Qarabağın Zəfər ünvanlı yolları
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bölgədə qısa müddətdə yaradılmış yol-nəqliyyat şəbəkəsi Böyük Qayıdışa əzəmətli meydan açır
Son illər ölkəmizdə müasir və keyfiyyətli yol-nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan bu layihələrin icrası ilə ölkə daxilində bölgələrarası əlaqələr möhkəmlənib, eyni zamanda, respublikamız beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilib. Başqa sözlə, yol-nəqliyyat infrastrukturu müasir avtomobil magistralları, körpülər, tunellər, yeni logistika mərkəzləri və beynəlxalq tranzit dəhlizləri əsasında qurularaq qlobal rəqabətədavamlı nəqliyyat sisteminin tərkib hissəsinə daxil edilib.
Yol infrastrukturunu inkişaf və rifahın simvolu kimi dəyərləndirən, bu sahənin texniki cəhətləri ilə bərabər, sosial-iqtisadi və strateji əhəmiyyətini də yüksək qiymətləndirən ölkə rəhbəri bölgələrdə həyata keçirilən genişmiqyaslı layihələrin əhalinin hərəkət imkanlarını artırmaqla yanaşı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sektorlarının inkişafına da güclü təkan verdiyini bildirib.
Azərbaycan hökuməti son illərdə yol-nəqliyyat siyasətində sistemli və ardıcıl proqramlara əsaslanaraq bu sahənin inkişafını daim diqqətdə saxlayıb. Bu istiqamətdə önəmli təşəbbüslərin gerçəkləşdirilməsini şərtləndirən “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin icrası ilə minlərlə kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, yüzlərlə körpü və keçid tikilib. Təkcə 2004–2024-cü illər ərzində respublikanın müxtəlif bölgələrində 25 min kilometrdən çox avtomobil yolu inşa edilib və ya əsaslı təmir olunub. Bununla da ölkə ərazisinin, demək olar ki, hər guşəsinə rahat və təhlükəsiz nəqliyyat çıxışının gerçəkləşməsinə əlverişli imkan yaradılıb.
Ümumiyyətlə, yeni avtomobil yollarının inşası bölgələr arasında iqtisadi balansın qorunmasına, işsizlik səviyyəsinin azalmasına, kənd təsərrüfatı və sənaye məhsullarının bazarlara operativ çatdırılmasına mühüm təsir göstərib. Bu proses, həmçinin kəndin şəhərlə əlaqəsini möhkəmləndirərək əhalinin sosial rifahını daha da yaxşılaşdırıb.
20 ilin yol salnaməsi
Azərbaycan yol infrastrukturu 2004–2024-cü illər ərzində ən parlaq inkişaf mərhələsini yaşayıb. Bu dövrdə 335 körpü və yol ötürücüsü, 163 piyada keçidi, 45 tunel inşa edilib. Hazırda yalnız Qarabağ və Şərqi Zəngəzurda 44 avtomobil yolu layihəsi icra olunur. Həmin yollar üzərində 70 kilometrdən çox tunel, 447 körpü tikilir. Bu göstəricilər Azərbaycanın iqtisadi gücünün, müasir mühəndislik təcrübəsinin və dövlətin planlı fəaliyyətinin real nəticəsidir. Təbii ki, bu qurğuların istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin gerçəkləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
Azərbaycanda icra olunan nəhəng infrastruktur proqramı, bir tərəfdən, əhalinin doğma torpaqlara təhlükəsiz qayıdışını təmin edir, digər tərəfdən isə ölkənin iqtisadi mərkəzləri ilə bölgələr arasında yeni əlaqə kanalları yaradır. Yolların salınması ilə bölgələr arasında malların və xidmətlərin mübadiləsi intensivləşir. Bu isə regional bərabərlik və milli həmrəyliyin mühüm təməlidir. Hazırda respublikada avtomobil yolları şəbəkəsinin yenilənməsi və inkişafı istiqamətində çoxsaylı yol ötürücüləri, körpülər, tunellər və yeraltı-yerüstü piyada keçidlərinin inşası davam etdirilir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ölkədə yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. Dövlət başçısının birbaşa tapşırıq və sərəncamları, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dünyanın ən modern yol infrastrukturunun yaradılmasına başlanıldı.
Murovdağ tuneli: MDB məkanında 1-ci
Prezident İlham Əliyev bu il avqustun 21-də Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşündə bu barədə deyib: “Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi. Yüz il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarla hərəkət etmək mümkün idi. Sovet hakimiyyəti dövründə çəkilmiş yollar da ensiz və təhlükəli idi. Biz Mehriban xanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii ki, Ömər aşırımından gəldik. O vaxt o yol demək olar ki, bir cığır olmaqla çox təhlükəli idi… Mən o vaxt dərhal göstəriş verdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yol çəkməliyik. Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə – Kəlbəcər yolundan istifadə edə bilmirdik. Ona görə dərhal işlər başlandı və bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna görə Avropada beşinci tuneldir. Təxminən 12 kilometr uzunluğunda ən böyük tunel”.
Dövlət başçısının sözlərinə görə, Kəlbəcərə getmək üçün inşa edilən digər yol Naftalandan başlayaraq, Ağdərədən keçir. İşğal dövründə qəsbkarların istifadə etdikləri bu magistral da kələ-kötürlüyü səbəbindən narahatlıq doğurur. İndi o yol da genişləndirilir. Üçüncü istiqamət isə Kəlbəcər-Laçın yoludur, təhlükəlidir. Hazırda o yol da dördzolaqlı tunellərlə, körpülərlə tamamilə yeni görkəmə salınır.
Qarabağ və Şərqi Zəngəzurda inşa olunan ən mühüm layihələrdən biri Toğanalı – Kəlbəcər – İstisu avtomobil yoludur. Bu yol təkcə Kəlbəcər rayonunu əsas magistral şəbəkəyə bağlamır, eyni zamanda, bölgənin təbii resurslara, turizm obyektlərinə və sərhəd infrastrukturuna çıxışını gerçəkləşdirir. Magistralın 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır.
Ümumi uzunluğu, təxminən, 80 kilometr olan və üzərində çoxsaylı körpülər, qalereyalar, süni qurğular, eləcə də yüksək dağ massivlərini aşmaq üçün nəhəng tunel sistemləri yerləşən bu layihə həm çətin relyef, həm də ekstremal iqlim şəraiti baxımından ölkə tarixində ən mürəkkəb mühəndislik işlərindən biridir. Müasir texnologiyalar əsasında inşa edilən bu magistral xəttin əsas xüsusiyyəti onun sosial-iqtisadi və turistik təsirinin çoxşaxəli olmasıdır. Kəlbəcərin zəngin mineral su mənbələrinin, o cümlədən məşhur İstisu sanatoriyasının yenidən fəaliyyətə başlaması üçün bu yol həyati əhəmiyyət daşıyır. Yol, eyni zamanda, regionun ekoturizm, dağ turizmi və sağlamlıq istirahəti potensialını reallaşdırmaqla yanaşı, yerli əhalinin məhsullarını bazarlara çıxarma imkanlarını da genişləndirir.
Xatırladaq ki, dövlətimizin başçısının iştirakı ilə 2021-ci ilin avqustunda Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunun təməlqoyma mərasimi keçirilib. Bu il avqustun 21-də isə yolun 13,5-ci kilometrliyində inşa edilən və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı gerçəkləşdirilib.
İşlərin 87 faizi icra olunan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yolun rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcəyi, kənd təsərrüfatının, turizmin inkişafına töhfə verəcəyi gözlənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də çox çətin coğrafi şəraitdə Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu kimi strateji əhəmiyyətə malik layihənin icrası diqqətdə saxlanılır.
Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolunun mühüm tərkib hissəsi kimi inşa olunan Murovdağ tuneli Azərbaycan mühəndisliyinin simvoluna çevrilməkdədir. Dünyanın ən uzun avtomobil tunellərindən biri olan bu infrastrukturun iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacağı planlaşdırılır. Tuneldə sağ və sol hissələri birləşdirən 38 keçid artıq istismara hazırdır. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir.
Uzunluğuna görə Murovdağ tuneli dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə 1-ci olacaq. Murovdağ silsiləsini keçən bu nəhəng infrastruktur, eyni zamanda, Azərbaycanı Şərqi Zəngəzurla birləşdirən strateji qovşaqlardan biri kimi çıxış edəcək, mühəndislik baxımından çətinliyinə və strateji əhəmiyyətinə görə isə misilsiz layihə olaraq tarixə düşəcək. Bu tunel vasitəsilə qış aylarında da fasiləsiz nəqliyyat əlaqəsi təmin olunacaq, dağlıq relyefin yaratdığı maneələr aradan qaldırılacaq. Beləliklə, Azərbaycanın qərb rayonları ilə Kəlbəcər və Laçın istiqamətində hərəkət ilboyu sabit və təhlükəsiz şəkildə gerçəkləşəcək.
Yeri gəlmişkən, yol tunelləri, xüsusilə dağlıq ərazilərdə və ya sualtı keçidlərin tələb olunduğu yerlərdə nəqliyyat infrastrukturunun vacib komponentlərindən biridir. Tunellərin uzunluğu həm texniki çətinliklər, həm də layihə təhlükəsizliyi baxımından mühüm rol oynayır. Dünyada ən uzun yol tunellərinə gəldikdə isə qeyd edək ki, hazırda bu infrastruktur (Lærdal) Norveçdə yerləşir və uzunluğu 24,51 kilometrdir. İkinci sırada “WestConnex” (Avstraliya)”, təxminən, 22,4 kilometr, sonrakı sırada isə “Yamate” (Yaponiya) 18,20 kilometr uzunluğundadır.
Regional inteqrasiyanın və təhlükəsizliyin təminatı
Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni yol şəbəkəsi təkcə iqtisadi məqsədlərə deyil, həm də strateji təhlükəsizliyə xidmət edir. Yolların bərpası regionun müdafiə qabiliyyətini gücləndirir, sərhədyanı ərazilərə nəzarəti asanlaşdırır, fövqəladə hallarda operativ hərəkətliliyi reallaşdırır. Bu yollar, eyni zamanda, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan və Türkiyəyə qədər uzanan geniş kommunikasiya xəttinin tərkib hissəsi kimi də mühüm funksiyaya malikdir. Uzunmüddətli perspektivdə bu şəbəkənin Zəngəzur dəhlizi ilə inteqrasiya olunaraq ölkəmizin tranzit imkanlarını daha da artıracağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 150 kilometr təşkil edir ki, bunun 124 kilometri əsas yoldur. Magistralın texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.
Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu, Hacıqabul – Horadiz – Ağbənd – Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi önəm kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.
Yeni yollar, həm də azad edilmiş ərazilərdə məskunlaşmanın əsas təkanverici qüvvəsidir. İnfrastrukturun bərpası sayəsində Kəlbəcər, Laçın, Zəngilan, Füzuli və digər rayonlara köç prosesləri mərhələli şəkildə həyata keçirilir. Avtomobil yolları ilə təmin olunmuş yaşayış məntəqələri iqtisadi fəaliyyətin bərpası, sosial xidmətlərin təşkili və turizm layihələrinin reallaşdırılması üçün əlverişli mühit yaradır. Bu da öz növbəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icrasını, insanların doğma yurdlarına inamla dönməsini şərtləndirir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda tikilən hər bir yol Azərbaycanın müasir dövlət quruculuğu fəlsəfəsinin canlı təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu nəhəng infrastruktur proqramı təkcə regionun deyil, bütövlükdə, ölkənin iqtisadi dinamikasını dəyişir. Yeni yollar, tunellər və körpülər həm Azərbaycanın texnoloji gücünü, həm də iradəsini nümayiş etdirir, bu coğrafiyada həyatın canlandığını, dövlətin hər qarış torpağına qayğı ilə yanaşdığını göstərir.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən avtomobil yolu layihələri, o cümlədən Toğanalı – Kəlbəcər – İstisu magistralı və Murovdağ tuneli Azərbaycanın postmüharibə dövründə inkişaf modelinin simvoluna çevrilir. Bu infrastruktur layihələri dövlətin strateji baxışının, iqtisadi planlaşdırma gücünün və milli birliyin təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan azad edilmiş ərazilərdə yalnız yollar deyil, həm də gələcəyə aparan yeni inkişaf marşrutları inşa edir.
Beynəlxalq yollar Azərbaycanda kəsişir
Azərbaycanın yol-nəqliyyat infrastrukturu son illərdə daxili ehtiyaclara cavab verməklə bərabər, həm də beynəlxalq tranzit sistemlərinin ayrılmaz hissəsinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb, Orta Dəhliz kimi qlobal nəqliyyat marşrutları məhz ölkəmizin ərazisindən keçərək Avrasiyanın əsas ticarət xəritəsini formalaşdırır. Bu gün Bakı-Ələt-Qazax-Gürcüstan, Bakı-Astara-İran sərhədi və Bakı-Quba-Rusiya istiqamətlərində inşa edilən magistral yollar beynəlxalq tranzit yüklərinin daşınmasında mühüm rol oynayır. Bu yollarda tətbiq edilən müasir texnologiyalar – intellektual nəqliyyat sistemləri, elektron ödəmə terminalları, təhlükəsizlik kameraları Azərbaycanın yol infrastrukturunu beynəlxalq standartlara uyğunlaşdırır.
Dəhlizlərin regional inkişafa təsirlərini daha da artırmaq, yük cəlbediciliyini yüksəltmək, ümumilikdə, dəhlizlərdən daha səmərəli istifadəyə nail olmaq üçün infrastruktur təminatının təkmilləşdirilməsi qarşıda mühüm vəzifə kimi durur. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri boyunca Azərbaycan daxilində TIR avtomobillərinin parklanması və sürücülərin istirahəti, texniki baxış və xidmətlər üçün xüsusi məntəqələrin yaradılması kimi məsələlər də diqqətdə saxlanılır.
Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Beləliklə, son illərdə Azərbaycanda həyata keçirilən yol-nəqliyyat layihələri təkcə infrastrukturun yenilənməsi deyil, həm də dövlətin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu layihələr ölkə iqtisadiyyatının dayanıqlı artımını gerçəkləşdirir, regionların inkişafını balanslaşdırır və Azərbaycanı beynəlxalq nəqliyyat sistemlərinin strateji mərkəzinə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan bu gün Cənubi Qafqazda müasir yol-nəqliyyat şəbəkəsinə malik qabaqcıl dövlətlərdən biri kimi tanınır. Yollar ölkələri birləşdirir, xalqları yaxınlaşdırır, gələcəyə aparır və bu, Azərbaycanın inkişaf fəlsəfəsinin əsas mahiyyəti kimi qürur doğurur.
Vaqif BAYRAMOV
XQ


