Icma.az
close
up
RU
Postmodernizm və qeyri səlis məntiq fəlsəfi esse

Postmodernizm və qeyri səlis məntiq fəlsəfi esse

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əli Şirin ŞÜKÜRLÜ

Giriş

Elmi-fəlsəfi mənbələrdə postmodernizm reallığa fəlsəfi münasibətin idrakın post qeyri-klassik tipi kimi xarakterizə olunur. Məlum olduğu kimi, idrakın bu mərhələsinə keçiddə qeyri-səlis çoxluqlar nəzəriyyəsi (QSÇ) əsasında formalaşan çox qiymətli məntiqin (qeyri-səlis məntiq nəzəriyyəsi - QSM) xüsusi rolu vardır. Bu konteksdə elmin çoxqiymətli məntiq konsepsiyası ilə postmodern düşüncə arasında müəyyən əlaqə və korrelyasiyanın mövcudluğu zəruridir.

Postmodernizm

İlkin təşəkkül dövrü XX əsrin ortalarına təsadüf edən postmodernizm - fəlsəfədə və mədəniyyətin müxtəlif sahələrində bir istiqamət olaraq modernizmdən sonra anlamını verdiyi üçün bir çox elmi ədəbiyyatda onu məhz modernizmin davamı - onu əvəz edən bir istiqamət olaraq dəyərləndirirlər. Bu kontekstdə modernizmin özünə qısaca nəzər salmaq postmodernizmə keçid üçün bir vasitə ola bilər deyə, bu anlayışdan başlayaraq. Bu yanaşma həm də modernizm və postmodernizm arasında mühüm fərqləri görməyə də imkan yaradacaq. Məlumdur ki, modernizm  - incəsənətin müxtəlif sahələrində, ədəbiyyatda, fəlsəfədə müasir cərəyan olaraq ənənəvi ideyaların, formaların, janrların, ümumiyyətlə, bu sahələrdəki çağdaş dövrə xas mövcud təsəvvürlərin əsasən inkarı və reallığın yeni təsvirlərini verməyin tərəfdarı olan - Yeni dövrün yaranması kimi xarakterizə olunan bir dünyagörüşüdür. Təbii ki, bu mərhələdə əvvəlkilərin tamamilə inkarı deyil, həm də modern düşüncəyə bazis rolu oynayan köhnə üzərində yeni olanın formalaşması da başa düşülməlidir. Hegelin təbirincə, yeni olan düşüncə tərzi köhnəni tamamilə inkar etmir, onu yeni tərəfindən qaldırmağa xidmət edir. Yəni elmi inkar köhnəni büsbütün məhv etmir, yeni ilə varislik əlaqəsini qoruyub saxlayır. Təxminən XVII əsrin ortalarından dünya dərkində elm və idrakın önə çıxardılması konsepsiyasından ibarət - Bekonun, Dekartın, Spinozanın əsasını qoyduğu rasionalizmdən başlayan modernizmin əsas xüsusiyyətləri əsasən bunlar idi: idrak və elmə inam, varlığın qanunlarla tənzimlənməsi və dərkedilən olması, elmi biliyin sosial problemlərin həlli və insan həyatının yaxşılaşdırılması üçün əsas vasitə olması, elm və fəlsəfəni irrosionalizmdən azad olunması, idrakda  və sosial həyatın müxtəlif sahələrində proqressiv inkişafın təsdiqi, azadlıq, bərabərlik, ədalət və humanizmin təntənəsinə səbəb ola biləcək universal əxlaq və hüquq normalarının elan edilməsi. Beləliklə, əsasən formalaşması qeyri-klassik idrak mərhələsinin məhsulu olan modernizm rasionalizmə, insanlığın proqressiv hərəkətinə - xətti inkişaf tarixinə inamı özündə etiva edən bir cərəyan olaraq təşəkkül tapır.

Lakin proqressiv hərəkətə inamın sarsılması Birinci Dünya müharibəsindən başlayaraq, İkinci Dünya müharibəsindən - az qala bəşəriyyətin məhvinə səbəb ola biləcək faşizm ideologiyasından sonra daha geniş vüsət almağa başladı. Tədqiqatçıların qənaətinə görə, postmodernizm məhz bu kimi hadisələrə reaksiya olaraq yaranmağa başladı. İnsan şüurundan kənar obyektiv reallıq, həqiqət, gözəllik, idrakın dominantlığı, proqressiv inkişaf, univesal normalar və s. kimi klassik anlayışlar ya tamamilə, ya da onların mütləqliyi fiksiyaya uğradı. Postmodernist filosof sayılan Liotar postmodernizmi "böyük proyektlərin krizisi" adlandırır. Böyük proyektlər epoxası cəmiyyətin, sosial qrupların hər hansı bir ideologiya ilə yükləyib, bu ideologiyaların dominantlığı sayəsində insanlardan ümumi, ideal bir cəmiyyət düzəltmək, insanlığı düzəldiyi bu ümumi obraz şəklində "yaxşılaşdırmaq" cəhdləri ilə xarakterizə olunur. Bütün bunlarından əsasında rasionalizmin, maarifçilik ənənələrinin və digər humanist meyllərin dayandığını iddia edən postmodernist düşüncə rasionalizmi, maarifçilik ideallarını inkar edir və məhz bu kimi  ənənələrin yaratdığı konsepsiyaların diktaturaya, totalitarizmə, faşizmə səbəb olduğunu vurğulayırdı.

Postmodernizm dünyanın olduğu kimi qəbul edilməsini (təsvirini), bir növ, onun daxili struktura malik bütöv kimi deyil, müxtəlif fraqmentlərdən ibarət çoxluq - xaos olaraq sinkretik şəkildə təsvirinin tərəfdarı olaraq çıxış edir. Delyoz bu xaosu xaosmos adlandırmaqla onu nizamsızlığın başlanğıc - hələ hazır vəziyyətə gətirilməmiş imkanlar vəziyyəti kimi xarakterizə edir (Xaosmosda bütün hadisə və proseslər eynihüquqlu olub, bərabər imkanlara malikdir).

Postmodernizmdə maddi dünyanın əsasını təşkil edən varlıq kateqoriyası dil, xüsusilə, dilin qrafik işarələrini təşkil edən mətnlə əvəz olunur. Bu fəlsəfi istiqamətin əsas konsepsiyalarından biri budur: Dünya mətndir - insan dünyanı yalnız nəql şəklində anlaya bilər. Bu dünyagörüşə görə, predmetlər dünyası xəyali, qeyri-həqiqi dünyadır, əsl dünya işarə-mətn olaraq mövcuddur. Dünyada olan hər şeyə, həmçinin insana semiotik sistem olaraq baxır. Bu düşüncə hesab edir ki, hər bir işarə, hər bir mətn sonsuz sayda mənalar kəsb etdiyindən onu konkret bir məna verilmiş predmetlə - denotatla bağlamaq olmaz. İşarələr müəyyən semantik mənalarla xarakterizə olunduğundan idrak subyekti ilə əlaqəlidir. Mənalar isə qeyri-dəqiq, qeyri-müəyyən, ziddiyyətli və sair ola bilər. Bu konteksdə hər bir subyektin mətn barəsində fikirləri müxtəlif interpretasiyalara, mənalara səbəb ola bilər. Bu mənalanma zamanı, bir növ, "müəllifin ölümü" (R.Bart) baş verir.

Deridaya görə, teksdən kənarda heç nə mövcud deyil, tarix, mədəniyyət, insan və ümumiyyətlə, bütün mövcudluq tekstual təbiətə malikdir. Filosofun dekonstruktiv konsepsiyasına əsasən istənilən mətni bir mənadan təmizləyib, ona yeni məna (dekonstuksiya) vermək olar. Konteksə uyğunluğunu nəzərə alıb, alman ekzistensializminin banilərindən hesab olunan Haydegerin fəlsəfi refleksiyaları da maraq doğurur. Filosofa görə,  mühüm olan varlığın varlığıdır (bu məqamda həm də fenemonoloq kimi təsir bağışlayır) və o, insan üçün hələ də sirli olaraq qalır. O, hesab edir ki, "varlığın evi" dildir  və insan özünü nitq vasitəsilə ifadə edir. Varlığın bütün sirri isə dildə gizlənib və bir çox suallara incəsənət, xüsusilə də poeziya vasitətilə cavab vermək olar. Dilin özünü öncə poeziya vasitəsilə ifadə etdiyini iddia edən filosof (o həm də şair idi) "şairlər poetik düşünən filosoflardır" söyləyir. "Dünyanın mətn olaraq nəql şəklində anlaşılan olması" postmodern konsepsiya ilə Haydegerin varlığa münasibətdə dil və nitqə verdiyi üstünlük, hesab edirik, eyni məzmun kəsb edib,  ekzistensializm və postmodernizmin kəsişdiyi koqnitiv nöqtələrdəndir.  

Postmodern yanaşmaya görə, şüurda təsvir olunan heç bir şey obyektiv reallıq ola bilməz, çünki əsil dünya, dünyada olan hər bir predmet və hadisə mətn olaraq mövcuddur. Hər bir mətn isə çoxmənanılıq xüsusiyyətinə malik olub, digər mətnlərlə əlaqəli (hətta bu əlaqə sonsuz davam edə bilər) - intertekstual olub, o mətnlərlə müxtəlif səviyyəli korrelyasiyaya (asılılığa) malikdir.

Bodriyar postmodernizm dövrünü "hiperreallıq epoxası" adlandırır. Hipereallıq isə əsl reallığın dəyişdirilib, onu təsvir edilən şəklinin reallığı kimi xarakterizə edən konsepsiyadır. Bu konsepsiyada simulyasiya (reallığı bilərəkdən başqa cür təqdim etmək cəhdi) və simulyakr (originalsız, çox zaman gerçək olmayan bir şeyin təsviri) əsas anlayışlarıdır. Bu anlayışlar vasitəsilə filosof həqiqətin, reallığın şərtiliyinə, nisbiliyinə cavab axtarır: həqiqidən daha həqiqi, realdan daha real olan varmı? Qarşıya qoyduğu bu sualı isə həmin anlayışlar vasitəsilə cavablandırmağa çalışır; reallıq yaradır. Hipereallıq simulyasiya edir. Filosof mövcud vəziyyətdə yalnız simulyasiyaya uğramış reallıqla, təhrif olunmuş həqiqət ideyası ilə yaşamağın mümkün olduğunu vurğulayır. O, hesab edir ki, simulyasiya və həqiqət arasında dəqiq sərhəddi müəyyən etmək mümkün deyil.

Fəlsəfi istiqamət olaraq yaranması keçən əsrin 70-ci illərinə təsadüf edən postmodernizm mədəniyyətin müxtəlif sahələrində - ədəbiyyatda, arxitekturada, kinematoqrafiyada, teatrda, təsviri sənətdə və incəsənətin digər sahələrində də özünəxas anlayış və konsepsiyaları ilə xarakterizə olunur. Məsələn, postmodern ədəbiyyat bu cərəyanın dekonstruksiya, intertekst, hiperreallıq (simulyasiya və simuyakr), ironiya, absurd, qara yumor, rizoma (sərbəst davranış) kimi anlayış və konsepsiyalarından özünə xas alətlər kimi istifadə etməklə yeni məzmun və formalarda bədii mətnlərin yaranması ilə nəticələnir.    

Təbii ki, bu fəlsəfi təlim barəsində daha geniş söhbət açmaq, müxtəlif digər nəticələr əldə etmək olar. Lakin hesab edirik ki, bu fəlsəfi təlim barəsində verilən məlumatlar ondan alınan bəzi tezislərin qeyri-səlis münasibətlər konteksində müəyyən təhlilini vermək üçün kifayət edər.

Qeyri-səlis məntiq

Qeyri-səlis çoxluq (QSÇ) nəyi ifadə edir: çoxluğun hər bir elementi çoxluğa müəyyən dərəcə ilə daxildir (bu, mənsubiyyət funksiyası vasitəsilə ifadə olunur). Yəni bu çoxluq Aristotel məntiqinə əsaslanmır. Aristotelin 3-cü məntiq qanununa (Üçüncünün istisna qanunu) görə, irəli sürülən mülahizə doğru deyilsə, demək, onun tərsi doğrudur. Klassik çoxluqlar nəzəriyyəsi də bu məntiqə əsaslanır: element çoxluğu ya daxildir, ya da daxil deyil. Lakin QSÇ nəzəriyyəsi elementin çoxluğa dərəcə ilə daxil olması konsepsiyasını irəli sürməklə kəsilməz çoxqiymətli məntiqin (QSM) əsasını qoydu. Klassik - ikili məntiq görə, hər hansı bir mülahizənin doğruluq (teziz və antitezisi) səviyyəsini iki məntiqi qiymət müəyyən edir: doğru (tezis) - 1; yanlış (antitezis) - 0. Bu məntiq "ya-ya" seçiminə əsaslanır. İrəli sürülən mülahizə ya doğrudur, ya da yanlışdır. Lakin çoxqiymətli məntiq isə tezis və antitezis arasında məntiqi qiyməti kəzilməz (fasiləsiz) sonsuz intervala çevirdi: [0;1]. Bu məntiq "əgər-onda" seçiminə əsaslanmaqla irəli sürülən mülahizə ilə onun tərsi arasında çoxlu aralıq vəziyyətləri qiymətləndirməyə imkan verir. İkili məntiqdən fərqli olaraq gənc olmayan insanı yaşlı, ucuz olmayan məhsulu baha, soyuq olmayan temperaturu isti kimi qiymətləndirmir, onlar arasında qeyri-səlis (kəsilməz - aramsız) keçidin yaratdığı sonsuz vəziyyətləri xarakterizə edən hər bir keyfiyyət göstəricisinin dərəcəsi ilə mümkünlüyünü nəzərə alır: gənc deyilsə, nə dərəcədə gənc deyil və nə dərəcədə yaşlıdır - ortayaşlıdır, yaşlıdır, çox yaşlıdır, lap çox yaşlıdır və sair. Yəni bir mülahizənin doğruluq səviyyəsi sonsuz kəzilməz məntiqi qiymətlər ala bilər və aldığı məntiqi qiymətlərdən asılı olaraq müxtəlif doğruluq dərəcəsinə malikdir. Bir mülahizənin doğruluq dərəcəsi azaldıqca qeyri-səlis olaraq onun tərsinə keçid baş verir və tərsinin doğruluq dərəcəsi artır. Bu isə hər mülahizənin (tezisin) onun əksi olan mülahizəni (antitezisi) müəyyən dərəcə ilə özündə (saxlamasıdır) ifadə etməsidir; yaşlılığın dərəcəsi azaldıqca, onun əksinin - gəncolmanın dərəcəsi artır və yaxud əksinə. Deməli, hər bir varlıq öz əksini müəyyən dərəcəsi ilə özündə saxlayır və onun üçün əsas rolunu oynayır.

Kontekstimizə uyğun olaraq Əl-Fərabinin bu fikrini xatırlamaq yerinə düşür: Ağın olması qaranın yoxluğu deyil. Hər əksilikdə digər tərəfin əsası qoyulur və varlıq bir əksilikdən tədricən başqasına keçir.   

Postmodernizm qeyri-səlis məntiq nəzəriyyəsi konteksində

İlk olaraq qeyd edək ki, postmodernizmə dəqiq və konkret təyin verilmir, ona müxtəlif fəlsəfi refleksiyalar əsasında çoxmənalı koqnitiv fikirlərlə nəticələnən yanaşmalar mövcuddur. Bu anlayışa gerçəkliyə yeni münasibət, yeni fəlsəfi üslub, hətta əhval-ruhiyyə kimi mənalar da verilir. Dünyaya, predmetlər aləminə, reallığa müxtəlif qeyri-dəqiq yanaşmalar bu təlimə qarşı qeyri-müəyyən münasibətlər doğurur - idrakın çoxmənalılığı ilə xarakterizə olunur.

Əvvəlcə konteksə uyğun olaraq postmodernizmin doğurduğu bəzi tezisləri ümumiləşdirərək nəzərdən keçirək: İnsan şüurundan kənar obyektiv reallıq, həqiqət, ədalət, bərabərlik, gözəllik, "insanları ümumiləşdirən" ideyalar və s. kimi klassik anlayışların ya tamamilə, ya da onların mütləqliyinin inkarı; reallığa (etika, mədəniyyət, əxlaq və s. univesal normalara) müxtəlif - çoxmənalı yanaşma; tekst olaraq qəbul edilən dünya və dünyada mövcud olan hər bir şeyin mənalandırması zamanı mənaların qeyri-dəqiq, qeyri-müəyyən, ziddiyyətli və s. ola bilməsi; simulyasiya və həqiqət arasında dəqiq sərhəddi müəyyən etməyin mümkünsüzlüyü və s.

Postmodernizmə xas bu tezislərdən görünür ki, hadisə və predmetlərə yanaşma qeyri-müəyyənlik, bir-birinə zidd keyfiyyət göstəriciləri arasında qeyri-səlislik kimi xüsusiyyətlər doğurmaqla çoxməntiqlilik yaradır. "Həqiqidən daha həqiqi olanın" (Bodriyar) axtarışı postmodern düşüncədə şərtiliyi, nisbiliyi, qeyri-dəqiqliyi əsaslandırmağa çalışdığı digər anlayışlara da şamil etmək olar; doğru olandan daha doğrusu, gözəl olandan daha gözəli, etik-mədəni olandan daha etik-mədəni olanı və yaxud tərsinin olması mümkünlüyündən doğan bir-birinə zidd anlayışlar arasında sərhədsizliyin mövcud olması. Postmodernizm müəyyən situasiyalarda hər hansı bir ideologiyanın, hər hansı bir düşüncə sisteminin formalaşdırmağa çalışdığı mütləq olanı qəbul etmir, mütləq olanla (tezis) əksi (antitezis) arasında mövcud vəziyyətləri daha çox mümkün sayır. Bu kimi yanaşmalar reallığa qeyri-səlis münasibətlər sistemi formalaşdırır. Reallığa "ya-ya" seçminə əsaslanan ikili məntiqlə deyil, "əgər-onda" seçiminə əsaslanan çoxqiymətli (çoxmənalı) məntiqlə yanaşır. Bu təlim ideal - mütləq olmayan vəziyyətlər çoxluğunu gerçəkliyin əsl siması olaraq qəbul etməklə çoxmənalılığı xarakterizə etmiş olur. Məsələn, bədii yaradıcılıqda az qala ideallaşdırılan "müsbət obraz" və "mənfi obraz" kimi keyfiyyət göstəricilərini ikili məntiqə əsaslanan təfəkkürlə bir-birindən diskret olaraq ayırmır, bu bir-birinə zidd göstəricilər arasında çoxlu mövcud vəziyyətlərin - xüsusiyətlərin insan xarakterinə daha uyğun olduğu və beləliklə də, ideal insan obrazının (postmoden ədəbiyyatda bu kimi obrazlara çox zaman ironiya ilə yanaşılır, qara yumor hədəfinə çevrilir) mümkünsüzlüyü qənaətindədir.

İsti-soyuq, baha-ucuz, gözəl-çirkin, dost-düşmən və s. bir-birinə zidd keyfiyyət göstəricilərinin bir-biri ilə kəsilməz keçid və əlaqəsi çoxqiymətli məntiq (QSM) təfəkkür modelinə əsaslandığı kimi, postmodern düşüncənin də hadisə və predmetlərə eyni təfəkkür modeli ilə yanaşdığını müşahidə edirik. Çünki qeyri-səlis təfəkkür modeli, bir daha qeyd edirəm, insan düşüncəsinə daha adekvat düşüncə modelidir; insan bütün situasiyalarda gözəl olmayanı çirkin, dost olmayanı düşmən, xoşbəxt olmayanı bədbəxt hesab etmir və istər empirik, istər rasional yanaşmalarda aralıq vəziyyətlərin nəzərə alındığı situasiyalar çoxluq təşkil edir. 

Sonda bir məsələni də qeyd etməyi vacib sayıram. Bu tədqiqat işində - postmodernzmin qeyri-səlis məntiq konteksində təhlilində postmodern düşüncə tərzinə tamamilə haqq qazandmaq niyyətimiz yoxdur. Xüsusilə, bu sistemin rasionalizmin, elmin obyektiv reallıqla əlaqəsinin inkarı üzərində qurulmuş tezisləri ilə. Rorti hesab edir ki, biliyin obyektə münasibətdə həqiqiliyinin heç bir elmi metodla əsaslandırılması mümkün deyil. Belə olan halda - elmin obyektiv reallıqla əlaqəsi olmadığı və heç bir praktik əhəmiyyət kəsb etmədiyi halda həyatın, demək olar, bütün praktik sahələrinə nüfuz edən elmi-texnoloji yenilikləri nə ilə izah etmək olar. Belə olduğu halda biz bu gün postmodern düşüncənin idrakın post qeyri-klassik mərhələsində xüsusi rola malik, idrakın qeyri-müəyyənlik şəraitində obyektə münasibətdə adekvat təfəkkür modeli olan QSM elmi aparatı konteksində epistemoloji xarakteristikasını da verməyə cəhd edə bilməzdik.

P.S. Hadisəyə elmi-fəlsəfi yanaşma, adətən, konsepsiyama uyğun olaraq (ədəbi suprematizm: elmi informasiyanın bədii mətnlərdə ifadə texnikası) bədii mətnlə tamamlanır.

Ədəbi suprematizm:

Limit: yığılma nöqtəsi

Qış görkəmində ağac:

altında əvvəlcə diri bildiyim,

üzü torpağa "ayaqüstə"

ölən quş - hərəkətsiz,

heçliyə çevrilsə də,

sanki təzəcə qonub yoxluğu

boyda torpağa.

Dayanıb bir mövcudolma 

hələ ki formasını itirməsə də.

Dayanıb bir mövcudolma;

ölən quş şəklində.

Hər yoxolmanın

öz forması olurmuş, demə.

Bütün ölümlər yerə doğru, quşcığaz,

bütün ölümlər yerə çəkir hər şeyi

və hər şeyin yığıldığı nöqtə var.

Səma olduğu kimi, quşcığaz,

qapqara, bambalaca yaranış,

ehtimal edirəm xəbərin yox,

səma olduğu kimi

cızdığın və cızmadığın

trayektoriyalarla birgə.

Nə yoxluq tam heçlikdi,

nə heçlik tam yoxluq,

quşcığaz - balaca yaranış, 

nəsə böyük bir sirr,

bir məna var bilmədiyimiz,

anlaşılması çətin. Bircə, gümanım:

hər yoxluq heçliyə keçid,

hər heçlik yeni imkanlar çoxluğu

ya xaos, ya nizam şəklində ...

...bilirəm,

artıq təsəlliyə nə ehtiyac var,

elə-belə danışıram, lirika xatirinə...

Mən də

keçid edirəm heçliyə yavaş-yavaş

yarımçıq qalmasın lirika:

Yer də olduğu kimi, quşcığaz,

yer də olduğu kimi, balaca yaranış,

üstündə son eniş  və çoxlu

keçid nöqtəsi;

bütün böyük, orta, kiçik

uçuşların - cızılan və cızılmayan

düz, əyri, çarpaz  xətlərin yığıldığı

son məkan.

... - 15.02.2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mərhum nazirin müğənni gəlini bahalı maşınını nümayiş etdirdi FOTO

10 Mart 2025 23:34see152

Mask X ə hücumda Ukraynanı günahlandırdı

11 Mart 2025 03:29see143

Azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı...

11 Mart 2025 07:36see142

Ruslar Anapada istirahət etməkdən kütləvi şəkildə imtina edirlər

10 Mart 2025 22:36see130

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

10 Mart 2025 23:31see125

“Sabah” niyə yerlilərdən üz döndərir? YAZI

11 Mart 2025 15:57see125

İnstaqramda ən çox danışılan funksiya: İndi bəyənmələrinizə diqqət edin

11 Mart 2025 04:01see123

Bu da bir sensasiya: insan öləndən sonra beyin ölmür..?

11 Mart 2025 00:56see122

ÇL: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına start veriləcək

11 Mart 2025 07:23see122

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see120

AFFA milimizin heyəti ilə bağlı anons verdi

11 Mart 2025 16:39see119

Sobyanin: Moskvaya doğru uçan daha 25 PUA vurulub

11 Mart 2025 08:23see118

Tokayev Ceyhun Bayramovu qəbul etdi

11 Mart 2025 14:37see117

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 Mart 2025 19:32see116

Tarixin ikincisinə şərik: Kehat “10”a çatıb

11 Mart 2025 11:11see113

“Uşaqlar bundan daha da qəzəbləniblər” Binəqədidə sürücünü döyənlərdən birinin vəkili danışdı MÜSAHİBƏ

11 Mart 2025 17:42see111

Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?

12 Mart 2025 08:11see109

Təqsirləndirilən Bako Sahakyan Qarabağda silahlanmanın qanunsuz olduğunu etiraf edib

11 Mart 2025 10:12see109

Qulyan açıqladı: “Ermənilərin təxliyəsi mümkün deyil” KONKRET

10 Mart 2025 22:36see108

Suriya Əfqanıstana çevrilə bilər “HTŞ” hakimiyyətə gəlişi ilə “Taliban”a oxşayır ŞƏRH

11 Mart 2025 15:49see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri