Qızılın qiyməti rekord vurur, neft ucuzlaşır... Qlobal böhran TƏHLÜKƏSİ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə dünya bazarlarında bir sıra maraqlı hadisələrlə yadda qaldı ki, bu da Azərbaycan iqtisadiyyatı üçün bu və ya digər şəkildə təsirə malik idi. Özü də bu hadisələr həm də siyasi səhnədə də cərəyan etdi.
MÖVZU İLƏ BAĞLI:
Qızılın qiymətində YENİ REKORD
Başlayaq qlobal bazarlardan...
Cari ilin I yarısında qlobal bazarlarda neft qiymətlərinin hər bareli ortalama 70 dollardan baha satılmışdısa, ilin ikinci yarısında qiymətlərin enişini müşahidə edirik və bu hal oktyabrın ilk ongünlüyündə 60-65 dollar dəhlizinə qədəm qoydu.
London Əmtəə Birjasında Brent markalı neftin qiyməti həftənin sonuncu hərracında 62,53 dollar səviyyəsinə qədər endi. Amma həftənin əvvəlində neft 65,77 dollara satılırdı və həftə içi 66 dollar həddini də keçmişdi. Həftə ərzində neft dünya bazarlarında 5,3% ucuzlaşdı. Qeyd edim ki, Brent markalı neft cari ildə sonuncu dəfə 63 dollardan ucuz qiymətə mayın 30-da satılmışdı.
Bəs neftin ucuzlaşmasına səbəb nə idi?
Qlobal bazar iştirakçıları bunun bir neçə səbəbini göstərirlər. Əvvəla, İsraillə HƏMAS arasında razılığın əldə edilməsi Yaxın Şərqdəki uzunmüddətli münaqişələrlə bağlı risklərin azalması deməkdir ki, bu da öz növbəsində neft daşımalarına olan təhlükələrin (əsasən də Qırmızı dənizdən keçən hissədə) minimallaşdırılması anlamına gəlir. İkincisi, dünya iqtisadiyyatında artım templərinin ləngiməsi enerji tələbatına birbaşa təsir edərək, neft qiymətlərinin aşağı düşməsinə səbəb olur. Üçüncüsü isə, inkişaf etmiş ölkələrdə həm strateji, həm də kommersiya baxımından artan neft ehtiyatları qiymətlərə təzyiq göstərir.
Onu qeyd edim ki, cari ilin IV rübündə qiymətlərin üzü 60-a doğru getməsini hələ bir neçə ay öncə proqnozlaşdırmışdılar və hazırkı eniş bu gözləntilərə uyğun gəlir. Məsələn, Beynəlxalq Enerji Agentliyi (EIA) 2025-ci ilin IV rübündə Brent neftinin orta qiymətinin bir barel üçün təxminən 62 dollar olacağına dair proqnoz vermişdi, ABŞ-ın “Citi Bank”i isə neftin 60 dollara qədər ucuzlaşacağını təxmin etmişdi.
Azərbaycanın neft proqnozu
Azərbaycan Maliyyə nazirliyinin məlumatına görə, cari ilin I yarısında ölkəmizdən ixrac edilən neftin orta ixrac qiyməti hər barel üçün 73,8 dollar təşkil edib. Təbii ki, III rübdə qlobal bazarda yaşananlara mütənasib olaraq Azərbaycan neftinin də qiyməti azalıb. Həmçinin bizim neft ixracı tariximizdə ilk dəfə Brent markalı neftlə müqayisədə əvvəl öyrəşdiyimiz təqribən 1,5 dollarlıq baha satmaq şanslarımız da məhdudlaşdı. Bunlar iyul-avqust aylarında ixrac etdiyimiz neft partiyalarının müəyyən hissəsinin keyfiyyət parametrlərinin aşağı olmasından irəli gəlirdi.
Amma təxmin etmək olar ki, son 3 ayda neftimizin orta qiyməti 70 dollardan aşağı həddə olub. İndi qlobal bazarlarda yaşananlar isə cari ildə Azərbaycan neftinin orta satış qiymətinin dövlət büdcəsində proqnoz edilən 70 dollarlıq həddə çatmayacağına dəlalət edir.
Qızıl qiymətlərinin rekordu
Neft qiymətlərindən danışdıqda, dünya iqtisadiyyatında yaşanan bir vacib məsələyə də toxunmaq gərəkdir. Söhbət “sarı qızılın” proqnoz edilməyən bahalaşmasıdır. Bu həftə qızıl tarixində ən baha qiymətə satıldı. Oktyabrın 6-da 1 unsiya qızılın qiyməti 4000 dollar oldu, yəni qramı 128 dollar.
İndi diqqətinizi külçə qızılın qiymətinin dünya birjalarında artım dinamikasına çəkmək istəyirəm. Qızıl 1000 dollara ilk dəfə bilirsiniz nə zaman satılıb? 13 mart 2008-ci ildə. Bundan iki dəfə bahasına isə 2020-ci ilin 8 avqust tarixində. 3 min dollar həddini isə bu ilin 14 martında keçmişdi. Və nəhayət heç 7 ay keçməmiş oldu 4 min dollar.
Yəni bu göstəriciləri təhlil etsək, görərik ki, qızıl o zaman qiymətə minir ki, “qara qızıl” başlayır dəyərini itirməyə. 2008-ci ilin iqtisadi böhranının ilkin təzahürləri bazarlara sirayət edəndə də, 2020-ci ildə pandemiyanın təsirləri dünya iqtisadiyyatına yayılanda da qızıl kəskin artım nümayiş etdirmişdi. İndi isə bir ilin içində iki dəfə “psixoloji qiymət həddini” aşmaqla qarşıdan dünya iqtisadiyyatının hələ çox böyük təlatümlərlə üzləşməsinin anonsunu edir.
Qızılın qiymətinin bu ilki artımı ona dəlalət edir ki, qlobal bazarda strateji məhsul kimi daim investorların diqqətində olan xam neftin bolluğu müşahidə edilir, o cümlədən neftin qeyri-rəsmi satış həcmlərinin artması halları da var, nəticədə ABŞ dollarının zəifləməsi, Mərkəzi Bankların və investorların geosiyasi və ticari risklərlə əlaqədar qızıla daha çox üz tutması baş verir. Məhz bu amillərin kombinasiyası 2025-də “qara qızılın” ucuzlaşmasına, əvəzində sarı qızılın kəskin bahalaşmasına gətirib çıxartdı.
Amma Sizlərə onu da xatırladım ki, neftin ucuzlaşması hər zaman qızılın bahalaşması ilə nəticələnmir. Çünki neftin ucuzlaşması adətən dünyada yaşanan iqtisadi çökmənin nəticəsində gündəmə gəlirsə, qızıla meyllənmək bazarda daha çox faktorlarla əlaqəlidir və heç də hər zaman sabit xarakter daşımır. Ona görə də dünyanın yeni düzəni özünə yer edən zaman onun qiymətinin hansı həddə olacağı çox müəmmalıdır.
Siyasətin bazarlara təsiri
Ötən həftə Azərbaycanın həyatında çox mühüm hadisələr baş verib. Elə hadisələr ki, bizim həm bu günümüzə, həm də gələcəyimizə bağlıdır. Əvvəla, oktyabrın 9-da Tacikistan paytaxtında Azərbaycan və Rusiya prezidentləri arasında görüş oldu və ictimaiyyət üçün verilən açıqlamalardan belə nəticəyə gəlmək olar ki, tərəflər iki ölkə arasında ötən ilin sonlarından yaşanan gərginliyin aradan qaldırılmasında maraqlıdırlar.
Bunlar həqiqətən vacib amildir, çünki siyasi formatda yaşanan istənilən gərginlik investorları narahat edən məsələdir, iti bucaqların hamarlanması yolunda atılan addımlar isə mümkün riskləri aradan qaldırmasa belə, onları daha yumşaq müstəviyə keçirir.
Başqa bir məsələ isə ötən həftə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı idi. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin “bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır” bəyanatı ilə yadda qaldı.
İlham Əliyev bu təşkilatı qlobal arenada vacib aktora çevirən amilləri sadalayarkən, təşkilat üzvlərinin daxili siyasi və iqtisadi sabitliyini, əhəmiyyətli geostrateji mövqelərə malik olmalarını, nəqliyyat-logistika sahəsində böyük imkanların və təbii resursların artan potensialını misal çəkib.
Mən Azərbaycan Prezidentinin toxunduğu bu məsələlər içərisində təbii resurslar və enerji təhlükəsizliyi amillərini daha ətraflı izah etmək istərdim.
Türk Dövlətlərinin enerjisi
Türk Dövlətləri Təşkilatının üzvləri və müşahidəçi ölkələrin cari il üçün istehsal edəcəkləri neft və qaz həcmləri kifayət qədər böyük həcmə malikdir. Cari ildə təşkilat çərçivəsində 140 milyon tondan çox neft və kondensat hasil edilməsi planlaşdırılır. Təbii qaza gəlincə isə onun hasil ediləcək həcmi cari il üçün təqribən 192 mlrd kubmetr proqnoz edilir. Məhz bu rəqəmlər özü özlüyündə Türk Dövlətləri Təşkilatının enerji təhlükəsizliyi məsələlərində oynadığı rolun önəmini göstərir.
