Qərbi Azərbaycan soyqırımları erməni mənbələrində
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qərb imperializminin XIX əsrdən başlayaraq Anadoluda Ermənistan dövləti yaratmaq niyyətləri Osmanlı dövlətinin ciddi müqaviməti ilə üzləşdikcə, bu plana alternativ olaraq Qafqazda – 2 yerə parçalanmış Azərbaycan torpaqlarının quzeyində xalqımıza qarşı erməni millətçiliyini qızışdırmaq siyasəti işə salınmışdır. Bu düşmənçiliyin və xəyanətin gedişində dövlət himayəsindən məhrum olmuş, özünüqoruma imkanlarını itirmiş Quzey Azərbaycanda xalqımız 1905–1907-ci və 1918–1920-ci illərdə mütəşəkkil erməni terroruna və kütləvi soyqırıma məruz qalmışdır.
Bu deportasiya və soyqırımları tarixdə silinməz izlər qoyduğu kimi, törətdikləri zorakılıq və qətliamları mili qəhrəmanlıq sayan, etnik öyünc mənbəyinə çevirən ermənilərin öz siyasətçi və yazarları da bu qanlı xronikaları müxtəlif şəkildə təsdiqləmişlər. Ermənilərin türk soyuna, xüsusən azərbaycanlılara qarşı düşmənçiliyinin, törətdikləri cinayətlərin davamlı və fədakar araşdırıcısı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “1905–1906-cı illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar erməni müəlliflərinin etiraflarında” adlı tədqiqatında bu barədə ətraflı söhbət açılır. Tarixçi alim XQ-yə açıqlamasında bildirdi:
– XIX əsrin sonu, XX əsrin əvvəllərində İstər Osmanlı Türkiyəsində, istərsə də Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı həyata keçirilən qırğınlar və terror aktları “Armenakan” (1885), “Hnçak” (1887) və “Daşnaksutyun” (1897) partiyaları və onların silahlı dəstələri vasitəsilə həyata keçirilmişdi. 1894–1896-cı illərdə ermənilərin Şərqi Anadoluda törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və iştirakçılarının əksəriyyəti Cənubi Qafqaza axışmışdı. Erməni siyasi partiyaları Türkiyə ərazisində muxtariyyət əldə etməyin mümkünsüzlüyünü dərk etdikdən sonra, XX əsrin ilk illərində öz proqramlarında dəyişiklik edərək, fəaliyyətlərinin ağırlıq mərkəzini Türkiyə ərazisindən Cənubi Qafqaza keçirmişdilər.
Ermənilərin məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə. “Böyük Ermənistan” ideyasını həyata keçirməkdən ibarət idi. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900 min, 1908-ci ildə 1, 3 milyon erməni yaşamışdır. Deməli, 12 illik bir dövrdə Cənubi Qafqaza 400 min erməni gəlib yerləşmişdi. Həmin dövrdə Cənubi Qafqazda törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin və muzdlu qatillərin payına düşürdü.
Qafqazda ermənilərin törətdikləri qırğınların qarşısının vaxtında alınmamasının bir səbəbi hökumət məmurlarının ermənilərin terror hədələrindən çəkinmələri idisə, digər səbəbi Qafqazın canişini İ.Voronsov-Daşkovun erməni dairələrinin təsiri altında olması idi. Erməni tədqiqatçısı Anahid Lalayanın yazdığı kimi, Voronsov-Daşkovun arvadı Yelizaveta Qriqoryevna “Daşnaksutyun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop Mesropun məşuqəsi idi və Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları Voronsov-Daşkovun yataq otağında hazırlanırdı.
XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan yalnız 5-də ermənilər çoxluq təşkil edirdilər. İrəvan quberniyasındakı 7 qəzadan 3-də, Yelizavetpol quberniyasındakı 8 qəzadan yalnız 1-də ermənilərin say üstünlüyü var idi. 1905–1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olan 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də ermənilər məskunlaşmışdılar. Yelizavetpol quberniyasında isə 1613 kənddən 390-da ermənilər yaşayırdılar. Ermənilərin XIX əsrdə İran və Türkiyə ərazilərindən köçürülərək gətirilib yerləşdirilmələrindən sonra hər iki qurberniyada az miqdarda ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları yaşayış məntəqələri əmələ gəlmişdi.
1905-ci ildə Rusiyada hakimiyyət əleyhinə üsyanların və iğtişaşların baş verməsi və çarizmə qarşı narazılıq dalğasının güclənməsi Cənubi Qafqazda da güclü əks-səda doğurduğunu xatırladan müsahibimiz qeyd etdi ki, bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etmişdilər:
– Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn erməniləri məkunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra isə yeni yaranan erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını qoymaq istəyirdilər. “Hnçak” partiyasının proqramına əsasən yaradılması nəzərdə tutulan erməni dövləti Cənubi Qafqazın, Şərqi Anadolunu və Cənubi Azərbaycanın bir hissəsini əhatə etməli idi.
1905-ci il fevralın 6-da Bakıda başlanan ilk qırğınlar 1906-cı ilin payızınadək bir-birinin ardınca İrəvan, Eçmiədzin, Naxçıvan, Sürməli, Şərur-Dərələyəz, Novo-Bəyazid, Zəngəzur, Gəncə, Cavanşır, Şuşa, Cəbrayıl, Qazax, Borçalı qəzalarında davam etdirilmişdi. Erməni silahlı dəstələrinin cənubi Qafqazda törətdikləri kütləvi qırğınlar və terror aktları barədə o dövrün mətbuatında və ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər faktlar mövcuddur. Ən önəmlisi isə həmin faktları erməni müəlliflərinin özlərinin etiraf etmələridir.
Nazim Mustafa konkret faktlardan söz açaraq söylədi ki, 1905–1906-cı illər qırğınları zamanı ermənilərin törətdikləri vəhşiliklər barədə əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini “A-Do” imzası ilə çap etdirən erməni müəllifinin 1907-ci ildə İrəvanda erməni dilində çap edilən irihəcmli “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində kifayət qədər məlumat yer almışdır:
– Erməni müəllif həmin dövrdə Cənubi Qafqazın 12 qəzasında və 7 şəhərində baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. Hovannes Ter-Martirosyan qırğınlar baş verən bölgələri bir-birinin ardınca gəzmiş və həmin kitabı yazmaq üçün faktoloji materiallar toplamışdır. A-Do həmin əsərində 1905-ci ildə İrəvan qəzasında toqquşmalar zamanı azərbaycanlı əhalinin tərk etmək məcburiyyətində qaldığı və böyük itkilər verdiyi kəndlərin siyahısını təqdim edir. İrəvan qəzasında törədilən qırğınlar haqqında A-Do yazır ki, mayın 26-da ermənilər Mədinə türk kəndinə hücum etdilər. Daha sonra o, Məngüs kəndi ətrafında qızğın döyüşlər getdiyini yazır. Müəllif azərbaycanlı əhalinin kəndi tərk etmək məcburiyyətində qalmasından ermənilərin evləri talan etdiklərini qeyd edir.
A-Do yazır ki, 1905-ci ildə təkcə İrəvan qəzasında 7 türk kəndi hadisələrin qurbanı olmuşdur. Həmin türk kəndləri bunlardır: Güvəcik, Güllücə, Məngüs, Damagirməz, Tutiyə, Kamal, Məsimli. Erməni siyasi partiyalarının silahlı dəstələri növbəti qırğınları Dərələyəz mahalında törətmişdilər. İlk qırğınlar azərbaycanlıların ermənilərlə qarışıq yaşadıqları kəndlərdə - Qndevaz və Herher kəndlərində törədilmişdi. A-Do dolayısı ilə olsa da, qırğınların törədilməsində “təcrübəli daşnaksakanların bir neçə özünümüdafiə dəstələrinin fəal rolunu” etiraf edir.
A-Do Eçmiədzin qəzasının Üşü kəndində ermənilərin törətdikləri faciənin miqyasını göstərərək yazır ki, öldürülən üşülülərin sayı 100-ə çatırdı, qadın və uşaqlar, qoca və körpələr qırğınlardan qurtulmaq üçün vay-şivən qoparırdılar: “Üşü yandırıldı, dağıdıldı, yerlə-yeksan edildi, bir kənd də belə silindi, administrasiya yenə də yox idi”. Sonra A-Do əlavə edir: “Üşünün faciəsi türklərin üzərində elə bir dəhşətli iz buraxdı ki, iyunun 5-də bir sıra kəndlər bir tərəfdən boşalır, digər tərəfdən isə ermənilər tərəfindən talan edilir və yandırılırdı. Nəziravan və Təkiyə kəndləri yandırıldı, Persi, Əngirsək, Kürdəli, Hamamlı kəndləri və Çobankərə obası talan edildi. Beləliklə, Əştərək bölgəsinin 9 türk kəndinin əhalisi talan edildi, yandırıldı və çöllərə düşdü”.
Həmin müəllif Zəngəzurun ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları Dərabas kəndində erməni canilərinin törətdikləri vəhşiliklərin şahidi olmuşdur. 1905-ci il dekabrın 26-da erməni silahlıları azərbaycanlı evlərinə hücum edirlər. Kəndin əhalisinin bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə – Molla Əbülhəsən, Ələkbər bəy və Abbas Ələkbər oğlunun evlərində sığınacaq tapırlar.
A-Do həmin tükürpədici vəhşiliyi belə təsvir edir: “Evlərində gizlənmiş ermənilər onlara köməyə gələnlərin qışqırıqlarını eşidən kimi vəhşicəsinə küçəyə atıldılar, türklərin evlərinə hücum edərək talan edib yandırdılar. Öldürülmüş və yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı”. Daha sonra A-Do yazır ki, 1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər kəndinə hücum etmiş, lakin çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi.
A-Do Zəngəzurda dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cicimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Armudlu (Danzaver), Sisyan, Ağudi, Dərəbas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cıbıllı, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Arçasur, Əclıli, Buğacıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.
1905-ci il avqust və 1906-cı ilin avqust aylarında erməni silahlı dəstələrinin hücumları nəticəsində Cəbrayıl-Qaryagin qəzasında 10 azərbaycanlı kəndi darmadağın edilmişdi. A-Do yazır ki, azərbaycanlıların əks həmləsindən sonra ermənilər qırğınları dayandırmaq məcburiyyətində qalmışdılar.
A-Do 1905-1906-cı illərdə baş vermiş digər qırğınlar barədə də xeyli məlumat verir. O, yekun olaraq Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min nəfərin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini yazır.
Digər erməni müəllifi Stepan Zavaryan da A-Donun 1905-1906-cı illərdə Zəngəzurda törədilən qırğınlar barədə verdiyi statistik məlumatları təsdiqləyir. S.Zavaryan qeyd edir ki, həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə ermənilər tərəfindən 75 kənd dağıdılmışdır.
Müsahibimiz daha sonra “Leo” imzalı erməni tarixçisi, şuşalı Arakel Babaxanyanın “Keçmişdən” adlı əsərindən, xankəndili Hovanes Apresyanın xatirələrindən söhbət açaraq bildirdi:
– Leo yazıb ki, 1 avqust 1903-cü il tarixli fərmanı ilə hökumət “Daşnaksutyun”u öz tərəfinə çəkəcəyini zənn edirdi. Lakin belə olmadı. Hökumət “Daşnaksutyun” partiyasını ona görə tərksilah edə bilmirdi ki, o, çox güclü silahlanmışdı və regiona hakim kəsilmişdi. Daha sonra müəllif yazır ki, “fədailər” Zəngəzur qəzasında və digər qəzaların kəndlərində elə dəhşətli zorakılıqlar törətdilər ki, bu cür zorakılıqların törədilməsi heç zaman xatırlanmır.
Leonard Ramsden Hartillin müəllifliyi ilə 1928-ci ildə ABŞ-ın İndianapolis şəhərində çap edilən “İnsanlar belə imiş” kitabı Hovanes Apresyanın xatirələri əsasında qələmə alınmışdır. Azərbaycanlılarla ermənilərin qarışıq şəkildə yaşadıqları Xankəndidə 1892-ci ildə doğulan, ilk təhsilini Şuşada alan Hovanes Apresyan isə öz xatirələrində 1905–1906-cı illər və 1918–1920-ci illərdə etməni silahlı dəstələrinin Qarabağda, İrəvan quberniyasında və Qars vilayətində törətdikləri qırğınlar və insanlığa sığmayan vəhşiliklərdən bəhs edir: “Bu yerlərin sakinləri türklər və ermənilərdir. Əslində, bir türk yurdu olan bu diyarda ermənilər gəlmə idilər. Sayca çoxluq təşkil edən müsəlman türkləri arasında bir xristian azlığı halında yaşayırdıq. İrq-din, adət-ənənə ayrılıqlarının bu iki toplum arasında yaratdığı məsafə heç zaman aradan götürülməmişdi”.
O, ermənilərin rus ordusunda xidmət etdiklərini və yaxşı silahlandıqlarını, sakit təbiətli türklərin isə əsgər aparılmadıqlarını və bıçaqdan başqa silahlarının olmadığını qeyd edir. 1905–1906-cı illər qırğınlarından bəhs edən Apresyan yazır: “Ara bir qədər sakitləşən kimi, Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sakinləri isə öldürülmüşdü. Eyni hal Xankəndidəki türk məhəlləsinin başına da gəlmişdi”.
Tarixçi alim dedi ki, erməni müəlliflərinin sovet hakimiyyəti illərində çap edilən əsərlərində də 1905–1906-cı illərdə azərbaycanlı əhaliyə qarşı törədilən qırğınlar və cinayətlər barədə az da olsa yer verilmişdir:
– İrəvan qəzasının Aşağı Qəmərli kəndində anadan olan O.Harutyunyanın 1956-cı ildə İrəvanda rus dilində dərc olunmuş memuar səpkili “Xatirələr” kitabında şahidi olduğu Qəmərli bölgəsində daşnakların törətdikləri vəhşiliklərdən bəhs edir. O, daşnakların “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı altında hərəkət etdiklərini yazır. O.Harutyunyan daşnakların erməni kəndlərini gəzərək əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini öldürdüklərini və kəndləri yandırdıqlarını yazır. O.Harutyunyan daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Voronsov-Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən müvəkkil edilmiş şəxslər vasitəsilə təmin edildiklərini qeyd edir.
Erməni müəllifi daşnak silahlı dəstələrinin azərbaycanlı kəndlərini viran qoyduqdan sonra evlərinə qayıdıb dinc əhali üzərində qələbələrini şənlik mərasimi düzəldərək qeyd etdiklərini yazır. O.Harutyunyan yazır ki, bir dəfə Dəllər (Dalar) kəndində “milli qəhrəman” adını qazanan xmbapet (dəstə başçısı) Sumbat nahiyədə qalan azərbaycanlı kəndlərini onun dəstəsinin necə məhv etdiklərini böyük şövqlə nəql edirdi. Xmbapet deyirmiş ki, guya ki, bölgənin azərbaycanlıları ermənilər üçün təhlükə imiş.
O.Harutyunyan özündə cəsarət taparaq Sumbata rayonun azərbaycanlı əhalisinin ermənilər üçün heç də təhlükə törətmədiklərini söyləyəndə, quldurbaşı mauzerini çıxararaq onu güllələmək istədiyini, yalnız yoldaşlarından birinin Sumbatın qolundan yapışaraq ona imkan vermədiyini qeyd edir. O göstərir ki, ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 15 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Novo-Bəyazid, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) kütləvi qırğınlar törətmişlər. 1905-1906-cı illər qırğınları zamanı Cənubi Qafqazda 286 kənd viran edilmiş və 8 şəhər dağıntılara məruz qalmışdır.
Nazim Mustafa sonda qeyd etdi ki, hesablamalara görə, Qafqazda dağıdılan kənd və şəhərlərin, təqribən, 200-ü azərbaycanlı yaşayış məntəqələrinin payına düşür:
– Həmin illərdə ermənilərin yeni ərazilər əldə etmək niyyətlərini silahlı müdaxilə yolu ilə həyata keçirmələri nəticəsində Cənubi Qafqazın 14 qəzasında 1,3 milyon nəfər bir-birinə düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü. 15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşmüşdür. İnsan tələfatı 10 min nəfərdən artıq olmuşdur. Dağıntılara məruz qoyulan azərbaycanlı yaşayış məntəqələrinin bir qismi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir.
Söhbəti apardı:
Tahir AYDINOĞLU
XQ


