Icma.az
close
up
RU
Ruhum, gözlərini yum... Romandan parça

Ruhum, gözlərini yum... Romandan parça

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(Beşinci fəsil)

Yeraltı kompleksin geniş dəhlizlərində sükutun içində dərin bir sirr gizlənirdi. Bu kompleks bəşəriyyətin gələcək taleyini dəyişəcək yeni həqiqətlərə “hamilə” idi, bu gün - sabah o gerçəklər dünyaya göz açacaqdı. Burada zamanın ritmi tamam başqa idi: nə səhər açılırdı, nə də gecə düşürdü. Təkcə divarlardan süzülən neon işıqlar gah mavi, gah da soyuq bənövşəyi rəngə boyanaraq zamanın axışını özünəməxsus şəkildə əks etdirirdi. Elə bil bu məkan bəşəriyyətin deyil, tamam başqa, texniki-elmi bir aləmin nəfəsiylə yaşayırdı.

Amma sükutun içində gizlənən bir musiqi də vardı, dərinliklərdən gələn astaca uğultu, naqillərin kapilyar damarlara oxşayan şəbəkələrindən keçən enerji və  bəzən uzaqlarda eşidilən mexaniki xışıltı bu aləmin ürək döyüntüləri kimi duyulurdu. Tavandan asılmış naqillər sarmaşıq kimi aşağı sallanır, şüşəvari boruların içində axan işıq şırnaqları isə sanki görünməz bir həyat qüvvəsinin qan dövranını xatırladırdı.

Bura qədim sirlərlə gələcəyin sərhədində qurulmuş bir laboratoriyanı, həm də unudulmuş sivilizasiyanın nəfəsini andırırdı. Burada divarlara toxunanda sanki daşdan yox, yaddaşdan yonulmuş bir məkana əl uzadırsan. İşıqların gah maviyə, gah bənövşəyiyə boyanması sadəcə texniki effekt deyildi, bu dəyişkən rənglər insana zamanın öz formasını itirdiyini, dəhlizlərin isə əbədiyyətin nəfəsini saxladığını hiss etdirirdi.

Dəhlizlərdə havalandırma sisteminin soyuq xışıltısı qulaqda daim pıçıltı kimi dolaşırdı. Server qüllələrinin uğultusu isə sanki okean dalğalarının səsi kimi gah yüksəlir, gah da alçalırdı. Bu səslər birləşib qəribə bir musiqi yaradırdı, bu, texnologiyanın musiqisi, gələcəyin səsi idi.

Leon artıq bu musiqiyə öyrəşmişdi. Hər dəfə serverlərin yanından keçəndə özünü böyük bir orqanın içində addımlayırmış kimi hiss edirdi. Hər kabel, hər panel, hər ekran bu orqanın bir damarına çevrilmişdi və Leon özünü həmin orqanın özəyi, ürəyi sayırdı.

Kompleksin mərkəzi zalında iri şüşə kapsul dayanmışdı. Kapsulun içində Leonun əsəri – nə vaxtsa dirilib insan kimi hərəkət edəcək bir humanoid varlıq dururdu. Bu, artıq sadəcə metal karkas deyildi. Gümüşü skeletin üzərinə canlı insan dərisinə maksimum bənzəyən silikon örtük çəkilmiş, barmaqlarının buğumlarına qədər incəliklə işlənmişdi. Üzündəki konturlar o qədər dəqiq idi ki, bir anlıq insana baxdığını düşünə bilərdin.

Ən böyük yenilik isə baş hissəsində idi. Burada quraşdırılmış süni korteks artıq sadəcə prototip deyildi, əməlli-başlı işləyirdi.

Leon konsolun qarşısında əyləşmişdi. Ekranlarda rəqəmsal neyron şəbəkəsinin modeli yanıb-sönür, minlərlə nöqtə işıq saçaraq bir-birinə bağlanırdı. Bu mənzərə əsl insan beyninin neyron əlaqələrinə bənzəyirdi, amma fərqi vardı: buradakı proseslər yüz min dəfə sürətli idi.

