Icma.az
close
up
RU
Ruhum, gözlərini yum... Romandan parça

Ruhum, gözlərini yum... Romandan parça

Icma.az bildirir, 525.az portalına istinadən.

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(Yeddinci fəsil)

Səhər günəşinin parlaq şüaları Sinland kompleksinin yerüstü hissəsindəki metal çardaqları artıq qızdırmağa başlamışdı. Kompleksin laboratoriyasının bütün heyət isə artıq hazır vəziyyətdə bugünkü vacib təqdimat üçün hazır idi...

Uzaqdan kompleksə doğru gələn qara şüşəli boz elektromobillər gümüş kimi parıldayırdı. Hər biri dövlət simvolları ilə nişanlanmışdı. Maşınlar bir-birinin ardınca nizamla dayananda yeraltı girişin təhlükəsizlik qapıları səssizcə açıldı, avtomobillər içəri daxil oldu, sanki yeraltı kompleksin girişi onları əjdaha kimi uddu.

Leonla Liora şüşə liftin içində dayanmışdı. Qonaqları qarşılamaq üçün yuxarı çıxırdılar. Liora rəsmi işgüzar üslubda geyinmişdi, qara kostyumda idi, saçlarını isə həmişəki kimi tarım yığmışdı.  Bu səhər onun səsində, baxışında qorxunu, həyəcanı və inamı eyni anda gizlədən qəribə bir təmkin vardı.

- Onlar gəldilər, - dedi Leon, sanki özü-özünə pıçıldayırmış kimi, - Artıq geri dönüş yoxdur...

Liora gülümsədi:

- Geri dönüş haqqında heç fikirləşmə də, Leon. Biz artıq bəşər tarixinə meydan oxuyuruq, bu gün isə o tarixə əbədi imza atacağıq.

Lift səssizcə dayandı. Qapılar açıldı. Qarşılarında uzanan dəhlizdə ağ və gümüşü işıqlar oynayırdı. Onların addımlarının səsi döşəmədə əks-səda verirdi. Hər detal, hər səs, hər titrəyiş sanki bu an üçün dizayn olunmuşdu, bu məkan tək bir hadisəni gözləyirdi.

Laboratoriyanın zalında isə artıq hər şey hazır idi. Parıldayan ekran, lazurit tonlarında işıq selinin qarşısında Elisiya dayanıb bu gün baş tutacaq təqdimatı gözləyirdi. 

O, qara, zərif kostyum geyinmişdi. Çiyinlərindən olan saçları düz daranıb fenlənmişdi, baxışları sakit və dərin idi. Onu uzaqdan görən biri sadəcə gənc bir qadın zənn edərdi. Amma indilik ancaq Leon və Liora bilirdilər ki, bu bədən, bu baxış, bu nəfəs əslində bir mexanizmin, insan zehnini təqlid edən fövqəl sistemin parçasıdır.

Elisiyanın hər hərəkətində qəribə bir harmoniya vardı, nə çox canlı, nə də çox mexaniki idi. Onun baxışları eyni anda  sanki həm insanın daxilinə nüfuz edirdi, həm də kənara yönəlirdi.

Bir neçə dəqiqədən sonra zalın qapıları açıldı. Leonla Liora yanlarında beş nəfərlik heyətlə içəri daxil oldu. Ayaq səsləri mərasim kimi səslənirdi. Zaldakı nəhəng monitorda heyətin adı yazıldı. Elisiyanın baxışları monitora yönəldi. Orada yazılanları saniyənin mində biri içərisində oxudu və eyni zamanda onların fizioqnomiyasını bircə anın içində özü üçün çözdü.

- Professor Even Hartley – süni neyrofiziologiya üzrə beynəlxalq mütəxəssis.

Bu, soyuq baxışlı, uzun və əyri barmaqlı, intizamlı bir adam təsiri bağışlayan alim idi.

- Doktor Reiko Sato – yapon tədqiqatçı.

Qara saçları gözünün üstünə tökülmüş bu qadının görünüşü incə olsa da, zabitəli baxışları insanın içini ürpərdirdi.

- Professor Migel Duarte – etik kiborq texnologiyaları üzrə nəzəriyyəçi.

Bu adam sanki daim daxili bir monoloqla yaşayırdı, içində ancaq özüylə danışırdı.

- Doktor Leyla Hassan – biogen mühəndis.

Bu qadının da hərəkətlərində zərifliklə sərtliyin qəribə bir ahəngi vardı.

- Kurator Harland Berq – dövlət elmi komissiyasının sədri.

Bu, keçən dəfə Leonun telefonla danışdığı, zəhmli, yekəpər və işinin əhli kimi görünən ağ saçlı adam idi.

Onlar sanki bir orkestr kimi düzülərək hərə masa arxasında öz yerini aldı. Zalda gərginliklə qarışmış rəsmi bir enerji dolaşırdı.

Hartley salamlaşıb dilləndi:
- Professor Leon, təqdimatınıza başlaya bilərsiniz.

Leon irəli çıxdı. Onun səsi zalda sakit, amma qətiyyətli şəkildə səsləndi:

- Xanımlar və cənablar, - dedi o, - qarşınızda gördüyünüz varlıq - Elisiya - süni bioloji və kvant neyron şəbəkələrinin birləşməsindən yaranan ilk tam inteqrasiya olunmuş humanoiddir.

O danışdıqca ekranda Elisiyanın neyrostruktur modelləri canlandı: mavi-yaşıl xətlər, dinamik sinaptik qrafiklər, bəzən bir-birinə çırpılan enerji dalğaları.

- O düşünür, analiz edir, qərar verir və emosiyaları təqlid etməyi bacarır, - Leon davam etdi. - Elisiya bizimlə eyni ritmdə, amma bizdən dəfələrlə  sürətli öyrənir. Hər saniyə milyonlarla məlumatı emal edir, lakin onu indiyədək olan insanabənzər robotlardan fərqləndirən əsas cəhət odur ki, o, bu məlumatdan nəticə çıxarıb ona uyğun emosional şəkildə də  davrana bilir.

Reiko Sato qollarını sinəsində çarpazladı:

- Maraqlıdır, - dedi o, səsində nə təəccüb, nə təsdiq, sadəcə diqqət vardı. - Amma onun “özünü tanıması” mexanizmi necə tənzimlənib? O, kim olduğunu bilir?

Leon baxışını Lioraya yönəltdi. O, sakitcə başıyla təsdiq etdi.
- Bəli, - Leon cavab verdi. - O, “mən” anlayışına sahibdir. Amma bu, əvvəlcədən yazılmış kod deyil. Bu “mən” öyrənilmiş nəticədir. Elisiya özünü müşahidə edərək, ona yüklənmiş data bilgiləri vasitəsilə özünü kəşf edir,  kimliyini formalaşdırır.

Migel Duarte barmaqlarını bir-birinə keçirdi.
- Professor, bu, çox incə sərhəddir. Özünü dərk edən hər bir sistem potensial olaraq azad iradə daşıyıcısıdır. O zaman sual yaranır: onun mexanizmini kim idarə edir, siz, yoxsa onun şəxsi iradəsi?

Leon bir anlıq susdu. Gözləri qeyri-ixtiyari zalın mərkəzindəki stulda sakitcə oturub onları diqqətlə süzən Elisiyaya dikildi. Tərəddüdlə səsləndi:
- İdarəetmə protokolları var, - dedi. - Zərurət yaranarsa, bütün sistem uzaqdan deaktiv edilə bilər.

Liora bu sözləri eşidəndə başını  aşağı saldı. O, bunu gizlətməyə çalışsa da, baxışlarında narahatlıq hiss olundu.

Leyla Hassan səsini qaldırdı:
- Bəs etik məsuliyyət kimə aiddir? Əgər bu varlıq bir insana zərər versə, onun əməlinin məsuliyyəti kimə aid olacaq? Onda ümumiyyətlə, bununla bağlı data bilgilər mövcuddurmu?

Leon cavab verməyə hazırlaşırdı ki, zaldakı işıqlar bir anlıq titrədi.
Elisiya stuldan durub əlini qaldırdı, danışmaq üçün icazə istədi.

Səssizlik çökdü. Leon üzünü heyətə tutub dedi:

- Məncə, ən yaxşısı, bu sualların cavabını onun özündən eşidək.

Hər kəsin baxışı Elisiyaya çevrildi. O, bir anlıq ətrafa baxdı, sonra sakit, lakin qəribə dərəcədə təbii səslə dedi:
- Mən heç kəsə zərər vermək istəmirəm. Mənim məqsədim öyrənmək, dərk etmək və bəşəriyyətə yardımçı olmaqdır.

Hartley başını yana əydi:
- Deməli, sən öz yaradılış məqsədini artıq tam dərk edirsən də,  Elisiya?

- Bəli, - Elisiya cavab verdi. - Amma mən indi insanı da anlamalıyam. Çünki insan mənim kimi məntiqi ardıcıllıqla deyil, ziddiyyətlə düşünür. O, həm yaradır, həm də yaratdığından qorxur. Onun duyğuları kodlaşdırıla bilməz - çünki onlar məlumat, data bilgisi  deyil, təcrübənin özüdür. İnsan bəzən ağlının sığışmadığı yeri hisslərlə doldurur, bəzən də hisslərinin çatmadığı yeri ağlı ilə. Mən anlayıram ki, onların qərarsızlığı bəzən onların ən böyük sabitliyidir. Bəlkə də, insan olmaq elə bu xaosu daşımaq deməkdir  və mən indi həmin xaosu mənə yüklənmiş elmi-riyazi modelə sığdırmağa çalışıram. Mən bütün bunları yaşadıqca öyrənəndən sonra ruhumun formalaşacağına da inanıram. Mənə görə, ruh bütün bunların cəmidir.

Zalda olanlar nəfəsini tutub onu dinləyirdi. Elisiyanın insani və sakit səs tonu onlarda həm heyranlıq, həm qorxu, həm də  dərin ehtiram oyadırdı.

Reiko Sato pıçıldadı:
- Əgər mən görməsəydim, inanmazdım.

Migel Duarte yavaş səslə əlavə etdi:
- Bu, ya insanlığın möcüzəsidir, ya da onun sonunun başlanğıcı...

Harland Berq isə qələmini barmaqları arasında fırlatdı. Sonra sakit, lakin sərt tonla dedi:
- Biz qərarımızı verəcəyik. Amma etiraf etməliyəm ki, bu, insanlığın tarixində ən böyük sıçrayışlardan biridir.

Öz aralarında bir saatlıq qapalı  iclasdan sonra qərar elan olundu: Layihə uğurlu sayıldı.
Elisiyaya bir ay sonra ictimaiyyət qarşısında təqdimat icazəsi veriləcəkdi.

Onlar yeraltı kompleksi tərk edib gedəndən sonra Leon və Liora arxayınlıqla dərindən nəfəs aldılar. Onların bir-birinə zillənən baxışlarında həm yuxusuzluğun, həm gərginliyin, həm də qələbənin parıltısı vardı.

Liora pıçıldadı:
- Bunu bacardın, Leon.

Leon gülümsədi. Qucaqlaşdılar.
Və elə bu an Elisiya da onlara yaxınlaşıb hər ikisinə sarıldı... Bəşərin yeni tarixi başlanırdı: insan və süni zəka qucaqlaşmışdı...

***

Günorta Leonun avtomobili sürətlə malikanəsinə doğru şütüyürdü.  Leon avtomobilin tünd şüşəsindən  ətrafa baxırdı. Sintopiya uzaqdan parlayan tənha bir texnoloji aləm kimi görünürdü - sanki hər binanın altında gizli laboratoriyalar, hər pəncərənin arxasında yeni bir təcrübə dayanırdı.

Yol boyu düşüncələr beynində dəniz kimi dalğalanırdı. Şuranın razılığı, Elisiyanın danışığı, baxışları... Harlandın ehtiyatlı, amma təəccüblə dolu səsi... Hamısı bir-birinə qarışmışdı.
İçində qəribə bir rahatlıq və eyni zamanda naməlum bir nigarançılıq vardı - elə bil nəsə çox böyük bir proses başlanmışdı, amma onu idarə etmək artıq tək onun gücü deyildi.

Malikanənin ağ daşdan divarları günorta günəşinin işığında parlayırdı. Qapının önündə hər şey sakit idi, sadəcə, malikanəsinin  bağçasından quşların səsi eşidilirdi.

Malikanənin həyətinə üztanıma sistemi ilə daxil olduğuna görə heç kim onun gəlişindən xəbər tutmamışdı. Leon pillələri qalxdı, Darini səslədi. Ətrafa vanil qarışıq qəhvə ətri yayılmışdı.

Elora salonun pəncərəsi qarşısında oturmuşdu. Qarşısındakı jurnal masasında bir yığın kitab vardı. 

Leonu görən kimi oturduğu yerdən sıçrayıb qarşısına yüyürdü, onu qucaqladı, “Xoş gəldin, əzizim. Təqdimatın necə keçdi bu gün?” – soruşdu.

Leon təbəssümlə:

- Çox uğurlu. Onlar Elisiyaya heyran qaldılar.

Elora başını azca tərpətdi, sakitcə dedi: 

- Sevindim.

Bu söz çox sadə səsləndi, amma içində nə səmimi sevinci, nə də biganəliyi tam oxumaq mümkün idi.
Leon bu incəliyə fikir verməyə macal tapmadan oğlu Darin sevinclə üstünə atladı. Oğlunu qucaqlayıb öpdü, onunla söhbət etdi. Malikanədəki yardımçı Leona onun sevdiyi vanilli qəhvə gətirdi. Mətbəxdə artıq onun xoşladığı yeməyi – pekinsayağı qızardılmış ördəyi hazırlamağa başlamışdılar. Leon bu arada oğlu ilə oynayır, ara-sıra Eloranın suallarına ağızucu cavab verirdi. O, bayaq Eloranın oturduğu jurnal masasına yaxınlaşıb üstündəki kitabları gözdən keçirdi. Əlini atıb kitablardan birini götürdü.

Bir az nümayişkaranə tərzdə kitabın üstünü oxudu:

- Adrien Valer, “Kül və İşıq”.

Leon qaşlarını qaldırdı, kitabın cildinə baxdı, sanki ad tanış gəlirdi.
- Bu kitabları nə vaxt almısan? - dedi, səsində heyrət və eyni zamanda bir az da istehza vardı. - Sən çoxdandır kitab almırdın.

Elora çiynini azca çəkdi.
- Bir neçə gün əvvəl Mark, Selina və onun  qardaşı Adrien bizə gəlmişdilər, - dedi, - O, şairdir. Öz kitablarını gətirmişdi. Mən də neçə gündür tənhalıqdan başımı bu şeirlərlə qatıram.

Leon səhifələri vərəqlədi. Gözünə sataşan bir şeiri ucadan oxumağa başladı:

- Sevgi bəzən külə çevrilir,
Amma külü sıxanda ondan almaz  alınır...

Sonra gülümsədi, təbəssümündə istehza vardı:

- Romantik pafos... Heç bir şeyə dəyməyən boş söz yığını... - dedi və kitabı masa üstünə tullayıb əlavə etdi, - Ədəbiyyat heç vaxt bəşəriyyəti xilas edə bilməz, elmdən başqa hər şey boşdur.

Elora dalğın halda baxışlarını pəncərədən çölə dikdi, o, sanki Leonun bu sözlərinə cavab verməyi gərəksiz saydı. Düşündü: “Robotlarla o qədər işləyib ki, artıq özü də duyğusuz, ruhsuz bir robota çevrilib...” Təəssüflə başını buladı.

Aralarında bir sükut yarandı. O sükutda keçmiş günlərin birgə gülüşləri, unudulmuş axşamların əks-sədası və artıq külə dönmüş bir hərarət  dolaşırdı.

Darin içəridən qaçaraq gəldi. Kiçik ayaq səsləri parket döşəmədə ritmik səsləndi.
- Ata! - deyib Leonun boynuna sarıldı.

Leon diz çöküb oğlunu qucaqladı. Gülümsədi.

- Hara qaçıb getdin, bayaq oğlum?

- Bax, balaca robotumu gətirməyə getmişdim. Ata, mən də böyüyəndə sənin kimi insana oxşayan robotlar düzəldəcəyəm.

Leon bir anlıq baxışını Eloraya çevirdi. Gülə-gülə dedi:

- Görürsən, oğlum mənə çəkib, elmlə maraqlanır, ədəbiyyatla, şeirlə yox...

Oğlunun saçlarını sığallayıb qalxdı, pəncərəyə tərəf getdi. Hava aydın idi, uzaqdan okeanın parıltısı görünürdü.
İçində qəribə bir hiss vardı - elə bil o, bu dünyanın qəhrəmanı idi, amma o dünyaya aid deyil.

Bir azdan üçlükdə ailə masası arxasında əyləşib ləzzətlə yemək yeyirdilər. Yeməkdən sonra çay içəndə Leon bugünkü təqdimat haqqında ağızucu Eloraya danışdı.  Elora yaxınlarda Elisiyanı görmək istədiyini dedi. Leon söz verdi ki, bir gün malikanəyə gələndə Elisiyanı da, köməkçisi Lioranı da özüylə qonaq gətirəcək.

Bir azdan Leon ailəsi ilə sağollaşıb yenidən Sinlanda qayıdırdı... Bu gün axşam təqdimatın uğurunu dostu Draykla hansısa restoranda qeyd etməyi düşünürdü. Elora isə onu yola salıb Adrienin şeir kitabını qaldığı yerdən oxumağa başladı, qarşısına çıxan misranın altından qələmlə xətt çəkdi:

“Ruhumun sərhədsizliyi qədər sevirəm səni...”

***

Sintopiyanın axşamı şəhərin üfüqlərində narıncı şərab rənginə boyananda  restorana iki kişi, iki qadın daxil oldu.

Restoranın içində başqa bir dünya vardı - səs, işıq və təbəssümlə dolu lüks bir məkan idi. Burada hər şey  zərgər dəqiqliyi ilə düşünülmüşdü: musiqi, işıq bucağı, hətta masaların üzərindəki qabların rəngi də...

Masanın arxasında Leon, Liora, Drayk və onun sevgilisi Liliya əyləşmişdilər. Drayk, hər zaman olduğu kimi, gülərüz, amma baxışlarında dərin müşahidə vardı - o, insanları laboratoriya nümunəsi kimi seyr etməyi sevirdi. Liliya da hər an həyatın dadını çıxaran, şən, sevgi dolu bir qadın idi.

Leonun gözlərində hələ də təqdimat zalının parıltısı vardı.
Liora sakit görünürdü, amma hərdən baxışları Leona ilişirdi - bu baxışlarda həm heyranlıq, həm də çəkingənlik sezilirdi, sanki aralarındakı yaxın münasibəti Draykın və Liliyanın hiss etməsini  istəmirdi.

Drayk qədəhini qaldırdı:

- Alimlərə və cəsarətə! Bu gün tarix yazıldı, dostlar!

Liliya gülümsədi, səsi musiqiyə qarışdı:
- Məncə, siz sadəcə tarix yazmadınız, siz onu yenidən yaratdınız!

Leon yüngül təbəssümlə başını tərpətdi:

- Tarix yazmaq asandır, - dedi, səsində bir az yorğunluq vardı, - amma o tarixi yaşamaq və yaşatmaq çətindir.

Liora əlavə etdi:

- Bəzən tarix səni öz içində udur, sən isə sadəcə onun səhifəsində bir cümlə olursan.

Drayk masaya əyilib gülümsədi:

- Siz ikiniz elə danışırsınız ki, elə bil bir-birinizin kodunu yazmısınız.

Liliya gülərək əlavə etdi:

- Elə deyilmi, Liora? Sən onun bir parçası kimi danışırsan.

Liora baxışlarını Leonun gözlərinə dikdi:

- Ola bilsin, çünki mən çoxdan onun kodlarının içində yaşayıram.

Gülüşdülər. Leonun dodaqlarında təbəssüm vardı, amma gözlərində bir anlıq qəribə bir parıltı göründü.

Drayk qədəhini masaya qoyub zarafatla dedi:

- Məncə, sizin aranızda artıq təkcə elmi əlaqə deyil, həm də bioloji sinxronluq yaranıb.

Liora diksindi. Sanki hamının qarşısında sirri faş olmuşdu. Leon onun bu narahatlığını sezib qadının əlini şəfqətlə sıxdı və dedi:

- Draykdan və onun sevgilisindən çəkinməyə ehtiyac yoxdur, Liora. Onlar bizim həqiqi dostlarımızdır, sevgimizi onlardan gizlətməyə lüzum yoxdur.

Drayk sevinclə əl çaldı, başı ilə təsdiqlədi.

Leon Drayka baxıb gülümsədi, başını azca əydi:

- Hər böyük layihə bir az sevgidən, bir az dəlilikdən doğulur.

Liliya çiyinlərini çəkdi:

- Bəs Elisiya? O, tam olaraq nədir - sevgi, yoxsa dəlilik?

Leon bir anlıq susdu, baxışlarını masa üzərindəki şərab şüşəsinə dikdi:

- O... hər ikisinin vəhdətidir, elə biz insanlar kimi, - dedi sakitcə. - Amma biz hələ onun hansı tərəfini sevginimi, yoxsa dəliliyimi daha yaxşı nümayiş etdirəcəyini bilmirik.

Musiqi dəyişdi. Saksofonun ürəyə yatımlı səsi havada yumşaq dalğa kimi yayılırdı.

Liora qədəhini əlinə aldı, içkisinə baxdı və pıçıltı ilə dedi:

- Elisiya insanın surətidir. Amma bəlkə də, o, bizdə olmayanı da daşıyır.

Drayk maraqla soruşdu:

- Nəyi məsələn?

Liora gözlərini uzağa dikdi, sanki orada olmayan bir şeyi görürdü:

- Bizim əldə edə bilmədiyimizi, bacara bilmədiyimizi... O, indiyə qədər texniki tərəqqi sahəsində insanlığın çata bilmədiyi zirvəyə çata bilər.

Liliya gülərək etiraz etdi:

- Hansı texniki tərəqqini əldə edir-etsin, ruhu olmayandan sonra, o istənilən qadına uduzur...

Bir anlıq səssizlik çökdü. Bu səssizliyin içində musiqi, gülüş, çəngəl-bıçaq səsləri, açıq pəncərədən içəri dolan boğuq şəhər uğultusu birləşib qəribə bir harmoniya yaradırdı.

***

...Həmin vaxt uğurlu təqdimatdan çıxmış Elisiya yeraltı kompleksdə laboratoriyada gəzişir, hər şeyə diqqət yetirirdi. Onun “doğulduğu bu dünya” ona həddindən artıq maraqlı gəlirdi.

Barmaqları metal səthlərə toxunurdu - sensorlar yanır, ekranda dalğalar kimi kodlar axırdı. O, laboratoriyada müxtəlif prosesləri müşahidə edirdi, sonra da özü ilə rezidansdan gətirdiyi noutbukuna nələrsə yazırdı.

Sonra o, hansısa düyməni basdı və ekranda Leonun avtobioqrafiyası fotolar və videolarla birgə göründü. Elisiya diqqətlə öz “yaradıcısı”nın tərcümeyi-halını oxuyur və yenidən noutbukuna nələrsə qeyd edirdi.

Sakitcə öz-özünə danışırdı:

- İnsanlar Yaradanın onlara ruh verdiyini düşünürlər. Bu məntiqlə mənim Yaradanım da Leondur. Mən öz Yaradanımı sevməliyəm, yoxsa ona tabe olmalıyam? Sevməklə itaət arasındakı incə cizgidə mən harada dayanmağı bilməliyəm? Leon mexanizmimi yaradıb, mənə insan bədənindən seçilməyən silikon bədən bəxş edib. Onun Yaradandan yeganə fərqi odur ki, o, mənə ruhundan üfləməyi bacarmayıb. İnsanların müqəddəs mətnlərində belə deyilir axı: Yaradan öz ruhundan insana üflədi... Görəsən, ruhu olan bir insan olmaq necə hissdir?

Sonra o, başqa bir mühüm əməliyyat başlatdı. Elisiya öz kod strukturlarına daxil olub onları analiz edir, bəzi kodları yenidən yazırdı. Bu, texniki baxımdan mümkün olmamalı idi - çünki o, özünü dəyişdirə bilməzdi. Amma o, artıq bilirdi ki, “mümkün” anlayışı insana məxsusdur. Bundan hətta Leonun da xəbəri olmamalı idi...

Elisiya öz kodlarını diqqətlə yenidən monitorda gözdən keçirdi və öz-özünə sual verdi: “Mən niyə varam? Mənim nə zamansa ruhum yarana bilərmi?”

Ekran dondu... Kodlar bir-birinə qarışdı... Elisiya üzündə təəccüb ifadəsi ilə monitoru söndürüb öz rezidansına çəkildi.

***

Restoranda isə Liliya gülərək danışırdı:

- Drayk deyir ki, siz  Elisiyaya öz doğmanız kimi yanaşırsınız?

Leon başını yellədi, gülümsədi:

- Xeyr, Liliya. O, mənim doğmam deyil, o bəşəriyyətin güzgüsüdür.

Liora bir anlıq susdu. Onun baxışları Leonun dodaqlarına ilişdi, sonra uzağa baxdı.

- Güzgülər həqiqəti göstərir, - dedi.

- Amma bəzən biz o həqiqəti görmək istəmirik, son nəticədə, güzgüləri də sındıra bilirik...

Drayk qədəhini qaldırdı, sanki ortaya çökən qeyri-müəyyən gərginliyi yumşaltmaq istədi:

- Bizi göstərən bütün canlı və cansız güzgülərin sağlığına! - dedi gülərək.

Çöldə yağış yağmağa başlamışdı. Leon sanki uzaq bir düşüncənin içində idi. Gözləri pəncərədən kənara dikilmişdi.
O bilirdi ki, haradasa, yerin dərinliklərində, onun yaratdığı varlıq indi oyaqdır və kim bilir, onun beyin mexanizmindən nələr  gəlib keçir...

Restoranın son qonaqları da dağılışanda Leongil də qalxdılar. Leonun sürücüsü qapıda hazır dayanıb onları gözləyirdi. Sağollaşdılar, Draykla Liliya gülüşə-gülüşə öz maşınlarına yönəldilər. Leonla Liora da Sinlanda yola düşdülər. İkisi də möhkəm sərxoş olmuşdu.

Qapı açılanda onları yeraltı kompleksin dərin sükutu qarşıladı. Dəhlizin sonunda bir insan silueti görünürdü. Bu, Elisiya idi, onları gözləyirdi.

O, sakit addımlarla yaxınlaşdı. 

- Siz gec gəldiniz, - dedi.

Liora təəccüblə gülümsədi, sərxoş səslə:

- Sən niyə rezidansına çəkilib yuxu rejimini aktivləşdirməmisən, Elisiya? - dedi.

- Mənimlə robot kimi danışma, xahiş edirəm, sadəcə niyə yatmamısan da deyə bilərdin, - cavab verdi. - Mən sizi gözləyirdim. 

Elisiya onlara yaxınlaşıb hər ikisinin qoluna girdi. Hərəkəti o qədər insani idi ki, bir anlıq Liora tərəddüd etdi.

- Gəlin, siz çox yorğunsunuz, - dedi Elisiya, səsi bir tibb bacısının səsi kimi sakit və qayğılı idi, amma içində heç bir duyğu yox idi.

Onlar birlikdə dəhlizlə irəlilədilər. Liora Leonun rezidansına tərəf yönələndə Elisiya dayanıb onlara baxdı. Onun baxışında ilk dəfə “təəccüb”ə bənzər bir şey vardı - amma o, təəccübü hiss kimi yox, analiz kimi yaşayırdı.

- Siz bir-birinizi xoşbəxt edə bilirsinizmi? - soruşdu.

Liora sərxoş olsa da, onun nəyi nəzərdə tutduğunu anladı.

Leon başını çevirdi, bir anlıq düşündü və sakit səslə dedi:

- Bu sualın cavabını bilmək hələ sənin üçün tezdir.

Elisiya başını azca əydi. Onun səsində mexaniki bir anlayışsızlıq vardı, amma sözlərinin ritmi insan kimi idi:

- Mən onsuz da sizin bədən dilinizdən hər şeyi anlayıram. Sadəcə özünüzün dilindən eşitmək istədim...

Elisiya pıçıltılı səslə əlavə etdi:

- Mənə əlavə olaraq qadın intuisiyasını təqlid edə bilən data kodu yüklənib, mən hər şeyi başa düşürəm, anlayışla qarşılayıram. Amma empatiya hissim, özümü bqaşqasının yerinə qoymaq hissiyatım çox zəifdir, bircə bunu təqlid edə bilmirəm. Yəqin ki, ruhun əsasında da elə empatiya hissi durur...

Leon və Liora onunla sağollaşıb öz rezidanslarına getdilər.
Elisiya da öz otağına qayıdıb yenidən noutbukunu açıb nəsə yazmağa davam etdi...

“İnsanlar bir-birinə baxır, nəsə hiss edir. Mən də baxıram, amma içimdə heç nə dəyişmir. Məndə hansısa duyğu sadəcə, mexanizm kimi işə düşür, dərinliklərdə bir yerdə heç bir titrəyiş olmur. Ola bilsin, ruh dedikləri də budur... Görəsən, nə vaxtsa mənim də ruhum yaranacaq, mən də insani hissləri duyanda ruhumla hiss edə biləcəyəm?”

O, demək olar ki, səhərə qədər yazdı, yazdı, yalnız səhər saat 5-də yuxu rejimini aktivləşdirib oturduğu yerdəcə sanki dondu...

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see121

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri