ilə ayrılmışdı.
* “Atletik” 1985-dən bəri ilk dəfə avrokuboklarda ardıcıl 5 oyunluq qələbə seriyası yaxaladı. Maraqlıdı ki, komanda buna qədər Türkiyədə son qələbəsini də məhz 1985-də - “Beşiktaş”la oyunda (1:0) qazanmışdı. Bilbao klubu daha sonra Türkiyədə keçirdiyi 3 oyunun hamısında qələbəyə həsrət qalmışdı.
* Ən-Nəsiri “Fənərbaxça” tarixində avrokuboklarda ardıcıl 4 oyunda qol vuran ilk futbolçu olmaq fürsətini əldən verdi.
* “Beşiktaş” avrokuboklarda yubiley - 250-ci oyununu keçirdi və 107-ci məğlubiyyətlə üzləşdi (94 qələbə, 49 heç-heçə, top fərqi – 334:382).
* “Beşiktaş” Norveç klublarına qarşı 13-cü oyunda 6-cı dəfə uduzdu (5 qələbə, 2 heç-heçə).
* “Bude/Qlimt” Türkiyə klublarına qarşı keçirdiyi ilk 4 oyunda qələbəyə həsrət qalmışdısa (1 heç-heçə, 3 məğlubiyyət) son 3 matçın hamısından qələbə ilə ayrılıb. Maraqlıdı ki, bu qələbələrin hamısı “Beşiktaş” üzərində qazanılıb. Bu komandalar ötən mövsüm KL-də eyni qrupda mübarizə aparmış və Norveç təmsilçisi həm evdə (3:1), həm də İstanbulda (2:1) üstün olmuşdu.
* Bu mövsüm AL-in əsas mərhələsində bir oyunda rəqibin cərimə meydançasında topla ən çox oynayan komandalar “Lion” (68) və “Bude/Qlimt”di (63). Maraqlıdı ki, onların hər ikisi bunu “Beşiktaş”la matçlarda bacarıb.
* “İstanbul BŞ” avrokuboklarda 61-ci oyunda 23-cü qələbəsini qazandı (15 heç-heçə, 23 məğlubiyyət, top fərqi – 90:87).
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Oyunun əvvəllərini yaxşı keçirmədik. Özümüzə xas futbolu sərgiləyə bilmədik. Fasilədə bunu oyunçularıma da dedim. Amma ikinci hissədə yaxşı təsir bağışladıq. Topa sahib olduq, tələsik qərarlar vermədik, qol fürsətləri yaxaladıq və hesabda önə keçdik. Son anlarda yenə oyundan qopduq. Heyətimizdə ciddi itkilər var idi. Sançesin zədələnməsi və yorğunluq da bizə mane oldu. Yelertin ayağında ağrılar olduğu üçün əvəzlənməsini istədi. Seçim imkanımız geniş deyildi. Bütün komanda ilə müdafiədə olunduğumuz anda qol buraxdıq. Ən çox buna üzülürəm. Həmin epizodda daha yaxşı müdafiə oluna bilərdik. Əlimizdə olan qələbəni son anda buraxdıq. Üzgünük. Amma orta hesabla hər oyuna 2 xal toplamaqla yolumuza davam edirik. Hədəfimiz ilk “8-liy”ə düşməkdi. Bizim üçün çətin dönəmdi. Zədəlilərimiz çoxdu. Bu aylar daha çətin keçir. Müxtəlif iqlim şərtlərində oynamalı oluruq. İnşallah, ən qısa müddətdə toparlanacağıq”.
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Oyuna çox yaxşı başlasaq da, yol verdiyimiz səhvdən sonra hər şey dəyişdi. Düzdü, ilk yarıda yenə də yaxşı oynamağa davam etdik. Məncə, fasiləyə məğlub durumda yollanmağımız ədalətli olmadı. Üstün olan biz idik. Üstəlik fasilə ərəfəsində daha bir qol buraxdıq. 0:2-dən sonra işimiz çox çətinləşdi. Qırmızı vərəqədən sonra isə oyun bitdi. Fanatlar bu klubun təməlidi. Onların etirazı haqda bir söz deyə bilmərəm. Mən bu kluba xidmət edən biriyəm. Onları tənqid edə bilmərəm. Bu gün biz özümüz günahkarıq. Çünki özümüz səhvə yol verdik. Sametin səhvdən sonra özünü itirdiyini düşünmürəm. Düzdü, ona qarşı böyük etiraz var idi. Amma meydanda olduğu müddətdə yaxşı təsir bağışladı. Fanatlar üzgün ola bilər. Amma biz onlardan da çox üzgünük. İndi soyuqqanlı olmalıyıq. Qarşıdakı iki oyunda ən azı 3 xal toplayacağımıza inanıram. Sonra da qışda iştirak ərizəsini dəyişmək fürsətimiz olacaq və əlimiz daha da güclənəcək. Kostiç və Oğuz Aydını da heyətə salacağıq. Bəlkə də pley-offda yenə “Atletik”lə qarşılaşdıq. Növbəti oyunda Sameti oynatmayacam. İndi onu qorumalıyam. Heyətdə 4-5 dəyişiklik olacaq”.
Sərdar Topraktəpə, “Beşiktaş”ın məşqçisi:
“İlk anlarda oyun planımıza sadiq qalırdıq. Bunun da nəticəsi kimi qol vurduq. Hətta Rafa Silva ilə ikinci qolu da vura bilərdik. Sonradan buraxdığımız iki sadə qol psixoloji cəhətdən bizə təsir etdi. İkinci yarıda durumu dəyişməyə çalışsaq da, ilk 15-20 dəqiqədə yenə istədiklərimizi edə bilmədik. Bəzi oyunçular yorulunca dəyişikliklər etməli olduq. Son anlarda qol fürsətlərimiz var idi. Oyun heç-heçə də bitə bilərdi. İlk yarım saatdakı kimi oynaya bilsək, digər qarşılaşmalarda daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. “Bude/Qlimt” yaxşı komandadı və bu gün də yaxşı mübarizə apardılar. Onların çempionatı artıq başa çatıb və bu cəhətdən bizdən üstün durumdaydılar. Ərsin Destanoğlu avrokubok matçlarında pis təsir bağışlamır. Bu gün üstünlüyü ona verdik. Əlindən gələni etdi. “Atletik” və “Tvente” ilə oyunlarımız qalıb. Hər iki görüşdə meydana qələbə üçün çıxacağıq. İki oyuna 3 və ya 4 xal “24-lüy”ə düşmək üçün kifayət edəcək”.