Filosofdan açıq məktub Könül Bünyadzadə yazır
525.az saytına istinadən Icma.az xəbər verir.
Könül BÜNYADZADƏ
Hörmətli oxucu!
Bu açıq müraciətlə düşüncə sahibi olan qadınlar haqqında həqiqətləri təkrar dilə gətirmək istəyirəm. Xüsusilə vurğulayım ki, bu müraciət yalnız qadınlara deyil, çəkilən əziyyətlərin mahiyyətləri və səbəbləri ilə maraqlanan hər kəsə ünvanlanıb.
Bəri başdan deyim ki, əslində, düşüncə və yaradıcılıq zirvəsində cins yoxdur, yalnız İnsan var. Mənim yazdıqlarım da məhz belə bir məcburi cinsi ayrılıq, düşüncə tarixində qadına verilən "dəyər" haqqında olacaq.
Hansı səbəbdən yazıram? Məsələ burasındadır ki, il boyu yüksək tribunalarda, beynəlxalq konfranslarda gender bərabərliyindən, qadın hüquqlarından, elmdəki fəaliyyətindən, vəzifə tutan qadınların statistikasından danışırlar, sonra bir "ağıllı" çıxıb rişxəndlə qadınlar haqqında bir söz atır və başlanır ənənəvi müzakirələr, sorğular, hücum-müdafiələr. Maraqlıdır ki, bunu başlayan da, davam etdirən də, sonlandıran da kişilər olur. Uzaq başı, müzakirələrə bir feminist dəvət edirlər və nəticə yenə də qadının xeyrinə olmur. Belə ittiham-müdafiə aktlarından növbətisi yenicə səngiyib və bu məktubla o müzakirələrin "hərarətindən" soyuyan başları təkrar düşünməyə dəvət edirəm.
Qadını yaradıcılıqdan, yüksək ideyalardan ayırmaq istəyəndə ona qadınlığını xatırladırlar və bunu bir əskiklik kimi çırpırlar üzünə. Yeri gəlmişkən deyim ki, alman filosofu Kant məsləhət görürdü ki, qadın təfəkkürünü elə istiqamətləndirmək lazımdır ki, cins anlayışından, məişət qayğıları çərçivəsindən o yana keçməsin. Yadıma orta əsrlərdə Avropada dəb halına düşmüş inkvizisiya düşür: qadın günah torbası, haqq yoldan azdıran iblis hesab edilirdi və buna görə də səsi çıxan, başını qaldıran hər qadına işgəncə verib onu yarandığına peşman edəndən sonra ocaqda yandırırdılar. İndi ocaqlar çatılmır, sadəcə qadının kimliyi cəmiyyətin fonunda qabardılır, bəzən təhrif edilir, bəzən haqqında haqsız hökmlər verilir və bütün bunlarla şüuraltı şəkildə qadının cəmiyyətə sonradan, sanki təsadüfən qoşulmuş yad ünsür olduğu təlqin edilir.
Bu, Mütləq Yaradanın əməlinə, yaratdığına tutulan nöqsandır? Əgər qadının fiziki baxımdan zəifliyi ona nöqsan tutulursa və əgər güc üstünlük göstəricisidirsə, o zaman bəzi heyvanlar (fil, dəvə, hətta özündən ikiqat ağır yük qaldıra bildirən qarışqa) insandan daha üstün hesab edilməli deyilmi? Əgər qadının məntiqinin zəif olduğunu iddia edirlərsə, axı elm də təsdiq edir ki, hər şey məntiq çərçivəsinə sığmır, həqiqət yalnız klassik məntiqlə izah oluna bilməz, qeyri-səlis məntiq də var. Əgər irad yaranış ardıcıllığınadırsa, alman fəlsəfəsinin təməlində duran tanınmış filosof, rahibə Bingenli Hildegard deyirdi ki, "kişi torpaqdan yarandığı halda, qadın Adəmdən - canlı bir maddədən yaradıldı..." və məhz bu, qadının üstünlüyünün təsdiqidir. Digər tərəfdən, nəslin davam etməsində iki vacib başlanğıcdan biri digərindən necə üstün ola bilər?
Düşüncənin "primitiv" səviyyəsi hesab edilən, əslində isə bünövrəsi olan mifləri saf-çürük edəndə görürsən ki, Olimpin tanrıları arasında qadınlar da var və orada kimsə cinsinə görə alçaldılmır, əzilmir, qadının əlinə qılınc, dilinə hikmət yaraşır. Milli kökümüzdə, yaxud İslam dinində də qadını bütün bəlaların cavabdehi, zə(r)if məxluq hesab edilmir. Dinimizə görə Yaradan Müqəddəs Məryəmə nur və kəlam kimi İsa Məsihi nazil edib, möcüzələr verib. Ancaq bəzən Quran-Kərimi öz düşüncəsinə uyğunlaşdıranlar belə qərar çıxarırlar ki, müqəddəs mətndə də yazılıb ki, qadın kişidən əskikdir. Ayə soruşanda hədis deyirlər. Halbuki cavab olaraq neçə ayə gətirmək mümkündür ki, Allahdan müraciət hər ikisinə eynidir, insana, cəmiyyətə aid verilən hökmlər hər ikisinə ünvanlanır, "biz hər şeyi qoşa yaratdıq" ifadəsi ilə dönə-dönə yaradılış qanunauyğunluğu təsdiqlənir. Miras və məhkəmə şahidliyini nümunə gətirirlər, amma orada da kiminsə üstünlüyü vurğulanmırsa, əcəba, ilahi hökmə bu "kişi" müdaxiləsinin səbəbi nədir?! Belə cahil bəyanatlar əvəzinə, Qurani-Kərimi daha diqqətlə oxumaq, oxuduğunu dərk eləmək yaxşı olmazmı?!
Maraqlı bir faktı da deyim ki, düşüncə tarixinin əhəmiyyətli məqamlarında, dönüş nöqtəsi yaradan kişinin yanında mütləq bir Qadın olub, çünki yalnız tamamlanmış bir ideya, düşüncə dönüş yaratmaq iqtidarındadır. Bunu həmin kişilərin əksəriyyəti açıq şəkildə etiraf ediblər. Bəs qadının adını bu tarixdən silən, o zirvədə kişinin adını tək saxlayan, qadını isə cəmiyyətin gah zə(r)if - yazıq təbəqəsi, gah günahkar - yad ünsürü kimi görən kimlərdir? Görəsən, ilk filosof hesab edilən Pifaqorun irsini qoruyub saxlayan və məktəbinin yaradıcısı olan qızı Damonu niyə tanımırlar? Niyə Sokratın müəllimi Diotimanın eşq haqqında düşüncələrini Platonun adına çıxırlar? Leybnizin monadlarından danışanda bu ideyanın və bu haqda ilk məqalənin müəllifi Anne Konveyin adını niyə çəkmirlər? Ümumiyyətlə, tarixdə filosof qadının olmamasını iddia edənlərin Rafaelin məşhur "Afina məktəbi" adlı freskasında neçə qadın filosofun rəsmi əks olunduğundan xəbərləri varmı? Görəsən, Mariya Sklodovskaya-Kürinin iki dəfə Nobel mükafatı alanda da, Paris Universitetinin ilk qadın professoru, Paris Tibb Akademiyasının ilk qadın üzvü seçiləndə də məhz kişi həmkarları ilə apardığı mübarizə kimə isə maraqlıdırmı? Onun əməyini 5 il əvvəl həlak olmuş həyat yoldaşının adına çıxanlar görəsən, eyni həvəslə Albert Eynşteynin Nobel mükafatında onun ilk həyat yoldaşı Mileva Mariçin xidmətlərindən də danışırlarmı? Böyük sənətdə qadın müəllifin olmadığını iddia edənlər Rodenin yaradıcılığında böyük yüksəlişə səbəb olan Kamilla Klodelin sənət əsərləri ilə tanışdırlarmı? Görəsən, niyə hansı isə dahi qadının əməyini etiraf etmək əvəzinə, onun qadınlığını önə çəkməyi, haqqında uydurulan bir-iki şayiəni daha maraqlı hesab edirlər? Bunu edən kimlərdir? Səbəb nədir?
Cavab sadədir. Qadın diqqətindən məhrum qalan, yaxud əksinə, qadın istismarında əzilənlər qadını inkar edirlər və bunu çox aqressiv şəkildə bildirirlər. Belələri qadının düşünmək qabiliyyətini, yaradıcılıq istedadını nəinki şübhə altına alır, hətta bunun üçün dəlil-sübut da gətirməyə çalışırlar. Əslində, belə hücumlar, rişxəndlər qadının gücü qarşısında acizliyin, qorxunun etirafıdır. Bunun ən möhtəşəm nümunəsi Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsərindəki Allahdan bixəbər keşiş Klod Frollodur: xəlvətdə qaraçı qızı Esmiraldanın həsrətini çəkə-çəkə ona qara yaxıb, ölümünə hökm verir. Belə "qəhrəmanlara" Anarın "5 mərtəbəli evin"də də rast gəlmək mümkündür: Təhminə haqqında "söz uyduranları" deyirəm. Məhz heç cür yüksələ bilməyən kişi heç olmasa qadını alçaltmaqla "hündür" görünmək istəyir. Burada yadıma "Kitabi Dədə Qorqud"dan sarı donlu Selcan xatunla Qanturalı düşür. Əvvəlcə yekə-yekə "Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!.." deyir. Elə ki, belə bir qız onu yağıdan xilas edir, bunu özünə əskiklik sayır və el içində ondan əskikliyini gizlətmək üçün yarım deyib, atasının isti ocağından ayırdığı halalını öldürmək istəyir. Yaxud Bamsı Beyrəklə Banuçiçəyin məşhur yarışmasında uduzduğuna görə el içində xar olmamaq üçün Beyrəyin hansı namərdliklə qızı yıxmasını kimsə demir. Əcəb üstünlükdür!
Deməli, məntiqlə, özünə güvənən, ağıllı, öz üstünlüyünü sübut etmək üçün kimsəni alçaltmağa ehtiyacı olmayan kişi heç vaxt qadını inkar etməz, onun ağlına, bacarığına şübhəylə yanaşmaz! Məsələn, bütün yazıları başdan başa inkar üzərində qurulan Fridrix Nitsşe heç vaxt qadının gücünü inkar etməyib, çünki inanırdı ki, "Hər kəs özündə ana tərəfdən bir surət saxlayır: məhz bu surət təyin edir ki, o ümumiyyətlə qadınlara hörmətlə yanaşacaq, onlara nifrət edəcək, yoxsa tamamilə laqeyd qalacaq". Hətta həyat yoldaşından narazı olan Sokrat da qadınların nə gücünü, nə ağlını inkar edirdi, çünki özünün iki ustadı qadın idi: Diotima və Aspazia. Mövlana isə deyirdi ki,
Qadın Haqq nurudur, sevgili deyil;
Sanki yaradıcıdır, yaradılmış deyil.
Bunlar qadına verilən qiymətdən daha çox, həmin şəxsin öz səviyyəsinin göstəricisi, obyektiv həqiqəti görmək cəsarətidir.
Hörmətli oxucu! Ailədə baş vermiş münaqişədə, hətta faciədə ilk növbədə qadını günahlandırırlar, hətta məlum atalar sözlərini də buna uyğunlaşdırıblar: "Yaxşı at özünə qamçı vurdurmaz". Razıyam, ailədə baş verən hər nöqsanın qaynağı qadındır, çünki evində həyat yoldaşını incidən kişini də, qız uşağı doğulanda yasa batan valideynləri də qadın-ana tərbiyə edir. İtalyan şairə Moderata Fontenin fikrinə görə, "müdrik, dindar və xeyirxah arvadı olan kişinin özü cahil, rəzil və pis bir insan olsa da, bu, həmin qadının hörmətinə bir ləkə gətirmir. Lakin bir qadın bədbəxtlikdən arxasınca düşmüş bir heyranı tərəfindən yoldan çıxarılarsa, qürurunu itirərsə, bu vəziyyət o dəqiqə ərə böyük bir alçaqlıq və xəcalət gətirir; o, nə qədər müdrik və hörmətli bir şəxs olsa da, o, qadına bağlıdır, qadın ona deyil". Maraqlıdır, kişi daim öz gücü ilə öyünür, amma ya bilmir, ya da bilmək istəmir ki, onun gücünün də, zəifliyinin də qaynağı qadındır.
Qadın məhz güclü olduğuna görə, onun israrla zəif olduğunu bildirənlərə qarşı təvazökarcasına susur. Hətta eramızın 3-cü əsrində kilsə öz hakimiyyətini gücləndirəndə Misirin İsgəndəriyyə kitabxanasında dərs deyən, elmdə neçə kəşfin müəllifi olan Hipatiyanı daş-qalaq etdirdi və qadına düşünməyi (!), başını qaldırıb fikir bildirməyi haram buyurdu. Amma qadın çıxış yolu tapdı: məhz həmin kilsənin divarları arasında, İsa Məsihin nişanlısı kimi toxunulmazlığı əldə etməklə - rahibəliyi qəbul etməklə uzun əsrlər boyu bu şəkildə öz fikirlərini söyləmək imkanı qazandı. Qadının gücü məhz ömür boyu qarşısına qoyulan maneələrdən keçməyi bacarığıdır.
Amma bəzən qadın o dərəcədə çıxdaş edilib ki, onlar öz hüquqlarını tələb etməyə, səslərini ucaltmağa məcbur olublar və beləcə feministlər ortaya çıxıb. Təəssüflə qeyd edim ki, onu yalnız bir cins kimi təqdim edən və bununla sanki Kantın "vəsiyyətinə" əməl edən feministlər qədər qadınlara heç kim zərər verməyib. Bu, həm qadının zəif, ikinci cins olmasının etirafı, həm də digər bərabərhüquqlu kişiyə düşmən kəsilməkdir. Qəribə paradoks alınır: qadın kişidən "qisas" almaq üçün özünə ziyan vurur və bu, bir daha sübut edir ki, kişini zəiflətmək istəyirsənsə, onun qadınını zəiflət. Bu, yalnız ailəyə aid deyil, düşüncə müstəvisində də belədir. Bir xalqın düşüncəsini tənəzzülə uğratmaq istəyirsənsə, oradan qadınları sil. Məhz "öz cinsi hüdudlarından kənara çıxmayan qadın" ilk növbədə öz həyat yoldaşını, daha sonra ailəsini məhv edir.
Hörmətli oxucu! Mənim sadaladığım nümunələr Qərb düşüncə tarixinə aiddir və mənə irad tutula bilər ki, tariximizdə qadın ən yüksək yerdə oturdulub, xan belə ona XANım deyib, Azərbaycanda qadına ilk dəfə səs hüququ verilib, Hacı Zeynalabdin Tağıyev qız məktəbi açıb, şairlərimiz necə gözəl sözlər deyib haqqında və daha neçə möhtəşəm fakt. Qəbul edirəm. Azərbaycan həmişə düşüncə tarixinin əhəmiyyətli yerlərindən birini tutub, buna həm onun coğrafi mövqeyi, həm də möhtəşəm fikir potensialı imkan verib. Bu düşüncə sahibləri arasında qadınlar da olub və var. Bunu inkar etsələr də, barışmasalar da, görməz gözə qoysalar da, Azərbaycanın düşünən və yaradan qadınları var, olmalıdır, yoxsa ümumiyyətlə inkişaf dayanar.
Amma siz də qəbul edin ki, Azərbaycanda məhz kökü Qərbə gedib çıxan bu nöqsanlar, əslində avropalaşmanın bu "yan effektləri" ya milli mentalitet adı ilə, ya da qadının anadangəlmə qüsuru kimi təqdim edilir. Kiçik bir epizodu xatırladım. Qurban Səidin "Əli və Nino" əsərində yeni qurulmuş Cümhuriyyətə gələn diplomatik qonaqları qəbul etmək üçün "səviyyəli bir ailə, ev" tapa bilmirlər və xaricilərin qarşısına Ninonu - gürcü qızını çıxarırlar. Məhz Cümhüriyyət illərində Azərbaycanın çox savadlı, səviyyəli, mədəni xanımlarının olduğu məlumdur, amma önə çıxarılan Nino olur! İndi də həmin ətalətlə Azərbaycan qadını daha çox "Tükəzban" kimi tanıdılır. Cəfər Cabbarlının Sevili, Almazı yox, Səməd Vurğunun Aygünü yox, heç Ustad şair Dədə Ələsgəri deyişmədə bağlayan, sazını yerə qoyduran Həcər xanım da yox, adı-kimliyi bəlli olmayan, savadsız, bədbəxt bir cahil qadın Azərbaycan qadınının simvoluna çevrilib! Doğrudanmı, ildə bir dəfə çıxıb belə tutarlı cavab verən, yaddaşları təzələyən qadına ehtiyac var:
Mən Həcərəm, əbrü ətlaz geymərəm,
Öz-özünə sultan mənəm, bəy mənəm.
Şövq əhlisən, xətirinə dəymərəm,
Səhv düşübsən sən pirana, deyirəm.
Bəli, kimsə kimdənsə üstün deyil, çünki Allah-Təala hər şeyi cüt yaradıb ki, tərəzinin gözü heç vaxt əyilməsin. Bunu əyməyə çalışanların isə məhz özünün vestibülyar aparatında nöqsan olduğuna şübhə yaranır. Tərəzinin hər iki gözü eyni deyil, amma bərabərdir.
Nəhayət, daim verilən suala qısa bir cavab verək: qadın güclüdür, yoxsa kişi?! Əlbəttə, kişi, əgər qadın güclüdürsə!

