Qərbi Zəngəzur, əslində, Azərbaycanın suveren ərazisi statusundadır. Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmalıyıq HÜQUQİ ŞƏRH
6 may 1920-ci ildə nəşr olunan “Kommunist” qəzetində dünənimiz, bu günümüz və gələcəyimiz üçün- məzmunundakı faciəyə rəğmən- olduqca böyük önəm daşıyan bir sənəd dərc olunub. Bir neçə gün öncə Azərbaycanda hakimiyyəti ələ keçirmiş bolşeviklərin əsas mətbu orqanının “Müsavat parlamanı” kimi təqdim etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 27 apreldə keçirilmiş son iclasının qərarını dərc edib.
Müstəqilliyi de-fakto tanınmış Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət, qərara əsasən, kommunistlərə təhvil verilir və yeni hökumətin boyununa bir neçə məsul vəzifə qoyulur. Mövzumuz baxımından bu vəzifələrdən üçü xüsusilə diqqətçəndir.
Qərarda bildirilir ki, əvvəla, sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilməlidir;
Daha sonra qeyd olunur ki, Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olmalıdır;
Nəhayət, Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görülməlidir.
Mənbə: http://anl.az/el/Download/2017/03/1998-1128.pdf
Bu üç müddəa AXC parlamentinin son iclasının stenoqramı da daxil olmaqla, hadisələrin cərəyanını əks etdirən zəngin və təkzibolunmaz tarixi materiallar, dövrün beynəlxalq hüquq normaları fonunda xüsusi incəliklə nəzərdən keçirilməlidir.
İlk növbədə onu qeyd edək ki, “11-ci Qızıl Ordu” adlanan silahlı bolşevik birləşməsi müstəqil bir dövlət olan Azərbaycan ərazisinə V.İ. Leninin əmri ilə, zorla və ölkədə hakimiyyətin qırğından yayınmaq məqsədi ilə təhvil verilməsinə baxmayaraq, qətliamlar törədərək, xalq üsyanlarına rəvac verərək daxil olmuşdu. Bu ərəfədə Azərbaycan Ermənistanla müharibə vəziyyətində idi, eləcə də bolşevik komandanı Mixail Levondovski ölkəyə bir müddət öncə hücum planı hazırlamışdı. Beləliklə, müharibə vəziyyəti və işğal faktı az sonra bəhs edəcəyimiz Haaqa Konvensiyasının prinsiplərini bu kontekstdə tətbiq etməyə imkan yaradır.
İkincisi, son nəticədə 71 il davam etməsinə baxmayaraq, Azərbaycanda sovet hökumətinin işğalçı qüvvə kimi hüquqi statusu “müvəqqəti” idi və bu müvəqqətilik parlamentin qərarında təsbit olunmaqla yanaşı, həm də 1907-ci ildə qüvvəyə minmiş və beynəlxalq adət hüququ kimi bütün dövlətlərə şamil olunan Haaqa Konvensiyanın prinsiplərinə də uyğundur.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının (18 oktyabr, 1991) birinci maddəsində 1920-ci il aprelin 27–28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilir. Məlum olduğu kimi, işğal bir və ya bir neçə xarici dövlətin silahlı qüvvələrinin digər bir dövlətin ərazisini ələ keçirməsidir. İşğal hüquqi baxımdan müvəqqəti xarakter daşıyır və bu zaman işğal olunan ərazinin suverenliyindən doğan hüquqlar yerində olaraq qalır.
Azərbaycan bolşevik-rus işğalı nəticəsində öz müstəqil idarəetməyə malik olmaq haqqından məhrum edilmiş, lakin dövlət suverenliyini formal və kağız üzərində olsa da, həm SSRİ-yə daxil olana qədər, həm də SSRİ-nin tərkibində qorumuşdu. Başqa sözlə, ərazi işğala məruz qalmasına, idarəetmə sistemi işğalçı qüvvələr tərəfindən yenidən qurulmasına baxmayaraq, suverenlik bir hüquqi anlayış olaraq davam edirdi.
Haaqa Konvensiyasının 42, 43, 55 və digər maddələrinin əsasını təşkil edən ümumi prinsiplərdən biri odur ki, müharibə edən dövlətin işğalı qeyri-sabit, müvəqqəti hakimiyyətdir və işğala məruz qalan tərəfin suverenliyi işğalçı dövlətə keçmir. Onu qısaca olaraq, “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipi adlandırırlar. Bu prinsip işğala məruz qalan dövlətlə bağlı Haaqa konvensiyasının ziddinə attılmış bütün addımları, o cümlədən dövlətin ərazi bütövlüyünə və inzibati bölgüsünə edilən bütün qəsdləri qanunsuz saymağa əsas yaradır.
Paris Sülh Konfransında AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşov tərəfindən rəsmən təqdim olunan sənədlərdə IX fəslində Azərbaycan Cümhuriyyətinin ərasizi təsvir edilmişdi:
“Qafqaz Azərbaycanı öz müstəqilliklərini 1813-1828-ci ilə qədər qoruyub saxlamış yuxarıda adları çəkilən xanlıqların ərazisini əhatə edir. Rus hakimiyyəti dövründə Qafqazın digər yerləri kimi Azərbaycan da hökumətin mənafeyinə uyğun şəkildə quberniyalara, vilayətlərə (oblast), bu sonuncular isə öz növbəsində qəzalara bölünmüşdür”.
Sənəddə Yelizavetpol (Gəncə) quberniyasının Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur və Qazax qəzaları, İrəvan quberniyasının Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni Bəyazid, Eçmiadzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi Qafqaz Azərbaycanını formalaşdıran inzibati bölgüsü daxilində göstərilmişdi. Gəncə quberniyasının dağlıq hissəsi, yəni Qarabağın yuxarı əraziləri təqdim olunan sənəddə “mübahisəli ərazi” kimi qeyd olunsa da, həm hüquqi, həm də praktiki baxımdan konfransın davam etdiyi müddətdə Cümhuriyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş, hətta Baş nazir Nəsib bəy Yusifbəyli Xankəndidə hərbi parad da keçirmişdi.
Mənbə: https://history.az/pdf.php?item_id=20111201125922638&ext=pdf
Azərbaycan Xalq Cümhuriyyətinin ərazilərinin sovet işğalı dövründə Ermənistana verilməsi barədə müstəqil ölkəmizdə çox sayda tədqiqatlar aparılıb. Bu tədqiqatların hər birinin elmi əhəmiyyətini vurğulamaqla bərabər, professor, millət vəkili Vasif Qafarovun çalışmalarını ayrıca qeyd etmək, xüsusilə də onun tarixçi olmasına baxmayaraq, məsələyə hüquqi aspektdən və “işğal zamanı suverenliyin işğalçı dövlətə keçməməsi” prinsipindən yanaşmasına diqqət çəkmək istəyirəm. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu yanaşma “Qərbi Azərbaycan” kimi məşhurlaşan tarixi torpaqlarımızın hüquqi vəziyyətinin aydınlaşdırılması zamanı elmi diskussiyalarda, xüsusən də beynəlxalq hüquq mütəxəssisləri arasında ön plana çıxır. Bu müstəvidə aparılmış son tədqiqatlara misal olaraq Səftər Rəhimlinin “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq hüquq subyektliyi: Hüquqi varislik və Kontinuitet problemi” adlı doktorluq dissertasiyasını göstərmək olar. 2023-cü ildə isə, “Bakı Universitetinin xəbərləri” jurnalının sosial-siyasi elmlər seriyasının 2-ci sayında “Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Rusiyanın hərbi təcavüzü nəticəsində Ermənistan üçün təsis edilən “ümumtanınmış” ərazi” adlı elmi məqalə dərc olunub.
Məqalənin müəllifi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqovdur. Məqalədə 1920-ci ildə Rusiyanın XI ordusunun hərbi təcavüzü nəticəsində süqut etdirilən Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) qarşı həyata keçirilmiş ərazi dəyişikliyinin beynəlxalq hüquq baxımından əhəmiyyətsizliyi təhlil olunur. Rusiyanın Azərbaycana hərbi müdaxiləsindən sonra Moskva hakimiyyəti tərəfindən Azərbaycanda törədilən çox sayda beynəlxalq cinayətlər Azərbaycan Respublikası üçün AXC-nin kontinuiteti əsaslandırılır. AXC-nin ərazilərinin, o cümlədən Zəngəzurun Ermənistana verilməsinin qanunsuz olması və bu anlamda həmin əraziyə münasibətdə Ermənistan üçün müasir beynəlxalq hüquq baxımından “dövlətlərin ərazi bütövlüyü” prinsipinin keçərli olmadığı vurğulanır.
Mənbə: https://lhri.az/ru/library-download/1470
Professor Ə. Sadıqovun timsalında görkəmli beynəlxalq hüquq uzmanlarının problemi təhlil edərkən gəldiyi qənaətlərdən biri budur ki, Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyi altında olan ərazilərin sovet işğalı dövründə Ermənistana bu və ya digər metodlarla peşkəş edilməsinin hüquqi əsasları yoxdur, tam qanunsuzdur və ədalətin bərpa olunması zəruridir. Bu nəticə həm də çağdaş beynəlxalq hüququn “uti possidetis” prinsipinə əsaslanır. Bu prinsipə görə, sovet hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu zaman- Rusiya müstəmləkəçiliyindən qurtularkən malik olduğu əraziləri Azərbaycan SSR-nin torpaqları olaraq mühafizə etməyə və sərhədləri heç bir halda dəyişməməyə mükəlləf idi.
Bütün deyilənləri ümumiləşdirsək və məsələni Zəngəzurun qərb hissəsi ilə bağlı konkretləşdirsək, ortaya çıxan mənzərə budur:
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikanın suverenliyi altında olmuş Zəngəzur qəzasının bir hissəsinin işğalçı qüvvələrin təzyiqi ilə 1920-ci ilin noyabr-dekabr aylarında (o zaman SSRİ hələ elan olunmamışdı) Ermənistana verilməsi barədə qərar və sənədlər Haaqa Konvensiyasına zidd olduğu üçün etibarsızdır; Qərbi Zəngəzur beynəlxalq hüququn prinsiplərinə əsasən, hal-hazırda Azərbaycan respublikasının suverenliyinə aiddir. Qərbi Zəngəzurun hal-hazırda Ermənistanın nəzarətində olması beynəlxalq hüquq müstəvəsində işğalın davam etməsi deməkdir.Fəqət bu üç nəticə praktiki baxımdan bir sıra suallar, ziddiyyətlər və həmin ziddiyyətlər əsaslanan hüquqi mübahisələr doğurur. Mübahisənin kökündə o dayanır ki, Qərbi Zəngəzur SSRİ-nin dağılması anında Ermənistana məxsus ərazi sayılırdı. Uti possidetis prinsipinə görə, həm Azərbaycanın, həm də Ermənistanın sərhədləri SSRİ-nin dağılma anındakı hüdudlarını əhatə etməlidir. Başqa sözlə, bu prinsip müstəqillik əldə etmiş dövlətlər üçün keçmiş inzibati sərhədlərini qorumasını şərtləndirir.
Bu yanaşma 1991-ci ildə imzalanan və Azərbaycanın da qoşulduğu Almatı Bəyannaməsində də əks olunur. Bəyannaməyə imza edən tərəflər bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşmamaq, respublikaların mövcud dövlət sərhədlərini dəyişdirməmək öhdəliyi götüblər. Beynəlxalq hüquq öhdəliklərinin pozulması beynəlxalq mübahisələrə səbəb ola biləcəyi aydındır, amma indiki halda bizi mübahisənin sırf hüqiqi zəmini maraqlandırır.
Almatı Bəyannaməsi öz statusuna görə, beynəlxalq müqavilədir, heç bir beynəlxalq müqavilənin Azərbaycan Respublikasının konstitusiyasından üstün qüvvəsi yoxdur. Ermənistanın mövcud dövlət sərhədləri ilə razılaşmaq Azərbaycan Respublikasının suveren sərhədlərinin dəyişdirilməsi anlamına gəlir ki, bu da həm Azərbaycan SSR, həm də müstəqillik dövründəki konstitusiyamıza əsasən, ancaq referandumla mümkündür. Almatı Bəyannaməsi Azərbaycanda referendumla təsdiq olunmadığı üçün dövlət sərhədlərimizi dəyişdirmək mənası verən hissəsi hüquqi qüvvəyə malik deyil.
Suverenlik- xalqlara məxsus bir haqdır və mütləqdir, dövlətin daxilində ən üstün, xaricində isə tam müstəqildir.
“Uti possidetis” isə, dövlətlərin müstəqillik qazanması anında, əksini göstərən şərt olmazsa, ərazi bölgüsünü ehtiva edən bir prinsipdir. Bu prinsiplə bağlı bir neçə nüansa diqqət edilməlidir.
Hüququn məğzinə və məntiqinə görə, “haq”lar “prinsip”lərdən üstündür və prinsiplər əslində haqları qoruyan hüquqi sistemlərin formalaşdırılması üçündür. Odur ki, “Uti possidetis” prinsipinə istinadən Azərbaycanın suverenlik haqına müdaxilə edilməsi hüququn məğzinə və məntiqinə ziddir. Bu kolliziyanı həm də o yaradır ki, sözügedən prinsip birbaşa suverenlik haqqlarını məhdudlaşdırmır və məhdudlaşdıra da bilməz.
Digər tərəfdən, “Uti possidetis” prinsipi “əksini göstərən şərt” olmadıqda keçərlidir. Belə bir şərt isə mövcuddur: İşğal zamanı suverenlik işğalçı dövlətə keçə bilməz!
NƏTİCƏni belə hasil etmək olar ki, Azərbaycan Respublikası Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməli və məhkəmədən yuxarıda qeyd olunan məsələlərlə bağlı qərar və ya şərh almalıdır. Bizim yekun şərhimiz isə belədir:
Müharibə və işğal faktları ərazilərlə bağlı dövlətlərin suveren haqlarını arada qaldıra bilməz. “Uti possidetis” prinsipi dövlətlərin suverenlik haqqına qarşı qoyula bilməz. Əgər sözügedən prinsiplə sözügedən haq arasında ziddiyət varsa və bu ziddiyyət tarixi və hüquqi planda ədalətsizlik yaradırsa, haqlar əsas götürülməlidir. Keçmiş SSRİ respublikalarının sərhədlərini bir növ təsdiqləyən sənəd olaraq Almatı Bəyannaməsinin 1918-ci ildən bəri suverenliyi davam edən Azərbaycan Respublikasının dövlət sərhədlərini dəyişdirmək anlamına gələn bütün mənaları əhəmiyyətsizdir. Qərbi Zəngəzurun 1920-ci ildə müharibə və işğal sonucunda Ermənistana verilməsi qanunsuzdur, etibarsızdır. “Xalis” hüquqi vəziyyətdə Qərbi Zəngəzur hələ də Azərbaycanın suverenliyinin tərkib hissəsidir, lakin işğal altında olan ərazidir. Qərbi Zəngəzurun işğal altından çıxarılması üçün tarixi kontekst və müasir beynəlxalq hüquq bir-birini tamamlayır.Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru