Icma.az
close
up
RU
Qazax ruhunu tablolarda canlandıran ustad sənətkar

Qazax ruhunu tablolarda canlandıran ustad sənətkar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Rəssam Yerbolat Tolepbay rənglərin dili ilə insanları mərhəmətli olmağa səsləyir

Səhərdir. Azərbaycan Dövlət Kukla Teatrı ilə üzbəüz, yolun əks tərəfindəki “Ağ zanbaqlar” bağına çatan kimi saata baxıram. 10 tamama bir neçə dəqiqə qalıb. Vaxtında özümü yetirmişəm. Görkəmli qazax rəssamı Yerbolat Tolepbay bu məkanda XQ-yə müsahibə verəcəyini vəd edib.

Hava ilıq, günəşli və yağmursuzdur. Ətrafa boylanıram. Kafenin qarşısında səliqə ilə düzülən masaların birində hörmətli qonağın əyləşdiyini görürəm. Rəssamı internetdən vizual olaraq tanıyıram. Baxışlarımız toqquşur və lütfkarcasına məni əyləşdiyi stola dəvət edir. İlk sözə də özü başlayır:

– Dünyanın, az qala, yarısında olmuşam. Heç yerdə Bakıdakı kimi dadlı çay içməmişəm. Sizin mətbəxiniz də çox zəngin və ləzzətlidir. Düz deyirlər ki, dünyanın cənnət-məkanıdır Azərbaycan!

Yerbolat Tolepbayı, haqlı olaraq Qazaxıstanın çağdaş rəngkarlıq sənətinin canlı əfsanəsi adlandırırlar. Məndən cəmi yaş yarım böyükdür. Bu il oktyabrın 2-də 70 yaşı Astanada böyük təntənə ilə qeyd olunub. Paytaxtdakı Milli Muzeydə 65 tablosundan ibarət “Məbədə yol” adlı sərgisi açılıb. Qazaxıstan Senatının sədri mərasimdə yubilyarın qazax xalqının mədəniyyətindəki yeri və rolu barədə dəyərli fikirlər söyləyib.

Çox sadə insandır, həyatsevərdir. Danışıq və davranış tərzindən, mehriban, səmimi sözlərindən hiss edirəm ki, qeyri-adi coşqusu, xarizması olan yaradıcı insanlardandır.

Bakıya neçənci dəfə gəldiyini soruşuram. Sən demə, yanılmışam:

– Bu gözəl şəhərə ilk dəfədir ki, gəlmişəm. Bakıda çox sayda dostlarım var. Onlar məni çoxdan bura dəvət edirdilər. Allaha şükür, nəhayət, bu, mənə qismət oldu. Bir neçə gündür ki, buradayam. Şəhər sakinləri çox səmimi, təmiz qəlbli, insanlardır.

Dünya şöhrətli rəssamın paytaxtımız və onun dostcanlı, qonaqpərvər sakinləri barədə xoş sözləri ürəyimə yağ kimi yayılır. Bunun cavabında qonağa nə deyim? Deyim ki, eşitdiyimə görə, ucsuz-bucaqsız bərəkətli çöllərə, nəhayətsiz düzənliklərə malik olan Qazaxıstanın müstəqillik dönəmində parlaq uğurları barədə çox eşitmişəm. Deyim ki, Stalin repressiyası dövründə qazaxlar bura sürgün olunmuş azərbaycanlı ailələrlə bir tikə çörəklərini bölüşüblər, çoxlarını aclıq və ölümdən xilas ediblər. Bunu həmin hadisələrin canlı şahidlərinin dilindən eşitmişəm.

Yaxud deyim ki, 1990-cı ilin 20 yanvarında sovetin hərb maşını şəhərimizin meydanlarında “azadlıq!” hayqıran insanları gülləbaran etdiyi zaman böyük qazax şairi, o vaxt SSRİ Ali Sovetinin deputatı Oljas Süleymenov təcili Bakıya gələrək Kremlə qarşı kəskin etiraz səsini yüksəldib. “Az i ya”nın müəllifi hər bir azərbaycanlının qəlbində özünə əbədi heykəl ucaldıb.

Ürəyimdən keçənləri təbii ki, dilə gətirib səsləndirməyə bilməzdim. Qonaq məni diqqətlə dinləyib məmnun qalır. Hətta müsahibə götürməli olduğumu da, az qala, unutmuşdum.

Birdən-birə ağlıma belə bir sual gəlir:

– Yerbolat bəy, necə hesab edirsiniz, səsin rəngi varmı?

O, sanki bu qəfil sualı gözləyirmiş kimi, gülümsəyərək cavab verir:

– Səsin də, sözün də, hətta fikir və düşüncəsində minlərlə rəng çalarları var. Məsələn, əsl, həqiqi dostların səsi mavi rəngdə olur. Sizin və bizim Xəzərin rəngi kimi...

– Amma mən Xəzəri onun qəzəbli çağlarında qaramtıl rəngdə də görmüşəm...

– Yəqin ki, həmin anlarda Xəzərin xətrinə dəyənlər olub. Bundan sonra heç kim bu gözəl dənizin xətrinə dəyə bilməz. Xəzərin suları onun sahillərində yerləşən xalqlar və dövlətlər arasında dostluq, qardaşlıq körpüsü olacaq!

– Bildiyimə görə, atanız partiya işçisi olub. Bəs necə oldu ki, siz erkən yaşlarınızdan rəssamlıq sənətinə meyil göstərdiniz?

– Böyük qardaşım Tokbolat çox istedadlı rəssam olub. Xalq rəssamı idi. Bu sənətə qəlbimdəki yanğının ilk qığılcımlarını məhz o alovlandırıb. Təəssüf ki, qardaşım həyatda az yaşadı, cavan vaxtlarında dünyasını dəyişdi.

Araya pauza çökür. Sükutu rəssam özü pozmalı olur:

– Rəhmətlik qardaşımla bağlı bir məqam məni bu gün də çox üzür. Jurnalistlər tez-tez qardaşımla birgə fotomuzu xahiş edirlər. Ailə albomumuzda bir dənə də olsun, birgə fotomuzu tapa bilmədim. Halbuki çox mehriban olmuşuq...

Əziz oxucu, bu məqamda hörmətli qonaq barədə bəzi avtobioqrafik məlumatları ayrıca qeyd etməyi gərəkli bilirəm. O, 1955-ci ildə Cənubi Qazaxıstan vilayətinin Kaskasu şəhərində dünyaya göz açıb. Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatıdır. Qazaxıstan, Rusiya, Çexiya və Qırğızıstan Rəssamlıq akademiyalarının akademikidir. Müasir dünya rəngkarlığında sürrealizm cərəyanının parlaq təmsilçilərindən, dahi ispan rəssamı Salvador Dalinin ən istedadlı davamçılarından sayılır. Titulları və yüksək mükafatları hədsiz çoxdur, hamısını sadalasam, böyük bir siyahı alınar.

Yenidən həmsöhbətimə müraciət edirəm:

– Sənət kredonuz barədə düşüncələrinizi dilinizdən eşitmək istərdik...

– Bütün yaradıcı peşələrin təmsilçiləri kimi, fırça ustalarının həyatda və yaradıcılıqda yalnız bir məramı var. O da yaratdıqları sənət əsərləri vasitəsilə insanların ruhunu sevindirmək, həyatını gözəlləşdirməkdir. Mənim nəzərimdə əsl insan qəlbində, düşüncəsində, əməllərində mərhəmət hissi daşıyan insandır. Ürəyində xeyirxahlıq olmayanlar şeytanın məkrinə tez aldanırlar, onun qulu olurlar.

Düşünürəm ki, məhz hər bir gözəl rəngkarlıq əsəri, ecazkar musiqi, ruha və ağla qida verən dəyərli bədii kitab və s. bəşər övladını pisliklərdən qoruyur, onu daxilən zənginləşdirir. Mən bu əqidə ilə hər dəfə yeni tablolarımı yaradıram.

Düşünürəm ki, dinsiz, Allahsız fərdlər və cəmiyyətlər bəşəriyyət üçün təhlükədir. Amma din mədəniyyətlə birlikdə qoşa addımlamalıdır. Hər hansı bir toplum inkişaf və tərəqqi yoluna çıxmağı arzulayırsa, bu amili mütləq nəzərə almalıdır.

– Sizin həyat fəlsəfənizi bəyənir və qəbul edirəm. Özüm də belə düşünürəm. İndi isə belə bir sualım da var: Sənətşünaslar sizin yaradıcılığınızı əsasən 2 hissəyə bölürlər. Onların fikrincə, siz yaradıcılığınızın təxminən ilk 25 ilini, yəni 2000-ci illərə qədər olan dönəmini geniş profilli, çoxfiqurlu tablolar yaratmağa həsr edibsinizsə, hazırkı dövrdə isə daha çox insanın daxili aləminə nüfuz etməyə çalışırsınız. Belə qəbildən olan mülahizələrə münasibətiniz necədir?

– Fikrimcə, sənətşünas dostları, bütövlükdə, öz qənaətlərində haqlıdırlar. Amma yaradıcılığın sərhədlərini müəyyənləşdirmək çox çətin, bəlkə də qeyri-mümkündür. Janrından, hansı cərəyana aid edilməsindən asılı olmayaraq, yaratdığım əsərlərin hər biri mənim üçün əzizdir. Ən əsası odur ki, hər bir sənət əsəri qəlblərdə humanist duyğuları cücərtsin.

Bu arada ofisiant çayı təzələyir. Mən limonlu, pürrəngi çay içə-içə həvəslə onu dinləyirəm. O isə həyat və sənət fəlsəfəsinin ən incə məqamlarını böyük şövqlə dilə gətirir:

– Bilirsinizmi, yaradıcı insanlar xalqının qəlbindəki işığı üzə çıxarmağa cəhd etməlidir. Mən doğma Qazaxıstanı, onun geniş çöllərində köçəri həyat sürən, hər zaman azadlıq təşnəsi ilə qurub-yaradan xalqımın ruhunu, bənzərsiz həyat tərzini bütün dünyaya nümayiş etdirməyə çalışıram.

Bir vaxtlar deyirdilər ki, böyük ədəbiyyatı yalnız böyük millətlərin nümayəndələri yarada bilərlər. Bu fikrin səhv olduğunu dahi Çingiz Aytmatov öz parlaq yaradıcılığı ilə sübuta yetirdi. Bu gün Yer kürəsində ondan çox oxunan yazıçı yoxdur.

Maraqlıdır, təkcə ədəbiyyatda, incəsənətdə deyil, böyük siyasətdə də sayca elə də böyük olmayan xalqların görkəmli siyasətçilər yetişdirə bildikləri bəlli oldu. Hesab edirəm ki, Azərbaycanın bugünkü parlaq uğurlarının bünövrəsində dahi şəxsiyyət Heydər Əliyevin titanik səyləri dayanır.

Yeri gəlmişkən, əziz Heydər Əlirza oğlu ilə bizim Nursultan Abışoviç (Nazarbayev nəzərdə tutulur – müəllif) ilə çox yaxın dost olublar. Xoşbəxtlikdən, bu gözəl ənənəni Azərbaycan və Qazaxıstanın hazırkı prezidentləri cənab İlham Əliyev və Kasım-Jomart Tokayev davam etdirirlər.

Bir müddət əvvəl Ağ Evin hazırkı sahibi Donald Tramp İlham Əliyevi və Türkiyə dövlətinin başçısı sayın Rəcəb Tayyib Ərdoğanı böyük siyasətçilər adlandırdı. Bunu Amerika kimi dünyanın başçısı deyir. Biz Qazaxıstanda bunu eşidəndə dünyalar qədər sevindik. Bilirik ki, Türkiyə və Azərbaycan ən çətin anda qazax xalqının yanında olacaqlar. Qazax xalqı da eyni əqidədir. Dünyanın bu çətin, təlatümlü dönəmində türk dövlətləri və xalqlarının qardaşlıq ənənələrini davam etdirməsi son dərəcə vacibdir.

– Siz müsahibələrinizdə dəfələrlə görkəmli rəssam Tahir Salahovdan ürəkdolusu söz açmısınız. Bu böyük fırça ustası ilə bağlı düşüncələrinizi növbəti dəfə oxucularımızla bölüşməyinizi rica edirəm.

– Böyük məmnuniyyətlə. Unudulmaz Tahir Salahov böyük sənətkar olmaqla bərabər, böyük ürək sahibi, çox xeyirxah insan idi. Bir nümunə göstərim. 1987-ci il idi. Necə deyərlər, söz vaxtına çəkər. Elə indiki kimi ilıq payız günlərindən biri idi. Qazaxıstanın o vaxtkı mədəniyyət naziri ilə Nyu-Yorkda keçirilən tədbirdə iştirak edirdik. Vətənə qayıtmaq ərəfəsində bir mağazaya getdik. Oradakı videopleyerlərdə gözümüz qaldı. Nə mənim, nə də nazirin videopleyeri vardı. Almaq istədik, amma pulumuz çatmadı. Sovet dönəmində xaricə səfər edənlərə çox az valyuta dəyişməyə icazə verirdilər.

Mağazadan çıxıb qarşıdakı parka tərəf gedəndə bahalı maşından son dəblə geyinmiş 2 nəfərin düşdüyünü gördük. Mən əvvəlcə elə bildim ki, bunlar hansısa milyonerlərdir, məsələn, Rokfellerin qohum-qardaşlarıdır. Aramızda 20 metr məsafə olanda qarşıdakı şəxslərdən biri məni çağırdı:

– Yerbolat, əzizim, nə yaxşı oldu, sən də burdasan?!

Bu, Tahir Salahov idi. Yanında isə dünya şöhrətli heykəltaraş Zurab Sereteli durmuşdu. Qucaqlaşdıq. Biləndə ki, yaxınlıqdakı mağazadan videopleyer almağa valyutamız çatmır, Tahir Salahov cibindəki bütün pulu çıxarıb güclə cibimə basdı. Dedi ki, sabah Moskvaya uçacaq, orada isə ona dollar lazım olmayacaq. Belə kişi idi Tahir Salahov!

– Sabah türk qardaşlarımızın dililə desək, uçaqla Ankaraya yola düşürsünüz. Sirr deyilsə, orada hansı planlarınız var?

– Ankarada məni türk dövlətlərində rəngkarlığın inkişafı ilə bağlı toplantıya dəvət ediblər. Ola bilər ki, eyni zamanda, yubileyimlə bağlı məni bir qədər tərifləyəcəklər (gülümsəyir).

Bir neçə il əvvəl qardaş ölkədə ağır zəlzələ olanda, bundan çox sarsılmışdım. Bu dəhşətli fəlakətdən zərər çəkən ailələrə gücüm çatan qədər maddi dəstək göstərdim. Bunu özümü reklam üçün demirəm. Sadəcə, insanlıq borcum idi. İmkan olsa, zəlzələ bölgəsinə də baş çəkəcəyəm.

– Hörmətli Yerbolat bəy, səmimi söhbət üçün çox sağ olun!

– Siz də sağ olun, gəlin, xatirə şəkli çəkdirək. Son illər hara getsəm, dostlarla birgə şəkil çəkdirirəm. Lütfən, “Xalq qəzeti”nin kollektivinə salamlarımı çatdırın. Bizim Alma-Atıya yolunuz düşsə, şad olaram.

Söhbəti yazdı:
Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see167

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see145

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see132

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see131

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see131

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see122

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see120

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri