“Qatar relsinin üstündə oturub, siqnal veririk, heç baxmır” Maşinistlə maraqlı MÜSAHİBƏ
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
“Bir də görürsünüz ki, qatar yolundan keçirlər. Dəfələrlə stansiyalara məlumat veririk, irad kitabına yazırıq, məlumat veririk, amma xeyri olmur. Anlamalıdırlar ki, bu qatarın sükanı yoxdur, ayağını dəmir yolunun üzərinə qoyanda başını qaldırıb baxmalısan ki, mən haradayam, burada nə işim var?
Bir dəfə əlimdən gələn hər şeyi etdim, nə bacarıramsa, əsirgəmədim, amma uşağın nəşini qatarın altından öz əlimlə çıxardım. Danışa bilmirəm bunları, danışdıqca xəyalıma gəlir. Kaş olmasaydı, kaş valideyn məsuliyyətli olardı”.
Azərbaycan Dəmir Yollarında 34 ildir sərnişin qatarının maşinisti çalışan Zakir İbrahimovun Lent.az-a müsahibəsini təqdim edirik:
- Zakir bəy, neçə illik maşinist təcrübəniz var?
- 34 illik təcrübəm var. 21 yaşımdan bəri bu sahədəyəm. Mənim atam da, babam da dəmiryolçudur. Oğlum da bu sahə üzrə oxuyub. Çalışır ki, o da dəmiryolçu olsun. Hazırda İspaniyadadır.
Burada zarafat-filan heç nə yoxdur, diqqətli olmaq əsas prinsipdir. 500-600 nəfərin təhlükəsizliyinə biz cavabdehik. Maşinist olmaq istəyən gənc nəslə tövsiyə edirəm ki, diqqətli olsunlar, çünki bütün sərnişinlərin taleyi bizim əlimizdədir.
- Daha çox hansı xətdə fəaliyyət göstərirsiniz?
- Ağstafa, Qazax, Mingəçevir, Gəncə istiqamətlərində çalışıram.
- İş rejiminiz necədir bəs?
- Bir gündən bir, növbəli. İş başına keçəndə, qatara əyləşəndən etibarən telefona qətiyyən baxmaq olmaz. Onu şkafa qoyub, dümdüz yola baxırıq. Reqlamenti düzgün yerinə yetirməliyik. Burada köməkçi ilə maşinist birgə çalışır.
Qatardan maşinist kabinəsinə girib, qatarı qəbul etməzdən əvvəl lokomotivləri texniki vəziyyəti ilə bağlı jurnala baxırıq. Ondan sonra qatarın hər tərəfinə fırlanıb nəzarət edirik. Şüşələrə, qapılara, alt və texniki hissələrinə baxırıq.
- Texniki işlərə siz baxırsınız?
- Köməkçimiz keçib nəzarət etməlidir. Daha sonra qatarın içərisindəki çatışmazlıqlara (varsa, əgər) baxıb, yenidən kabinəyə qayıdırıq. Burada köməkçinin əyləşdiyi hissəyə disk qoşub, işə başlayırıq.
- Eyni xətdə 2 qatar gedə bilər? Yoxsa yol ancaq 1 qatarındır?
- Burada yol bir qatarındır. Elə hal ümumiyyətlə, Azərbaycanda yoxdur. Dəmir yolları dispetçerin, növbətçilərin nəzarəti altındadır. Özbaşına elə halın olması mümkün deyil. Sizə deyim ki, maşinistlik ən böyük məsuliyyətli işlər sırasındadır.
- Bu düymələr nədir bəs?
- Bu əsas hava verən düymədir. Bunu qabağa versək, qatarın bütün sisteminə hava verilir.
- Havanın qatar üçün əhəmiyyəti nədir?
- Bu, hava paylayıcıdır. Açıldığı an qatarın əyləc sisteminə hava gedir. Onun nəticəsində də, hərəkət edirik.
- Bildiyim qədər müsahibə üçün vaxtınız çox azdır, amma qatarın yola düşməsinə hələ var. Əgər o, 18:00-da çıxırsa, siz nə zamandan etibarən iş başında olmalısınız?
- Qatarın yola düşməsindən 1 saat əvvəl burada olmalıyıq.
- Bu mütləqdir, yoxsa?
- Mütləq. Gəlib qatarı hazırlamalıyıq, hərəkət rejiminə, problemlərinin olub-olmamasına baxmalıyıq. Bunlardan sonra hərəkətə keçə bilərik. Qatarın yola düşməsinə yarım saat qalmış qapılar açılır, sərnişinlər içəri daxil olurlar.
- Qatarın hərəkətində hərdən gecikmə olur, bunun səbəbi nədədir bəs?
- Bu ancaq sərnişin sıxlığından, hava şəraitindən və yoldakı xəbərdarlıqlardan, qatarın qarşısına qəfil insan, nəzarətsiz buraxılan mal-qaranın çıxmasından ola bilər. Başqa formada qatar öz qrafikindən çıxa bilməz. Biz çalışırıq ki, qatarı mənzil başına vaxtında çatdıraq.
- Zakir bəy, ömrünüzün 34 ilini bu qatarlara, sərnişinlərə həsr etmisiniz. İndiyə kimi başınıza gələn ən maraqlı hadisə nə olub?
- Sərnişinlər soruşurlar ki, birinci bu qatar gedir, yoxsa o biri? Hansı tez gedirsə, ona minək (gülür). Deyirəm ki, fikirləşək görək, biz necə gedə bilərik? Qarşımızda başqa qatar var axı.
Bir dəfə də Bakıxanovdan Sumqayıta tərəf gedirik. Sərnişin soruşur ki, “Bakıya gedir bu?”. Deyirəm, ay başına dönüm, Bakıxanov harada yerləşir bəs? (gülür).
- Getdiyiniz ən uzaq məsafə hara olub?
- Gəncə, Qazax, Ağdam. Qismət olsa, Ağdama indi gəncləri hazırlayırıq, onları öyrədəndən sonra artıq yol cavanların olacaq.
- Hər dəfə müayinədən keçirsiniz?
- Hər gün iki dəfə: axşam, səhər müayinədən keçməliyik. Orada təzyiqimizi, temperaturumuzu, nəbzimizi yoxlayırlar. Yalnız ondan sonra işləməyə başlaya bilərik.
- Maşinistin anidən halı pisləşsə, qatarda ona ilk tibbi yardım göstərə biləcək şəxs olur?
- Qatarda tibbi personal yoxdur, lakin kabinədə tibb çantası var. Bir şey olarsa, köməkçi maşinistlə eyni kabinədə olduğu üçün təcili yardım göstərə bilir. Daha sonra qarşıdakı dayanacaqda saxlayıb, məlumat verilir. Əgər maşinistin halı həqiqətən də pisdirsə, qatarı saxlayıb, əvəzedici maşinist təyin edilir.
- Siz rastlaşmısınız bu halla?
- Yox, (gülür) şükür, hələ ki, mənzildən-mənzilə sərnişinləri aparıb, çatdırıram. Biz burada həm də əsgərik. Vəzifə borcumuzu hər an yerinə yetirməliyik. İkinci cəbhə kimi düşünürəm buranı və ona uyğun da davranıram.
- 5-6 saatlıq yol gedirsiniz. Heç əyləşdiyiniz yerdən durub çay-su içirsiniz?
- Tam mənzil başına çatandan sonra çayımı da, suyumu da içirəm.
- Yol getdiyiniz yerdə qatarı köməkçiyə təhvil verib, 3-5 dəqiqəlik hansısa ehtiyac üçün dura bilməzsiniz?
- Qatar hərəkət edə-edə buranı tərk etməyə ixtiyarımız yoxdur. Həm də qolumuza təhlükəsizlik qolbaqları taxılır. “GPS” funksiyası görür bir növ. O, həm nəbzimizi yoxlayır, həm də qatarda olduğumuzu təsdiqləyir. Sözsüz ki, qatarda olanda yerimizdən dura bilmərik, amma qolbaq da bu faktı tam təsdiqləyir.
- Beliniz ağrımır oturmaqdan?
- Maşallah, heç yerim ağrımır. Sevinirəm ki, yolda olarkən mənlə üzbəüz gələn maşinist köməkçim olub. O məni 5 il cavanlaşdırır. Üzbəüz gələndə reqlament edir ki, “qatarınız keçdi soldan, nöqsansız, qaydasında”. Bax, bu sözü eşidəndə dünya mənim olur. Sevinirəm ki, gələcəyim güclü və diqqətlidir.
Elmar Rüstəmov, Asiman Mehdiyev köməkçilərim idilər. İndi isə təlimatçılardır. Bu mənim üçün ancaq fəxrdir.
- Kameralara harada baxırlar?
- Kameralara lazım olduqda servisdən baxılır. Buradakı hərəkətimiz, reqlamentimiz diqqətlə izlənilir.
- Hər dayanacağa çatanda metrodakı kimi səsyazma ilə sərnişinlərə xəbər edirsiniz, yoxsa tək-tək sadalayırsınız?
- Səsyazma var. Amma texniki səbəblər yarananda özümüz də mikrofonla deyirik.
- Maşinist kabinəsinin qapısı gördüyüm qədərilə içəridən açılıb bağlanır. Heç olub ki, sərnişin içəri girmək istəsin?
- Qəti mümkün deyil. Ola bilməz. O artıq problem yaradar.
- Amma bildiyim qədərilə əvvəllər olurdu elə şeylər.
- İnandırım sizi ki, indiki texnikanın analoqu yoxdur. Yəni indi elə şeylər mümkün deyil.
- Bəzi xarici ölkələrdə qatarlar sürətlə hərəkət edirlər. Bəs bizdə qatarların sürəti necədir?
- Bizim qatarlarla Bakı-Qazax-Bakı marşrutu ilə 140 km saatla hərəkət etmək olur. Bu da az sürət deyil.
- Qatar relsinə adam çıxır?
- O qədər…
- Siz şahidi olmusunuz?
- Elə hadisələr yaşanıb ki…
- Gəlin bunlardan danışaq.
- Bu hadisələri çox danışa bilmirəm. Onlar olmamalı idi. İnsanlar məsuliyyəti olmalıdırlar. Bir də görürsünüz ki, qatar yolundan keçirlər. Dəfələrlə stansiyalara məlumat veririk, irad kitabına yazırıq, məlumat veririk, amma xeyri olmur. Anlamalıdırlar ki, bu qatarın sükanı yoxdur, ayağını dəmir yolunun üzərinə qoyanda başını qaldırıb baxmalısan ki, mən haradayam, burada nə işim var?
Bir dəfə əlimdən gələn hər şeyi etdim, nə bacarıramsa, əsirgəmədim, amma uşağın nəşini qatarın altından öz əlimlə çıxardım. Danışa bilmirəm bunları, danışdıqca xəyalıma gəlir. Kaş olmasa idi, kaş valideyn məsuliyyətli olardı.
- O an qatarı dayandırmaq olmur?
- 300-400 metr uzaqdan görəndə hadisənin qarşısını almaq olar. Amma qatar çatana yaxın qəflətən yola çıxırlar. Ötən il 16 yaşında yeniyetmə oğlan qulaqlıqla yolu keçəndə dünyasını dəyişmişdi. İndi də həmin yerdən gül asıblar. Keçəndə dəhşətə gəlirəm.
- Qatar qəfildən qarşısına çıxan insanı vurursa, bu zaman cinayət məsuliyyəti yaranır?
- Qatar yoluna anidən çıxanda maşinist heç nə edə bilmir, lakin uzaqdan görüb müdaxilə edə biləcəyi halda, etmirsə, bu zaman məsuliyyət yaranır.
Adamın yola çıxmasından da əlavə, bir də görürsünüz ki, relsə daş düzüblər. Bu bilirsiniz nə deməkdir? Qatarın aşması.
Dəfələrlə izah edirik, xeyri olmur. Sanki düşmənik. O daşları çox zaman uşaqlar qoyurlar. Soruşanda da, “elə-belə qoyuruq” deyirlər.
Qeyd edim ki, 2025-ci ilin 9 ayı ərzində ADY qatarlarının maşinistləri bu səbəbdən 37 dəfə təcili tormozlama ediblər ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb. Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub. Həmçinin ötən günlərdə Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb. Nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.
- Həmişə sərnişin daşımısınız, yoxsa yük də olub? Hansı daha məsuliyyətlidir?
- Ancaq sərnişin daşımışam, amma ikisinin də məsuliyyəti çoxdur. Bizə hər həftənin 2-5-ci günləri dərslər, təlimlər keçilir. Elə hadisələr olur ki, əslində, onlar olmamalıdır. Əlimizdən gələni edirik ki, nə insanlara, nə də qatara zərər gəlməsin, lakin sakinlər də bizi anlasınlar, hərəkətdə olan qatara yaxın durmaq olmaz, qatar yolunda oturmaq olmaz. Baxırsan ki, çıxıb qatar relsində oturub. Nə edəsən axı? Siqnal veririk, heç çönüb baxmırlar.
- Yolda uşaqlar sizə də əl edirlər?
- Balaca uşaqlar əl edirlər, xoş təsir bağışlayır, amma onlara cavab qaytara bilmirik. Hərdən sərnişinlər də pəncərədən gəlib “çox sağ ol” deyirlər. Bunlar çox gözəl hisslərdir.
- İşiniz çox çətindir…
- Nə olsa da, özümü itirməməliyəm. Mən toxtaq olmalıyam ki, yanımdakı köməkçi, gələcəyin maşinisti dərs götürsün. Biz psixoloji problemlər yaşasaq, o bizdən nə görüb, götürəcək?
- Yol boyu köməkçi ilə nə danışırsınız?
- Ancaq işdən.
- Tam səmimi, bu işin ən yaxşı tərəfi nədir?
- İşin ən yaxşı tərəfi sərnişinlərimizdir. Arzu edirəm, heç vaxt sərnişinsiz olmayaq, onları mənzil başına xoş, gülərüzlə çatdıraq.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 04 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















