Rəqəmsal cəmiyyətin kibertəhlükəsizlik strategiyası
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
26 Sentyabr Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Əməkdaşlarının Peşə Bayramıdır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) əməkdaşlarının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təsis edilib. Həmin sənədə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradıldığı gün–26 sentyabr 2012-ci il tarixi XRİTDX Əməkdaşlarının Peşə Bayramı Günü elan edilib.
XRİTDX əməkdaşları bu il peşə bayramının 14 ilini qeyd edirlər. Peşə bayramının təsis edilməsi dövlət idarəçiliyində xüsusi rabitənin və informasiya təhlükəsizliyinin strateji əhəmiyyətinin, eləcə də bu sahədə çalışan əməkdaşların dövlətin təhlükəsizliyinin və rəqəmsal dayanıqlılığının təmin olunmasında xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.
2026-cı ildə peşə bayramının növbəti dəfə qeyd olunması eyni zamanda XRİTDX-nin son illər informasiya təhlükəsizliyi sahəsində qarşıya çıxan yeni çağırışlara uyğun olaraq fəaliyyət istiqamətlərinin genişlənməsinin fonunda xüsusi məna daşıyır.
XRİTDX-nin inkişaf yolu
XRİTDX-nin fəaliyyətinin əsası 1994-cü ilə təsadüf edir. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” yaradılıb. Sonrakı illərdə qurum müstəqil şöbə, idarə və departament kimi fəaliyyət göstərərək dövlətin xüsusi rabitə sistemlərinin formalaşdırılması və inkişafında mühüm rol oynayıb.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, dövlət idarəçiliyində rəqəmsal həllərin geniş tətbiqi və informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz komponentinə çevrilməsi bu strukturun qarşısında yeni vəzifələr yaradıb.
Bu inkişaf prosesinin mühüm mərhələlərindən biri Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2012-ci il tarixli 708 nömrəli fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması olub. 16 mart 2020-ci il tarixli 957 nömrəli fərmanla isə agentliyin bazasında XRİTDX yaradılıb.
Beləliklə, bu illər ərzində qurumun fəaliyyət istiqamətləri xüsusi rabitənin təmin edilməsindən başlayaraq, dövlət informasiya sistemlərinin və resurslarının təhlükəsizliyinin təmin olunmasına, kibertəhlükələrin monitorinqinə, kritik informasiya infrastrukturunun müdafiəsinə və milli kibertəhlükəsizlik imkanlarının inkişafına qədər genişlənib.
Bu gün XRİTDX dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, dövlət orqanlarının internetə çıxışının, informasiya resurslarının yerləşdirilməsi və təhlükəsizliyinin, eləcə də xüsusi dövlət rabitəsi sistemlərinin etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm funksiyalar həyata keçirir.
Rəqəmsal mühitdə yeni təhlükələr
Bu gün informasiya təhlükəsizliyi yalnız informasiya sistemlərinin texniki mühafizəsi məsələsi deyil. Dövlət idarəçiliyinin, iqtisadiyyatın, enerji və nəqliyyat sistemlərinin, rəqəmsal xidmətlərin və şəhər infrastrukturunun sürətlə rəqəmsallaşdığı şəraitdə kibertəhlükəsizlik milli təhlükəsizliyin mühüm komponentinə çevrilib.
Süni intellektin və generativ texnologiyaların geniş tətbiqi, “deepfake” və digər sintetik məzmunların informasiya məkanına təsiri, kiberhücumların daha avtomatlaşdırılmış və hədəfli xarakter alması, eləcə də kritik infrastrukturun rəqəmsal asılılığının artması informasiya təhlükəsizliyinin qarşısında yeni çağırışlar formalaşdırır.
Məhz bu çağırışlar fonunda son dövrdə XRİTDX fəaliyyətinin əhatə dairəsi və institusional imkanları əhəmiyyətli dərəcədə genişlənib. Xidmət dövlət informasiya resurslarının mühafizəsi, xüsusi və dövlət rabitəsinin təhlükəsizliyi, kibertəhdidlərin monitorinqi və təhlili, insidentlərə cavabvermə, kritik informasiya infrastrukturunun müdafiəsi, informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi və insan kapitalının inkişafı istiqamətlərində kompleks fəaliyyət həyata keçirir.
Dövlət CERT-in yeni mərhələsi
2026-cı ildə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mühüm institusional dəyişikliklər baş verib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilmiş dəyişikliklər və həmin dəyişikliklərin tətbiqi ilə bağlı Prezident fərmanı ilə Dövlət CERT-in səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçirilməsi müəyyən edilib.
Yeni hüquqi çərçivəyə əsasən Dövlət CERT dövlət informasiya infrastrukturlarının kibertəhdidlərə, kiberhücumlara və kiberinsidentlərə qarşı fasiləsiz monitorinqini, insidentlərin aşkarlanmasını və araşdırılmasını, onların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını, təhlükəsiz internet mühitinin təmin edilməsini və proaktiv informasiya təhlükəsizliyi tədqiqatlarının aparılmasını həyata keçirəcək. Bu dəyişiklik dövlət informasiya infrastrukturunun mühafizəsində vahid və koordinasiyalı yanaşmanın gücləndirilməsi baxımından mühüm mərhələdir.
Risk əsaslı yanaşma
İnformasiya təhlükəsizliyinin təmin edilməsində digər mühüm istiqamət risklərin əvvəlcədən müəyyənləşdirilməsi və idarə olunmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2025-ci il tarixli 411 nömrəli qərarı ilə “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması Qaydası” təsdiq edilib. Yeni mexanizm informasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, təsnifləşdirilməsi və idarə olunması üzrə vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
Beləliklə, informasiya təhlükəsizliyi sahəsində yanaşma əvvəllər yalnız baş vermiş insidentə reaksiya verməkdən ibarət idisə, hazırda risklərin qabaqcadan müəyyənləşdirilməsinə və qarşısının alınmasına doğru inkişaf edir.
Fasiləsiz müdafiə
2026-cı ilin ilk 6 ayının nəticələri XRİTDX-nin dövlət informasiya resurslarının müdafiəsinin miqyasını nümayiş etdirir.
Hesabat dövründə “AzStateNet” şəbəkəsində yeni nəsil təhlükəsizlik həlləri vasitəsilə milyonlarla təhlükəli URL keçidi və zərərli şəbəkə trafiki bloklanıb, “Sandbox” mühafizə sistemi tərəfindən on minlərlə zərərverici tərkibli fayl aşkarlanaraq zərərsizləşdirilib. Son istifadəçilərin müdafiəsi çərçivəsində milyonlarla kibertəhdidin qarşısı alınıb. Dövlət elektron poçt xidmətində emal olunan milyonlarla məktubun əhəmiyyətli hissəsində zərərli tərkib müəyyən edilərək bloklanıb.
Bu fəaliyyətin mühüm xüsusiyyəti ondan ibarətdir ki, müdafiə mexanizmləri yalnız hücum baş verdikdən sonra işə düşmür. Davamlı monitorinq, təhdid kəşfiyyatı, təhlükəsizlik auditləri, nüfuzetmə testləri və proaktiv araşdırmalar rəqəmsal mühitdə risklərin qabaqcadan müəyyənləşdirilməsinə imkan verir.
Yeni çağırışlar
Süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya təhlükəsizliyi sahəsində həm yeni imkanlar, həm də yeni risklər formalaşdırır. Generativ süni intellekt, “deepfake” texnologiyaları və avtomatlaşdırılmış kiberhücumlar dövlətlərin informasiya təhlükəsizliyi yanaşmalarının daim yenilənməsini zəruri edir.
Bu baxımdan XRİTDX tərəfindən dövlət qurumlarında süni intellektin imkanlarından təhlükəsiz və səmərəli istifadəyə dair bilik və bacarıqların artırılması istiqamətində tədbirlər həyata keçirilir. XRİTDX və Süni İntellekt üzrə Tədris Mərkəzinin təşkilatçılığı, Elektron Təhlükəsizlik Xidmətinin təşkilati dəstəyi ilə dövlət qurumlarının əməkdaşları üçün “Məhsul menecerləri üçün süni intellekt” bir aylıq müddətində təlim proqramı keçirilib. Təlim çərçivəsində iştirakçılara informasiya təhlükəsizliyi sahəsində yarana biləcək təhdid və risklərin qabaqcadan müəyyənləşdirilməsi, müvafiq tədbirlərin proqnozlaşdırılması və bu məqsədlə süni intellekt əsaslı həllərin hazırlanması üzrə nəzəri və praktiki biliklər verilib. Xidmət tərəfindən bu istiqamətdə təlim və maarifləndirici tədbirlər keçirilir, informasiya təhlükəsizliyi üzrə maarifləndirici videoçarxlar hazırlanaraq yayımlanır.
İnsan kapitalı və peşəkarlıq
Kibertəhlükəsizlik sahəsində texnologiya qədər peşəkar insan kapitalının formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Son dövrdə XRİTDX-nin ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi bu istiqamətdə yeni imkanlar yaradıb.
Bakı Ali Neft Məktəbində XRİTDX-nin dəstəyi ilə yaradılmış “İnformasiya təhlükəsizliyi testləri” laboratoriyası praktiki təlimlərin keçirildiyi mühüm platformalardan birinə çevrilib. Cari ilin əvvəlində laboratoriyada XRİTDX tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşları üçün ikihəftəlik ixtisasartırma təlimləri təşkil edilib.
2026-cı ilin iyununda burada XRİTDX və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” proqramı çərçivəsində enerji sektoru üzrə “Cyber Range Hands-On Exercise” praktiki təlimi keçirilib. Təlimdə 13 qurum və təşkilatdan 18 iştirakçı real ssenarilər əsasında kiberinsidentlərin aşkarlanması, təhlili və onlara cavabvermə üzrə praktiki tapşırıqlar yerinə yetirib.
XRİTDX-nin Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığı çərçivəsində zərərvericilərin analizi və rəqəmsal kriminalistika laboratoriyasının istifadəyə verilməsi də bu istiqamətdə mühüm addımlardandır.
Azərbaycanda ilk dəfə istifadəyə verilən bu laboratoriyada real kiberinsident ssenariləri üzrə praktiki çalışmaların aparılması, rəqəmsal sübutların araşdırılması, zərərli proqram təminatlarının davranışının öyrənilməsi, tərs mühəndislik, kod və zərərverici analizi, habelə kiberhücumların texniki izlərinin araşdırılması üçün müvafiq imkanlar yaradılıb. Bununla yanaşı, yeni istifadəyə verilmiş laboratoriya dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturlarının kibertəhlükələrdən qorunması, texniki ekspertiza imkanlarının gücləndirilməsi, müasir kibertəhlükələrin araşdırılması və bu sahədə yerli peşəkar potensialın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, laboratoriyaların yaradılması, praktiki təlimlərin və ustad dərslərinin təşkili Azərbaycanın kibertəhlükəsizlik üzrə milli kadr potensialının gücləndirilməsinə xidmət edir.
Azərbaycan və beynəlxalq kibertəhlükəsizlik
Son bir ildə XRİTDX-nin beynəlxalq fəaliyyəti də yeni məzmun qazanıb. Xidmətin nümayəndələri dünyanın müxtəlif ölkələrində keçirilən aparıcı kibertəhlükəsizlik tədbirlərində iştirak etməklə yanaşı, beynəlxalq platformalarda Azərbaycan təcrübəsini təqdim ediblər.
2026-cı ildə XRİTDX nümayəndələri Buxarestdə “Digital Innovation Summit Bucharest”, ABŞ-ın Denver şəhərində “NatCSIRT 2026” və “FIRSTCON26”, Fransanın Strasburq şəhərində “Underground Economy 2026”, Vyanada “CyberCon26”, Dubayda isə “GISEC 2026” kimi və digər nüfuzlu beynəlxalq tədbirlərdə iştirak ediblər. Bu platformalarda kritik informasiya infrastrukturunun müdafiəsi, milli kiberdavamlılıq, kibertəhdid kəşfiyyatı, insidentlərə cavabvermə, süni intellekt, kiberdiplomatiya və beynəlxalq məlumat mübadiləsi kimi məsələlər müzakirə olunub.
Beynəlxalq kiberdiplomatiya
Beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri də kiberdiplomatiyanın ayrıca institusional və peşəkar istiqamət kimi inkişaf etdirilməsidir. 2024-cü ildə XRİTDX-nin təşəbbüsü ilə Bakıda ilk dəfə keçirilən kiberdiplomatiya üzrə Beynəlxalq konfrans bu istiqamətdə mühüm platforma yaradıb.
Konfrans çərçivəsində XRİTDX və tərəfdaş qurumlar arasında Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Bu təşəbbüs kibertəhlükəsizlik məsələlərinin texniki müstəvidən diplomatik və beynəlxalq təhlükəsizlik gündəliyinə çıxarılması baxımından əhəmiyyət daşıyır.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq 19 noyabr 2026-cı il tarixində Bakıda Kiberdiplomatiya üzrə II beynəlxalq konfransın – ICCD 2026-nın keçirilməsi nəzərdə tutulur. Konfransın builki əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” olacaq. Tədbirdə süni intellektin beynəlxalq münasibətlərə təsiri, kibermüttəfiqliklər, strateji muxtariyyət, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı risklər, kritik infrastrukturun qorunması, kiberməkanda etimad və dövlətlərin məsuliyyətli davranışı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Beləliklə, 2024-cü ildə əsası qoyulan beynəlxalq kiberdiplomatiya platformasının 2026-cı ildə ikinci dəfə keçirilməsi Azərbaycanın kiberməkanın beynəlxalq təhlükəsizlik və diplomatiya müstəvisində müzakirə edildiyi proseslərdə fəal iştirakını nümayiş etdirir.
Rəqəmsal şəhərdən milli dayanıqlılığa
XRİTDX-nin fəaliyyəti artıq yalnız dövlət informasiya sistemlərinin texniki mühafizəsi ilə məhdudlaşmır.
Cari ildə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında xidmətin xüsusi stendlə təmsil olunması bunun nümunələrindən biridir. Forum çərçivəsində interaktiv simulyasiyalar vasitəsilə nəqliyyat, rabitə, enerji və digər kritik xidmətlərə qarşı mümkün kiberhücumların şəhər həyatına təsiri nümayiş etdirilib.
Bu yanaşma rəqəmsallaşan şəhərlərdə kibertəhlükəsizliyin şəhər xidmətlərinin fasiləsizliyi, iqtisadi fəaliyyət, ictimai təhlükəsizlik və vətəndaşların rəqəmsal xidmətlərə etimadı ilə birbaşa bağlı olduğunu göstərir.
Xüsusi rabitədən rəqəmsal suverenliyə
1994-cü ildə kiçik bir “Rabitə və texniki bölmə” kimi fəaliyyətə başlayan strukturdan bu gün dövlətin xüsusi rabitə və informasiya təhlükəsizliyi sistemlərinin mühüm elementlərindən birinə çevrilən xidmətə qədər keçilən yol ölkənin texnoloji inkişafı ilə paralel olub.
Bu inkişafın mahiyyəti yalnız strukturun böyüməsində deyil, qarşıya qoyulan vəzifələrin dəyişməsindədir. Əgər ilkin mərhələdə əsas diqqət xüsusi rabitənin etibarlı təşkilinə yönəlirdisə, bu gün həmin missiya dövlət informasiya resurslarının, kritik infrastrukturun, rəqəmsal xidmətlərin və bütövlükdə, milli informasiya məkanının təhlükəsizliyinin təmin olunmasını əhatə edir.
Müasir dövlət üçün təhlükəsiz rabitə, qorunan informasiya sistemləri, dayanıqlı rəqəmsal infrastruktur və milli kibermüdafiə imkanları bir-birindən ayrılmaz anlayışlardır. Bu baxımdan XRİTDX-nin 30 ildən artıq tarixi ənənə ilə müasir texnologiyanın, institusional təcrübə ilə innovasiyanın birləşdiyi inkişaf yoludur.
Son dövrdə həyata keçirilən institusional və texnoloji tədbirlər, yeni hüquqi mexanizmlərin formalaşdırılması, Dövlət CERT-in rolunun gücləndirilməsi, risk əsaslı idarəetməyə keçid, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri ilə tərəfdaşlığın inkişaf etdirilməsi, yeni nəsil kibermüdafiə imkanlarının tətbiqi və kiberdiplomatiya üzrə beynəlxalq platformaların yaradılması bu inkişafın davam etdiyini göstərir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları bu missiyanı hər gün, görünən və görünməyən rəqəmsal cəbhədə həyata keçirirlər. Rəqəmsal dünyada təhlükəsizlik çox vaxt hadisə baş vermədikdə hiss olunur. Sistemin dayanmadığı, məlumatın qorunduğu, rabitənin kəsilmədiyi və kiberhücumun istifadəçiyə çatmadan qarşısının alındığı hər bir an bu əməyin nəticəsidir.
Peşə bayramı münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bütün əməkdaşlarını təbrik edir, dövlətimizin təhlükəsizliyinin, etibarlı xüsusi rabitə və informasiya sistemlərinin qorunması istiqamətində məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
Mustafa KAMAL
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 26 Sentyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















