Qaranlığın maarifçilik iddiası Könül Bünyadzadə yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Könül BÜNYADZADƏ
Bu yaxınlarda "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Qələmsiz yazılanlar"ında TikTok haqqında əvvəlcə gileylərinə, sonra isə onu anlamaq və istifadə etmək barədə fikirlərinə rast gəldim. Əslində, TikTok-un ziyanı, hətta təhlükəsi barədə söhbətlər yeni deyil. Ancaq bir ziyalının fikirləri məni məsələnin ta maarifçiliyə qədər uzanan köklərini araşdırmağa vadar etdi.
Qısa desəm, maarifçilik elit təbəqəyə məxsus həqiqətlərin kütləviləşməsi prosesidir. Düşüncə tarixinin çox əhəmiyyətli, hətta həlledici mərhələsi olan maarifçiliyin mahiyyətinə vardıqda onun öz daxilində fərqli qollarını, missiyalarını, mərhələlərini müşahidə etmək mümkündür. Onun rəsmi formalaşması XVII əsrdə fransızların adı ilə əlaqələndirilsə də, başqa xalqlarda meydana çıxan eyni cərəyanlar onunla müqayisə edilsə də, danılmaz faktdır ki, maarifçilik hər xalqın özünəməxsus çalarları ilə də bağlı olub və təhlil zamanı bu, mütləq nəzərə alınmalıdır. Bu məqalədə mən də maarifçiliyi araşdıracağam, daha dəqiq desəm, bu möhtəşəm cərəyanın deqradasiyaya uğramasından, bu gün TikTok səviyyəsinə enməsindən və bu prosesə görə məsuliyyət daşıyanlardan danışacağam. Onu da deyim ki, maarifçiliyin inkişafından fərqli olaraq, onun deqradasiyası bütün xalqlarda, demək olar ki, eyni səbəblərdən baş verib.
Maarifçiliyin missiyası
Maarifçilik sözü istər fransız, istər ingilis, alman, yaxud rus dilində işıq, nurlanma anlayışları ilə əlaqəlidir və ağılın, biliyin nurunun cahilliyi məhv etməsi kimi anlaşılır. Azərbaycan düşüncə tarixində ərəb mənşəli "maarif" (bilmək, anlamaq) sözü qəbul edilsə də, eyni missiya qorunub: qaranlıqda qalmış, durğun təbəqələri aydınlatmaq.
Araşdırmaya başlayanda ilk olaraq düşünmüşdüm ki, görəsən, XVII əsrə qədər kifayət qədər güclü alimlər, elmi kəşflər, fəlsəfi ideyalar olduğu halda, maarifçilər hansı cahilliklə mübarizə aparıblar? Daha dərin təhlil göstərdi ki, söhbət məhz ali ideyaların, yalnız seçilmiş şəxslər üçün nəzərdə tutulan həqiqətlərin daha geniş miqyasda yayılmasından, sadə xalqın da onlardan xəbərdar olmasından gedir. Daha uzaq tarixə üz tutaq.
Qədimdən maarifçiliyə qədər belə bir yazılmamış qanun hökm sürüb: yüksək həqiqətlər və onların təzahürü olan fəlsəfə, mədəniyyət və din yalnız seçilmiş ağıllar üçün nəzərdə tutulub. Bunun ən gözəl simvolu Zevsin tanrılara məxsus odu (işığı) sadə insanlara verdiyinə görə Prometeyi ömürlük ağır işgəncələrə məruz qoymasıdır. Platon "Dövlət" əsərində yazır ki, fəlsəfə xüsusi insanlar üçündür. Başqa sözlə desək, insanlar düşüncələrinə görə yüksək və aşağı, seçilmiş və kütlə təbəqələrinə ayrılırdı, yuxarı təbəqəyə məxsus həqiqətlərin sadə xalqa çatdırılması isə cinayətə bərabər tutulurdu. Viktor Hüqonun "Notr-Dam kilsəsi" və Umberto Ekonun "Qızılgülün adı" əsərləri bunu aydın təsvir edir. Nəticədə hər təbəqənin öz mədəniyyəti, düşüncələrini ifadə edən əsərləri yaranırdı. Məsələn, XVII-XVIII əsrlərdə Fransada kral sarayında operalar, simfoniyalar dinlənildiyi halda, meydanlarda sadə xalq vodevillərlə - yüngül məzmunlu kupletlər, məişət səviyyəli həqiqətlər, lağlağılarla əylənirdi. Eyni vəziyyəti bütün xalqlarda, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkündür. Maarifçilik bu iki təbəqə arasında körpü rolunu oynamağı öz üzərinə götürdü. Daha dəqiq desək, yüksək səviyyəli mədəniyyəti xalqa çatdırmağı, onun da eyni həqiqətlərlə, dəyərlərlə yaşamasını, düşünməsini, tərbiyə olunmasını qarşısına məqsəd qoydu. Dini mətnlər, böyük filosofların, mütəfəkkirlərin əsərləri xalqın dilinə tərcümə edilməyə, geniş yayılmağa başladı. İlk fransız maarifçilərindən olan Volterin "Rəzilliyi məhv edin!" şüarı məhz dini xurafatı, savadsızlığı aradan qaldırmaq, insanları məişət çərçivəsindən ümumbəşəri səviyyəyə qaldırmaq istəyini, maarifçiliyin əsl mahiyyətini ifadə edirdi.
Maarifçiliyin başlıca göstəricisi bu missiyanın başında seçilmiş ağıl sahiblərinin, ziyalıların dayanması idi. Yəni nur, bilik yuxarıdan aşağıya doğru axmalı, insanları yüngül əyləncə, məişət çərçivəsindən çıxarıb onlara ali dəyərlərlə yaradılmış varlıqlar olduqlarını dərk etdirməli idi. Bu mənada maarifçiləri yüksək dəyərlərin "tərcüməçiləri" də adlandırmaq olar və düşünürəm ki, bu missiya hələ də davam edir. Böyük mənada maarifçilər öz məqsədlərinə çatıblar və mübarizələrini bu gün də davam etdirirlər. Lakin bu prosesin öz daxilində iki vacib məqam diqqətdən yayındı və maarifçiliyi içəridən təhrif etməyə başladı: maarifçilik missiyasını üzərinə götürən şəxsin aşağı mənəviyyatı və yüksək həqiqətlərin yayılması üçün nəzərdə tutulan körpüdən əks istiqamətdə - aşağıdan yuxarıya doğru - qara kütlənin istəklərinin hərəkətə keçməsi. Müəyyən mənada TikTok da həmin əks prosesin acı nəticəsidir.
Maarifçinin kimliyi
Maariflənmə prosesinin aparıcı qüvvəsi ziyalıdır və onun kimliyi bilavasitə nəticənin keyfiyyətində öz əksini tapır. Nazim Hikmətin bir fikri var: tərcüməçi müəllifin ürəyini hissələrə ayırır, sonra yenidən birləşdirir. Ürək yenə həmin ürək olur, sadəcə, çatlarla. Burada incə bir məqam var: tərcüməçi etdiyi hər tərcüməyə mütləq öz şəxsiyyətindən nəsə qatır, istəsə də, istəməsə də. Bir şeirin iki fərqli tərcüməsində bu fərqi aydın görmək olur. Eləcə də, ziyalının təqdim etdiyi hər kəlmə, hər ideya mütləq həm də onun öz simasının inikasıdır. Məsələn, məqsədləri eyni olsa da, hər ikisi maarifçiliyin təməlində dayansa da, Volterlə Russonun düşüncələri kəskin fərqlənirdi. Sonralar bu fərq böyük düşmənçiliyə, hətta Russonun şəxsi faciəsinə qədər gətirib çıxardı. Russonun dilindən Volterin ünvanına səslənən hər təhqir, əslində, Russonun öz kimliyini göstərirdi.
Burada yazılmamış qızıl bir qayda var: bir var mübahisənin ideyalar müstəvisində aparılması, bir də var şəxsiyyətlər müstəvisinə keçməsi. Məsələn, orta əsrlərdə Əbu Hamid Qəzali "Təhafut əl-fəlasifə" ("Filosofların təkzibi") əsərində Aristotelin davamçılarını, xüsusilə İbn Sina və İbn Rüşdü tənqid etmiş, onların ideyalarının əsassızlığına dair güclü dəlillər gətirmişdi. Qəzalinin ölümündən 15 il sonra İbn Rüşd ona cavab olaraq "Təkzibin təkzibi" əsərini yazdı. Bu, şəxsə deyil, ideyaya verilən cavab idi və cavabın gecikməsi, əslində, mütəfəkkirin qarşı tərəfin fikirlərini dərindən düşündüyünü göstərirdi.
Belə bir elit mübarizəni Azərbaycanda iki maarifçi məktəb arasında da müşahidə etmək olar: xurafatı satira atəşinə tutan mollanəsrəddinçilər və ali dəyərlərin təbliği ilə məşğul olan füyuzatçılar. Belə mübarizənin özü də maarifçiliyə xidmət edir, çünki hər iki tərəf qaranlığı aydınlatmaq, sürünəni ayağa qaldırmaq istəyirdi.
Mənəviyyat fərqli olanda və tərəflərdən biri ali həqiqətlərdən danışdığı halda, digər tərəf nəinki həmin səviyyəyə yüksələ bilir, üstəlik, yuxarıdakını da öz qaranlığına endirməyə çalışır. Şəxsi müstəviyə enən mübarizədə isə nə ideya qalır, nə də ali missiya; ortada yalnız mənəviyyatın primitivliyi, çürüklüyü meydan sulayır. Maraqlıdır ki, özünü maarifçi, ziyalı hesab edən şəxs belə, öz zəifliyini təhqirlə, hədə-qorxu ilə, şantajla ört-basdır etməyə çalışır. İoanna Kuçuradinin sözləri ilə desək, "düşüncəyə düşüncəylə yox, cəzayla cavab verməyə" çalışır. Məsələ burasındadır ki, mənəviyyat çürük olanda insanın yaydığı ideyalar nə qədər yüksək qatlara aid olsa da, onun şəxsiyyəti həmin ucalığı daşıya bilmir və primitiv düşüncə mütləq özünü göstərir. Belə amansız və qeyri-bərabər mübarizənin ən bariz nümunəsi, yəqin ki, Edmund Husserl və Martin Haydegger arasında baş verib. Fəlsəfəsində nə qədər yüksək ideyalardan bəhs etsə də, Haydegger nasist hərəkatına qoşulmaqla öz kimliyini artıq təsdiqləmişdi. İdeya müstəvisində müəllimindən geri qalmasını o, Husserli universitetdən uzaqlaşdırmaqla, hətta kitabxanaya girişinə qadağa qoymaqla kompensasiya etdi. Bəlkə də kimsə bunu nasistlərin yəhudilərə nifrəti ilə izah edir, ancaq məsələyə məhz mənəviyyat prizmasından baxanda mənzərə fərqli görünür. Nəticədə Haydeggerin cılız və qəddar şəxsiyyəti onun filosof adına da ciddi xələl gətirdi. Bu gün onun adının hətta dərsliklərdən silinməsi təklifi də səslənir. Çünki aşağı, primitiv düşüncədən qurtula bilməyənin yüksək ideyalar haqqında danışmağa mənəvi haqqı yoxdur.
Maraqlı bir paradoks, eyni zamanda zərurət meydana çıxır: maarifçi öz missiyasına başlamazdan əvvəl mütləq özü maariflənməli, mənəviyyatını yüksəltməlidir ki, təlqin etdiyi ideyaların içi boş, qaranlıq olmasın, rəqabətə, tənqidə dözümsüzlük göstərərək hikkə ilə işığın qarşısını kəsməsin, ona qarşı səlib yürüşünə çıxmasın. Axı, bu zaman həm özü zərər görür, həm də ətrafı. Düşünürəm ki, paranoyaya düçar olan Russo, faşist qəddarlığını qürur bilən Haydegger hər kəs üçün bir dərs olmalıdır.
Maarifçi, yoxsa obskurant?
Maarifçiliyin yayıldığı dövrdə onunla eyni vaxtda obskurantizm termini də dövriyyəyə girdi. Latın mənşəli bu söz qaranlığı yayan, maarifçiliyə düşmən kəsilən şəxslərin və baxışların ifadəsi kimi işlənirdi. Termin özü qədim olsa da, maarifçiliyin aktuallaşması fonunda onun mahiyyəti daha aydın görünməyə başladı. Kitabları yandırdıqlarına, ziyalıları qaraladıqlarına, bilikləri öz maraqlarına uyğun şərh edərək insanları daha çox qaranlığa məhkum etdiklərinə görə, onları hərfi mənada qaranlıqçılar da adlandırmaq olar. Nitsşenin dediyi kimi, "obskurantizm bizim dünyaya baxışımızı, varlıq ideyamızı qaraltmaq istəyir". Əslində, adından da niyyəti bəlli olan bu cərəyan maarifçiliyə zərbə vuran ikinci xətti - qara ideyaların işıqlı ideyaları sıxışdıraraq onların yerini tutmaq məqsədini - çox aydın təsvir edir.
Qeyd etmişdik ki, maarifçilər yüksək həqiqətləri xalqa çatdıran vasitəçilər, tərcüməçilərdir. Amma maarifçinin öz mənəviyyatı və kimliyi aşağı olanda əks proses baş verir: aşağı səviyyəli, məişət çərçivəsini aşmayan informasiyalar yuxarı səviyyəyə sızır və az qala ümumbəşəri həqiqət, xalqın qlobal problemi kimi təqdim edilməyə, yayılmağa başlayır. Texnologiyanın inkişafı bu əks prosesi daha da sürətləndirdi, onu daha qabarıq və hiss olunan hala gətirdi. Bir vaxtlar kitabların geniş yayılması, müqəddəs mətnlərin, dərin mənalı fəlsəfi traktatların tərcüməsi ilə başlayan maarifçilik prosesinin nuru aşağıdan yüksələn obskurantizm qaranlığı ilə əvəz olunmağa başladı. Bu gün sosial şəbəkələr vasitəsilə obskurantizm ön plana keçir və liderliyi ələ alır. Hətta seçilmiş şəxslər də düşüncələrini bu primitiv mövzulara yönəltməli, kiminsə paranoyak sayıqlamalarını, barbarlığını təhlil etməyə məcbur olurlar. Sözün hərfi mənasında, dəlinin quyuya atdığı bir daş qlobal problemə çevrilərək günlərlə televiziya kanallarını, ictimai müzakirələri məşğul edir.
Üz gördükcə, auditoriya topladıqca daha da irəli gedən obskurantlar artıq düşüncə sahiblərinin özlərini qaralamağa cürət edirlər: divanlar qurulur, sosial şəbəkələrdə ünvanlarına təhqirlər yağdırmaqdan belə çəkinmirlər. Uzaq tarixdə qalan dahilərin cavab vermək imkanı yoxdur, həyatda olanların isə eyni səviyyədə cavab verməyə mənəviyyatı yol vermir. Bir vaxtlar bütün mövqelərindən məhrum edilən Husserlin sakitcə geri çəkilib yerini nasistə verdiyi kimi. Bu sırada ən irəli gedən və uğur qazanan isə, sözsüz ki, TikTok-dur.
TikTok-da çox ciddi ideyalar yaymağa çalışanlar da var, ancaq uğur yenə obskurantın olur. Çünki məhz kütlənin öz dilində, öz səviyyəsində səslənən fikirlər və hərəkətlər qısa müddətdə məşhurlaşır, az qala nümunəyə çevrilir. Mahiyyətini, missiyasını nəzərə alsaq, TikTok-un maarifçiliyə iki cür zərbə vurduğunu müşahidə etmək olar. Birincisi, TikTok düşüncənin dərinliyə enməsinə imkan vermir, hətta belə düşüncələri gülüş hədəfinə çevirir. Bir-iki dəqiqəlik videolar vasitəsilə məlumatlanma tədricən trafaretə çevrilərək bütün sahələrə sirayət edir: insanlar dərin, uzunmüddətli mətnlərdən gen qaçır, düşünməyi, təhlil etməyi işgəncə kimi qəbul edirlər. İkinci zərbə isə TikTok-un məhz obskurant mahiyyəti ilə bağlıdır: bir-iki dəqiqəlik videolarda qaranlığın, mənəviyyatsızlığın təbliği artıq normaya çevrilib. Maraqlı haldır: qaranlıq özünə o qədər güvənir ki, işığı nuruna görə təhqir etməyə cürət edir, onunla mübarizə aparmaq üçün ətrafına özü kimiləri toplamağa çalışır. Və say çoxluğu ilə keyfiyyəti dəyişməyə, təhrif etməyə nail olur. Bəli, bir yeşik sağlam meyvənin arasında birinin xarab, qaralmış olduğunu vaxtında görüb onu digərlərindən ayırmasan, həmin meyvə ətrafındakıları da çürütməyə başlayar.
Bir vaxtlar maarifçilik yüksək düşüncəni kütləyə çatdırmaq üçün bir cığır açdı, ancaq nəzərə almadı ki, eyni cığırdan aşağı, qaranlıq niyyətlər də istifadə edə bilər. Maarifçi elmin, ali həqiqətlərin nurunu yaymağa cəhd etdi, inana bilmədi ki, nuru görənlər qaranlığı da sevə bilərlər. Sadə bir həqiqət onun gözündən yayındı: kütləvi düşüncə ilə formalaşan bir şəxs ən yüksək elmi titulu daşısa da, mənəviyyatı, düşüncəsi yalnız qaranlıqla qidalana bilər, gördüyü hər nuru qaralamaqla rahatlıq tapa bilər. Əslində, maarifçiliklə obskurantizmin qarşı-qarşıya dayanmasının tarixi qədimdir. Sadəcə, indiki bəla budur ki, obskurantlar özləri də maarifçi adından istifadə edir, qaranlıqçı fəaliyyətlərini xalq üçün çox lazımlı hesab edirlər. İnsan bilmir kimin halına yansın: ağır missiyası qaralanan ziyalınınmı, heç cür öz qaranlığı ilə uzağa gedə bilməyəcəyini anlamaqda çətinlik çəkən obskurantınmı, yoxsa kütləviləşməyə sürüklənən, heç cür düşünməyə imkan verilməyən xalqınmı?!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















