Qələbənin arxasındakı qələbə
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
27 Sentyabr - Anım Günü ərəfəsində Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda maraqlı bir fikir səsləndirdi. Dövlət başçısı dedi ki, “XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də, XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır”.
Bu fikirlər ilk baxışda Azərbaycanın bugünkü iqtisadi və siyasi reallıqlarının qiymətləndirilməsi təsiri bağışlaya bilər. Əslində isə bu cümlələrdə Azərbaycanın son onilliklərdə keçdiyi yolun mahiyyətini anlamaq üçün mühüm bir açar var. Burada söhbət yalnız müharibədə qazanılmış qələbədən getmir. Daha geniş mənada söhbət bir dövlətin öz imkanlarını səfərbər edərək qarşısına qoyduğu strateji məqsədə necə çatmasından gedir. Bu baxımdan 27 sentyabrı yalnız Vətən müharibəsinin başlanğıc tarixi kimi qəbul etmək kifayət deyil. 27 sentyabr həm də uzun illər formalaşdırılmış dövlət strategiyasının real nəticəyə çevrildiyi gündür.
44 gün ərzində Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi yüksək hazırlıq səviyyəsinin arxasında uzun müddət həyata keçirilmiş ordu quruculuğu, müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi-texniki imkanların artırılması, iqtisadi potensialın genişləndirilməsi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi ilə bağlı görülən işlər dayanırdı.
Prezident İlham Əliyev də müxtəlif çıxışlarında qələbənin yalnız silah və maliyyə ilə izah edilə bilməyəcəyini, burada döyüş ruhunun və xalq amilinin həlledici əhəmiyyət daşıdığını vurğulayır. Deməli, döyüş meydanı yalnız müharibənin görünən tərəfi idi. Görünməyən tərəfi isə illərlə davam edən dövlət hazırlığına əsaslanır. Ona görə də Vətən müharibəsinin gedişində biz Prezidentin rəhbərliyi altında Azərbaycanın iqtisadi, diplomatik, informasiya və institusional imkanlarının səfərbər edilməsini müşahidə edirdik və həmin günlərdə Prezident faktoru birbaşa döyüş əməliyyatlarına rəhbərlik etməkdən əlavə, siyasi məqsəd, hərbi hazırlıq, diplomatik fəaliyyət və ictimai kommunikasiyanı özündə ehtiva edən vahid strategiyanı həm xalqa, həm də beynəlxalq birliyə təqdim edirdi.
Uzunmüddətli münaqişələrdə ən böyük təhlükələrdən biri cəmiyyətin problemin həllinə inamının itirməsidir. İşğal illəri uzandıqca “münaqişə” anlayışı gündəlik həyatın bir hissəsinə çevrilə, yeni nəsillərdə onun həllinin mümkünsüzlüyü təsəvvürünü yarada bilər. Azərbaycanın siyasi xəttində isə Qarabağ məsələsi dövlət gündəmindən çıxmadı və bu İlham Əliyevin ən böyük naliyyətlərindən biri kimi tarixə düşdü.
Vətən müharibəsi yalnız hərbi cəbhə ilə məhdudlaşmadı. Prezident İlham Əliyev diplomatik və informasiya cəbhəsində döyüşdü. Dövlət başçısının çoxsaylı xarici media qurumlarına verdiyi müsahibələr bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycanın mövqeyi beynəlxalq auditoriyaya birbaşa çatdırılır, müharibənin səbəbləri və Azərbaycanın qarşısında duran məqsədlər izah edilirdi. Beləliklə, döyüş meydanındakı hərbi proseslə beynəlxalq informasiya müstəvisində aparılan mübarizə eyni siyasi strategiyanın paralel istiqamətləri kimi çıxış edirdi. Vətən müharibəsi həm də Azərbaycan cəmiyyətinin böyük səfərbərliyi ilə yadda qaldı.
Prezidentin “dəmir yumruq” ifadəsi həmin günlərdə yalnız siyasi şüar deyil, milli həmrəyliyin simvoluna çevrildi. Cəmiyyətin orduya dəstəyi, könüllülük, şəhid ailələrinə münasibət və milli birlik müharibənin sosial fonunu formalaşdırdı. Azərbaycan cəmiyyətində uzun illər ərzində formalaşmış “Şuşaya qayıdış” düşüncəsi real hadisəyə çevrildi. “İşğal olunmuş torpaqlar”, “qayıdış”, “Qarabağ” kimi anlayışlar milli yaddaşın əsas atributları kimi reallaşdı. Beynəlxalq ictimaiyyətdə Azərbaycan xalqının və dövlətinin siyasi və hərbi imkanlarına dair təsəvvürlər kökündən dəyişdi.
Əlbəttə ki, müharibənin 44 günə başa çatması dövlət strategiyasının başa çatması demək deyildi. Əksinə, bundan sonra daha mürəkkəb mərhələ başladı. Çünki azad edilmiş ərazilərdə həyat yenidən qurulmalı, şəhərlər, kəndlər və oradakı infrastruktur sıfırdan yaradılmalı, minalanmış ərazilər təmizlənməli, insanların doğma yurdlarına qayıdışı təmin edilməli idi. Dövlət olduqca çətin olan bu işin də öhdəsindən gəldi. Uzun illərdir haqqında danışdığımız Böyük Qayıdış reallığa çevrildi.
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikrin ən mühüm tərəflərindən biri də budur ki, o, Azərbaycan xalqını yalnız müharibə aparan və qalib gələn xalq kimi deyil, müstəqil yaşamaq bacarığı olan, milli maraqlarına sadiq və eyni zamanda dünyaya açıq xalq kimi xarakterizə edir. Bu yanaşma da qələbənin mahiyyətini yalnız hərbi müstəviyə bağlamır. Çünki müasir dövlət üçün qələbə torpağın azad edilməsi ilə bitmir. Azad edilmiş ərazilərdə dayanıqlı həyat qurmaq da qələbənin davamıdır. İqtisadiyyatı gücləndirmək, yeni vətənpərvər nəsil yetişdirmək, ordunun gücünü artırmaq, diplomatik mövqeləri möhkəmləndirmək, regional bağlantılarda Azərbaycanın rolunu artırmaq qarşıda duran əsas vəzifələrdir və indi qalib Azərbaycanın hədəf strategiyası məhz bu məqsədlərə köklənib. Deməli, söhbət artıq yalnız müharibədən sonrakı bərpadan getmir, söhbət zəfərdən sonrakı inkişaf modelindən gedir.
Bu modelin mahiyyətində 27 Sentyabrda başlayan və 44 gün sonra zəfərlə tamamlanan bir tarix, 2023-cü ildə dövlət suverenliyinin tam bərpasına aparan proses və bu gün Qarabağda davam edən quruculuq dayanır. Bu tarix bizə yalnız necə qalib gəldiyimizi xatırlatmır, həm də qazanılan nəticənin hansı məsuliyyəti yaratdığını göstərir. Tarixdə qələbə son deyil. Qələbə yeni tarixin başlanğıcıdır. Şəhidlərin xatirəsi bu başlanğıcın mənəvi dayağı, Azərbaycan əsgərinin qəhrəmanlığı onun hərbi təməli, xalqın həmrəyliyi onun ictimai gücüdür. Dövlətin strategiyası isə bütün bu amilləri vahid məqsəd ətrafında birləşdirən siyasi çərçivədir.
Yunis Orucov
Əməkdar jurnalist
Baxış sayı:63
Bu xəbər 27 Sentyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















