Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Qanlı gecənin şahidləri: buz kəsən Qarqarçay, ağrıların məbədi əsir ferması...

Qanlı gecənin şahidləri: buz kəsən Qarqarçay, ağrıların məbədi əsir ferması...

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xocalı...

Nə vaxtsa oxumuşdum ki, Xocalının işğal edilməsini də, azad olunmasını da, oraya böyük qayıdışımızı da elə bu adın özü ilə ifadə etmək olar – Xocalı adı ilə. Bu ad, bu ifadə özündə ağrını, acını, dəhşəti ehtiva elədiyi kimi, həm də azadlığı, oraya qayıdışı, oranın yeni nəfəs tapmasını ehtiva edə bilər.

Xocalıya səfər edəcəyimi eşidəndə, birinci növbədə, bunun səfərdən daha çox ziyarət olduğunu düşündüm – müqəddəs ziyarət. Mənə görə Xocalı hər bir azərbaycanlı üçün bir ziyarət yeri, bir məbəddir: ağrının, acının məbədi.

Xocalı hər bir azərbaycanlı üçün alınan dərs, müsibət səhifəsi, tarixi yaddaş kitabçasıdır: hər birimizin qan yaddaşı...

Bakıdan yola düşdüyümüz vaxtdan ta ki yol qırağında iri hərflərlə yazılmış "Xocalı” nişanını görənə qədər ağlımdan yüzlərlə fikir keçirdim. O gecəni düşündüm, o gecə olanları, o gecədən sonrakı hadisələri... Haqq-ədalət ummağımızı, aramağımızı və həmişə də bu gözləntilərin puça çıxmasını...

Bu fikirlərin qarmaşasında bir qəfil böyük bir həqiqətə, böyük bir aydınlığa diksindim: düz Bakıdan Xocalıya qədər hər yerdə – hər bölgədə, hər şəhərdə, hər rayonda ayrı-ayrı səslər bizi müşayiət edirdi. Yolboyu şütüyən maşın səsləri, adamların səsi, təmir-tikinti işi ilə məşğul olan texnikanın səsi... Amma Xocalı sərlövhəsindən sonra bu səslərin yavaş-yavaş qeybə çəkildiyini fərq elədim. Xocalı bizi sükutla qarşılamışdı. Elə bilirəm, bu sükut 1992-ci ilin 25 fevralından 26-na keçən gecə şəhid verdiyimiz günahsız 613 Xocalı sakininin ruhu üçün idi, onlara sayğı və ehtiram üçün idi...

Tanıdığım ilk Xocalı sakini

Ziyarətimiz boyu bizi Xocalı sakini Sovet Allahverdiyev müşayiət edəcəkdi. Vədələşdiyimiz saatdan bir az gec çatdıq şəhər mərkəzinə. Çatar-çatmaz Sovet müəllimə zəng etdim və eşitdiyim bu cümlə elə bilirəm, Xocalı faciəsini bütün çılpaqlığı ilə və sadə dillə ifadə edirdi.

– Üşüdüm, – dedi Sovet müəllim, – gördüm, gecikirsiniz, gəldim evə. Səbrli olun, gəlirəm.

Doğrudan da, keçən bu otuz ildən də artıq zamanda Xocalı adı eşidəndə, Xocalıdan köhnə, bozarmış, həm də dəhşət saçan kadrlar görəndə adamı qəribə vahimə basırdı, adamı üşütmə tuturdu. Bu müddət ərzində Xocalı deyəndə ağla yalnız qar-boran, şaxta-sazaq, inilti, nalə, Allaha çağırış, yalvarış gəlirdi.

Qocalı-cavanlı, uşaqlı-böyüklü, qadınlı-kişili hamımız üçün Xocalı bir tərs şillə effekti idi. O şillənin izi Naxçıvandan Bakıya, Şəkidən Lənkərana, Qubadan Qarabağa hamının, hər kəsin üzündə görünür, hiss olunurdu – azərbaycanlı olan hər bir kəs dadmışdı o şilləni, onun acısını, onun ağrısını.

Sovet müəllim indi Xocalıda yaşayır. Buraya köçən ilk sakinlərdəndir. Həmsöhbət olduğumuz bir neçə saat ərzində hər dəfə "Buradakı evim” deyən kimi ardınca dərhal əlavə edirdi: "İndi orada yaşayıram, qayıtmışam”. Elə bil bu cümləni deməsə, ürəyi arxayınlıq tapmır, dilinə yatmırdı söhbətimiz. Elə bil qayıtmışam sözünü deyəndə bütün gücünü, bütün nəfəsini səfərbər edirdi – hamıya əyan olsun deyə.

O da həmin o məşum gecə ailəsinin üç üzvünü itirib: atasını, qardaşını və qardaşı oğlunu.

– Atamın o vaxt 72 yaşı vardı, özü də I qrup gözdən əlil idi. Qardaşımla, qardaşım oğlu onu birtəhər Kətik yoluna qədər gətirib çıxarmışdılar. Yola qədər gəliblər, amma yoldan sonrakı taleləri ilə bağlı heç bir məlumat yoxdur...

Qarqar çayı...

Sovet müəllimlə birinci dayanacağımız Qarqar çayı olur. Həmin çay ki, evini-eşiyini atıb üzü Ağdam istiqamətində ümid axtaran Xocalı sakinləri üçün də ilk dayanacaq olmuşdu. Soyuq, buz kəsən qarlı fevral gecəsində Qarqar çayını keçən xocalıları düşündükcə televiziya kadrlarında gördüyümüz məsum körpə sifətləri, günahsız, ahıl insan simaları, qız-gəlinlər, qadınlar gəlir gözümün qarşısına.

Ləfxanımı xatırlayıram – Xocalının körpə, məsum sakinini. Görəsən, həmin gecə bu qədər yolu qorxu və təlaş içində gəlib məhz çayın kənarında dayananda nə hisslər keçirib, nə düşünüb Ləfxanım? Uşaq ağlı ilə necə qarğıyıb Qarqar çayı, onları bu zülmə-zillətə salanları...

Görəsən, həmin gecədən öncə ata-anası ilə nə danışıb, necə vaxt keçirib onlarla?

Ləfxanım müsahibələrinin birində deyir ki, Qarqar çayını keçəndən sonra meşədə ac-susuz qalıblar, yol tapmaq üçün var-gəl ediblər. Gecələr fürsət tapan kimi hündür yerlərə çıxıb Ağdam istiqamətindən gələn işıqlara baxır, getmək üçün yol axtarırdılar. Deməli, Qarqar çayı o gecə üzərindən keçən xocalıların ümidini sındıra bilməmişdi. Deməli, Kətik meşəsi, meşənin soyuğu-sazağı o gecə xocalıların ümidini qıra bilməmişdi.

Amma o ümid ilk dəfə "Azad dəhliz” adı verilən yerdə qırıldı, çilik-çilik oldu – ermənilərin dinc Xocalı sakinlərinə guya qaçmaq üçün, Ağdama getmək üçün açdıqları dəhlizdə hamısını gülləbaran etdikləri yerdə...

"Azad dəhliz” – Xocalıların qırılan ümid yeri

O zaman Xocalıya üç istiqamətdən hücum olunduğundan sakinlərin bu yoldan başqa qaçacaq yerləri yox idi. Gecə saatlarında edilən hücumla xocalılar yurd-yuvalarını tərk etmiş, Əsgəranın sağ tərəfi ilə üzü Ağdama sarı qaçmışdılar. Məhz buradan başlayan, Qarqar çayının yatağı ilə davam edən və Əsgəranın sağ tərəfi ilə bitişən açıq əraziyə xocalılar üçün "Azad dəhliz” adı verilmişdi. Guya bu dəhliz dinc sakinlərin şəhəri tərk etməsi və Ağdam istiqamətində hərəkət etməsi üçün ən etibarlı yol idi. Guya bu yol hərbi əməliyyatlardan azad idi, oraya pənah gətirənlər toxunulmaz idi. Amma, əslində:

– Bu bir tələ idi. O zamandan bəri ermənilər hər yerdə bar-bar bağırır ki, xocalılara bu dəhliz barədə öncədən məlumat verilib. Guya bu dəhliz bizim, biz xocalıların Ağdama rahat keçməyimiz üçün idi. Bunların hamısı yalandır. Qaraqaya ətrafında, oradakı açıq ərazidə Xocalı sakinləri tələyə salındılar. Ermənilər yüksək dağlıq nöqtələrdə qurduqları postlardan atəş açmağa, camaatı qırmağa başladı... – deyir Sovet müəllim.

Sonra əli ilə önümüzdə böyük buz meydançasını xatırladan, amma çox yox, otuz ildən bir az artıq öncə qanlı zəmiyə dönən, hər qarışında, hər addımında hansısa bir Xocalı sakininin – günahsız körpənin, ahıl qocanın, nurani qadının qanına boyanmış ərazini göstərir. Bu yer, bu açıq ərazi adama elə gəlir, dünyanın ən qaramat, ən müəmmalı yeridir. Dörd bir tərəfdən hündür qayalarla əhatə olunan, yalnız bir tərəfdən keçidin mümkün olduğu "Azad dəhliz” deyilən yer həmin gecə Ağdama sağ-salamat çatmaq istəyən bir çox dinc sakinin sonuncu dayanacağı oldu. Məhz həmin ərazidə xocalıların ümidi sındırıldı, yerlə bir edildi...

İndi həmin ərazidə boy göstərən ot-alaq da, daş-kəsək də, ağaclar da adama günahkar qılafında görünür. Uzaqdan baxanda bu açıq ərazi elə bil günahlarını gizlətmək üçün, günahlarından arınmaq üçün ağ örpəyə bürünüb. Adama elə gəlir, Xocalıya yağan qar birinci ora yağır, adama elə gəlir, Xocalıya yağan qar ən çox ora yağır, adama elə gəlir, Xocalıda düşən soyuq ən çox özünü orada göstərir.

Orada pusquya düşürülüb gülləbaran edilənlərin bir hissəsi qaçıb özlərini Ağdama çatdıra bilsələr də, bir hissəsi Pircamal və Naxçıvanlı deyilən ərazilərdə əsir götürülür. Həmin əsirlər isə Qaraqaya ətrafından düz Ağdama qədər uzanan ərazidəki müxtəlif fermalarda saxlanır, işgəncələrə məruz qalır.

Qanlı gecənin şahidi – əsir ferması

Xocalı səfərimi eşidən kimi ağlıma gələn ilk yer məhz bura olmuşdu – əsirlərin böyük bir qisminin saxlandığı ferma. Bu fermanın mövcudluğu, orada baş verən qeyri-insani, barbar davranışlar, azərbaycanlılara tutulan divan barəsində müxtəlif məqalələrdə, televiziya layihələrində rast gəlmişdim. Amma faktiki olaraq, oranın vizual görüntüsü barədə heç bir təsəvvürüm yox idi. Bu ferma mənim aləmimdə dünyanın ən ali tribunalarından da yüksəkdə dayanan, ən uca məqama layiq, amma, eyni zamanda, ədalət anlayışının təcavüz edildiyi, zorlandığı yer idi, məkan idi. Bu ferma üç yaşından beş yaşına, on yaşından on beş yaşına, iyirmi yaşından otuz yaşına... yetmiş yaşından səksən yaşına uşaqlı-böyüklü, qadınlı-kişili işgəncə formalarına, həqarət dolu davranışlara şahidlik edib, onların səsini boğub, yeri gələndə, qaçmalarına mane olub həm də.

Sovet müəllimlə həmin o fermanın qarşısında dayanıb özümüzü içəri keçmək üçün hazırlayırıq. 1992-ci ilin fevralının sonlarında indi dayandığımız yerdə dayansaydıq, içəridən hansı səslərin gələcəyini təsəvvür edəndə adamı vahimə basır. Və yenə də Ləfxanım gəlib dayanır gözümün qarşısında. Xocalının o məsum uşaq siması, o günahsız donuq baxışlar. Ləfxanım Qarqar çayı keçib doqquz gün ac-susuz Qaraqaya ətrafında fırlanandan sonra əsir düşdükləri gecəni belə ifadə eləmişdi:

– Bizə dedilər ki, əllərinizi qaldırın. Mən nə qədər elədim, əllərim qalxmadı. Donmuşdu.

Təslim olduğunu fiziki olaraq ifadə eləmək üçün belə taqəti qalmayan Ləfxanım. Və onun kimi onlarla, yüzlərlə dinc Xocalı sakini – onların günlərlə əsir saxlandığı ferma...

Yavaş-yavaş tariximizin ən qanlı səhifələrindən birinin təsdiq yerinə, icra yerinə çevrilən həmin o fermaya ayaq basırıq. Dam örtüyünün bir qismi uçuq, qapı-pəncərəsi qırıq bu tikili adamı elə girişdəcə ovsunlayır: uçuq-sökük hissələrdən içəri yağan qar, bayırda əsən küləyin içəridə narahatedici səsi, nəmişlik, rütubət, nimdaşlıq qoxusu... divar boyu düzülmüş, bir-birinə keçirilmiş dəmir arakəsmələr... Bu arakəsmələr o zaman, əsirlərin burada saxlanıldığı zaman onların tutunacaq yeri olmuşdu, bəlkə də. Dizlərində taqəti qalmayan yaşlı kişi, belindən, ayağından zədə alan ahıl qadın, ayaqlarını buz kəsmiş, don vurmuş hansısa körpənin əl izləri, barmaq izləri var bu dəmir arakəsmələrin üzərində. O qanlı və dəhşətli gecənin ən böyük və ən cansız şahidləridir bu dəmir arakəsmələr...

– Əsirlər bir müddət burada saxlanıldıqdan və müxtəlif işgəncələrə məruz qaldıqdan sonra bir qismi ermənilərlə dəyişdirilir. Amma onların yerdə qalan qismi barədə hələ də heç bir məlumat yoxdur, – deyir Sovet müəllim. Yəni o adamlar üçün, hələ də itkin dediyimiz soydaşlarımız üçün, əslində, işgəncə elə burada, bu köhnə fermada bitməmişdi. Haradasa, necəsə, bəlkə də, daha dəhşətli, daha ağrılı formada davam etmişdi.

Bilmirəm. Bilmirik. Bundan o yanasına, bizim görmədiklərimizə, görə bilmədiklərimizə yalnız Allah şahiddir, onları yalnız Allah görüb...

Xocalı – Böyük qayıdışın böyük parçası kimi

İş elə gətirir ki, dönüşümüzdə yolumuzu Xocalının Ballıca kəndindən salırıq. O kənd ki, azad Xocalının otuz üç illik həsrətdən sonra doğma sakinlərinə ilk qucaq açan məntəqəsidir. Ballıca yenidən qurulur, Ballıca yenidən doğulur sanki. İndi Ballıcada körpə qığıltıları eşidilir, indi Ballıcada həyat təzədən qaynayır, indi Ballıca təzədən çiçəklənir.

Biz kəndin mərkəzi hissəsinə çatanda qar şiddətini artırır. Qarqar çayından Qaraqaya ətrafına, oradan Naxçıvanlı yolunun üstündəki fermaya getməyimiz bizi bir xeyli əldən salmışdı – üstəlik, soyuq da, qar da, külək də bir yandan.

Azad Xocalının ilk sakinlərindən Orucovlar ailəsinin süfrəsində qonaq olduğumuz vaxt, soyuq kəsən əl-ayağımız isinə-isinə düşünürəm: artıq Xocalı deyəndə qar-çovğun, şaxta-sazaq deyil, həm də bu mənzərə düşməlidir yada. Xocalıda yeni nəfəsin olması, Xocalıda yenidən isti ocaqların qalanması, bir sözlə, Xocalının yenidən doğulması!..

Ballıcanın mərkəzində dalğalanan üçrəngli bayrağımızın ətrafını dolandıqca, yavaş-yavaş kənd ərazisini, Xocalını tərk etdikcə günün əvvəlində içimdəki səksəkə və nigaranlıqdan əsər-əlamətin qalmadığını hiss edirəm. İndiyə qədər yaddaşımın ən dərin yerində qoruyub saxladığım Xocalı ağrısının yanında yeni bir səhifə açır, yeni bir bünövrə inşa edirəm. O səhifənin, o bünövrənin dörd bir tərəfində isə məhz bu cümlələr:

İlahi, fevraldır!

İlahi, Xocalıdayıq!

İlahi, Xocalıya qar yağır!

İlahi, Xocalı azaddır!


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see278

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see183

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see178

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see140

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see130

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see130

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see129

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see128

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see128

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see127

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see126

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see121

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see120

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri