“Qarşımda belə böyük siyasətçi var, mən necə yorula bilərəm...”
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
“Heydər Əliyev xatirələr işığında” layihəsinin növbəti qonağı tarix elmləri doktoru, uzun müddət ulu öndər Heydər Əliyevin köməkçisi olmuş Dilarə Seyidzadədir
Qısa təqdimat: Dilarə Bağır qızı Seyidzadə tarix elmləri doktoru, professor. 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) məzunudur. 1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini - Prezidentin köməkçisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Dilarə Seyidzadə dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət”, 24 oktyabr 2019-cu il tarixli sərəncamı ilə “Şərəf” ordenləri ilə təltif olunub.
− Dilarə xanım, Heydər Əliyev hələ 1970-ci illərdə – respublikaya rəhbərlik etdiyi ilk dövrdə çox populyar və tanınmış bir şəxsiyyət olub. Ulu öndərlə işləməyə başlamazdan çox-çox əvvəllər bir tarixçi, vətəndaş olaraq Heydər Əliyev haqqında təəssüratınız necə idi?
– O dövrü xatırlamamaq olarmı?! Mən hələ tarixçi kimi elmi işlə məşğul olanda cümhuriyyət dövrünün tanınmış siyasi xadimləri Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli və digərləri haqqında arxiv sənədləri ilə tanış olmuşdum, Azərbaycanın yeni dövrü üçün qəhrəman axtarışında idim.
Yadımdadır, 1969-cu ilin avqust ayı idi. Heydər Əliyev iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilmişdi. Bir ay idi Azərbaycana rəhbərlik etməyə başlamışdı və Bakıda SSRİ–Yaponiya gənclərinin beynəlxalq simpoziumu keçirildi. Həmin illərdə də Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi Elmira Qafarova Akademiyadan gənc alim kimi mənə həmin tədbirdə çıxış etməyi tövsiyə etdi. Tədbir çox yüksək səviyyədə keçdi və şübhəsiz, bunda Heydər Əliyevin təşkilatçılıq məharəti görünürdü.
Sonra Azərbaycanda çox sürətlə quruculuq və sənayeləşmə başladı. Heydər Əliyev az bir müddətdə nəinki Azərbaycana, bütün SSRİ-yə səs saldı. Bakıda onun haqqında əfsanələr dolaşmağa başladı.
1969-cu il dekabrın sonunda Bakı Yeni il şənliyinə hazırlaşırdı. Evimiz “Azərbaycan” kinoteatrının yanında idi. Dekabrın 31-də Yeni il süfrəsi açmaq üçün yaxınlıqdakı ərzaq mağazasına bazarlıq etməyə getmişdim. Mağazaya girəndə gördüm insanlar toplaşıb, içəridə kimsə Azərbaycan dilində gözəl və səlis tərzdə danışır, insanlara suallar verir. Baxdım ki, respublikanın yeni rəhbəri Heydər Əliyev burada insanlarla səmimi söhbət edir, onların problemləri, qayğıları ilə maraqlanır və onu müşayiət edən məmurlara hansısa göstərişlər verir. Üzündəki təbəssüm və baxışlarındakı qətiyyət diqqətimdən yayınmadı və bütün bunlar məndə çox xoş təəssürat oyatdı. Bundan sonra, bir tarixçi kimi, təbii ki, onun fəaliyyətini izləməyə bilməzdim. Görürdüm respublika çox sürətlə inkişaf edir, Azərbaycan ildən-ilə gözəlləşir, mədəniyyət və incəsənət adamlarımız İttifaq səviyyəsində yüksək orden və fəxri adlarla mükafatlandırılır. O zamandan başa düşdüm ki, axtarmağa başladığım qəhrəman bu insan ola bilər. Elə də oldu...
− İlk hakimiyyəti illərində Heydər Əliyevin Seyidzadələr ailəsi ilə bağlılığı vardımı?
– İngiltərədə rəsmi səfərdə olanda Heydər Əliyev onunla bağlı keçirilən tədbirlərin birində möhtəşəm çıxış etdi. Müxtəlf suallar verdilər, onlara da gözəl cavablarla məni heyrətləndirdi. Görüşdən çıxandan sonra üzünü mənə tutub dedi: “Xoşunuz gəldi çıxışımdan?” Dedim: “Oy, necə də gəlməsin. Mənim atam bu suallara cavab verməzdi”. Dedi: “Sizin atanız Molotovun diplomatı olub, mən burada Azərbaycan Prezidentiyəm. Onlar hamısını bilir, onlar məni yoxlayır”. O hər şeyi hiss edirdi, duyurdu.
Bu məqamda ürəyimə damdı ki, Ulu öndər atamı tanıyır. Soruşdum: “Cənab Prezident, siz atamı haradan belə tanıyırsınız?” Amma açıqlamadı.
Bu yaxınlarda Adıgözəl Məmmədov “Azərbaycan naminə Bağır Seyidzadə” adlı kitab yazıb. Müəllif məxfi sənədlər tapıb və orada göstərilir ki, atam Bağır Seyidzadə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovun tapşırığı ilə Pişəvərini Culfaya gətirir. Burada Pişəvəri Mircəfər Bağırovla görüşür və DTK-da işləyən Heydər Əliyev də birinci katibin yanında olur. Ona görə də Heydər Əliyev atam Bağır Seyidzadəni yadda saxlamışdı...
− Onun əminiz Hüseyn Seyidzadə ilə münasibətləri haqqında nə deyə bilərsiniz?
– Bu tanışlığın da qəribə tarixçəsi var. Əmi dediyim, atamın əmisi oğlu Hüseyn Seyidzadə kinorejissor idi. Uşaqlıqdan atamla bir evdə böyümüşdülər. İki qardaşın 6 oğlu və 5 qızı bir evdə yaşayıblar. Ermənilərin azərbaycanlılara qarşı 1918-ci il soyqırımından əvvəl onlar İrəvanda yaşayıblar və orada 2 mərtəbəli evləri olub. Sovet dövründə ermənilər o evi uşaq bağçası etmişdilər. Ona görə də, mən deyə bilmirəm ki, onlar qardaş deyildilər, çünki son dərəcə yaxın idilər, doğma qardaşdan irəli idilər.
Hüseyn Seyidzadə çox zarafatcıl, deyib-gülməyi sevən bir adam idi. O biri qardaşları da vəzifə adamları idilər. Hüseyn əmim milli koloritli konorejissor idi və çəkdiyi bir çox filmləri onun başını daim cəncələ salırdı.
1970-ci illərdə Hüseyn Seyidzadə rus müəllifin “Qatır Məmməd” filminin ssenarisi ilə razılaşmayıb və xalqımızın sevimli qəhrəmanını tarixdə olduğu kimi təqdim edib. Ssenaridə isə Qatır Məmmədi bolşeviklərin şəriki və tərəfdarı təqdim edirdilər. Əmim filmi öz düşündüyü və tarixi mənbələrə uyğun şəkildə çəkmişdi. Bu da Moskvanın qəzəbinə səbəb olmuşdu. Filmin səsləndirilməsi ərəfəsində iş dayandırıldı. Böyük qalmaqal yaranmaq ərəfəsində, Heydər Əliyevə xəbər çatdırmışdılar. O da məsələnin böyüməsinə imkan verməmişdi.
Bir gün də Heydər Əliyev “Azdrama”ya gəlib “Qayınana” pyesinin tamaşasına baxır. Tamaşadan sonra səhnə arxasında aktyorlarla görüşür və Nəsibə Zeynalovaya deyir ki, bu pyesin əsasında mütləq film çəkilməlidir. Tapşıraram, bu filmi komediya janrının böyük ustadı Hüseyn Seyidzadə çəksin. Yəni Heydər Əliyev Hüseyn Seyidzadənin yaradıcılığına bələd idi və onu komediya filmlərinin böyük ustadı adlandırırdı...
− Heydər Əliyev çox tələbkar insan idi. Sizə köməkçi vəzifəsi təklif edəndə tərəddüd, həyəcan hissi keçirdinizmi?
– 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və az bir vaxtdan sonra dövlət aparatı yaradılmağa başlandı. Bir gün mənə də təklif etdilər ki, Prezident Aparatında işləməyə gəlim. Mənim isə evdə yataq xəstəsi olan bacım vardı. İmkanım da yox idi ki, adam tutum ona baxsın və ona zəhməthaqqı ödəyim. 3 gün çox gərgin anlar yaşadım. Aparatdan isə təkidlə bildirdilər ki, mən ora işə getməliyəm. Çünki mən artıq Azərbaycan tarixinin Cümhuriyyət dövrünün araşdırıcısı kimi bu mövzuda doktorluq dissertasiyası müdafiə edib elmlər doktoru elmi dərəcəsi almışdım. Onlar da məhz tarixçi alim tələb edirdi. Bu tərəddüdlərimin aradan qalxmasında dayım qızı mənə yardımçı oldu və dedi: “Dilarə, sən get işlə, mən sənə kömək edərəm”. Beləcə, işləməyə razılıq verdim.
Bir məsələni də xatırlatmaq istəyirəm (Dilarə xanım bunu deyib gülümsəyir), Heydər Əliyev hakimiyyətə qayıdandan sonra anam bir gün mənə dedi ki, “Dilarə, Heydər (anam həmişə Heydər deyirdi cənab Prezidentə) səni özü yanına işə götürəcək”. Dedim: “Ay ana, sən nə danışırsan, hardan bilirsən?” Dedi: “Ona təmiz adamlar lazımdır”.
İşə dəvət alandan sonra Prezident Aparatına getdik. Bizi o zaman dövlət katibi olan Lalə-Şövkət Hacıyeva qəbul etdi. Mənim də həmin ərəfədə monoqrafiyam çıxmışdı, onu da özümlə götürmüşdüm. Kitaba baxdı və bəyəndi.
Bir neçə gündən sonra bizə dedilər ki, Prezident Heydər Əliyev haqqında bir kitabça hazırlamaq lazımdır, vizit kartı kimi xarici ölkələrə səfərlər ərəfəsində dövlət strukturlarına paylasınlar, onu dünyaya tanıtsın. Kitab 12 dildə olmalı idi. Biz az bir vaxtda bu kitabı hazırladıq. Kitab Heydər Əliyevin çox xoşuna gəlmişdi. Humanitar şöbənin müdiri Fatma Abdullazadə məni yanına çağırıb dedi: “Cənab Prezident kitabı bəyənib, amma bu kitabın bir müəllifi olmalıdır. O da tarixçi olmalıdır. Şöbədən də bir Siz tarix elmlər doktorusunuz. Sizin müəllif olmağınızı məsləhət bilir. Siz hazırsınız?” Razılaşdım. Başqa nə deyə bilərdim. Beləliklə, əvvəlcə məni humanitar şöbəyə baş məsləhətçi vəzifəsinə götürdülər.
O zaman vəziyyət çox ağır idi. Bunu bildiyindən, bizi ruhlandırmaq üçün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Aparatdakı qadınları toplayıb təbrik edirdi, 31 dekabrda toplaşırdıq, gəlib bizimlə bayramlaşırdı və elə sözlər deyirdi ki, sanki bütün məhəbbəti ilə bizi bağrına basıb əzizləyirdi. Bu, bizi çox ruhlandırırdı.
8 ay keçmişdi. “Bakinski raboçi” qəzetində çalışan İbrahim Şükürov bir gün mənim yanıma gəldi və dedi: “Dilarə xanım, xəbəriniz var, bizimlə Mərakeşə gedirsiniz. Kasablankada İKT-nin sammiti keçirilirdi, Heydər Əliyev də ora dəvət edilmişdi. Dedim: “Xəbərim yoxdur”. Sən demə, Prezident deyib ki, məni kitabın müəllifi ilə tanış edin. Beləliklə, mən Prezidentin nümayəndə heyətinin tərkibində Kasablankaya yola düşdüm. Bu, Heydər Əliyevlə xarici ölkələrə səfərimin başlanğıcı oldu.
Oradan qayıdanda Prezident ənənəsinə uyğun olaraq təyyarədə nümayəndə heyətinin üzvlərini öz salonuna dəvət etdi. Mən də dəvət olundum.
1994-cü ilin dekabrında onun tapşırığı ilə nümayəndə heyətinin tərkibində Böyük Britaniya səfərinə getdim. Bu səfərə Prezidenti “bp” şirkəti dəvət etmişdi. Orada gördüm Heydər Əliyev o qədər gözəl məlumatlar verir, çıxışlarında elə ciddi məsələlərə toxunur bunları mütləq qeyd etmək lazımdır. Amma qeyd edən yoxdur. Buna yaradıcı yanaşmaq qərarına gəldim. Şəxsi təşəbbüsümlə bir ümumi dəftər aldım və həmin görüşləri, Prezidentin çıxışlarını ayaq üstə yazmağa başladım.
Yazdığım vaxtlarda gördüm Heydər Əliyev bir neçə dəfə diqqətlə mənə baxdı. Bir gün də məni yanına dəvət etdi və dedi: “Bir göstərin görüm, siz orada nə yazırsınız?” Verdim və diqqətlə dəftəri vərəqlədi və qayıtdı ki, siz ali məktəbdə stenoqramı öyrənmisiz? Dedim: “Cənab Prezident, bu stenoqramma deyil, axı mən sözlərlə yazıram”. Soruşdu: “Bəs necə çatdırırsınız?”
Dedim: “Cənab Prezident, mən tarixçiyəm, belə bir tarix mənim gözlərim önündə baş verir, bunu yazmaya bilmərəm”. Dedi: “Başa düşürəm, amma necə çatdırırsınız?” Onda mən ona danışdım ki, o zaman bizim araşdırdığımız tarixi sənədlərin böyük bir qismi məxfi qrifi ilə arxivlərdə saxlanılırdı. Mənim bu sənədlərlə tanış olmağa icazəm vardı. Amma sənədləri mənə təqdim edən kimi qələmimi əlimdən alırdılar və deyirdilər ki, qeydlər aparmaq olmaz. Mən də məcbur olub onları əzbərləyirdim və evə gələn kimi tez kağıza köçürürdüm ki, yadımdan çıxmasın. Dedi: “Yazın, mənim yazarım olmayıb, siz olun yazarım”. Dedim: “Yaxşı, yazaram”. Beləcə başladım yazmağa.
“bp”nin rəhbəri Braunla görüşdə birdən məni göstərib dedi ki, bu, mənim köməkçimdir. Özü də tarix elmləri doktorudur. Amma Bakıda qəbullarda, görüşlərdə iştirak etmirdim, öz köməkçiləri vardı.
Beləliklə, mən 1993-cü ildən 2003-cü ilə qədər cənab Prezidentlə bütün xarici səfərlərə gedirdim və indiyə qədər o səfərlərdən qeydlərimin yer aldığı 60 dəftərim var. Hətta səfərlər zamanı onun şərəfinə verilən ziyafətlərin menyusunu da götürüb özümlə gətirirdim. Biz Tarix İnstitutunda oxuyanda müəllimlərimiz deyirdilər ki, cızma-qara etdiyiniz kağızı belə atmayın, o da tarixdir.
Bir dəfə cənab Prezidentin tapşırığı ilə hazırladığım məktubu gətirib ona göstərdim. Baxdı və xeyli düzəlişlər etdi. Düzəlişləri keçirib yeni nüsxə ilə birlikdə gətirdim. Düzəlişləri olan məktubu atmaq istədi, dedim atmayın, mənə verin, bu bir tarixdir. Onları da toplayırdım.
Xatırlayırsınız, bir dəfə görkəmli bəstəkarımız Tofiq Quliyev ona dedi: “Cənab Prezident, kimsə yazırmı?” Dedi: “Tofiq, mən hamısını özüm yazıram”. Ona görə deyirəm ki, bunlar hamısı tarixdir. Kim maraqlansa, onların hamısını vermişəm arxivə. Amma yazdığım dəftərlər hamısı məndədir.
– Bir müddət sonra isə artıq rəsmən Heydər Əliyevin köməkçisi oldunuz. Bu necə baş verdi?
– 1997-ci il sentyabrın 1-nə qədər mən köməkçi deyildim. 3 il humanitar şöbədə baş məsləhətçi vəzifəsində çalışandan sonra Administrasiyada özümə qarşı bir qısqanclıq gördüm. Əlbəttə, bu Heydər Əliyevin məni tez-tez özü ilə xarici səfərlərə aparmasından, mənə olan etibarından, inamından irəli gəlirdi. Nəhayət, bir gün qərara aldım ki, Akademiyaya qayıdıb, öz işimlə məşğul olum və bunu şöbə müdirinə bildirdim. Fikrimi dərhal Heydər Əliyevə çatdırmışdılar.
Bir gün məni yanına dəvət etdi. İndi sizə danışdıqlarım haqda heç nə demədi. Söhbətə tamam başqa yöndən başladı və dedi: “Bilirsiniz, mən səfərlərdə baxıram, kişilər tez yorulub əldən düşürlər, amma siz yorulmursunuz. İstəyirəm sizə təklif edim mənim köməkçim olasınız. Hazırsınızmı?” Mən çiyinlərimi çəkdim. Dedim: “Bilmirəm, cənab Prezident”.
Bir az narazı tonda dedi: “Bu nə cavabdır? Hamı şərəf bilir, adam göndərir, xahiş-minnət edirlər. Siz niyə tərəddüd edirsiniz?”
Dedim: “Cənab Prezident, mənim üçün də şərəfdir. Amma mən heç kimin köməkçisi olmamışam, tarixçiyəm, bilmirəm köməkçi nə deməkdir”. Soruşdu: “Siz indi nə işlə məşğulsunuz?” Dedim: “Budur köməkçinin işi?” Dedi: “Bəli”. Dedim: “Onda icazə verin, gedim işimlə məşğul olum”. Dedi: “Gedin işinizə davam edin”. Beləcə, oldum onun köməkçisi. Bu bir müddət davam etdi.
Bəzən əhvalı yaxşı olanda soruşurdu ki, siz bunları yazmağı necə çatdırırsınız, yorulmursunuzmu? Deyirdim: “Cənab Prezident, mənim qarşımda belə böyük bir siyasətçi var, mən necə yorula bilərəm. Mən bu işdən böyük zövq alıram. Əgər bu işimlə, azacıq da olsa, sizə dəstək ola bilirəmsə, bu, mənim üçün böyük şərəfdir. Tarixin canlı yaradıcısı mənim qarşımda ikən, mən necə yorula bilərəm...”
− Dilarə xanım, Ulu öndərin xarici ölkələrə səfərlərində çox iştirak etmisiniz. Səfər öncəsi sizə tapşırıqları olurdumu?
– Olmaya bilərdimi?! Elə xarici səfər olmurdu ki, onun birbaşa tapşırıqları olmasın. Yadımdadır, 2002-ci il iyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərlərinin iştirakı ilə İstanbulda “Üç dəniz əfsanəsi” adlı konfrans keçirilməli idi. Təbii ki, Azərbaycan Prezidenti də həmin konfransda iştirak edəcək əsas şəxslərdən biri idi. Ulu öndər o tədbirə çox böyük əhəmiyyət verirdi və ciddi hazırlaşırdı. Bu konfrans Qara dəniz ətrafı ölkələrin Azərbaycanla əməkdaşlığına inanmayanların qənaətlərini ölkəmizin xeyrinə kökündən dəyişməli idi. Prezident Heydər Əliyev bizə tapşırdı ki, onun çox yığcam və mükəmməl bir çıxışını hazırlayaq. Bizə hansı məsələləri çıxışda görmək istədiyini bənd-bənd dedi.
Getməmişdən 1 gün əvvəl axşam saat 11-də məni yanına çağırdı. Soruşdu: “Çıxış hazırdır?” Dedim: “Bəli, hazırdır, cənab Prezident”. Söhbət təkcə çıxışın Azərbaycan dilində mətnindən getmirdi, həm də ingilis, fransız və rus dilinə tərcüməsinin nə vəziyyətdə olduğunu soruşurdu. Bundan sonra mən evə getdim. Gecə saat 1-də evə zəng vurdu və dedi: “Mən mətndə bəzi dəyişikliklər etmişəm. Bunu necə eləyək?” Dedim: “Cənab Prezident, gedib hamısını dəyişərəm. Siz narahat olmayın”. Saat 6-da gəldik hava limanına. Məni görəndə yenə sual verdi: “Hazırdı?” Dedim: “Bəli, hazırdı”.
Türkiyədə Boğazın kənarında Heydər Əliyevi orkestrin şaqraq musiqisi altında, çox böyük təntənə ilə qarşıladılar. Xəzər, Aralıq dənizi və Qara dənizlə bağlı olan bütün ölkələrin prezidentləri hamısı burada idi. Oturan kimi məni yanına çağırdı və soruşdu ki, çıxışın mətnini hamıya payladınız? Dedim: “Bəli, payladıq”. Gedib dayandım çıxışların tərcüməsini oxuyan kabinaların yaxınlığında. Bizim nümayəndə heyətinin üzvlərindən biri soruşdu ki, Dilarə xanım, siz niyə burada durmusunuz? Dedim: “Gözləyirəm, çıxışda bir dəyişiklik olsa, dərhal düzəliş edim”. Bilirdim ki, Heydər Əliyev mətndən çıxış oxumağı əsla sevmir.
Heydər Əliyev çıxışdan 2 cümlə deyəndən sonra başladı sərbəst danışmağa. Mən heyrət elədim ki, Allahım, bu necə olacaq? Özü də mənə baxıb gülür. Tez tərcüməçiyə yaxınlaşdım ki, tez get, yaxınlaş kabinaya, ingilis dilinə tərcümə et.
Görün necə başladı çıxışa: “3 dəniz əfsanəsinin bir anası var – Xəzər dənizi. Bu ananın yanında isə Azərbaycan yerləşir. Səsindəki həyəcanı duymamaq olmurdu. Sonra yenə davam etdi.– Artıq 3 ildir ki, Xəzər, Qara dəniz və Aralıq dənizlərinin birgə “3 dəniz əfsanəsi” konfransı keçirilir. Görəsən, nəyə görə əvvəl bu tədbir baş tutmurdu? Çünki əvvəllər bizim indiki kimi sıx əməkdaşlığımız, bu iş haqqında kifayət qədər informasiyamız yox idi. Bundan əlavə, bu layihəyə inananlar da çox az idi. Yalnız 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra bütün dünyada Xəzərin problemi danışıqlar mövzusuna çevrilməyə başladı. Ola bilər ki, indiyədək Xəzər dənizi haqda, onun bu cür zəngin neft, qaz yataqlarının olması barədə beynəlxalq aləmdə informasiya yox idi. Amma biz Azərbaycanda bu haqda bilirdik...”
Bax, bu ruhda, qürurla 1 saat 20 dəqiqə danışdı. Elə əfsanə danışdı ki, hamı oturub heyranlıqla ona baxırdı.
Onunla səfərlərə getməyə başladığım vaxtlardan az bir müddət sonra bilavasitə mənə bir tapşırığı olmuşdu. Bir gün mənə dedi ki, Azərbaycanın bir xəritəsini hazırlayın, orada Ermənistanın işğal etdiyi ərazilər, Dağlıq Qarabağın ərazisi olduğu kimi qeyd edilsin. Mən də hazırladım. Sonrakı xarici səfərlərində bu xəritəni özü ilə hər yerə aparırdı. Mən də ona bir çamadan kimi düzəltdirmişdim, içində göstərici çubuğu da vardı. Açan kimi, çubuğu götürüb o xəritədə tarixi həqiqətləri, Ermənistanın işğalçılıq siyasətini izah etməyə başlayırdı. Bir dəfə hansısa beynəlxalq tədbirdə Fransanın Pezidenti Jak Şirakla dayanıb kofe içirdi. Birdən mənə işarə etdi. Bildim ki, xəritəni istəyir. Tez gətirib açdım və çubuğu da verdim ona. Başladı ona bu xəritə üzərində izahatlar verməyə. Ümumiyyətlə, Şirakla hər dəfə görüşəndə o xəritəni göstərirdi. Deyirdim, cənab Prezident, axı ona bir neçə dəfə göstərib izah etmisiniz bunu. Gülə-gülə dedi: “Neyniyim, yadında qalmır, təkrar edirəm...”
(ardı var)
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















