Icma.az
close
up
RU
Romantik şeirlərdə söz gücü

Romantik şeirlərdə söz gücü

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kulis.az Flora Xəlilzadənin "Romantik şeirlərdə söz gücü" yazsını təqdim edir.

Özünəməxsus poetik dünyası olan Fəxrəddin Ziyanın mənə bağışladığı “Şeiriyyətim, şeirim” adlı kitabından ilk oxuduğum misralar könlümü yaman tutdu:

Mənim Kəbəm də sən, Mədinəm də sən,
Bir daşın bəs eylər min heyrət üçün.
Bir ovuc torpağın yetər, ey Vətən,
Yüzlərlə zəvvara ziyarət üçün.

Yaradıcı insanlar ələ qələm alandan həmişə Vətəninə üz tutub, öz gücü, qabiliyyəti, imkanı daxilində ona sevgisini, məhəbbətini bildiriblər. Sadəcə, bu ərməğanların adı və müəllifləri müxtəlif olub. Abbas Səhhətdən üzü bəri Vətənlə bağlı neçə şairimizin qızıldan dəyərli şeirləri yaddaşımıza həkk edilib. Bu dərya dərinləşdikcə hər dəfə yeni bir bulağın çağlayışı da baş verir. Həqiqətən də, dünya köhnə dünyadır, sevgiləri təzədir. Bu mənada Fəxrəddin Ziyanın Vətənə ünvanladığı şeirlərində təkcə yurd sevgisi, daha dəqiqi tərənnüm duyulmur. Bu şeirlərdə həm də qəlbimizi neştərləyən bir fəryad var. Şair adını andında, sevgisini canında yaşatdığı Vətənin başına gətirilən faciələri içindən keçirə-keçirə “qeyrət Xocalıda, Şuşada qalıb” harayını çəkərək bizi haqlı bir ittihamla üz-üzə qoyur:

Dərdi bir yandadır, nəfsi bir yanda,
Sərvət azarına tutulan millət.
Korlaşmış qılıncı paslanır qında,
Söhbət azarına tutulan millət.

“Hardan başlanır vətən?” Fəxrəddin Ziyanın şeirlərindən birinin adıdır. Cavab bəllidir. Sovet dövründə bu mövzuda inşa yazdırardılar. Bu başlanğıc Vətən də SSRİ-nin bizə uzaq guşəsi, deyək ki, Kamçatka olardı. Elə bişmiş toyuğun da gülməyi tutan bu süni ideyalar da çox yaşamadı. Əslində hər kəsin Vətəni öz beşiyindən başlayır. Bu mənada müəllifin “Masallı”, “Lənkəran”... adlı şeirlərinin ahəngindəki yurdsevərlik təbiidir:

Sən mənim dünyaya göz açdığım yer,
Sən mənə torpağı sevdirən məkan.
Sən mənim ilhamla söz açdığım yer,
Sən mənə Vətəndə Vətənsən, inan.

“Xanbulan” şeirində də şairin doğma yurda bağlılığı, onun füsunkarlığını böyük məhəbbətlə vəsf etməsi qürur doğurur. Hələ ötən əsrin sonlarında mən ilk dəfə Xanbulanda qonaq olanda heyrətimdən özümə gələ bilmirdim. Ömrümdə keçirmədiyim bir əzab da mənə qənim kəsilmişdi. Bunun iki səbəbi var idi: öncə erməni tapdağında qalmış ana yurdum Uruda oxşarlığı xəyalımı uzaqlara apardı, sonra da övladlarımın yanımda olmamasına təəssüflənirdim ki, onların bu qeyri-adi gözəllikdən, mənzərələrdən xəbərləri yoxdur. Fəxrəddin Ziyanın Xanbulan vurğunluğu mənim də o gözəl məkana məftunluğumu yada saldı: “Təbiətin bu ecazkar qüdrəti, yaradıbdı özü boyda heyrəti”.
Vətən torpağının gözəlliyinə şeirləri ilə güzgü tutan şairin məramı aydın, məqsədi bəllidir. “Ən müqəddəs qürurun, namusun, arındır Vətən” qətiyyəti ilə şeirlərinə torpaq ətri səpən Fəxrəddin Ziya vətəndaş mövqeli şair olduğunu poetik dünyası ilə təsdiq və etiraf etməyi bacaran, Vətənin adına and yeri deyən, adi daşına əyilə bilən, bir ovuc torpağını ziyarət ünvanı seçən, özünü məhz onun qoynunda xoşbəxt görən, gözəlliyinə heyran qalan, uğrunda ölməyi şərafət sayan, ürək sahibidir. Onun təbiətə baxışı, duyduqlarını mənalandırma qabiliyyəti düşündürücü və maraqlıdır:

Bu yerlər misallı təbiət hanı,
Ağarır çəməndə şeh qırov kimi?
Dağlar yorğun düşmüş dəvə karvanı,
Şəlalə səslənir zınqırov kimi.

Həyatın bütün təzadları boylanan bu kitabda dərdlərimiz misra-misra sinəmizə sıxılır. Müəllifin bir etirafı bizə sanki ümid verir, ya bəlkə də müəmmalara aydınlıq gətirir: “Nə yaxşı ki, zaman yazır tarixi, Zamandan ki, bir mötəbər tapılmaz”. Şairin “Mədhiyyəçi yazarlara” adlı şeiri bu yaxınlarda tamamladığım “Mədhiyyəbazlıq” adlı yazımda toxunduğum məsələ ilə həmahəngdir. Doğrudan da hər şeyin bir ölçüsü olmalıdır. Gözəllik də sərhədindən çıxanda ən dəhşətli eybəcərliyə çevrilir. Qərəz də, yaltaqlıq da rəzalətdir. İstəsən ki, bir insanı əyəsən, yolundan çıxarasan, onun qarşısına yaltaq çıxart. Allah heç kəsin əlindən xalqının alqışını, beynindən isə öz ağlını almasın. Bu iki amil insanı həmişə ucaldır. Xalq şairi Qabildən gəlmə bir fikri Fəxrəddin də özünəməxsus şəkildə qabardır:

Tərif ilə mədhiyyəni,
Lovğalıqla fəxriyyəni,
Rüşvət ilə hədiyyəni,
Rütbə ilə səviyyəni
qarışdırma.

Tənqidçi Vaqif Yusiflinin kitaba yazdığı rəydə bir fikir diqqətimi çəkdi: “Fəxrəddin Ziya çox həssas şairdir və bu həssaslıq o dərəcədə güclüdür ki, şair yaşadığı dövrün, dolaşdığı, təmasda, ünsiyyətdə olduğu mühitin qüsurlarını, insanların bir-birinə münasibətindəki mənfilikləri, cəmiyyətdə, ictimai-siyasi həyatda yaranan xaosu, hərc-mərcliyi... şerindəndə gizlədə bilmir”. Elə Fəxrəddin Ziyanın məziyyətidir ki, haqsızlığa, yalana, harınlığa, insafsızlığa laqeyd qalmır. O, şeir yazmır ki, şair olsun. Fəxrəddin Ziya məhz şair doğulduğu üçün könlünü şeiriyyətə bağlayıb. Kitabının əvvəlində oxucusuna da xəbərdarlığını edib:

Şeirimdə gəzməsin kimsə siyasət,
Mən nə iqtidaram, nə müxalifət.

Kitabdakı şeirləri oxuduqca müəllifin sözə necə məsuliyyətlə yanaşması, məna və çalarlarını ustalıqla duyması, poeziyanın çətin yollarını səlis müəyyənləşdirə bilməsi bir oxucu kimi məni çox sevindirdi. Sözə ürəkdən bağlanması, onu doğru dəyərləndirməsi Fəxrəddinin bir şair kimi uğurudur. Bu səbəbdən də hər misrası urvatlıdır. Döyənək qafiyələrdən, çürük fikirlərdən uzaqdır. Qəribə bir etirafı ürəyimə yağ kimi yayıldı və səmimiyyətinə “əhsən” dedim. Əsl söz aşiqliyi budur:

Mən dünyaya söz gətirdim özümlə,
Söz zinətdir, zəriflikdir gözümdə.
Görsəm şeirə yük oluram sözümlə,
Ayağımdan asılmağa hazıram.

Kaş ki, bu məsuliyyəti dərk edənlərin sayı çox olaydı. Yoxsa ədəbi gülüstanımızı bürümüş alaq otlarının əlindən yeni nəşrlərə ehtiyatla yanaşmazdıq. Vaxtı ilə unudulmaz Mikayıl Müşfiqin yana-yana yazdığı bu qədər çox göyərməzdi:

Şairəm, söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir.

Əlbəttə, hər kəs öz işi, peşəsi ilə məşğul olsa yaxşıdır. Onda heç zaman düzü əyrilər kəsə bilməz. Əfsuslar olsun ki, çox halda istedadlının taleyi nadandan asılı olur. Oğru elə bağırır ki, doğrunun bağrı yarılır, həyatımız bu cür nakəslərdən xali deyildir. “Mənim üçün həqiqət hər şeydən uca, xalqın dərd-sərini yazmaq şərəfdir” - deyərək sözün ləyaqət bayrağını qaldıran şairin məramı aydın, qələmi kəsərlidir. “Kamil olmaq imandandır...” əqidəsi ilə yaşayıb-yazan Fəxrəddin Ziya seçilməyin, ucalmağın yolunu da məhz elə qurub-yaratmaqda görür.
Fəxrəddin Ziyanın böyük şairimiz Məmməd Araza ünvanladığı silsilə şeirləri var. “Xalqın yaşar ulusu sən, öndəri sən, söz mülkündə at oynadan hünəri sən” misraları ilə üz tutduğu ustadla dərdləşən müəllifin qələmə gətirdikləri bizi də titrədir. Məmməd Arazın dilimin əzbəri olan misralarını bu yerdə xatırlatmasam ürəyim partlar: “Özünü kiçiklər torundan qoru, fil tutur, şir tutur hörümçək toru”. Elə təbiətdəki nəhəngləri də bör-böcəklər, qarışqalar məhv edib. Məmməd Araz şeirlərinə köklənmiş şairin bizi düşüncələr aləminə aparan poetik ricətləri içimizdən keçir:

Haqqı sədəqədir fağır olanın,
Qəlbi qubar olar sağır olanın,
Ayıq ol, yuxusu ağır olanın,
Yerinin, yurdunun daşı bilinməz.

Misraların yükləndiyi hikmət adamı heyrətə gətirir: “Baxırsan, çox şeylər oxşardı üzdə, ha axtar, tapmazsan şəkəri duzda”; “Haqqsız dövrlərin burulğanında ustadlar seçilməz, naşı bilinməz”; “Ölənlə əbədi köç edib gedən, körpəylə qayıdan candı bu gərdiş”; “Yetkin harda olsa bitkin iş görər”; “Bir ovuc torpağı qalsa yiyəsiz, demək sızıldayan yarandı Vətən”; “Çaylarını elçi kimi göndərir, ümmanlara işi düşüb dağların”; “Yurd dediyin müqəddəsin, ocağından, külündən öp” və s.
Fəxrəddinin şeirlərinə musiqi libası da biçilib. Tanınmış müğənnilərin nəfəsindən qopan bu mahnılar dinləyicilər tərəfindən maraqla qarşılanır. Gözəl nəğmələri ilə könlümüzü oxşayan Xumar Qədimovanın ifasında səslənən mahnıları daha çoxdur. Hamısı da bir-birindən təsirli. Hər dəfə eşidən də varlığımdan oluram:

Elə bilmə unudulub o günlər,
Hər xatirən bir sehrdir, tilsimdir.
Mizrabından ayrı düşmüş siməm mən,
Köklənmərəm, çalınmaram, ha dindir.

Ümumiyyətlə, bu şairin lirik şeirlərinin də bir özgə havası var. Köhnə təzəliyin içində qəlbi riqqətə gətirən məqamlar çoxdur. Misraların ahəngindən sanki qəmli ney səsi duyulur. Lirik mənin könül pıçıltıları, gileyləri o qədər səmimi, təbii və sirayət edicidir ki... Bu nidaların, sualların ahlarından boylanan misraların yaratdığı aynada öz gəncliyini, sevdalı günlərini görürsən. Oxucuya bu dərəcədə yaxınlaşmaq, qəlbindən xəbər vermək, ötən günlərinə aparmaq, heyrətləndirmək, gah sevindirib, gah da kövrəltmək şair qələminin qüdrətini göstərir. Bəzən deyirlər ki, müasir yazarlardan yazanda onları çox tərifləməyin. Sonra klassiklərdən danışmağa söz tapa biləsən. Mən bu fikri qətiyyən qəbul etmirəm. Çünki klassik onsuz da adını, əbədiyaşarlığını qazanıb. Əsas odur ki, fikir yürüdəndə, tərif deyəndə yalan danışmayasan, təmənna axtarmayasan. Onsuz da zövqlü oxucu, ədəbi ictimaiyyət ağı qaradan əvvəl-axır seçir. Bunun müqabilində hər kəsin qiymətini vaxtında verəndə, ən azından dilə gətirəndə Allaha da xoş gedər, bəndəyə də. Mənim düşüncəmə görə, Fəxrəddin Ziyanın bir çox şeirləri bu mənada qabil və qalib nümunələrdir.
Bu kitabda mənim üçün həqiqətən gözlənilməz olan bir məsələdən də agah oldum. Sən demə, Fəxrəddin Ziya illər öncə “salam-sağolumuz” olan, indi haqq dünyasında uyuyan yazıçı-publisist Ağəddin Mansurzadənin, şair Zülfüqar Qodmanlının qardaşı imiş. Bu yuxa məqamda bir iftixar hissi keçirdim, əminlik duyğusu yaşadım. Belə bir ailə mühitində yaşayan Fəxrəddin Ziya ixtisasca həkim olsa da, şeir yazmaya bilməzdi. Allah vergisi, istedad öz yerində onun əsl müəllimləri doğmaları olub. Əlbəttə, bu qardaşların hər birinin ədəbiyyatımızda öz yeri var.
Duyğu və hisslərini misralarla qələminə söyləyən, Məmməd Arazın fikrinə (Anadan, bacıdan gizlətdiyimi kağızdan, qələmdən gizlətməmişəm) istinadən şeirlərindən pünhan tutmayan Fəxrəddin Ziyanın istəyi yazdıqlarının öz məkanına tuş gəlməsidir:

Ruhunu oxşayan hər misram ilə,
Ay əziz oxucum, sənsən ünvanım.

Şair qardaşımızın ürəyi arxayın ola bilər. Ünvanı düz seçdiyindən göndərdiyi söz hədiyyəsi öz sahibinə çatıb. İndi bu töhfələr bizə nə qədər xoş gəlib, onu necə bəyənmişik, dəyərləndiririk, mən öz payıma təəssüratımı qələmə aldım. Bu da məndən sizə bir ərməğan olsun!..

Öləndə də sərnişinləri düşünən pilotlarımız Əmin Abiddən soraq - Dilqəm Əhməd Dərdli, yağışlı gecə - Ələddin Əzimlinin şeirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri