Ramil Həsən: Humanitar öhdəliklər yalnız birgə səylərlə reallığa çevrilə bilər
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC
Humanitar normaların pozulması bu gün dünyanın üzləşdiyi ən ciddi qlobal problemlərdən biridir. Silahlı münaqişələr, iqlim dəyişikliyi və genişmiqyaslı miqrasiya şəraitində əhalinin həssas qruplarının müdafiəsi ilə bağlı məsuliyyət bütün dövlətlərin və parlamentlərin üzərinə düşür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında “Humanitar normaların qorunması və böhran dövründə humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda çıxışında söyləyib.
Ramil Həsən bildirib ki, humanitar öhdəliklərin yerinə yetirilməsində parlamentlərarası əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır, hazırkı qlobal çağırışlar birgə və ardıcıl fəaliyyət tələb edir. Yalnız birgə səylər vasitəsilə biz humanitar öhdəlikləri real və təsirli tədbirlərə çevirmək mümkündür.
O, həmçinin TÜRKPA-nın PAİ və digər beynəlxalq parlament platformaları ilə əməkdaşlığın genişləndirilməsinə, dialoqun inkişafına və qlobal humanitar problemlərə ortaq yanaşmaların təşviqinə sadiq olduğunu diqqətə çatdırıb.
R.Həsən əlavə edib ki, TÜRKPA 2011-ci ildən bəri PAİ-nin fəaliyyətində müşahidəçi statusunda iştirak edir və regional, beynəlxalq parlament təşkilatları ilə konstruktiv əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir.


