“Qisas” əməliyyatı suverenliyin zəruri və təxirəsalınmaz tələbi idi
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunan nəticələri qorumaq, bölgədə davamlı sülh və təhlükəsizlik mühiti yaratmaq idi. Azərbaycan bu mərhələdə sülh gündəliyini ön plana çıxardı. Lakin sonrakı proseslər göstərdi ki, müharibənin başa çatması ilə bütün problemlər avtomatik həll olunmur. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra Qarabağ bölgəsində baş verən silahlı insidentlər, qanunsuz hərbi fəaliyyət cəhdləri və süni gərginlik halları göstərdi ki, təhlükəsizlik məsələləri gündəmdə qalır.
Belə bir mürəkkəb vəziyyətdə – 2022-ci il avqustun 3-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı postmünaqişə dövrünün ən mühüm hadisələrindən biridir. Bu əməliyyat Azərbaycanın öz təhlükəsizliyini təmin etmək, suverenliyini qorumaq və yaranmış təhdidlərə çevik cavab vermək imkanını nümayiş etdirdi.
“Qisas”a aparan səbəblər və əməliyyatın əhəmiyyəti
2022-ci ilin avqustunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələri Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərinə qarşı silahlı təxribat törətdilər. Hadisə nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid oldu.
Silahlı birləşmələrin fəaliyyəti bununla məhdudlaşmadı. Onlar Sarıbaba və Qırxqız yüksəklikləri istiqamətində yeni döyüş mövqeləri yaratmağa, mühəndis-istehkam işləri aparmağa və bölgədə hərbi fəallığı artırmağa cəhd göstərdilər. Azərbaycan tərəfi bu addımları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd hesab edərək, ölkənin təhlükəsizliyinə və sabitliyə təhdid kimi qiymətləndirdi. Bölgədə qanunsuz silahlı fəaliyyətlərin davam etməsi yalnız lokal hərbi gərginlik yaratmırdı. Bu cür addımlar həm də sülh prosesinə, qarşılıqlı etimadın formalaşmasına və əldə olunmuş razılaşmaların icrasına mənfi təsir göstərirdi. Buna görə də məqsədlərdən biri yeni təhlükəsizlik reallıqlarını qorumaq, sabitliyi möhkəmləndirmək və mümkün təhdidlərin qarşısını almaq idi. Azərbaycan Silahlı Qüvvələri “Qisas” əməliyyatına başladı. Qısa müddət ərzində həyata keçirilən əməliyyat nəticəsində Sarıbaba və Qırxqız yüksəklikləri, eləcə də bir sıra mühüm mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Əməliyyat zamanı qarşı tərəfin döyüş mövqelərinə və hərbi infrastrukturuna zərbələr endirildi, qanunsuz silahlı birləşmələrin hərbi imkanları əhəmiyyətli dərəcədə zəiflədildi.
Təhlükəsizlik siyasətinin əsas göstəricisi
Bu hadisə Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsiplərindən birini ortaya qoydu: ölkə problemlərin siyasi və diplomatik yollarla həllinə üstünlük verir, lakin yaranmış təhlükələrin qarşısının alınması üçün zəruri hallarda hərbi imkanlardan istifadə etmək hüququnu özündə saxlayır. “Qisas” əməliyyatı məhz bu yanaşmanın praktik ifadəsidir. Azərbaycanın öz ərazisində təhlükəsizlik mühitini təmin etmək, strateji mövqelər üzərində nəzarəti gücləndirmək və gələcək riskləri minimuma endirmək istiqamətində atdığı addımdır. Həm də göstərdi ki, ölkənin müdafiə imkanları yüksək səviyyədədir.
Verdiyi siyasi mesajlar da diqqət çəkdi: regionda yaranmış yeni reallıqlar nəzərə alınmalı, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn istənilən fəaliyyətə son qoyulmalıdır.
Sonrakı proseslər də göstərdi ki, “Qisas” əməliyyatı yalnız konkret hərbi təhdidə cavab deyil, Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik siyasətinin mərhələlərindən biridir. Əməliyyat çevik qərarvermənin, yüksək hərbi hazırlığın və preventiv tədbirlərin milli təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını nümayiş etdirdi.
Prezident İlham Əliyev “Qisas” əməliyyatına münasibət bildirərkən qeyd etmişdir ki, silahlı təxribat nəticəsində şəhid olan hərbçinin qanı yerdə qalmadı və Azərbaycan Ordusu dərhal cavab tədbiri həyata keçirdi. Dövlət başçısının bu mövqeyi Azərbaycanın təhlükəsizlik siyasətinin əsas xəttini ifadə edir: Azərbaycan sülh tərəfdarıdır, lakin dövlətin suverenliyinə, təhlükəsizliyinə və vətəndaşlarının həyatına qarşı yönələn istənilən təhdidə cavab vermək imkanına malikdir: “Biz öz torpağımızda istənilən zaman istənilən əməliyyatı apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir. Eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq”. Bu, hərbi gücün siyasi-diplomatik məqsədlərlə uzlaşdırılması baxımından mühüm mesaj idi.
Suverenliyin tam bərpasına aparan yol
Bəli, “Qisas” əməliyyatı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi təhlükəsizlik siyasətinin mühüm mərhələlərindən biri oldu. Əməliyyat bir daha göstərdi ki, Azərbaycan öz suveren ərazisində qanunsuz silahlı fəaliyyətlərin davam etdirilməsinə yol verməyəcək və dövlət suverenliyinin təmin olunması istiqamətində zəruri addımları atmaq iradəsinə malikdir.
Sonrakı proseslər də təsdiq etdi ki, 2022-ci ildə keçirilən “Qisas” əməliyyatı 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərinə aparan mühüm mərhələlərdən biridir. Hər iki hadisə Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu əsas strateji məqsədlərlə – ərazi bütövlüyünün tam təmin olunması, dövlət suverenliyinin bərpası və bölgədə davamlı təhlükəsizlik mühitinin formalaşdırılması ilə birbaşa bağlı idi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının dövlət bayrağı Xankəndi, Xocalı, Ağdərə və digər yaşayış məntəqələrində ucaldıldı. Bununla da Azərbaycan uzun illər davam edən separatizm problemini öz ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsipləri əsasında həll etdi.
Antiterror tədbirləri, eyni zamanda, Azərbaycan Ordusunun müasir döyüş imkanlarını, yüksək hazırlıq səviyyəsini və operativ qərarvermə qabiliyyətini bir daha nümayiş etdirdi. Əməliyyatın planlaşdırılması və icrası zamanı əsas diqqət hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəldildi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması isə prioritet istiqamətlərdən biri kimi müəyyən edildi.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, müasir hərbi texnologiyaların tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlər öz nəticəsini döyüş meydanında göstərdi. Bəli, 2023-cü ilin sentyabrında əldə olunan strateji nəticə təsadüfi deyildi. Bu uğurun əsasını 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, 2022-ci ildə keçirilmiş “Qisas” əməliyyatında nümayiş etdirilən hərbi hazırlıq və dövlət başçısının siyasi iradəsi təşkil edirdi. “Qisas” əməliyyatı ilə başlayan təhlükəsizlik xətti sonrakı mərhələdə həyata keçirilən antiterror tədbirləri ilə öz məntiqi nəticəsinə çatdı.
Sonda qeyd edək ki, “Qisas” əməliyyatı və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri Azərbaycanın milli təhlükəsizlik strategiyasının bir-birini tamamlayan mühüm mərhələləri kimi qiymətləndirilir. Bu hadisələr göstərdi ki, Azərbaycan sülh və sabitliyin tərəfdarı olmaqla yanaşı, dövlət suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qorumaq üçün zəruri siyasi, hərbi və diplomatik imkanlara malikdir. Sözügedən proseslər Azərbaycanın bölgədə yeni təhlükəsizlik reallıqlarının formalaşmasında həlledici rol oynadığını nümayiş etdirdi. Ölkə bir tərəfdən sülh və əməkdaşlıq gündəliyini dəstəkləyir, digər tərəfdən isə öz milli maraqlarının, suveren hüquqlarının və ərazi bütövlüyünün qorunması üçün bütün zəruri imkanlardan istifadə etmək əzmini ortaya qoyur.
Pünhan ƏFƏNDİYEV
XQ
Baxış sayı:178
Bu xəbər 01 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