- Başlayırıq, - dedi Leon, səsi həm coşqu, həm də həyəcanla titrəyirdi. Sonra bir anlıq dönüb Lioranın gözlərinin içinə baxdı. Dünən gecəni bir yerdə keçirdiyi bu ağıllı, gözəl qadın artıq onun sevgilisinə, ən böyük dəstəkçisinə və yardımçısına çevrilmişdi. Leon aralarındakı yaxınlıqdan və Lioranın ona söylədiklərindən sonra ona daha çox etibar etməyə başlamışdı. Əslində, işi də elə idi ki, burada etbar etməkdən, inanmaqdan başqa çıxış yolu da yox idi.

Lion gözlərini Lioradan çəkib yenidən qarşısına zilləndi. Kapsuldakı fiqurun göz çuxurlarında zəif işıq parladı. Əvvəlcə işıq sanki yalnız kodların mexaniki reaksiyası idi. Amma Leona bir anlıq elə gəldi ki, bu işıqda canlı həyatın qığılcımı var. O. bunu işarə ilə Lioraya da bildirdi.

Liora onun lap yanında dayanmışdı. O, hər şeyi, bütün prosesləri  diqqətlə izləyirdi. Həyəcandan tərləmişdi, laboratoriya geyimi az qala islanıb bədəninə yapışmışdı,  arxaya yığılmış saçları da sanki nəm idi, gözlərinin dərinliyindəki parıltını gizlətmək mümkün deyildi.

- Bax, Leon, mən də onun gözünün dərinliyindəki canlı qığılcımı gördüm, elə bil o, bizi görür...

Leon dodaqlarını sıxdı. O özü də eyni şeyi hiss etmişdi. Amma dərhal buna elmi izah gətirdi:

- Bu, hələ ki, sadəcə kodların təsiridir. Korteks sinxronlaşmağa başlayanda belə işıqlanmalar normaldır. Amma Liora, bizi humanoidin - Elisiyanın canlanmağına lap az qalıb! Sənə söz verirəm, o insan kimi canlanacaq!

Elə inamla danışırdı ki, sanki özü də  inanmaq istəyirdi ki, bu işıq yalnız kod deyil, başqa bir şeyin – humanoid robotda insanvari həyatın başlanğıcının xəbəridir.

Monitorlarda rəqəmsal korteksin modeli genişləndi. İşıqlar ildırım kimi bir nöqtədən digərinə sıçrayır, milyonlarla sinaps bir anda aktivləşirdi. Leonun barmaqları klaviaturada rəqs edirdi, hər əmri daxil etdikcə humanoidin sistemində yeni bir funksiya işə düşürdü.

Birdən humanoidin barmaqları zəifcə titrədi. Sonra başı azacıq sağa əyildi, elə bil nəyisə dinləyirdi. Bu hərəkət Leonun ürəyini daha da sürətlə döyündürdü.

- Bu... hələ bu mərhələdə olmamalı idi, axı... - o, heyrətini gizlədə bilmədən pıçıldadı...

Liora yaxınlaşıb onunla lap çiyin-çiyinə dayandı. Ayaq səsləri zalın mərmər döşəməsində yumşaq əks-səda verdi. O, Leonun əlindən yapışıb gözlərini kapsuldan ayırmadan pıçıldadı:

- Sən artıq tarixin ilk human robotunu yaratmısan, Leon. Bu, sadəcə mexanika deyil. Bu, yeni bir varlığın, yeni bir həyatın nəfəsidir. Sən bəşəri kəşfin bircə addımlığındasan. Səni indidən təbrik edirəm, əzizim. Səninlə qürur duyuram...

Sonra o xəfifcə Leonun dodaqlarından öpdü. Qısamüddətli öpüşmədən sonra Leon işinə qayıtdı, dərindən nəfəs aldı. Birdən gözlərinin önündə başqa bir obraz canlandı: Elora... Onun dəniz mavisi gözləri, malikanənin eyvanında qəmli baxışları, Darini qucaqlayaraq göz yaşlarını gizlətməsi... Bir anlıq Leonun ürəyi sıxıldı. Amma o xatirəni tezliklə özündən qovub işinə davam etdi.

- Elm üçün hər şey mümkündür, - öz-özünə pıçıldadı - təkcə gözəlliyə deyil, elmə də qurban verməlisən nələrisə, Leon...

Liora onun nə pıçıldadığını eşitmədi, arxadan çiyinlərini qucaqlayıb başını onun kürəyinə söykədi. Qara saçları Leonun çiyninə töküldü. Onların arasındakı məsafə birdən yox oldu. Leon geri çevrildi, onların baxışları bir-birinə ilişdi. Zalda yalnız serverlərin uğultusu vardı, bir də onların həyəcanlı nəfəsləri, başqa heç nə eşidilmirdi.

Liora titrək, amma qətiyyətli səslə dedi:

- Sən yalnız mənimlə bölüşə bilərsən bu sirri. Sənin Elisiya ilə bağlı bütün xəyallarını bölüşməyə, sənin yanında olmağa hazıram. Səni sözsüz də anlayıram, mənim əzizim...

Leon bu sözləri pıçıldayan qadının dərin baxışlı gözlərində itib-batmışdı. Daxilində çarpışma vardı: Eloranın sevgi, ailə, doğmalıq aşılayan səsi və Lioranın ehtiras, elm, gələcəyin cazibəsini andıran alov kimi qarsan nəfəsi...

Birdən bu iki səs susdu. Qalan yalnız Lioranın dodaqları oldu. Onlar Leonun dodaqları ilə birləşdi.  Leon Liroanı öpdükcə bütün sərhədlərin uçulub töküldüyünü hiss edirdi.

Onlar uzun müddət ayrılmadılar. Sonra Leon nəfəs-nəfəsə qaldı, səsi titrədi:

- Mən ailəliyəm... Liora, mən başqa qadına aidəm... Neçə gündür etdiyimiz bu çılğınlığa son qoyub işimizlə məşğul olmalıyıq, əzizim. Bu, düzgün deyil, iş əxlaqına da ziddir...

Liora isə gözlərini onun gözlərindən çəkmədən pıçıldadı:

- Sən artıq yalnız elmin adamısan. Leon. Sən indi hansısa qadına deyil, elmə aidsən. Hətta mənə də aid deyilsən, yalnız elmin sevgilisisən. Mən də sənin yanında olmaq istəyirəm. Öz dediklərinə özün də inanmırsan, əziz Leon, bunu sənin baxışlarından oxuyuram. Biz birlikdə elə bir yola çıxmışıq ki, bunu artıq nə sən, nə də mən dayandıra bilmərik...

Leon susdu. Onun ürəyi həm günahın ağırlığı, həm də qadağan olunmuş sevgidən doğan ehtirasla çırpınırdı. Zalda isə humanoidin gözlərində zəif işıq arabir yanıb-sönürdü, sanki onların günahına şahidlik edirdi... Onların bundan xəbəri yox idi. Çünki elə bir cazibəyə qapılıb sürüklənirdilər ki, elm, kəşf, robot – hər şey ağıllarından çıxmışdı...

...Sintopiya yarımadasının gecələri Leonun yoxluğunda daha da ağır keçirdi. Malikanənin yüksək tavanlı salonları, mərmər pilləkənləri, qızılı çərçivəli güzgüləri indi yalnız bir şeyi əks etdirirdi: boşluğu.

Elora malikanənin pəncərəsi qarşısında dayanmışdı. Çölə baxanda ay işığının okeanda yaratdığı gümüşü “yol”u görürdü. Bu yol onu sanki uzaqlara – Leonun olduğu yerə aparırdı. Eloranın gözləri həmin yola ilişib qalmışdı.

Onun qəlbində daim eyni sual dolaşırdı: “Leon görəsən, nə vaxtsa ailəsinin yanına birdəfəlik qayıdacaqmı?Mən indi elmə də, onun araşdırmalarına da nifrət etməyə başlamışam. O, mənim yanımda olmalı idi, niyə yoxdur? Onun elmə olan bağlılığı ailəsinə olan sevgini üstələdi. Əvvəl görüşməsək də, heç olmasa bilirdim ki, malikanənin həyətində işləyir, çox darıxanda gecələr görə bilərəm, lap bəd ayaqda laboratoriyasına keçərəm. İndi isə o sanki bizdən cəmi yarım ssaatlıq məsafəyə yox, elə bil dünyanın o başına çıxıb gedib. Özümü çox pis hiss edirəm, sanki okeanın ortasında bir adada tək-tənha qalmışam”.

Arxadan incə bir səs eşidildi. Darin idi. Yuxudan yeni oyanmışdı, gözlərini ovuşdura-ovuşdura yaxınlaşdı:

- Ana... Atam gəlmədi? O, haradadır? Niyə evimizə gəlmir? Ana...

Elora diksindi.

Cavabı boğazında düyünləndi. Darinin saf baxışlarına yalan demək istəmədi, amma həqiqəti də deyə bilmədi.

- Atan... işləyir, oğlum. Çox mühüm işlərlə məşğuldur.

Darin gözlərini yumdu, sanki bu cavabla razılaşmaq istəmirdi. Sonra asta səslə pıçıldadı:

- Mən indi onu yuxumda gördüm... Onun əlindən tutmaq istəyirdim, amma atam məndən uzaqlaşıb gedirdi. Ana, atamın yanında başqa bir xala dayanmışdı yuxuda. Mənim o xaladan xoşum gəlmədi... Ana, atamın yanıına gedək?

Eloranın ürəyi sıxıldı. Oğlunun bu sözləri onu dərindən kədərləndirdi.

O, Darini qucaqladı, saçlarını sığalladı.

- Balam, gördüklərin sadəcə yuxudur. Mən buradayam. Atan da işlərini bitirəndə birdəfəlik evimizə qayıdacaq, narahat olma. O, bizi tək qoymaz, gözəl oğlum...

Darin uşaq şıltaqlığı ilə dodağını büzüb qollarını sinəsində çarpazladı:

- Ana, indi qayıtsın, tez qayıtsın. İşini buraxsın, yanımıza gəlsin… Evdə onunla robot-robot oynamaq istəyirəm...

- Darin, səbirli ol, mənim balam, qayıdacaq...

Amma Elora özü də artıq dediklərinə inanmırdı. Onun ürəyində qəribə bir boşluq yaranmışdı: illər öncə Leonla birgə qurduqları xəyalların izləri sanki duman kimi dağılıb yoxa çıxmışdı. Xatirələr dalğa-dalğa beyninə dolurdu: gənclik illərindəki ilk görüşləri, utancaq baxışlarla bir-birinin üzünə baxmaları, sahildə əl-ələ gəzərkən qumun üzərinə düşən ayaq izlərinin dalğalarla silinib getməsi... O günlərdə Leonun gözlərində elə saf, elə dürüst bir məhəbbət parıldayırdı ki, Elora inanırdı – bu sevgi ömür boyu davam edəcək.

Onda Leonun arzusu sadə idi: Elora ilə kiçik, amma xoşbəxt bir ailə qurmaq, gündüzlər elmi axtarışlarla məşğul olub, axşamlar sevdiyi qadının yanında sakitlik tapmaq. Onlar düşünürdülər ki, həyatları həm məhəbbət, həm də yaradıcılıqla dolu bir kitab kimi açılacaq. Lakin zaman dəyişdi. Leonun maraqları başqa bir aləmə sürükləndi – süni intellektin, texnologiyanın soyuq, duyğusuz cazibəsinə qapıldı. O, ailə ocağından uzaqlaşdıqca, Elora hər gün bir az da tənhalaşdı. Sonra Leonun baxışlarındakı əvvəlki parıltı yox oldu, orada yalnız yeni kəşflərin sərt işığı yanırdı. O, zamanla sanki başqa bir dünyanın adamına çevrildi – toxunulmaz, yad, soyuq biri oldu...

Eloranın gözlərindən yaş süzüldü. Qəlbinin dərinliyində həm inciklik, həm də itirdiyi günlərin həsrəti vardı. O, pəncərədən çölə – qaranlıq gecənin səssizliyinə baxaraq titrək səslə pıçıldadı:

- Leon, doğrudanmı yaşadığımız günləri unutdun?..

...Ertəsi gün Sinlanddakı yeraltı kompleksin ağır qapıları açıldı. Mark içəri daxil oldu. Onun ayaq səsləri soyuq dəhlizlərdə güclü əks-səda verdi. Uzun müddət sükutla irəlilədi, sonra mərkəzi zalda Leonu gördü.

Leon humanoidin kapsulunun qarşısında dayanmışdı. Gözlərində gecədən qalan yorğunluq olsa da, baxışları xüsusi şövqlə parıldayırdı. Dostunu görəndə eyni şövqlə də ona doğru addımlayıb onu qucaqladı.

- Mark, düşünürdüm ki, fikir ayrılığımıza görə sən daha bu kompleksə - mənim yanıma gəlməzsən, əziz dostum.

- Leon, - Markın səsi ciddi idi, - mən səninlə ətraflı danışmalıyam, əzizim. Yoxsa, sonra özümü qınayacağam.

Leon susaraq ona baxdı.

Sən çox uzağa getmisən, - dedi Mark. - Sən insanı təkrar etməyə çalışırsan. Amma insan yalnız ətdən, sümükdən ibarət deyil. İnsan ruhla bütöv olur. Ruhsuz surət heç vaxt insan ola bilməz.

Leon dodaqlarını büzdü.

- Ruh... - dedi istehzalı səs tonuyla, - Ruh nədir, Mark? Onun mövcudluğunu sübut edə bilərsənmi? Mənim laboratoriyamda hər şey sübut olunandır. Korteks işləyir, sinapslar aktivləşir. Burada təsadüfə, ehtimala yer yoxdur. Həm də sən, Allah, ruh deməkdən yorulmadınmı?! Heç bu mübahisəni etməyə həvəsim yoxdur. Bütün gecəni humanoidin üzərində işləmişəm, onun canlanmağına bircə addım qalıb. Ona görə də əzizim, sənin ruh haqqında söhbətlərin məni qətiyyən yolumdan sapdıra bilməz. Bura bax, indilərdə Drayk da gəlib çatır bura, bahalı şərabım var, oturaq üçlükdə içək və daha gözəl, ürəkaçan şeylərdən danışaq, bəlkə?

Mark narazılıqla üz-gözünü turşutdu:

- Drayk da sənin kimi yolunu azıb Allahın işinə qarışmaqla məşğuldur. O da insan hüceyrələrinə hökm edib insan surətləri yaratmaqla Allahla yarışdığını düşünür. Əslində Allah sizin bu  tanrıçılıq oynamağınıza baxıb yuxarıdan gülür bəlkə də... Və lazım bildiyi anda özü hər şeyi dayandıracaq, bəlkə də elə öz əlinizlə...

Elə bu an zala Drayk da daxil oldu. Markın sözlərini eşidib qəhqəhə ilə güldü. Yaxınlaşıb hər ikisini qucaqladı. Üzünü Marka tutub dedi:

- Mark, sən hələ də Allah haqqında əfsanələrin əsirisən. Ruh... Bu yalnız zəiflərin uydurmasıdır. İnsan ağlı isə realdır, ölçülə biləndir, rasionaldır.  Leonla mən isə düz yoldayıq, biz insanın zəif, natamam tərəflərini aradan qaldırmaqla, Allahın yarada bilmədiyi mükəmməl versiyanı yaratmağa çalışırıq, əziz filosof!

- Xeyr, - Mark sərtliklə cavab verdi, - insanı insan edən məhz zəiflikləridir. Əzab çəkmək, sevmək, səhv etmək – bunlar olmadan biz yalnız mexanikadan ibarət kuklalarıq. Nə sənin geninə müdaxilə etdiyin klonlar, nə də Leonun yaratdığı humanoid robot heç vaxt həqiqi insandan üstün olmayacaq. Nəinki üstün, heç ona yaxın varlıq da olmayacaq. Əslində yaratmaq istədiyiniz nə varsa, onları Allahın yaratdığına bənzətməyə çalışırsınız, bunun fərqindəsiniz? Yəni yeni bir varlıq dediyiniz də Allahın yaratdığı insanın surəti olmaqdan başqa bir şey olmayacaq! Amma Allahın yaratdığında ruh var, sizin yaratdığınızda isə şeytanın özündən, təkəbbüründən nəsə var... Siz təkəbbürlə dolmusunuz, əziz dostlar, özünüzə gəlin, nə qədər ki gec deyil, elmi Allahdan uca tutmağa çalışmayın! Çünki bu öyündüyünüz elmi belə sizə bəxş edən də Allahdır! Əslində sizi bu elmlə, zəka ilə imtahan edir ki, görsün haraya qədər  davam edəcəksiniz, nə zaman Onun böyüklüyünü yenidən yadınıza salacaqsınız?!

Leon bir anlıq tərəddüdə qapıldı. İçindəki hansısa səs Markla razılaşırdı. O, Eloranın göz yaşlarını, Darinin saf baxışlarını xatırladı. Amma içində sanki digər bir varlıq isə Lioranın sözlərini, humanoidin bu gün gerçək insani baxışla parlayan gözlərini düşünürdü. Tez özündəki tərəddüdü uzaqlaşdırdı, dostlarının qarşısına qədəh qoyub onlara şərab süzdü.

Drayk, Mark və Leon hər üçü qədəhlərini yavaşca toqquşdurub şərabdan bir neçə qurtum aldılar. Leon qədəhi qarşısındakı şüşə masaya qoyub təbəssümlə dedi:

- Mark, sənin çıxışın bilirsən mənə kimi xatırladır? Sintopiyada lap balaca bir məscid var. Bilirsən də, məscid müsəlmanların ibadətgahıdır. Oranın balacaboy, ağsaçlı bir ruhanisi var, bilmirəm, müsəlmanlar öz ruhanilərini necə adlandırırlar, sən lap onun kimi danışırsan. Bir dəfə tolerantlıqla bağlı beynəlxalq bir toplantıda onunla cəmi 2-3 dəqiqəlik qarşılaşmalı olmuşdum, eynilə sənin kimi danışırdı. Yoxsa, islamı qəbul etmisən, dostum, xəbərimiz yoxdur?

- Leon, İslamın məsələyə nə dəxli var? Bəyəm Yaradan ancaq islamdadır? Bütün dinlərdə bir Ali Yaradan var. Özün də bilirsən ki, mən dindar deyiləm, islam olsun, xristianlıq olsun, ya da lap elə iudaizm olsun, hamısına münasibətim eynidir. Hətta yerli dinlərə də, inanclara da. Mənim dediyim Allah bütün kainatın yaradıcısıdır və bütün dinlərin də, inancların da son nəticəsi ona qovuşmaqdır. Onun böyüklüyünü dərk etməkdir. Amma mən konkret bir dinə sitayiş etmədən də Allahın böyüklüyünə inanıram, onun bütün kainatı nizamla idarə etdiyini bütün qəlbimlə bilirəm. Mənim yolum budur, Leon.

- Mən də bu yolu seçmişəm, Mark,  - dedi Leon ağır səslə. - Mən artıq geri dönə bilmərəm, geri dönmək də istəmirəm. Bu yol mənim öz arzum, öz seçimimdir. Gəl, bundan sonra bir-birimizin yoluna qarışmayaq, əziz dostum, yoxsa, gec-tez aramız dəyəcək.

Mark onun gözlərinə baxdı. Baxışlarında həm mərhəmət, həm də ümidsizlik vardı.

- Unutma, Leon, sən robotlara ruh verdiyini düşündükcə, əslində öz ruhunu şeytana satırsan. Sənin can vermək istədiyin robotlar yer üzünün yeni şeytanları olacaq. Əminəm ki, bir gün bəşəriyyəti bu robot şeytanlara tapşırdığın üçün çox peşman olacaqsan...

Mark əlindəki şərab qədəhini masanın üzərinə qoyaraq heç sağollaşmadan hirsli, ağır addımlarla zaldan çıxıb getdi.

Leon məyusluqla onun ardınca baxdı.

Drayk isə təbəssümlə Leonun çiyninə toxundu, dostuna təsəlli verdi:

- Onun sözlərini dinləmə. O, keçmişin adamıdır, Leon, sən isə gələcəyin... Sən dahisən, dahiləri isə öz zəmanələrində heç vaxt anlamayıblar...

Kapsuldakı humanoid Leonun gözlərinin önünə gəldi. Necə ola bilərdi ki, dostu uzun illərdir əmək verdiyi robotu şeytana bənzətdi? Axı o robot bəşəriyyətin daha da işıqlı gələcəyi üçün çalışacaqdı.

Və bayaqkı tərəddüdlər birdən yenə Leonun zehnini ələ keçirdi: “Bəs Mark haqlıdırsa? Bəşəriyyətin xilaskarını yaradacağımı düşünüb,  əslində onun bəlasını yaradıramsa? Bəlkə də bu bəla ilk öncə mənim ailəmi əlimdən almağı planlaşdırıb? Və bəlkə də artıq buna nail olub?! Amma dayanmaq üçün çox gecdir, mən artıq bu bəşəri kəşfin astanasındayam, mənim robotum qısa müddətdən sonra fövqəlinsana çevriləcək...”

Drayk dostunun fikrə getdiyini görüb güldü:

- Leon, Markın düşüncələrinə əhəmiyyət vermə. Bizim hələ qarşıda birgə inanılmaz layihəmiz olacaq, klonla humanrobotun vəhdəti! Bunu unutma və işinə diqqətini ver, dostum, boş, cəfəng söhbətlərə yox!

Hamı dağılışıb gedəndən sonra Leon yenidən laboratoriyaya qayıtdı. Oradakı nəhəng kompüterin ekranına diqqətlə baxmağa başladı.  Rəqəmsal korteksin qrafikləri o qədər sürətlə dəyişirdi ki, hətta onun özü də çətinliklə izləyib çatdırırdı. İşıqlar bir-birinə qovuşur, minlərlə sinaps eyni anda işə düşürdü. Bu, insan beynində yalnız çox güclü emosional anlarda baş verən sinxron partlayışı xatırladırdı.

Birdən serverlərdən birindən möhkəm səs gəldi. Qırmızı işıq yanıb-sönməyə başladı. Havalandırma sistemləri elə bil güclə nəfəs almağa başladı,  sanki bütün zal  boğulurdu. Leon daxili zənglə təcili Lioranı laboratoriyaya çağırdı. Liora bir neçə dəqiqə ərzində özünü laboratoriyaya çatdırdı.

- Enerji axınında problem var! - Leon səsləndi, - Mərkəzi sistem qızır!

Leon dərhal klaviaturaya sarıldı. Barmaqları ildırım sürəti ilə kodları dəyişirdi. Liora isə qorxu hissini boğaraq kapsula baxırdı.

Humanoid birdən titrədi. Onun barmaqları bir-birinə toxundu, dodaqları azacıq tərpəndi. Elə bil kiminsə sözlərini təkrarlayacaqdı.

- Bu, mümkün deyil! - Leonun səsi titrədi. - Bu mərhələdə hələ nitq reaksiyası olmamalı idi! Proseslər özü-özlüyündən sürətlənib, Liora!

Kapsulun içində humanoidin sinəsi yavaşca qalxıb-enməyə başlamışdı. Ritmik, həyəcanlanmış insan nəfəsinə bənzər şəkildə...

Liora gözlərini iri açdı. O da eynən humanrobot Elisiya kimi həyəcanlandı, az qaldı nəfəsi kəsilsin:

- Leon, o, insan kimi nəfəs alır...

Leon bir anlıq donub qaldı. Onun bütün elmi şübhələri bir kənara çəkildi. Qarşısında texnologiya yox, sanki həyat dayanmışdı.

Laboratoriyanın işıqları gah sönüb gah yanmağa başladı. Serverlər şiddətlə uğuldadı, dəmir konstruksiyalar titrədi. Kapsulun içində humanoidin gözləri insan gözü kimi parıldadı.

Bu, sadəcə işıq deyildi – insan baxışına oxşar, sanki şüurlu bir nəzər idi. O gözlər bir anlığa Leonun gözləri ilə görüşdü. Leon diksindi. Çünki o baxışda həm boşluq, həm də sirli bir dərinlik vardı.

Sanki bu varlıq ona baxışı ilə sual verirdi: Mən kiməm?

Leonun ürəyi həyəcanla döyünürdü. O, belə bir anı gözləmişdi, amma bu qədər tez, bu qədər ani baş verəcəyini təsəvvür etməmişdi.

Humanoidin dodaqları bir anlıq açıldı. Amma səs çıxmadı. Yalnız boğuq bir xışıltı eşidildi.

Sonra qəfildən bütün işıqlar sönüb yenidən yandı. Sistem özünü bərpa etdi. Humanoid yenidən hərəkətsiz qaldı. Gözlərindəki canlı insan baxışı yenidən donuqlaşdı, işığı zəifləyib yox oldu.

Zala sükut çökdü. Leon nəfəsini güclə aldı.

- O, artıq oyandı, Liora. Sistemdə baş verən ani texniki qəza  onu vaxtndan əvvəl oyandırdı. - dedi titrək səslə.

Liora isə onun sözlərini düzəltdi, gözlərini kapsuldan ayırmadan:

- Elədir, Leon... Elisiya artıq doğuldu. Bəs o yenidən nə vaxt oyanacaq?

- O indi laboratoriyadakı texniki qəzaya görə vaxtından əvvəl işə düşməyə cəhd etdi, ancaq hələ onun kodlanma sistemində tamamlanmalı hissələr var, ona görə də uzun müddət canlı qala bilmədi. Mən o kodlanmaları tamamilə yekunlaşdırandan sonra burda ikimiz yox, üçümüz olacağıq, sən, mən və Elisiya...

Bu sözlər zalda soyuq bir uğultu kimi əks-səda verdi. Liora Leonun bu sözlərindən diksindi, bir anlıq vahiməyə düşdü, amma tez özünü ələ aldı.

Laboratoriyanın ağır dəmir qapıları arxasında gecə yenə davam edirdi. Amma Leon artıq əvvəlki Leon deyildi. Onun gözlərində həm elmin qələbəsi, həm də görünməyən bir qorxu vardı.

O, kapsulun önündə dayanaraq düşündü: Əgər bu varlıq doğulubsa, deməli, mən artıq yeni bir insan yaratmışam... Bəs onda mən kiməm? Yaradan? Dahi, yoxsa özünü aldatmış bir dəli?

Liora ona yaxınlaşdı. Onun üzündə həm qorxu, həm də heyranlıq vardı. Qadın Leonun əlindən yapışdı.

- Qorxma, - dedi o sakitcə, - Bilirəm, bu anı nə qədər gözləsək də, bunun ani baş verməsi yenə də vahiməli oldu. Bu, yalnız başlanğıcdır, getdikcə hər şey yoluna düşəcək. Bu, sənin taleyindir. Mən sənin yanındayam. Biz hər şeyin öhdəsindən gələcəyik.

Leon susdu. Lioranı qucaqladı. Amma gözlərinin önünə Eloranın obrazı gəldi.

Leon dərin nəfəs aldı. Onun qarşısında iki yol vardı – biri elmin, ehtirasın, gələcəyin yolu; digəri ailəsinin, sevginin, ruhun yolu. Amma artıq çox gec idi. Çünki humanoid doğulmuşdu, indilik susudurulsa da, artıq bu dünyaya ilk addımını atmışdı.

Zalın işıqları yenə zəiflədi, serverlərin uğultusu qaranlıq sükutun içində xışıltıya çevrildi. Sanki bütün kompleks nəfəsini tutub qarşıda gözlənilən böyük və tarixi günə hazırlanırdı.

Leon kapsula yaxınlaşdı, onun qulağına doğru əyilib pıçıldadı:

- Sən mənim gələcəyim olacaqsan, yoxsa sonum?..

Humanoid hərəkətsiz dayanmışdı. Amma sanki Leonun pıçıltıyla dediyi sualı eşitdi, gözlərində yenidən ani insani parıltı yanıb-söndü. Leona elə gəldi ki, o ani parıltıda bəşəriyyətin həm ümidi, həm də fəlakəti gizlənir...

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see147

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see142

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see135

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see129

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see128

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see124

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see123

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see123

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri