Qarabağ məktəbləri azad torpaqlara nur saçır
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ballıcadakı təhsil ocağının canlı yurd sevgisi dərsi
Xocalının qatı qaranlığı yerini işıqlı sabaha verib. Dan yerinin ağardığı elə də çox deyil, ancaq indidən rayonun Ballıca kəndinin dörd bir tərəfində canlanma var. Evlərdən birində hansısa valideyn övladını səsləyərək “dur, a bala, dərsə gecikəcəksən” deyə, qayğılanır, digərində bir ana bu il birinci sinfə ilk dəfə qədəm qoymuş qızını nəvazişlə geyindirir, saçlarını darayır. Bir azdan Ballıca kənd tam orta məktəbin qarşısında siniflər üzrə nizami ordu sırasına oxşayan sıra düzülüşü yaranacaq. Hamı özünü yetirdikdə əvvəlcə sıralarda qısa sükut yaranacaq, daha sonra əllər ürəklərin üstünə uzanacaq və payızın bir az həzin, bir az da soyuq mehi müəllimlərin də iştirakı ilə azad Xocalının azad, qayğısız şagirdlərinin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədasını kəndin dörd bir yanına çatdıracaq...
Bu qürurverici ana şahidlik etmək, hamısı eyni, səliqəli məktəbli formasında dayanmış balaca fidanların, şirin dəcəllərin, artıq uğurlu gələcək naminə yaxşı oxumağın, çox çalışmağın vacibliyini dərk edən yeniyetmələrin həyəcanına, sevincinə qoşulmaq üçün bu səhər alatorandan yola çıxıb biz də özümüzü Ballıcaya yetirmişik. Müəllimlərlə, şagirdlərlə birgə himnimizi oxuduqca, gözlərim önündə Xocalının qanlı gecəsinin dəhşətli kadrlarını Zəfər yürüşündə ordumuzun misilsiz sücaətini, düşmənə necə qan uddurduğunu əks etdirən görüntülər əvəzləyir.
Fəxrlə düşünürəm ki, biz günahsız Xocalı qurbanlarının, Vətən uğrunda canını sevə-sevə fəda etmiş qəhrəman oğulların qisasını almış, ilahi ədaləti bərpa etmiş, öz əzəli torpaqlarımıza sahib çıxmağı bacarmış məğrur xalqıq. Və bu gün himnimizin Ballıcadan, işğaldan azad edilmiş torpaqlarımızda fəaliyyətini bərpa etmiş digər şəhər və kəndlərin məktəblərindən yüksələn səsi şəhidlərimizin müqəddəs ruhlarını da şad edir, əbədi dincliyə qovuşdurur!
Direktor Cəmilə Əhmədovanın necə səmimi və qonaqpərvər “ev sahibi” olduğunu məktəblə tanışlığın elə ilk anından hiss etdik. Bir-bir sinif otaqlarını gəzdik, burada yaradılmış şəraitlə tanış olduq.
Məktəbin müəyyən hissələrində əsaslı təmir işlərinin davam etməsi şəraitin daha da yaxşılaşdırılacağına xidmət edir. Məktəbin 11 otağına Xocalının 11 şəhidinin adı verilib, giriş qapısının üstündə onların şəkli vurulub, içəridə isə xüsusi guşə yaradılıb.
Məktəb rəhbəri söylədi ki, 2 il əvvəl Xankəndidəki 4 nömrəli məktəbin filialı kimi fəaliyyətə başlamış təhsil ocağında ilk vaxtlar şagird sayı elə də çox olmayıb. Ancaq Böyük Qayıdış proqramının icrası çərçivəsində Ballıcaya qayıdan xocalılıların sayı kifayət qədər artıb və müəssisə 2025–2026-cı təhsil ilindən müstəqil məktəbə çevrilib. Hazırda burada məktəbəqədər sinif də fəaliyyətə başlayıb, 62-si ibtidai siniflərdə olmaqla 200-dən artıq şagird təhsil alır.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi ilə 19 müəllim, 3 köməkçi tədris işçisi məşğul olur. Məktəb qısa vaxtda xeyli uğurlar qazanıb, məzunlarının ali məktəblərə qəbul olunması ilə qürurlanıb, ötən tədris ilində diqqətçəkən işləri sayəsində fəxri fərmanla mükafatlandırılıb.
Əslən xankəndili olan Cəmilə müəllimə uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğuldur. İlk və ali təhsilini aldığı Xankəndinin, bütün Qarabağın, Şərqi Zəngəzurun düşmən tapdağından azad olunmasının onun üçün böyük xoşbəxtlik olduğunu dedi:
– Xankəndidə doğulub-böyümüşəm. Orada 4 nömrəli məktəbdə oxumuşam. Elə ali təhsilimi də doğma şəhərimdə, indiki Qarabağ Universitetində fərqlənmə diplomu ilə bitirmişəm. Qarabağda erməni separatizmi baş qaldıranda mən də onminlərlə azərbaycanlı kimi ata-baba yurdumdan didərgin düşüb, məcburi köçkün həyatı yaşamışam, Bakıda yerli məktəbdə müəllim işləmişəm. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə Xankəndi şəhər 4 nömrəli məktəb yenidən fəaliyyətə başladı. Həmin vaxt yerli kadr kimi mənə bu təhsil ocağına rəhbərlik etmək təklif olunanda böyük sevinc hissi ilə qəbul etdim. 2024-cü ildə isə ən böyük arzumuz reallığa çevrildi, məktəbimizin də “məcburi köçkün” həyatı sona çatdı. Allahın bugünlərinə şükürlər olsun, öz yurdumuzdayıq, azad Qarabağımızda sevdiyimiz işlə məşğuluq. Bu gün bütün müəllimlərimizlə birgə şagirdlərimizin yaxşı təhsil almaları ilə yanaşı, vətənpərvər ruhda böyümələri, gələcəkdə xalqımızın layiqli övladları olmaları üçün çalışırıq. Bu, həm də şəhidlərimizin ruhu qarşısında borcumuzdur.
Ballıca məktəbində müəllim işləyən, bir vaxtlar elə bu təhsil ocağında 1-ci sinfə qədəm qoymuş, illər sonra 13 yaşından ayrı düşdüyü doğma kəndindəki ata evinə qayıtmış Teymur Əzimovla görüşdük. O, 6 il oxuduğu məktəbin həsrətini çox çəkdiyini, bu gün isə burada müəllim işləməyin çox gözəl, sözlə ifadə edilməsi çətin duyğular olduğunu dedi:
– Bu gün rahat şəkildə gəzib-dolaşdığımız Qarabağın hər qarışı şəhidlərimizin qanı hesabına azad edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevi qorusun! Çox xoşbəxtəm ki, hələ uşaq ikən, 6-cı sinifdə oxuyanda zorla qovulduğum doğma məktəbimdə bu gün müəllim kimi fəaliyyət göstərirəm.
Məktəbdə gənc kadrlar da işlə təmin edilib. Pedoqoji fəaliyyətinə məhz Ballıcada, işğaldan azad olunmuş ata-baba torpaqlarında başlaması ilə qürur duyduğunu deyən 24 yaşlı kimya-biologiya müəllimi Selcan Hüseynli ilk gördüyü andan bu yerlərə vurulduğunu bildirdi:
– Valideynlərim həmişə Qarabağın necə gözəl yer olduğunu deyirdilər. Ballıcaya köçəndən, buranın təbiətini görəndən sonra bu yerlərə bağlandım. Qarabağı elə sevdim ki, sanki, həmişə burada yaşamışam. S.Hüseynli onu da əlavə etdi ki, məktəbin siniflərinə şəhidlərin adlarının verilməsi bütün müəllimlər üçün ikiqat məsuliyyət yaradıb. Axı o siniflərdə təhsil alanlar içərisində həmin şagirdlərin ailə üzvlərinin, yaxınlarının övladları da var...
Ballıcaya səfərimizin sonunda məktəbin birinciləri ilə də söhbət etdik. 6 yaşlı bu fidanlar əvvəllər respublikamızın fərqli bölgələrində yaşayıblar. İndi doğma Ballıcada məktəbə ilk qədəmlərini qoyan mələk kimi Mələk, həyətlərindəki gülləri, bir də camışlarını xoşlayan şipşirin Aybəniz, “şəkil çəkənçi” olmaq istəyən Camal, “Azərbaycan Vətənimizdir, onu qorumaq üçün əsgər olacam” deyən Ramil, gələcəyin “polisi” İmdad və bütün digər sinif yoldaşları, sözsüz, xalqımızın hansı tarixi mərhələlərdən keçdiyini, onların bu gün azad torpaqlarımızda qayğısızcasına təhsil ala bilmələri üçün apardığımız müharibənin, qazandığımız möhtəşəm qələbənin mahiyyətini getdikcə daha dərindən anlayacaqlar. Lakin daha gözəl sabahlara boylanan bu balalar Ballıcaya sevgi, bir də gələcək haqqında elə həvəslə danışdılar ki, biz də məktəbdən həmin gələcəyə olan əminliklə ayrıldıq. Bir də o arzu ilə ki, bu ürəkləri, qəlbləri tərtəmiz balaların səmaları da hər zaman təmiz, açıq-aydın olsun, onlar, onların övladları bir daha müharibə acıları yaşamasın...
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 29 Oktyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















