Qəfil yada düşənlər dən Aydın Tağıyev yazır
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
"Deyirəm, axı..."
Tanınmış yazıçı-publisist dostum Novruz Nəcəfoğlunun rus dilində povest və hekayələrdən ibarət kitabı çapdan çıxmışdı. Görkəmli şair, eləcə də nasir, tərcüməçi Səyavuş Məmmədzadə kitaba geniş bir ön söz yazmışdı. Həmin ön sözdə yaşlı dostum dönə-dönə mənim də adımı çəkib, mənimlə bağlı xatirələri də qələmə alıb. Aradan az qala otuz il keçəndən sonra etibarlı qədirbilən dostumun bunları bir daha xatırlaması məni duyğulandırmışdı, elə mənim də yaddaşımı oyatmışdı...
...Kövrək anlarımda çay içə-içə bəzi xatirələrimi həmişə mənə huş-quşla qulaq asan həssas qəlbli sənətkar dostuma danışmaq kimi bir şakərim də var idi. Bu dəfə də belə oldu. Novruz müəllim yenə də mənə diqqətlə qulaq asırdı.
Söhbəti uzaqdan başlamışdım... Onda ötən əsrin yetmişinci illərinin sonları idi. At oynadan yaxşı vaxtlarım, cavan çağlarım idi. O yaxşı vaxtlarımın birində, yayın qora bişirən bir şənbə günü Bakıdan dostum Səyavuş Məmmədzadə mənə xəbər yollamışdı ki, sabah saat 10-11 arası yerli avtovağzalda olum, onu gözləyim: "Bir neçə dostla Nabrana, sərinləməyə gedirik, səni də özümüzlə götürəcəyik".
Vaxt başında vədələşdiyimiz ünvanda görüşdük. Gələnlərdən biri də tanınmış rusdilli şairimiz Mansur Vəkilov idi. O illərdə Mansur müəllimin baş redaktor müavini olduğu "Literaturnıy Azerbaydjan" jurnalında "Gənclərin yaradıcılığı" rubrikası altında dəfələrlə hekayələrim çap olunsa da, şəxsi tanışlığımız yox idi...
İndiyəcən unutmadığım Nabran görüşümüzü o çay süfrəsi arxasında təfsilatı ilə Novruz müəllimə nəql etdim. Aradan bir müddət keçəndən sonra dostumun mənim haqqımda yazıb çap etdirdiyi "Nağıl adam" avtobioqrafik romanı və... danışdıqlarımın o romanda yerli-yataqlı təhkiyəsi işığa çıxdı:
"1980-ci ilin isti bir yay günündə köhnə dostlarından dəyərli şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə tanınmış şair Mansur Vəkilovla yola çıxır, o vaxt Dəvəçi adlanan Şabranımıza gəlib Aydının qonağı olurlar. Aydın da o vaxtlar Mansur Vəkilovla ilk dəfə görüşsə də, yaradıcılığı, tərcümeyi-halı ilə, təbii ki, bir qələm adamı kimi tanışlığı varmış. Bilirmiş ki, əslən Qazaxdan olan Mansur müəllim məşhur Vəkilovlar nəslindəndir. Hətta orasın da bilirmiş ki, onun atası Fəxri Vəkilov bir müddət Azərbaycanın səhiyyə naziri olub; Moskvada təhsil almış Mansur müəllim "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktor müavinidir (sonralar jurnalın baş redaktoru da olub).
Şabranda yüngülvari bir qəlyanaltı etdikdən sonra sərinləmək üçün həmin isti yay günündə maşını sürürlər Nabrana, dənizdə çiməndən sonra oralarda meşəyə çəkilirlər.
Yeri gəlmişkən, aralarında xeyli yaş fərqi olsa da, gözəl sənətkarımız Səyavuş müəllimin Aydına hörmətinin, xoş münasibətinin özüm də şəxsən şahidi olmuşam. Dostumun 2012-ci ilin avqust ayında yurdsevər şabranlıların böyük coşqu ilə qeyd etdikləri 60 illik yubileyində ölkəmizin neçə-neçə adlı-sanlı qələm əhli, incəsənət, mədəniyyət xadimləri ilə yanaşı, Səyavuş müəllim də vardı və təntənəli yubiley tədbirində Aydına həsr etdiyi şeirini də oxudu:
Dostum Aydın, alqış altmış yaşına!
Qələm sənə daim olsun aşina!
İttifaqı bu gün yığdın başına,
Bu büsata rövnəq verən sağ olsun,
Dağa arxa gərək uca dağ olsun!...
Əyalətə kəc baxanlar yox deyil,
Sənətkarın qədrin bilən çox deyil,
Şöhrət hərisləri hələ tox deyil,
Sənin qiymətini zaman verəcək,
Kimin kimliyini hamı görəcək.
Səngərin, güvəncin yazı masandır,
Hədəfin - düz yoldan çıxıb azandır,
Yaxşıya şər atıb quyu qazandır,
Yaz, yarat! Eşitsin aləm sözünü,
Beləcə qarşıla yaşın yüzünü!
Məclis əhli xoş əhvali-ruhiyyə ilə günü başa vururlar. Qonaqlar Bakıya qayıdanda, necə deyərlər, xudahafizləşib ayrılanda əl-təmən vaxtı nədənsə Mansur müəllim birdən-birə şabranlı dostumuzdan soruşur:
- Aydın, atan nəçidir?
Aydın da cavabında deyir ki, bəs atası adi bir tibb işçisi, daha dəqiqi, o vaxtlar rayondakı Gigiyena və Epidemiologiya Stansiyasında laboratoriya müdiridir.
Mansur müəllim növbəti sualını verir:
- Bəs anan?..
Qonaqlarını yola saldığı dəqiqələrdə Mansur müəllimin elə bil təzədən tanışlıq üçün verdiyi bu qəfil suallar Aydını bir balaca çaşdırıb ona qəribə gəlsə də, sakitcə qayıdır ki, bəs anam evdar qadındır...
Həə... Aydın sövq-təbii hiss edir ki, deyəsən, Mansur müəllim ondan gözlədiyi cavabları eşitməyib. Aradan çox keçmədən Mansur müəllim bir də xəbər alır ki, bəs babaların kim olublar?..
Və Aydından ata babasının çox böyük ruhani alim, ana babasının isə 1937-ci ildə repressiya qurbanı olmuş Çəpni bəylərindən olduğunu eşidən Mansur müəllim buna öz qalın səsi və rusdilli azərbaycanlılara xas ləhcəsi ilə belə reaksiya verir: "Deyirəm, axı..."
Sən demə, əsilzadə, kübar bir insan olan Mansur müəllim tanış olduğu müddətdən bəri, necə deyərlər, altdan-altdan Aydının oturuşuna-duruşuna göz qoyub, sözünə-söhbətinə diqqət yetirirmiş..."
lll
Sonralar da Mansur müəllimlə çox oturub-durdum. Redaksiyaya yolum düşəndə, ən çox da nahar fasiləsi zamanı onun öz redaktor kabinetində, jurnalın bir neçə əməkdaşı ilə birgə xudmani stol arxasında...
Kübar bir soyun varislərindən olan Mansur müəllim kübar da bir ömür yaşadı. Ruhu şad!
"Uşağa soyuq olar..."
Körpə mələyim Ləmanın ruhuna
...Qış bir yana... Yaz, yay, payız açıq havada həmişə üşütmüşəm. Yayın isti günlərində də mənlə əl tutub görüşən yaxın dostlarım: - Bu nədir, əllərin bumbuzdur, elə bil şaxtadan çıxmısan? - deyə xəbər aldıqları vaxtlar da olub.
Əlbəttə, onlara - o səmimi, canıyanan dostlara zarafatyana belə bir cavab verə bilməzdim ki, əllərin soyuq olsa da, ürəyim istidir... Dostlar ürəyimi açıb necə baxsınlar?..
Bədənin soyuq olması qan azlığındandır...
Evdə həyət-bacaya çıxan oğul-uşağa da:
- Özünüzü soyuğa verməyin, - deyə hələ də xəbərdarlıq edirəm.
Nəvələrinin üstündə əsən bir baba kimi ən çox onların ata-analarının üstünə acıqlanıram ki, uşaqları soyuğa verməyin. Mənə lağ edənlərlə zarafata keçib bir xalq mahnısının misralarını səsləndirmişəm: "Aç qolunu, sal boynuma, üşüdüm, üşüdüm, üşüdüm mən..."
lll
...O ki qaldı anadan olandan sonra heç qırxı çıxmamış, on-on beş günlüyündən reanimasiyalarda yatan körpə qızcığaz Ləman nəvəm...
Bakıda müxtəlif xəstəxanalarda müalicə olunan qızcığaz nəvəm, axır ki, sağ-salamat baba ocağına qayıtmışdı. Həkim nəzarəti altında özünə gəlirdi. Əlbəttə, qulluğunda həkimlərlə yanaşı, nənəsi də vardı. Nənəsi xəstəxanada da yanında olmuşdu. Körpə, anasından çox, nənəsini tanıyırdı.
Yazın axırları, yayın əvvəlləri idi. Həkimlər məsləhət görmüşdülər ki, körpə ən çox çöldə-bayırda, təmiz havada qalsın.
Nənəsi, anası da körpəni dağın döşündəki evimizin həyətində gəzdirirdilər. Dağ havası vurduğundan, üşüdüyümdən onlara dönə-dönə xəbərdarlıq edirdim:
- Uşağı soyuğa verərsiniz ha... Baxın onda halınıza...
Nənəsi məni arxayın salardı:
- Sənin kimi yanından yel ötəndə soyuqlayıb qızdıran deyil...
İşə bax, körpə balam elə yayın cırhacırlı bir günündə qızdırmadan yana-yana quş kimi uçub getdi. İkicə yaşını tamamlamadı heç... Dil açmamışdı. Qızdırma içində yana-yana "ana", "nənə", "baba" deyə bilmədi.
...Torpağa tapşırmağımızdan on-on beş gün sonra, həmin ilin avqustun ortalarında həyət qapımızda oturmuşduq. Hava birdən-birə dəyişdi. Qızım evimizin arxasındakı dağa tərəf boylandı, qəbiristanlıq orada idi. Hıçqıra-hıçqıra:
- Ata, bəs indi orada Ləmana soyuq deyil, - deyərək birdən hönkürdü. Niyə indi bəs mənə acıqlanmırsan ki, uşağı içəri apar, soyuq olar...
lll
Göz yaşları içərisində anasına dedim ki, təsəllimi qızıma çatdırsın: "Narahat olma, qızım. Ciyərparanı ulu babasının, ulu nənəsinin yanında torpağa tapşırmışıq. Həm o, mələk kimi onların qulluğunda dursun, həm də onlar quşcuğaz nəticələrini soyuqdan, istidən qorusunlar..."
Nə vaxtdan bəri çöldə oturmuşduq, hava da soyuq. Üşüsəm də, içəri keçmək istəmirdim. Axı onu həmişəki yerində görməyəcək, səsini eşitməyəcəkdim.
Qızım:
- Ata, sənə soyuq olar, yuxarı qalxaq, - dedi.
Ürəyimdən keçənlərdən xəbərsiz qızım nə qədər təkid etsə də, yerimdən tərpənmədim. Elə bil nəsə duymuş, hiss etmişdi. Soyuq götürdüyündən qızım evə keçdi.
Çox keçməmiş anası aşağı endi:
- Qızın narahatdır, deyir, nə qədər dedimsə də, atam içəri keçmir. Ataya soyuq olar, yuxarı qalxsın.
Sonra nənə hıçqırdı.
- Qızın deyir ki, babasından soruş, bəs bu yağışda quru torpaq altda sevimli nəvəsi üşüyürmü?..
2025
Baxış sayı:40
Bu xəbər 20 Noyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