TDR-nın enerji potensialına diqqət etdikdə görürük ki, Azərbaycan öz qazı ilə Avropanın enerji təhlükəsizliyində cəmi bir beşillikdə rolunu necə artan templə artırıbsa, son 10 ildə həmin rolu Türkmənistan, Özbəkistan və Qazaxıstan dünyanın ikinci iqtisadiyyatı olan Çinin enerji təhlükəsizliyində oynayıblar. Ümumilikdə, bu ölkələr ildə Çinə 45-50 milyard kubmetr qaz ixracını təmin edirlər, özü də Rusiyadan daha çox həcmdə boru kəməri ilə Çinə qaz ixracı həyata keçirirlər. Azərbaycan isə artıq 14 ölkənin qaz təminatçısıdır.
Rusiyanı liderlikdən salan ölkə
Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirmişdi ki, hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur.
Dövlət başçısı o zaman vurğulamışdı ki, bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir.
Təsəvvür edirsinizmi, Azərbaycan avqustda qardaş Türkiyənin boru kəmərləri vasitəsi ilə Suriyaya qaz ixracına başlamaqla ölkələrin boru qazı ilə təminatında liderlik kürsüsündən Rusiyanı salmağa nail olmuşdu. Çünki Rusiyanın Avropada daralan qaz bazarı nəticəsində hazırda bu ölkə dünyada cəmi 13 ölkəni boru qazı ilə təmin edir.
Azərbaycan “Yaşıl enerji” dəhlizinin mərkəzi kimi
Amma Türk dövlətlərini birləşdirən təkcə Şərq-Qərb ticarət-nəqliyyat dəhlizi və bu istiqamətlərdə neft-qaz satışı deyil. Bizim növbəti onillik üçün böyük bir hədəfimiz var. Özü də o məhsula bağlıdır ki, ona tələbat hər bazarda olacaq. Biz isə onu bahalı bazarlarda satmaq niyyətindəyik. Söhbət Xəzərin və Qara dənizin o tayını və bu tayını birləşdirəcək uzunluğu 4 min kilometri aşacaq “Yaşıl dəhliz”dən gedir.
Azərbaycan bu layihənin bünövrəsini qoyan ölkələrdəndir. Hələ 2022-ci ilin dekabrında Avropa Komissiyasının dəstəyi ilə Qara Dənizin dibi ilə Avropa İttifaqına çəkiləcək yüksək gərginlikli elektrik kabeli layihəsi üzrə ilk sənəd imzalandı. Həmin layihə Azərbaycanda yaşıl mənbələrdən istehsal ediləcək elektrikin Gürcüstandan keçməklə daha sonra Qara dənizin dibi ilə əvvəlcə Rumıniyaya, daha sonra isə Macarıstana çatdırılmasını nəzərdə tutur.
Görürsünüzmü, layihənin o başında da Türk Dövlətləri Təşkilatının daha bir fəal iştirakçısı – Macarıstan yer alır. Rəsmi Bakı isə üstündən heç bir il keçməmiş bu layihənin Mərkəzi Asiyadakı iki böyük enerji ölkəsi – Özbəkistan və Qazaxıstanla birləşdirilməsi təklifi ilə çıxış etdi və 2024-cü ilin mayında bununla bağlı ilk sənəd imzalandı. Beləliklə, Azərbaycan bu meqa enerji layihəsinin mərkəzində yer aldı. Bu da əbəs deyildi. Çünki Azərbaycan son illər məhz yaşıl enerji layihələrinin həyata keçirilməsi ilə nəinki Xəzər regionunda, hətta bütün postsovet məkanında bir liderə çevrilib.
Azərbaycanın yaşıl enerji planları
Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin açıqlamasına əsasən Azərbaycanda 2028-ci ilədək alternativ enerji mənbələrindən qidalanan 8 iri tutumlu elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur. Onların ümumi qoyuluş gücü 1910 MVt olacaq.
Bunlardan cəmi ikisi külək elektrik stansiyası olacaq ki, o da bu ilin sonunda istismara verilməsi planlaşdırılan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası və 2 il sonra istifadəyə veriləcək eyni gücdə olacaq "Abşeron-Qaradağ" stansiyasıdır.
2026-cı ildə ümumi gücü 860 MVt olan 3 günəş elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Bunlar Biləsuvar, Neftçala və Qobustan rayonlarında inşa ediləcək. 2027-ci ildə isə daha 3 günəş elektrik stansiyasının istismara verilməsi gözlənilir: hər birinin gücü 50 MVt olan "Üfüq" və "Şəms" stansiyaları və nəhayət, bp və SOCAR-ın birgə əməkdaşlığı ilə Cəbrayıl rayonunda inşa ediləcək 240 MVt gücündə olan "Şəfəq" günəş elektrik stansiyası.
Bizim.Media

