Icma.az
close
up
RU
Qeyri səlis məntiq və dil nitq kitabı haqqında xülasə

Qeyri səlis məntiq və dil nitq kitabı haqqında xülasə

525.az saytına istinadən Icma.az xəbər verir.

Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin birgə yazdıqları "Qeyri-səlis məntiq və dil-nitq" kitabı haqqında Türkiyə Cümhuriyyətində nəşr olunan "BUGU" Dil və Təhsil jurnalında işıq üzü görmüş məqalədən bir hissəni oxucularımıza təqdim edirik.

Kərimə ÜSTÜNOVA,
Professor

Kamal Abdulla və Rafiq Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq" kitabı mövzu baxımından həm kommunikasiya texnologiyaları, həm qeyri-səlis məntiq mütəxəssisləri, xüsusilə də dilçilər üçün tamamilə yeni bir çalışma olaraq hazırlanıb. Digər tərəfdən qeyri-səlis məntiqi kəşf edən Lütfi Zadənin və onun yolundan gedənlərin rolunu ortaya qoymaq da diqqətdən kənarda qalmayıb. Kitabda qeyri-səlis məntiq prinsiplərinin dil-söz sisteminə və quruluşuna tətbiq olunmasının təməldə dilçilik və kompüter elmləri üçün, folklor, hüquq, iqtisad kimi digər sosial elmlər üçün yararlı olacağı vurğulanır. Çalışmanın əsasını təşkil edən qeyri-səlislik təbii dildə özünü göstərən universal hal kimi qiymətləndirilir.

"Qeyri-səlis məntiq və dil-nitq" kitabı giriş bölməsindən sonra gələn dörd bölmə, son, əlavələr, abstrakt və qaynaqlardan ibarətdir. Kitaba ön söz yazmış vəkil, hüquq elmləri doktoru Rüştü Burak Ekeəsərin dil və dilçiliklə maraqlananlara çox şeylər öyrədəcəyi, qeyri-səlis məntiq, süni intellekt, yumşaq hesablama kimi sahələrdə fəaliyyət göstərənlərə əhəmiyyətli şəkildə faydalı olacağı qənaətindədir.

Bu məqalə isə Kamal Abdulla və Rafiq Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq" kitabının tədqiqi əsasında ərsəyə gəlib. Qeyri-səlis məntiq prinsiplərinin dilçiliyə tətbiq olunması dilçilikdə çox rast gəlinmədiyindən mövzunun geniş şəkildə dilçilərin diqqətinə çatdırılması qarşıya məqsəd qoyulub. Kitabda verilən məlumatlar olduğu kimi saxlanılıb, digər dillərdən keçən kəlmələrin Türkiyə türkcəsindəki qarşılıqları verilərək Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə diliçi tərcümə üsulu tətbiq olunub. Lazım gələn yerlərdə əlavə məlumat vermə üsulundan istifadə edilib.

lll

Kitabın giriş başlığında, əvvəlcə bir-birindən ayrı qəbul edilməsinə baxmayaraq, dil və nitq terminlərinin bir yerdə nəzərdən keçirildiyi, dil deyəndə nitqin (sözün), nitq (söz) deyəndə dilin anlaşıldığı xüsusilə vurğulanır. Qeyri-səlis məntiq prinsiplərinin dil-söz sisteminə və quruluşuna tətbiq olunmasının öncə dilçilik və kompüter elmləri üçün, daha sonra folklor, hüquq, iqtisad kimi digər sosial elmlər üçün əhəmiyyətli olacağı vurğulanır.

Müəlliflərə, görə dil-söz müstəvisində qeyri-səlislik geniş yayılıb. Günlük danışıq dilində həyatın bir parçası olduğunu düşünmək yanlış olmaz, çünki insan ana dilində başdan-başa qeyri-səlis münasibətlər torunun içindədir. Sistemdə fərqinə varmadan toxunulmayan, təmas olunmayan dil birlikləri olduqca çoxdur. Məsələn: onlarca, yüzlərcə, minlərcə və sair saylar qeyri-müəyyən, amma son dərəcə böyük bir çoxluq bildirmə funksiyası ilə dinləyicinin diqqətinə çatdırılır. Məqsəd qeyri-müəyyənlik yolu ilə qeyri-səlislik yaratmaqdır. Bir mahnıda yer alan "min rəng verir bahar hər bir çiçəyə" misrasında rənglərin sayı real olaraq min deyildir. "Min" sayı qeyri-müəyyən çoxluğa və daha sonra qeyri-səlislik atmosferinə işarə edir.

"Baxaq/ görək nə deyirsən?!" kimi qəlibləşmiş ifadələr istifadəçini qədim bir dövrə aparır. Sualın dərinliklərinə endiyimiz vaxt ilk baxışda "Sən mənim dediyim sözü necə görürsən (dediyimdən nə başa düşürsən?)" kimi bir məntiq qarşısında aciz qalınır. Qədim insan söylənən sözü anlamağa səy göstərər, bəlkə də, anladığını sanar. Bu sanmanın qeyri-müəyyənlik içində olması qaçılmazdır. Bu günümüzə gəlib çatmış söz sadəcə öz kökündən ibarət deyil, sözün söyləniş tərzi, vurğusu, sözün iç dünyası da onun quruluşunun tərkib hissələridir.

Dil-söz quruluşunu təşkil edən səsdən cümləyə bütün dil ünsürlərində eyni şəkildə qeyri-səlis məntiq prinsiplərinin işlədiyini görmək mümkündür. Amma qeyri-səlis məntiq hələ dilçilik elminə sistemli şəkildə tətbiq olunmayıb. Bu əsər bu sahədəki boşluğu bir ölçüdə doldurmağı qarşısına məqsəd qoyub. İş bölgüsü ya da qrup çalışması kimi açıq bir sistemin dil-söz müstəvisində özünü necə göstərəcəyini ortaya qoya bilmək baxımından yararlı olacaq.

Birinci bölməyə "Qeyri-səlis məntiqin əsl funksiyaları" adı verilib. Digər bölmələr daha yaxşı qavranılsın deyə oxucunun qeyri-səlis məntiq prinsipləri ilə tanış olduğu bölməyə "Qeyri-səlis məntiq nədir"? sualına cavab tapmaqla başlanır. Klassik məntiqin qurucusu Aristotelin məntiqinə görə, iddia edilən şey ya doğrudur, ya da yalan. İkisinin arası yoxdur. 1965-ci ildə Azərbaycan - amerikalı elm adamı Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini irəli sürdü. Beləcə, doğru ilə yanlış arasında klassik məntiqdən fərqli olaraq, real dəyərlərin, dərəcələrin müəyyən olunmasına imkan verilmiş oldu. Aristotelin klassik məntiqi ilə qeyri-səlis məntiqin əsl fərqinitəzad təşkil etmə və üçüncü istisna qanunları təşkil etməkdədir. Klassik məntiqə görə insan ya ölüdür, ya diri. Üçüncü hal yoxdur. Araşdırma müəlliflərinin fikrincə isə, bunun qeyri-səlis məntiq daxilində yeri olmamasının konkret nümunəsi "Dədə Qorqud" dastanında Oğuz qəhrəmanlarının yeddi gün, yeddi gecə sürən ağır yuxularına "kiçik ölüm" deyilir və bununla ölüm halı və dirilik arasındakı orta hal, yəni koma vəziyyəti anladılır.

İkinci bölmə "Dil, söz və sözün fəaliyyəti" adlandırılıb. Elm adamları dili cəmiyyətin, sözü insan yaradılışının nəticəsi olaraq görürlər. Səlis məntiq dil, qeyri-səlis məntiq söz qatında özünü göstərir. Burada dil ilə söz arasındakı fərqi görən elm adamlarından Humboldt, Sössür, Benveniste və digər dilçi alimlərin yanaşmasından bəhs edilir. Dil ilə söz bir-birindən fərqli, ancaq bir-biri ilə əlaqəli sistemlərdir. Dil-söz təzadı həm bir-birinə bərabər tutulmaz bir vəziyyəti, həm də bir-birindən ayrılmaz bir vəziyyəti sərgiləyir. Deməli, çalışmada dil-söz birlikdəliyi (söz fəaliyyəti) önə çıxır.

Üçüncü bölmədə "Dildəki ehtimal və dəyişdirmək, pozmaq xüsusiyyətləri"nə yer ayrılıb. Dili ehtimal sistemi olaraq görmək dil-söz vahidini qeyri-səlislik xəzinəsi olaraq mənimsəməyi lazım bilir. Lütfi Zadə dili dərketmə - qavrama sistemi olaraq görür. Qavrayışlar isə bəzən bağlı, bəzən qeyri-müəyyən olur, bəzən də ehtimal ehtiva edir. Dil-söz vahidindəki hər bir dil ünsürünün, daha çox sözlərdə - gözlə görülməyən dərinliyində ehtimal vardır. Kəlmədildən söz vahidinə çıxanda ehtimal baş verir, məna çalarları (çeşidlilik) özünü göstərir.

Söz vahidində, xüsusilə kəlmə səviyyəsində ehtimal qəti olaraq əlavə məna yükləri ilə qəlibləşir. Sözü edilən ehtimal qeyri-səlis, dumanlı, real olmayan, anlaşılması çətin sözlərlə qarşılanır. Kitabda bunlara müəmmalı sözlər (açıq olmayan, anlaşılması çətin, ortaq söz) deyilir və oxucuya bunların çoxmənalı sözlərlə qarışdırılmaması haqqında xəbərdarlıq edilir.

Dördüncü bölmədə "Qeyri-səlis düşüncənin dəyişdirilməsi anlayışına və dil-sözdə bunu tətbiq edən dil ünsürlərinin funksiyaları"na diqqət yetirilir. Hedclər qeyri-səlisliyin elementləri, qeyri-səlisliyin xəbərçisi, dil-söz səviyyəsindəki ehtimalların qorunması üçün qeyri-səlisliyin elçiləridir. Müxtəlif dil-söz ünsürləri ilə ifadə edilə bilərlər. Dil-sözdəki məna cəhətdən məlumat boşluqlarının bəziləri doldurula bilməzlər, çünki özləri haqqında məlumat verməzlər, sıfır element kimidirlər. Forma kimi kiçik bir dil vahidi daxilində böyük bir məlumat gizlədərək bir boşluğu doldurmaqdadır. Bəzən bu hedclərin yükləndiyi qeyri-səlisliyin aradan qaldırılması üçün daha böyük mətnə ehtiyac olduğu hiss edilməkdədir. Bacısını istəməyə gələnləri öldürən Dəli Qarçarın Banuçiçəyə elçiliyə gələn Oğuzun ağsaqqalı Dədə Qorquda hörmətsiz şəkildə davranmasının səbəbi məlum deyil. Bəhs edilən dastan boyunda Dəli Qarçarın yaratdığı bu boşluğu doldurmaq mümkün deyil. Ancaq başqa dastan boyu vasitəsi ilə Dəli Qarçarın davranışı açıqlana bilər.

Hedclərin fəaliyyəti dil-söz müstəvisindəki dil ünsürləri vasitəsi ilə həyata keçirilir. Əvəzliklər, oxşar sözlər, təkrarlar, ara sözlər, cümlə xaricindəki ünsürlər, saylar, modal sözlər bu iş üçün istifadə olunur. Əvəzliklər özbaşına lüğət ünsürü olaraq hedclərin funksiyalarını həyata keçirən real dil-söz vasitələridir. Şəxs və işarə əvəzlikləri mətndə özündən əvvəl, ya da özündən sonra gələn açıq, ya da örtülü şəkildə göstərilən parçalara referans göstərilir. Əvəzliklərin funksiyası mətnə xüsusi qeyri-səlislik ruhu gətirir. Saylar da xüsusiyyətlərinə uyğun olaraq  sağlam bir qeyri-müəyyənlik atmosferi yaradırlar. Onlarca, minlərcə, tək-tək, böyük-böyük, pərdə-pərdə, məncə, təxminən, bəlkə, demək ki, əlbəttə, açıqcası, görək, baxaq, əmin ol və sair - bunlar quruluş cəhətdən dil-söz müstəvisinin dil ünsürləri olsalar da, funksiya baxımından hedc olaraq istifadə olunub qeyri-səlis məntiqin dil-söz müstəvisində tutduğu yeri açıq şəkildə göstərməkdədir. Hedclər dil-söz fəaliyyətinin tərkib hissəsi kimi xüsusi bir missiyaya xidmət edib söz dağınıqlığının yaranmasına səbəb olur. Dağınıqlığın yaranması qeyri-səlis məntiq məkanına daxil olmaq deməkdir.

Beşinci bölmə "Dil qatlarında qeyri-səlis məntiqin mətn izlərini axtarmağa" ayrılıb. Dilçilikdə dil bir çox qatdan yaranan bir sistem olaraq mənimsənilir. Hər qatın özünə aid dil ünsürləri var. Fonetika qatında səslər, morfologiya qatında köməkçi elementlər, leksika qatında şəkilçilər, kəlmələr, sintaktika qatında cümlələr, mətnlər yer tutur. Bu dil ünsürləri öz qatlarında yer alan ünsürlərlə əlaqəli olduqları kimi qatlar arasında da əlaqəyə girərlər və sistem bu şəkildə işlədilir. Dil-söz müstəvisində sistemlilik və quruluş əlaqələri əsasdır. Dilin sistem olmasını tədqiq etmək onun quruluşunu tədqiq etmək deməkdir. 

Dil-söz müstəvisində dil ünsürlərinin daşıdıqları məna yükləri çeşidlidir. Tək bir məna ifadə etmə durumu dil müstəvisində görülsə də, bir çox mənaya malik olma söz müstəvisinin xüsusiyyətidir. Söz müstəvisi dildən sözə keçən dil ünsürlərinin təkmənalı olmaq iddiasını çürüdür. Söz müstəvisindəki dil ünsürləri variantlar şəklindədir. Bunlara yüklənən əlavə məlumat, əlavə məna onlara qeyri-səlis məntiq işarələri olaraq istifadə olunmaq hüququ verir. Altıncı - "Sinergetika və dil-söz münasibətləri" başlıqlı bölmədə dil-söz münasibətləri XX əsrdə ortaya çıxan sinergetika adlı elm sahəsinin baxış tərzi ilə izah olunur. Dil ünsürlərinə əlavə məna yükləmə dil müstəvisində görülməz. Bu dil ünsürü söz müstəvisinə keçəndə ortaya çıxan yalnız variantlar səviyyəsində görülən bir hadisədir. Əlavə məna yükü əlavə məlumat gətirir və söz müstəvisinin dərinliklərində var olan, bir -birinə güc verən ortaq münasibətlərdən xəbər verir. Dildə hər qatın özünəməxsus əlavə yük baqajı vardır. Əlavə yük fonetik qatda məlumatlandırıcı, morfoloji qatda mənayüklü, sintaktik qatda kommunikativdir. Hər qatın öz dil ünsürünə aid əlavə yükü iki fərqli ünsürün yan-yana gələrək bir-birini zənginləşdirməsini, daha da yüksək mənayüklü enerjinin açığa çıxmasını təmin edər. Ortaq hərəkətin məqsədi bir-birindən uzaq duran mürəkkəb ünsürlərin özünü yaratmasını təmin etmək, dözümlülüyünü tədqiq etməkdir. Fərqli sistemlərin, elm sahələrinin birləşərək bütünləşməsi, zənginləşməsi qısaca tərəfdaşlıq etməsi, sinergetik yaxınlaşmanın əsəridir.

"Söz müstəvisinin dil ünsürlərinə əlavə məna yükü" mövzusunun təhlil edildiyi yeddinci bölmədə əlavə yüklərdən nə anlaşılması lazım olduğuna diqqət yönəldilib. Dil-söz qatındakı əlavə yüklər söz müstəvisində ortaya çıxan qeyri-səlis məntiqin təzahürləridir. Dil vahidi dil orbitindən söz orbitinə keçəndə əlavə yük görünməyə başlayar. Dil orbitindəki vahid özünü qorusa da, söz orbitinə keçəndə içindən müxtəlif mənalar fışqırır. Qeyri- səlis çoxluqlar bu əlavə yüklərə istinad edərək sıralanırlar. Bu əməliyyatlar baş verdikdə dil vahidlərinin tarixi yaşını müəyyən etmək mümkün ola bilər. Dil vahidlərinin bir-birindən fərqli olması əlavə məna, məlumatlandırıcı, kommunikativ yüklərin təsiri ilə olur.

Söz müstəvisində tək bir məna daşıyan vahid yoxdur. Səsin də, sözün də, cümlənin də, mətnin də əlavə yükləri var. Bu əlavə yüklər mətn formatında özünü göstərə bilər, çünki kəlmə tək bir mənası ilə mətndə yer alır. Bəzən də mənalar bir-birinə qarışır, mətnin anlaşılması çətinləşir. Müəmmalı sözlər, örtülü sözlər bunun bariz nümunəsidir. Əslində bütün kəlmələrin, dil ünsürlərinin sərhədləri açıqdır, qeyri-səlisdir. Bir lüğət ünsürünün sona çatdığını və digərinin başladığını göstərən ayırıcı bir sərhəd yoxdur. Dil-söz müstəvisindəki bütün ünsürlərin sərhədsiz olması qeyri-səlis məntiq prinsiplərinin tətbiq olunmasını aydınlaşdırır. Sözün bir-biriləri ilə əlaqəsini əks edən böyük bir mətn yaratmağa kömək edən bir lüğət olsaydı, sözün bütün variantlarının üzə çıxmasına səbəb olardı. Belə bir lüğət davamlılıq mənasını daşıyardı. Səs də, cümlə də digər dil-söz elementləri kimi öz-özünə birlikdə ola bilməz. Cümlənin bağlam içində var olduğu nəzərə alınarsa, cümlənin öz bənzərlərindən məna dolğunluğuna və strukturuna görə ayırmağın mümkün olmadığı anlaşılar. "Fonoloji qatda Qeyri-Səlislik" başlıqlı səkkizinci bölmədə dil-sözün əsası səslərdən  (fonemlərdən) söz açılır. Fonologiya qatında fonem, söz qatında səs digər ünsürlərin yaranması üçün əsasdır. Təbii olaraq, ilk insanın söz fəaliyyəti ilə əlaqədar səs çeşidləri inkişaf etdikcə, onların əsasında fonemlər (sabit səslər) yaranmağa başlayır. Fərdi səs (variant) sabit səsə (fonem) çevrilir. Səsin əlavə yükü öyrədici xüsusiyyət daşıdığından fonetik müstəvidəki əlavə yükə əlavə məlumatlandırıcı - öyrədici yük deyilir.

Çağdaş dillərdə bir-iki səslə daha böyük məlumata malik olan sözlər yarandığı görülə bilər. Rus dilçisi A.A.Reformatski Fyodor Şalyapin adlı bir tenorun yoldakı faytonçulara rusca izvozchik (faytonçu) yerinə "vo o" deyə qışqırdığını, səsi eşidən faytonçuların başına yığışdıqlarını bildirir. Müəlliflərə görə, bu cür ifadələr həm lüğət, həm qrammatik, həm də şifahi səslərin növləri kimi özünü göstərir.           

Doqquzuncu - "Morfoloji qatda qeyri-səlislik" adlandırılmış bölmədə bağlayıcılar, söz təkrarları, ara sözlər, funksiyalı dil ünsürləri, modal sözlər və digərlərinə diqqət ayrılıb. Bunlar qeyri-səlislik mərhələsinə öz mənaları ilə birbaşa fərqli şəkillərdə, fərqli dərəcələrdə qatılırlar. Mütəxəssislər tarixi cümlələrin hər bir üzvünün qrammatik bitkinlik göstərə biləcəyini qeyd edirlər. Qədim dövrdə hər bir cümlə içində özünü yaradan üzvlərin sayı qədər cümlə olarmış. Belə bir quruluşu təsəvvür etmək çətin olsa da, bu cümlə çərçivəsində sadəliyin, konkretliyin ən bariz halıdır. Deməli, cümlə yaranmasının ilkin çağında poliprekativlik (çoxlu saydakı qrammatik bitkinlik) şəklinə uyğun olaraq Aristotel məntiqi (səlis məntiq) prinsipləri əsasında qurulmuşdu. Daha sonralar bu vəziyyət yavaş-yavaş ortadan qalxar və cümlənin yaranma istəyi qeyri- səlis məntiq yönünə çevrilir.

Müəlliflərə görə, morfoloji müstəvidə dil ünsürlərinin gözlə görünməyən əlaqəsi Lütfi Zadənin prinsiplərindən yola çıxaraq açıqlana bilər. Aristotelin iki zidd qrup arasında üçüncünü kənarda tutub buna "Üçüncünü istisna qanunu" dediyi bilinir. Amma Herodot iki qütb arasında üçüncünü tapmışdı. Adamlar vardır, sağdır. Adamlar vardır, ölmüşdür. Bir də adamlar vardır, dənizə çıxmışdırlar. Yəni onlar nə ölüdür, nə diridir. Bu üçüncü hal Herodot tərəfindən "ölmüş" və "sağ adamlar" arasına yerləşdirilmişdi. Lütfi Zadə iki zidd qütb arasında üçüncünün, hətta dördüncünün olmasını, hətta sonsuz sayda dəyərlərin olmasını istisna hal saymır. Bunun "Dədə Qorqud" dastanlarında real nümunələri var. Bu da dastanın yarandığı qədim dövrdə türklərin şüurunda yer alan demokratikliyin varlığına işarədir. Morfoloji müstəvinin köməkçi hissələrinin bəziləri, məsələn qoşmalar öz əlavə yükləri ilə söz sahəsində xidmət edir. Onların ilkin mənalarını müəyyən etmək çətindir, ancaq ilkin mənasını mətn və şərhlər yardımı ilə bir şəkildə göstərir. Məsələn, kimi qoşması. Dildə ən çox oxşarlıq mənası ilə işlədilir. Bu məna ilə ədəbi dil sahəsinə ayaq basan kimi qoşması daha sonra orada öz inqilabının səbəbi olur. Kimi qoşmasının dərinliyində başqa bir məna, eynilik mənası parıldamaqdadır. "Yuxarıda söylədiyimiz kimi" deyimində "kimi" eynilik mənasını az da olsa, qorumaqdadır. Yuxarıda söylənənlərlə indi söylənəcəklər  arasında eynilik vardır və bu da "kimi" qoşması vasitəsilə verilməkdədir.

"Lüğət müstəvisində qeyri-səlisliyə" həsr olunan onuncu bölmədə bildirilir ki, lüğət-dil ünsürü özünü dil müstəvisində dəyişməz, sabit bir dəyər kimi göstərir. Söz müstəvisinə keçincə əlavə məna yükləri qazanır. Beləcə, məna müxtəlifliyi ortaya çıxır və bunlar müəmmalı, yəni anlaşılması çətin söz təsiri yaradır. Bəzən məna cəhətdən açıqlıq qazanması bağlam və şərtlər vasitəsiylə olur. Belə bir qeyri-müəyyənlik "qeyri-səlis məntiqə daxil olmağın ən sadə yoludur" - deyilə bilər. Mövzuya daha geniş bir aspektdən yanaşanda söz müstəvisindəki bütün dil ünsürlərinin müəmmalı şəklə sahib olduqları, hər birində qeyri- səlisliyin az, ya çox var olduğu görünə bilər. Daha açıq demək mümkündürsə, sözlər niqab kimidir. Bəzən tamamilə, bəzən qismən işarə etdikləri əşyanın üstünü örtər.

On birinci bölmə "Cümlə və qeyri-səlislik"lə bağlıdır. Cümlənin təbiətindəki ikili durum qeyd edilərək göstərilir ki, biri cümlənin qanuni təbiəti, digəri məna cəhətdən təbiətidir. Bu iki durum ahəngdar sözlərin qrammatik qaydalara uyğun bir şəkildə birləşməsini və digər cümlələrin qurulmalarını şərtləndirir. Beləcə, cümlə dilə və sözə aidliyini göstərir. Cümlə şəxsi sonsuz sayda var olma xüsusiyyətləri ilə sözə, sonu olan quruluş xüsusiyyəti ilə dilə aiddir. Söz müstəvisində cümlə kimi istənilən bir dil ünsürü yoxdur. Bu söz müstəvisində əsl cümlənin saysız olması ilə açıqlana bilər. Cümlə səsdən, kəlmədən fərqli bir dil ünsürü deyil. Dil müstəvisində bu ünsür ancaq qurğu olaraq var ola bilər. Cümlə yalnız söz müstəvisində var. Cümlələr birliyi-mətn olmalıdır ki, əlaqə qurulsun. Bir cümlə digərinin əlavə məna yükü kimi bir funksiyanı yerinə yetirir.

"Mikromətn və qeyri-səlis məntiq" adlı on ikinci bölmədə cümlədən böyük birliklərdən bəhs edilir. Daha öncə cümlənin əlaqəyə xidmət edə bilmədiyi, əlaqənin yaranması üçün ən az iki cümlə, yəni mikromətn olmasının vacib olduğu söylənmişdi. Mükəmməl əlaqənin qurulması üçün daha böyük bir söz ardıcıllığı ünsürünün varlığı, yəni mətnin olması vacibdir. Dilçilikdə mikromətn yaxud sintaktik bütünlük (cümlədən böyük, yəni mətn), cümlələrin bir-biriylə əlaqəsini təşkil edən cümlədən böyük, söz ardıcıllığı olan dil ünsürüdür. Mikromətnlər çoxmənalı cümlələrin bir-biriylə əlaqəsi nəticəsində qurulurlar. Əslində onun da digər dil-söz ünsürləri kimi söz fəallığında yeri var. Onun əlavə məna çaları özünü quran hər cümlənin yanında gətirdiyi məna yüklərinin cəmindən əmələ gəlir. Böyük mikromətni quran cümlələr birliyi mikromətn kimi davranır. Mikromətnlər birləşib böyük mətni, yəni makromətni qururlar. Makromətn müstəvisi qeyri-səlis məntiq prinsiplərinin onda yerləşməsi üçün geniş baxış tərzi yaradır.

On üçüncü - "Dilçilik elmi və süni intellekt" adlandırılmış bölmədə dil-süni intellekt əməkdaşlığı ilə görüləcək işlər üzərində durulub. Dil və sözsüni intellekt sistemi ilə yaxından əlaqəlidir. NLP (təbii dil yaratma) onun ayrılmaz parçasıdır. Dilçilik prinsiplərinə söykənən süni intellekt rəqəmsal və qeyri-səlis üsullar əsasında yaradılmış korpuslarla dil modellərindən faydalanır. Dilin incəliklərini daha yaxşı anlamaq üçün insan-maşın əlaqələrində dildən necə faydalanmaq lazım olduğu araşdırılır. Süni intellekt böyük həcmli məlumatların sürətli şəkildə tədqiq edilməsinə imkan verən tutarlı bir vasitədir. Nəticədə hər iki sahənin gücü dilçilikdə yeni pəncərələrin açılmasına kömək edir.

"Bədii dil və qeyri-səlis məntiq" adlandırlmış on dördüncü bölmədə məlumat verilişinin pozulması təhlil olunur. Bədii mətn məlumat verərkən çeşidli yönlərdən kəsintiyə uğraya bilər. Gurultu səbəbi ilə yaranan bu kəsinti yalnız bədii mətndə deyil, bütün verilən məlumatların yerinə çatmasında görülür. "Səs-küy" ifadəsinin yerini tutan küy sözünün mənası sehrli söz kimidir. Anlaşılmaz, məntiqsiz və mənfi mənalı bir söz sayılır. Xarici qaynaqlıdır. Çincədə "kü" musiqi deməkdir. Çincədən Azərbaycan türkcəsinə girəndə mənəvi, çağdaş, sosioloji təsirlər səbəbi ilə yüz səksən dərəcə dəyişib. Verimli əlaqə üçün mənalı küy problemini həll etmək lazımdır.

lll

Dil-söz kimi qarışıq bir sistemin hər nöqtəsində qeyri-səlis məntiqin izlərini görmək mümkündür. Əslində qeyri-səlis məntiqin izlərinə günlük həyatımızda da tez-tez rast gəlirik. Dil-söz səviyyəsində qeyri-səlis məntiq düşüncə tərzinin, bütünlükdə qeyri-səlis məntiqin ortaya çıxışını axtarmaq insana nə qazandırar? Hər şeydən əvvəl dil-söz qatının dərinliklərində gizlənib qalmış münasibətlər və mahiyyətlər mənzərəsinin çoxluğu ilə göz qamaşdırdığı deyilə bilər. Bu zəngin varlıq yenidən gözdən keçirilmə şansı qazanır.

Qeyri-səlis məntiqlə düşünüb düşüncələrini açıq-səlis məntiqlə həyata keçirənlər liderlik özəlliyinə sahib, üfqü geniş insanlardır. Qeyri-səlis məntiqlə düşünmələri normal insan məntiqinin xaricində, həyatın axışında dərinlərdə, uzaqlarda olanları görmələrini reallaşdırmaqdadır. Elm adamları deyirlər ki, məqsəd nə qədər fantastik görünürsə, bir o qədər də ağlasığmaz və realdır. Ağlasığmazlıq qeyri-səlislik düşüncəsinin əsasını təşkil edir. Qeyri-səlis məntiqin cəmiyyətə verdiyi töhfələr və liderlik problemi hər sahədə, hər tərəfdə özünü göstərir. Qeyri-səlis məntiqin cəmiyyətə verdiyi faydalar nəticəsində bütün elmi sahələrdə yararlı çalışmalar aparılacaq, yeni yanaşmalar əmələ gələcək, çünki qeyri-səlis məntiq yeni baxış tərzlərini açığa çıxarmağa gücü çatan dayaq nöqtəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see134

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see125

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see122

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see121

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see120

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see119

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see118

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see118

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see118

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see116

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see115

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see115

CHP li bələdiyyə başqanı Öcalanı təhqir etdi:

07 Aprel 2025 19:52see112

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see111

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see110

Rusiya: Ukraynada atəşkəslə bağlı məsələləri həll etmək lazımdır

07 Aprel 2025 15:51see109

Mançester derbisində səssizlik VİDEO

06 Aprel 2025 22:37see109

Fransada üç siyasi partiya bir birinə qarşı etiraz nümayişi edirlər Paris

07 Aprel 2025 03:31see105

Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb

06 Aprel 2025 10:56see105

Elmar Məmmədyarovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI BU TARİXDƏ...

06 Aprel 2025 15:29see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri