Icma.az
close
up
RU
Qarabağ separatçıları “bəlkə də qaytardılar” sevdasında

Qarabağ separatçıları “bəlkə də qaytardılar” sevdasında

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirlərindən sonra bölgəni könüllü tərk edən Qarabağ separatçıları İrəvanda yenidən fəallaşıblar. Onlar martın sonlarından başlayaraq Ermənistan paytaxtının mərkəzindəki “Azadlıq” meydanında aksiya keçirirlər. Aksiyaçılar Nikol Paşinyan hökumətindən tələb edirlər ki, onları Qarabağa qaytarsın. Təşkilatçılar mitinqi “Dağlıq Qarabağdan olan məcburi köçkünlərin hüquqlarının müdafiəsi” məqsədilə keçirdiklərini bildiriblər.

Separatçı rejimin “parlamenti”nin keçmiş spikeri Aşot Qulyanın jurnalistlərə verdiyi məlumata görə, mitinqin çağırılmasına səbəb çox sayda sosial və digər problemlərin yığılıb qalmasıdır. Bu, aprelin 1-dən etibarən “köçkünlərə” ayrılan maliyyə yardımının kəsilməsi fonunda xüsusilə aktualdır. O qeyd edib ki, mitinqə təkcə Qarabağdan gedənlərin özləri deyil, həm də İrəvan və Ermənistanın vilayətlərinin sakinləri toplaşıb.

Qulyan Azərbaycanda o vaxtkı mərkəzi hakimiyyətin zəifliyindən və keçmiş sovet rəhbərliyinin ermənipərəstliyindən istifadə edərək məqsədlərinə nail olduqları 1980-ci illərin sonlarındakı günlərin xiffətini çəkərək, “bəlkə də qaytardılar” sevdası ilə deyib: “Biz 1988-ci ildə olduğu kimi, yəqin ki, indi də vahid ümumxalq gündəliyini formalaşdırmalıyıq. Çünki indiyədək əldə edilmiş bütün nəticələri, əlbəttə ki, qənaətbəxş hesab etmək olmaz”.

Onun sözlərinə görə, Qarabağ sakinləri indiyədək bütün problemləri ilə bağlı Ermənistan hakimiyyətinə müraciət ediblər. Lakin məsələlərin çoxu öz həllini tapmayıb. Buna görə də minlərlə “Artsax” sakini mövcud problemlər barədə danışmağa gəlib: “Ümid edirəm ki, mitinqdən sonra bu məsələlər Ermənistan hakimiyyəti tərəfindən daha yaxşı başa düşüləcək”.

Qarabağı “tarixi vətən” (?) adlandıran Qulyan qayıtmaq məsələsinə gəlincə, qeyd edib ki, “Artsax xalqı” həmişə qayıdış arzusundadır, lakin bu, onların bununla bağlı problemləri başa düşmədikləri anlamına gəlmir. Aşot həyasızcasına iddia edib ki, adamlar “məhv olmaq təhlükəsi altında vətənlərini” (?) tərk etməyə məcbur olublar. Eyni zamanda, Qulyanın fikrincə, bu problem haqqında danışmamaq, “Artsax xalqı”nın öz hüquqları uğrunda mübarizə aparmaq istəməməsi demək olardı: “Təkcə danışmaq deyil, həm də hərəkət etmək lazımdır. Ermənistan hakimiyyətinin də bu mübarizəyə qoşulması düzgün olardı”.

Özünü xunta rejiminin “ombudsmanı” adlandıran Geqam Stepanyan toplaşanlara müraciət edərək bildirib ki, bu, təkcə sosial müavinətlər uğrunda mübarizə deyil: “Bəli, sosial yardım “Artsax” əhalisinin əsas ehtiyaclarını ödəmək üçün tələb olunan minimum məbləğdir. Qarabağdan gələnlərin mənzil məsələsi birdəfəlik və ləyaqətlə həll olunana qədər onu saxlamaq vacibdir”.

Qondarma rejimin sabiq “dövlət naziri” Artak Beqlaryan isə deyib ki, Ermənistan hökuməti “Artsax” sakinlərini kütləvi mühacirətə təhrik etməyi planlaşdırır: “Hökumətin “Artsax”dan gələnlərə maddi yardımını azaltmaq barədə qərarları və mənzil proqramı mahiyyət etibarilə “Artsax” sakinlərinin genişmiqyaslı mühacirətini təhrik etmək planıdır. Ermənistan hakimiyyəti bir daha bizim narahatlığımızı müzakirə etmədən və heç bir plan irəli sürmədən “Artsax xalqı” ilə məcburetmə dilində danışmaq qərarına gəlib”.

Aksiya iştirakçıları keçmiş separtçı xunta rejiminin bayrağı adlandıran əski parçasını da başları üzərinə qaldırıblar. Sonda mitinqin qətnaməsi oxunub. Qətnamədə bildirilib ki, “Artsax” erməniləri ciddi humanitar və sosial problemlərlə üzləşiblər: “Ermənistan hakimiyyətinin hərəkətsizliyi və məsuliyyətsizliyi soydaşlarımızın hüquqlarını və gələcəyini təhdid altında qoyan çıxılmaz vəziyyət yaradıb. Cəmiyyətimiz bu şəraitdə susub qala bilmir və öz hüquqlarını, ədalətli tələblərini ortaya qoymaq üçün səsini ucaltmağa məcburdur. Buna görə də biz hamını Ermənistan Respublikası hökumətindən aşağıdakıları tələb etməyə çağırırıq. İlk növbədə Qarabağ ermənilərinin sosial və iqtisadi problemlərinin həlli üçün aydın və uzunmüddətli siyasət işlənib hazırlanmalı və həyata keçirilməlidir. Onların ailələri üçün sabit yaşayış şəraiti, o cümlədən mənzil, səhiyyə və təhsil proqramları təmin edilməlidir. İş yerləri yaradılmalı və iqtisadi inkişaf üçün səmərəli tədbirlər həyata keçirilməlidir”.

Qətnamədə bizim üçün daha maraqlı olan məqam beynəlxalq platformalarda Qarabağ ermənilərinin geri qaytarılması üçün kollektiv hüquq məsələsinin ardıcıl olaraq qaldırılması ilə bağlı Ermənistan hakimiyyətinə çağırış edilməsidir. Bundan əlavə, səsləndirilən tələblər arasında Azərbaycan xalqına qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirilən şəxslərin azadlığa buraxılması da var. Onlar “əsir düşən soydaşlarımız” adlandırılıb və dərhal azadlığa buraxılmalarına çağırış edilib. Ermənistan hakimiyyəti beynəlxalq strukturlarda bununla bağlı məsələ qaldırmağa və bütün mümkün hüquqi və siyasi vasitələrdən istifadə etməyə çağırılıb.

Əlbəttə, Qarabağ ermənilərinin Ermənistan hakimiyyətindən sosial məzmunda hansısa tələblər irəli sürmələri onların daxili işidir. Burada bizim üçün maraqlı olan erməni azlığın Qarabağdan könüllü köçüb getməsi və “əsir” adlandırdıqları şəxslərlə bağlı davam edən məhkəmə prosesinə qarşı tərəfin müdaxilə etmək istəməsidir. Bu barədə biz də çox yazmışıq. Bütün yazılarda 2021-2023-cü illərdəki hadisələrin xronoloji ardıcıllığını, Azərbaycan dövlətinin müsbət jestlərini qeyd edərək ermənilərin Qarabağı könüllü tərk etməsini əsaslandırmışıq. Bu baxımdan indi qarşı tərəfin etirafını vermək yerinə düşərdi. Hamının xatirindədir ki, lokal xarakterli antiterror tədbirlərindən sonra erməni separatçıların bir neçə nümayəndəsi Yevlaxa danışıqlara gəlmişdi. Onlardan biri də qondarma “parlamentin deputatı” David Melkumyan idi. Həmin bu Melkumyan bir neçə gün öncə İrəvanda verdiyi açıqlamada Yevlaxdakı görüşdə Azərbaycan nümayəndələrinin onlara təkliflər verdiyini bildirib. Təkliflərin mahiyyəti haqqında məlumat verməyən Melkumyan “Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşamaq istəmədi” cümləsini işlədib. Bu isə o deməkdir ki, ermənilərə Azərbaycan qanunları əsasında Qarabağda yaşamaq təklifi verilib, ermənilər isə bundan imtina edərək bölgəni tərk etməyə qərar veriblər. Əslində, Melkumyanın açıqlaması bu gün İrəvanda mitinq keçirənlərin və Ermənistan müxalifətinin “Qarabağ erməniləri bölgəyə qayıtmalıdırlar” şüarının mənasız olduğunu bir daha ortaya qoyub. Qarabağ erməniləri açıq deyiblər ki, onlar azərbaycanlılarla birgə yaşamaq istəmirlər.

Bu arada Qarabağ separatçılarını pəjmürdə edəcək daha bir məlumat açıqlanıb. Məlum oldub ki, separatçıların Rusiyadakı “nümayəndəliyi”nin fəaliyyəti dayandırılıb. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Bildirilir ki, 44 günlük müharibədən sonra da belə məlumatlar yayılmışdı, lakin sonradan təkzib edilmişdi. Qeyd olunur ki, “nümayəndəlik”, həqiqətən də, o zaman fəaliyyətini davam etdirirdi, lakin bu yaxınlarda bağlanıb. Diplomatik mənbələrə istinadən o da vurğulanır ki, separatçı rejimin ləğv edilməsindən sonra “nümayəndəliyin” funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə ötürülməsi təklif olunmuşdu. “Lakin məlumatımıza görə, bu mövzu da indi bağlanıb”, – deyə qəzet yazır.

Qarabağ separatçılarının aksiyalarına Ermənistan baş nazirinin reaksiyası da maraqlıdır. Paşinyan Milli Assambleyada deputatlarla sual-cavab zamanı deyib ki, Qarabağ hərəkatı davam etməməlidir: “Ermənistan dövlətçiliyinin yaranmaması yolunda Qarabağ hərəkatı hansı rolu oynadı? Sözü uzatmadan, açıq və birmənalı demək istəyirəm: Mən hesab edirəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Bizim getdiyimiz sülh yolu Bakıda saxlanılan şəxslərin problemini həll etmək üçün ən səmərəli yoldur. Başqa yol yoxdur. Bizim qavrayışımız hərtərəfli və tamdır”.

Paşinyan məhkəməsi keçirilən şəxslərin qaytarılması üçün hansı işlərin görüldüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Deyəcək yeni heç nəyim yoxdur”. Daha sonra fikirlərini “biz keçmişdə istifadə etdiyimiz vasitələrdən istifadəni davam etdiririk. Gələcəkdə də istifadə edəcəyik”.

Göründüyü kimi, separatçılar Qarabağ məsələsi ilə bağlı nə qədər aksiyalar keçirsələr də, özlərini, necə deyərlər, oda-közə vursalar da daha onları Ermənistan hakimiyyətində belə dinləyən yoxdur. Artıq rəsmi İrəvan separatçıların nazı ilə oynamaq fikrində olmadığını ortaya qoyub. Bundan sonra onların İrəvanda bir deyil, yüz mitinq keçirməsi də heç nəyi dəyişməyəcək. Çünki onların, necə deyərlər, qatarı çoxdan gedib. Bu gün onlar vaxtilə azərbaycanlılara münasibətdə yol verdikləri mənfur əməllərin cəzasını çəkməkdədirlər.

Ramiyə MƏMMƏDOVA,
politoloq:

– Ermənistanda baş verən prosesləri mütəmadi olaraq izləyirik və görürük ki, bu ölkədə həm siyasi, həm də sosial problemlər getdikcə artır. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda siyasi ab-hava tamamilə dəyişib. 2020-ci ilədək Qarabağ məsələsi Ermənistanda prioritet idi. Haylar bildirirdilər ki, müharibə etmək bahasına olsa da, torpaqları verməyəcəklər.

Azərbaycanın müharibədə Zəfər çalması nəticəsində isə Ermənistan hakimiyyətinin prioriteti dəyişib. Düzdür, indi də orada xəyallarda “Artsax erməni torpağıdır” kimi fikirlər dolaşır. Yenə də “ermənilər ora qayıtmalıdırlar” xülyaları ilə yaşayanlar var. Ancaq müharibədən sonra baş nazir Paşinyan çıxışlarında qeyd edir ki, Qarabağ Azərbaycan torpağıdır. Bildirir ki, onlar Azərbaycanın suveren ərazisinə iddia edə bilməzlər. Eyni zamanda, Türkiyə ərazisinə iddialardan da geri çəkilmiş kimi görünürlər. Bu, Ermənistan rəhbərliyinin regionda yaranmış yeni reallıqları anladığını göstərir. Ancaq ermənilərin xaricdəki havadarları hər vasitə ilə çalışırlar ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasın. Onlar erməniləri qızışdırırlar. Ancaq Paşinyan başa düşür ki, onlara boş vədlər verilir.

Sosial problemlərə gəldikdə isə qeyd etmək lazımdır ki, bu ölkə hər zaman sosial problemlər girdabında boğulub. Son vaxtlar isə problemlər daha da artıb. İnsanların həyat səviyyəsi aşağı düşüb. Bu, Qarabağdan gələn ermənilərə də aiddir. Ermənistanda sosial problemlərin bir qismi təbii şərait üzündən yaranıb. Çünki ölkənin xaricə, böyük bazarlara çıxışı yoxdur və sair.

Bundan əlavə, separatçıların ideoloji təxribatları bitmək bilmir. Separatçılar sosial problemlərə də ideoloji çalarlar qatırlar. Sonuncu mitinqdə biz bunun əyani şahidi olduq. Ermənistan sülh sazişini imzalamadığı müddətcə ondan hər cür təxribatlar gözləmək olar. Biz bilməliyik ki, onlardan hər zaman özümüzə təhdid var. Onların yenidən silahlanıb təxribatlar törətmələri hər zaman gözləniləndir. Təbii ki, rəsmi Bakı da bunu başa düşür və bu istiqamətdə iş aparır. Ancaq Ermənistanın nümayiş etdirdiyi mövqe hələlik sülh sazişinin imzalanmasına imkan vermir. Bu isə bizdən hər zaman ayıq-sayıq olmağı tələb edir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see387

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see163

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see146

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see142

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see131

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see128

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see126

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see126

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see119

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see119

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

18 May 2025 01:04see119

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see117

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see117

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see116

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see115

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see114

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see112

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see112

Tramp bir sıra ölkələr üçün yeni tariflər elan edib

18 May 2025 00:26see111

Sudanda silahlıların hücumu nəticəsində 18 dən çox insan qətlə yetirilib

18 May 2025 18:38see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri