Icma.az
close
up
RU
525 ci qəzet Qəfil yada düşənlər Aydın Tağıyev yazır

525 ci qəzet Qəfil yada düşənlər Aydın Tağıyev yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

ANALARIN MİLLİYYƏTİ OLMUR

Alman faşizmi üzərində qurulan Beynəlxalq Nürnberq məhkəməsində sovetlərin nümayəndə heyətinin tərkibində iştirak etmiş Mirabdulla İbrahimov uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifəsində çalışıb, respublika Ali Məhkəməsinə 18 il sədrlik edib. Qəfil yadıma düşən bir söhbət də qohumluğum çatan Mirabdulla əmi ilə bağlıdır.

Yazı-pozu işimlə bağlı rayonların birində neçə il bundan qabaq görüşdüyüm məhkəmə sədri işləyən hakim mənə belə bir əhvalat danışmışdı ki, bəs sovetlər dönəmində ticarət sahəsində çalışan, müştəriyə pulun qalığını əskik qaytaran bir satıcı qadının məhkəməsinə baxırdım. Qadın milliyyətcə rus və öhdəsində azyaşlı uşaqları olan bir ana idi. O zamanlar qanunlar çox sərt idi və qəpik-quruş üstündə "ilişib" məhkum olunanlar da az deyildi. Rus qadın... Ana... Və bir də "böyük qardaş"larımızın ağalıq etdiyi dövr... Satıcı qadın haqqında məhkəmə hökmü çıxararkən, açıq etiraf edim ki, cinayət məcəlləsində bu maddə üzrə nəzərdə tutulan ən yüngül cəzanı seçmişdim. Hökmlə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdi.

İş belə gətirdi ki, bu məhkəmə iclasından bir müddət sonra Respublika Ali Məhkəməsinin sədri Abdulla İbrahimov çalışdığım rayona gələndə iş otağımda məhkəmə işləri ilə, çıxardığım qərarlarla maraqlandı. Təsadüf idimi və yaxud çox təcrübəli hüquqşünasın iti nəzərindən yayınmamışdı - məhz cəzanın ən yüngülünü seçib hökm verdiyim həmin iş Ali Məhkəmə sədrinin diqqətini cəlb etdi. Və o, xüsusi bir həssaslıqla o işi vərəqləməyə başladı.

Özümə haqq qazandırmaq üçün:

- Yoldaş İbrahimov, - dedim, - cəzanın ən yüngülünü ona görə seçdim ki, ittiham edilən məhkum ana idi.

Sonra da səsimi yavaşıdıb xüsusi bir vurğu ilə: - Həm də milliyyətcə rus...

Bu sözümdən sonra Abdulla İbrahimov üzümə mənalı-mənalı baxıb qətiyyətlə:

- Hökm zamanı ana kimi ona güzəşt etməklə ədalətli qərar çıxarmısan, - dedi. - Amma analara milliyyətinə görə fərq qoymaq olmaz.

P.S. "Anaların milliyyəti olmur..." Bu cümləni yaza-yaza birdən elə bil diksinib qələmi əlimdə saxladım. Bəs zaman-zaman təkcə xalqımıza qarşı yox, bəşəriyyətə qarşı amansız Xocalı soyqırımını törədən cəlladları dünyaya gətirənlər? Bəlkə də, şeytandan törəyən o qaniçənləri doğanlar da qadınlar yox, ifritələr imiş...

KİŞİNİN SÖZÜ KEÇƏR...

Surxay Qurbanov Ağdamın və ümumən respublikanın ağayana köhnə kişilərindən idi. Məclislərdə yeri başda olardı.1941-1945-ci illər İkinci Dünya müharibəsi adlanan, qanlı savaşın iştirakçısı olmuşdu. Neçə-neçə orden və medallara layiq görülmüşdü, zabit idi. Komandanlıq Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunması üçün sənədlərini təqdim etmişdi. Ancaq bədxah, məkrli ermənilər əngəl törətmişdi. 

Aradan illər keçəndən sonra bir ara bəzi nadanlar odun-alovun içindən keçib gəlmiş müharibə veteranlarına üstdən-aşağı baxmaq fikrinə düşdülər ki, guya onlar vətəni deyil, imperiya yuvasını qorumuşlar...

Ancaq Surxay müəllimin sərrast cavabı elələrini yerində otuzdururdu.

...İbrətamiz bir tarixi rəvayət var ki, skiflərlə vuruşan Dari adlı hökmdar onların sərkərdələrini ağır sözlərlə məzəmmət edir ki, bəs sizin döyüşçülər açıq döyüşdən qorxub geri çəkilirlər.

Skiflərin sərkərdəsi düşmənə belə cavab verir ki, bizim əsgərlər bəzən döyüş meydanından ona görə geri  çəkilirlər ki, arxada əkilmiş zəmilərimiz, şəhər və kəndlərimiz yoxdur. Əgər sən bizim döyüşçülərimizin cəsarətinə, qeyrətinə bələd olmaq istəyirsənsə, onda babalarımızın, ulularımızın qəbirləri olan yerlərə yaxınlaş, bax onda bilərsən ki, kimlərlə vuruşursan...

lll

Alman faşistlərinin işğal edə-edə gəlib çıxdıqları Şimali Qafqazdan az qala üç addımlıqda isə babalarımızın, ulularımızın əbədi uyuduqları torpaqlarımız, əkin-biçin yerlərimiz, əzəli və əbədi Vətənimiz - doğma Azərbaycan idi.

Müharibədən qayıtdıqdan sonra hüquq-mühafizə orqanlarında işə dəvət olunur Surxay müəllim. Bir müddət Qəbələ rayonunda prokuror işləyir, sonra isə Gəncə Vilayət Prokurorluğunda İstintaq İdarəsinin rəisi, baş prokurorun müavini vəzifəsinə irəli çəkilir.

Cavanlıqdan qan qardaşı olduğu bir dostu müharibədə yaralı vəziyyətdə faşistlərə əsir düşmüşdü və sonralar vətənə xəyanətdə ittiham olunub həbs düşərgəsinə göndərilmişdi. Yalnız Stalinin ölümündən sonra azad olunub vətənə qayıtmışdı. Qayıdan kimi də ilk görmək istədiyi dostu Surxay Qurbanov olmuşdu.

Bədxahları yüksək vəzifə sahibi Surxay Qurbanovun köhnə dostu ilə arabir bu görüşlərini əlaqədar orqanlara çatdırırlar. Prokuroru söhbətə çağırıb xəbərdarlıq edirlər. Surxay Qurbanov bunları dostuna bildirmir. Növbəti profilaktik söhbətdə isə qarşısına şərt qoyulur: ya dostun, ya vəzifə... Surxay müəllim tərəddüd etmədən qərar verir: "Yüz vəzifə ola, dostumdan keçmərəm..."

Surxay müəllim pedaqoji fəaliyyətə qayıdır. Təqaüdə çıxanacan, otuz ildən çox bir müddətdə Ağdam şəhərindəki məşhur 3 saylı orta məktəbin direktoru olur.

Bu qəfil yadıma düşənlər də bir vaxt oğlu Niyazi müəllimdən eşitdiklərimdir. Niyazi müəllim danışırdı ki, atamın prokuror orqanlarından uzaqlaşdığı vaxtdan təzəcə keçmişdi. Bir gün yaxın qohumlarımızdan biri oğlu üçün qız qapısına elçi düşürdü. Adətdir, elçiliyə sözü keçən, nüfuzlu, ağır-urvat kişilər gedər. Atam da "nümayəndə heyətinin tərkibində", başda idi. Qız evi də, necə deyərlər, "borclu  qalmaq" istəməmiş, oğlan evindən gələn elçilərin qabağına özləri tərəfindən mötəbər, adlı-sanlı adamlar çıxartmışdılar...

Xeyir iş baş tutmuşdu, oğlan evinin adamları qızın "hə"sini almış, şirin çay içib şad-xürrəm geri qayıtmışdılar.

Atamın kefi yuxarı idi. İki gəncin ulduzu barışacaq, təzə bir ocağın çırağı yanacaqdı. Kişi elçilik mərasiminin necə keçdiyini, qız evinin razılığını alanacan hardan başlayıb-hardan qutardığını yerli-yataqlı şövqlə nəql edirdi. Söhbət zamanı belə məlum oldu ki, qız evi tərəfindən məclisdə prokurorluq orqanlarında yüksək vəzifə sahibi olan bir yoldaş da iştirak edibmiş. Tez bu elçilik söhbətini yarımçıq kəsib:

- Heç işinlə bağlı həmin adamla danışmadın? - deyə atama sual verdim.

Atam üzümə baxıb:

- Elçilik vaxtı heç elə söhbətlərin yeridir? - deyə dilləndi.

Mən isə ürəkdən təəsüflənərək:

- Bəs necə, - dedim, - əsl fürsət, məqam imiş...

Atam bu dəfə məzəmmətlə mənə baxıb çox sərt və acıqlı bir səslə dedi:

- Eh, ay oğul, bəyəm mən fürsət gözləyən kişi olmuşam?..

Vaxtilə atamla birgə hüquq-mühafizə orqanlarında çalışan mühüm vəzifəli keçmiş iş yoldaşları imkan düşdükcə onu axtarıb arayar, görüşüb hal-əhval tutardılar. Belə görüşlərin biri də daxili işlər naziri mərhum Arif Heydərovla Ağdamda olmuşdu. Nazir atamla görüşüb hal-əhval tutduqdan sonra söhbət zamanı övladlarının təhsili və işləri ilə maraqlanmışdı. O zaman qardaşlarımdan biri Xalq Təsərrüfatı İnstitutunun yenicə bitirmişdi, ixtisası üzrə kolxozda mühasib işləyirdi.

Bu görüşdən bir müddət keçmişdi, qardaşımı rayon DİŞ-ə çağırdılar, əvvəlcə nigaran qaldıq. Qardaşımsa şöbədən belə bir xəbərlə qayıtdı ki, bəs Bakıdan nazir özü şəxsən göstəriş verib, təcili onun sənədlərini hazırlasınlar. Şöbədə SƏDM üzrə işə qəbul olunur. O vaxtlar milis orqanlarına, xüsusən, SƏDM üzrə işə girmək o qədər də asan məsələ deyildi. 

Qardaşımın qısa bir vaxtda birdən-birə milis orqanlarına işə qəbul olunduğunu bilən bəzi tanış-bilişlər atamı yanlayıb sorğu-suala tutmuşdular ki, bəs düzünü deyin, Surxay müəllim, bu iş üçün nə qədər xərciniz çıxdı?

Atamın bu kimi suallara iftixarla, qürurla verdiyi cavab elə indi də qulaqlarımda səslənir: Kişinin sözü keçər, pulu yox...

ÇİYİNDƏKİ TÜFƏNG

Ömrümdə indiyəcən bircə dəfə çiynimə tüfəng almışam.

Onda cavanca çağlarım idi. Bir kənd məktəbində müəllim baba kimi kirayənişin qalırdım. Boş vaxt tapan kimi yaşadığım kənddən vur-tut iki-üç kilometr aralı olan qonşu kəndə payi-piyada gedər, həmyaşıd həmkarlarımla görüşüb vaxt keçirərdim.

Günlərin birində bir dost tərəfindən, o kənddə qurulan məclisə qəfil dəvət aldım. Qış ayları idi. Yerdə dizəcən qar oturmuşdu. Axşam tərəfi ev sahibinin yuxarı siniflərdə şagirdim olan oğlu məni yola salmaq üçün tövlələrindəki atlarını çıxardı. Yəhərləyib yüyənlədi. Ayağımı üzəngiyə basıb yəhərdə yerimi təzəcə rahatlamışdım ki, yeniyetmə oğlan bir anlıq nə fikirləşdisə: - Müəllim, tələsməyin, - deyib evə keçdi, əlində qoşalülə tüfənglə geri qayıtdı. - Müəllim, bu tüfəngi çiyninizə keçirin, - dedi. Mənim duruxduğumu görüb: - Şər qarışan vaxtdır. Yol qısa olsa da, bilmək olmaz, qarşınıza qəfil qurd-quş çıxar.

Sonra da yaşından böyük səslənən bir məsəl çəkdi: "Ehtiyat igidin yaraşığıdır".

O günəcən əlimə heç tüfəng almamışdım. Təbii ki, tətiyi də necə çəkməyi bilmirdim.

Şagirdim bu dəfə çoxbilmişliklə: - Bunun elə də dəxli yoxdur, - dedi, - əsas budur ki çiyninizdə tüfəng olsun.  İşdi-şayət, yolda-izdə qurd-quşla rastlaşsanız, onlar tüfəngi görüb qorxudan qarşınızdan qaçacaqlar, yaxınlaşmağa cürət etməyəcəklər.

İndi hərdən fikirləşirəm ki, bəlkə, bəzi məxluqları çəkindirmək üçün yenə çiynimizdə tüfəng gəzdirək? Çox da ki, əlimizi tətiyə aparmağa cürətimiz çatmaz...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Fevral 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri