Qazaxıstan Şimali Aralı bərpa edir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astana, 16 may, AZƏRTAC
Qazaxıstanda Aral dənizinin şimal hissəsinin mühafizəsi üzrə layihənin ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırması üzrə işlər başa çatmaq üzrədir.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, burada Kokaral bəndinin yenidən qurulması və Baltik sistemi boyunca dəniz səviyyəsinin 44 metrə çatdırılması, həmçinin su ehtiyatlarının sabitləşdirilməsi üzrə Amanotkel kəndi yaxınlığında su elektrik kompleksinin tikintisi nəzərdə tutulur.
Nəticədə Aral dənizinin şimal hissəsində su səthinin sahəsi 3913 kvadrat kilometrə, həcmi isə 34 kubkilometrə qədər artacaq. Dənizin bu səviyyələrdə dolması üçün 4-5 il lazım olacaq.
Dənizin mühafizəsi üçün bu variantın seçilməsi 1913-cü ildən 2019-cu ilə qədər Sırdərya çayı hövzəsinə daxil olan suyun orta illik həcmlərinin təhlili və qiymətləndirilməsinin nəticələrinə, habelə su anbarlarının fiziki parametrlərinə əsaslanır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana


