Icma.az
close
up
RU
Rusiya anti Ermənistan siyasətə köklənir

Rusiya anti Ermənistan siyasətə köklənir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Motiv, dəyərləndirmə və məqsədlər barədə bəzi qeydlər

Hazırda Rusiyanın Ermənistanla bağlı siyasi ritorikasına iki xətt hakim kəsilib. Birincisi, anti-TRIPP köklənişi, ikincisi, İrəvanın Avropa İttifaqına üzvlüyünə maneçilik yaratmaq, ümumən, onun Avropaya inteqrasiyasına yol verməmək. Əlbəttə, hər iki xətt ayrı-ayrı, ancaq bir-birinə xeyli yaxın gələn təbliğat motivləri ilə seçilir.

Birinci xətt xüsusunda dünənki sayımızda İrəvanda 3 gün əvvəl keçirilmiş “Cənubi Qafqazda nəqliyyat dəhlizləri” adlı beynəlxalq konfransın üzərində dayandıq. O konfransın ki, təşkilatçıları İrəvan Dövlət Universitetinin nəzdindəki Rusiya Araşdırmaları Mərkəzi, Şərqşünaslıq İnstitutunun Rusiya–Ermənistan Münasibətlərinin Araşdırılması Mərkəzi və Rusiya Milli Kommunikasiyaların İnkişafı Elmi-Tədqiqat İnstitutu idi. O konfrans ki, orada, əslində, heç bir real dayağı olmayan “Putin yolu” ideyasının pafoslu təqdimatı keçirildi, bu yol ənənəvi Şimal-Cənub marşrutu və Ermənistan rəhbərliyinin bir vaxtlar irəli sürdüyü, son zamanlar isə barəsində az söz açdığı “Sülhün kəsişməsi” təşəbbüsü ilə əlaqələndirildi.

Ümumən, sözügedən konfransda bir çox fantaziyalar və beyin qıcqırması məhsulları ortaya atılaraq, onlar ətrafında müzakirə aparıldı. Yekun qənaətə gəlindi ki, Ermənistanın nicatı Rusiyadadır. Heç şübhəsiz, toplantı təşkilatçılarının da məqsədi elə bu məqamı, guya, əsaslandırılmış şəkildə vurğulamaq idi. Daha böyük məqsəd də aydındır: TRIPP-in yolverilməzliyi Ermənistanın ziyalı və elmi ictimaiyyətinə çatdırılsın. Çatdırılsın ki, bu kəsim sadə xalq kütlələrinə təsir göstərsin. Axı ölkədəki revanşist və şovinist kəsimin anti-TRIPP köklənişi müstəvisində dilə gətirdikləri fikirlərin erməni əhalisinə təsiri yoxdur. Nə üçün təsiri yoxdur, bu barədə sonda söz açacağıq.

Əslində, Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Beynəlxalq həyat” jurnalı tərəfindən təşkil olunan “Postsovet məkanında müasir inteqrasiya proseslərinin xüsusiyyətləri” adlı XVII beynəlxalq konfrans da “Cənubi Qafqazda nəqliyyat dəhlizləri” mövzusundakı toplantının, bir növ, davamı kimi səciyyələndirilə bilər. Amma bu dəfə ikinci xətt əsas götürülmüşdü. Yəni əvvəldə haqqında bəhs etdiyimiz İrəvanın Avropa İttifaqına üzvlük yolçuluğuna maneçilik yaratmaq, ümumən, onun Avropaya inteqrasiyasını əngəlləmək xətti.

Avropa İttifaqına üzvlük məsələsindən əndişə

Deməli, “Postsovet məkanında müasir inteqrasiya proseslərinin xüsusiyyətləri” adlı XVII beynəlxalq konfransda bildirildi ki, Ermənistanın inteqrasiya baxımından seçimi məsələsi, tədricən Rusiya ilə kollektiv Qərb arasında gedən mübarizədə geosiyasi düşərgə seçimi halına gəlib. Buna görə də meydana təhlükəsizlik və iqtisadiyyat sahəsində risklər çıxır. O risklər ki, Ermənistanı büdrədəcək.

Ermənistan ona görə büdrəyəcəkmiş ki, ölkə parlamenti 2025-ci ilin martında Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul edib. Qeyd edək ki, erməni hakimiyyətinin nümayəndələri bu sənədin Aİ-yə avtomatik üzvlük demək olmadığını və perspektivdə yekun qərarın vətəndaşlar tərəfindən referendum yolu ilə qəbul ediləcəyini bildiriblər. Bununla yanaşı, Baş nazir Nikol Paşinyan Ermənistanın eyni vaxtda həm Aİ-yə, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün qeyri-mümkünlüyünü etiraf edib və konfransda bu barədə söhbət açıldı...

Onu da bildirək ki, Paşinyan və onun komandasının üzvləri bir neçə ay ardıcıl olaraq, yaxın vaxtlarda Aİ-yə üzvlük üçün rəsmi müraciət niyyətlərinin olmadığını və buna görə Rusiya tərəfinin tələb etdiyi kimi, məsələ üzrə referendum keçirməyə ehtiyac duyulmadığını vurğulayıblar. Lakin avqustun 24-də Baş nazir parlamentdə hökumətin 2026–2031-ci illər üzrə proqramını təqdim edərkən, İrəvanın yaxın vaxtlarda Aİ-yə üzvlüyə müraciət prosesinə başlamaq niyyətini açıqlayıb. Tədbirdə bu məqam da ciddi müzakirə doğurdu...

Moskva Ermənistanda yaşananlara ilk gündən fərqli qiymət verib. Hələ 2025-ci il yanvarın 9-da, sözügedən qanun layihəsi müzakirə edilərkən, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk demişdi ki, ölkəsi Ermənistanın Aİ-yə üzvlük niyyətinə dair qanun layihəsinin müzakirəsinə başlanmasını Aİİ-dən çıxışın başlanğıcı qismində qiymətləndirir və Ermənistanla bağlı iqtisadi siyasətini formalaşdırarkən bunu nəzərə alacaq. Yeri gəlmikən, 2026-cı il sentyabrın 1-də Prezident Vladimir Putin də Paşinyana bildirdi ki, başqa iqtisadi təşkilata üzvlük prosedurunun başlanması haqqında qanunun qəbulu, faktiki olaraq, Aİİ-dən çıxmaq barədə bəyanat deməkdir, çünki eyni vaxtda iki üzvlük bir-biri ilə uzlaşmır.

Müqayisə və ya minnət

İrəvanda Avropa kursu xarici siyasət və iqtisadi əlaqələrin şaxələndirilməsi zərurəti ilə izah olunur. Lakin əgər müəyyən ticarət-iqtisadi əlaqələrin ixtisarı yeni, miqyas və şərtlər baxımından müqayisə edilə bilən əlaqələrin formalaşmasından daha sürətli baş verirsə, ölkə əvvəlcə yeni iqtisadi model deyil, köhnə modelin dağılması ilə üzləşir. Ermənistanın xarici ticarətində hazırda məhz bu proses yaşanır.

Məsələ ondadır ki, 2014-cü ildə Ermənistanın ümumi xarici ticarət dövriyyəsi, təxminən, 5,92 milyard dollar təşkil edirdi. Aİ ölkələri ilə ticarət 1,574 milyard dollara, yaxud ümumi xarici ticarət dövriyyəsinin 26,6 faizinə çatırdı. Rusiya ilə əmtəə dövriyyəsi isə 1,403 milyard dollar, yəni təxminən 23,7 faiz təşkil edirdi. Sonrakı onillik ərzində Ermənistan iqtisadiyyatının miqyası əhəmiyyətli dərəcədə böyüyüb. 2015-ci ildə ÜDM, təxminən, 10,6 milyard dollar olduğu halda, 2025-ci ildə artıq 29,2 milyard dollara çatıb. 2025-ci ildə real iqtisadi artım 7,2 faiz təşkil edib. Habelə, 2025-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 21,43 milyard dollara çatıb və il ərzində 29 faiz azalıb. İxrac 8,4 milyard dollar, idxal isə 13 milyard dollar olub. Bu zaman Rusiya Ermənistanın ən böyük ayrı-ayrı ticarət tərəfdaşı statusunu qoruyub.

Həmçinin 2025-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi, təxminən, 7,7 milyard dollar təşkil edib ki, bu da Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin, 35,8 faizinə bərabərdir. Bunun 2,96 milyard dollarını Ermənistanın Rusiyaya ixracı, 4,7 milyard dollarını isə idxalı təşkil edib. Ümumən, Aİİ Ermənistanın xarici ticarət dövriyyəsinin, təxminən, 8 milyard dollarını, yaxud 37,5 faizini təmin edib. İttifaq ölkələrinin payına Ermənistanın, təxminən, 3,2 milyard dollarlıq ixracı və 4,8 milyard dollarlıq idxalı düşüb.

Aİ-nin göstəriciləri isə xeyli aşağıdır. Qurum ölkələrinin Ermənistanla əmtəə dövriyyəsi, təxminən, 2,5 milyard dollar, yaxud ümumi xarici ticarət dövriyyəsinin 11,7 faizini təşkil edib. Bununla yanaşı, Ermənistanın Aİ-yə ixracı 666,8 milyon dollar, idxalı isə təxminən 1,8 milyard dollar olub. Aİ-nin Ermənistan ixracındakı payı 7,9 faizə, idxaldakı payı isə təxminən 14 faizə çatıb.

Moskva-İrəvan münasibətlərində böhranın dərinləşməsi və Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlər fonunda 2026-cı ilin yanvar–iyul aylarında ikincinin birinci ilə ticarət dövriyyəsi 20,5 faiz azalaraq, 3,12 milyard dollara düşüb. Ümumilikdə, Ermənistanın Aİİ ölkələri ilə ticarəti 18,4 faiz azalaraq, 3,35 milyard dollar təşkil edib. Eyni zamanda, Ermənistanın Çinlə ticarəti 1,81 milyard dollar, yəni, təxminən, 15,7 faiz, İranla ticarət isə 437,7 milyon dollar, yaxud, təxminən, 3,8 faiz təşkil edib. Bu zaman ölkənin ümumi xarici ticarət dövriyyəsi cəmi 1,7 faiz artaraq, 11,54 milyard dollara çatıb. Yəni tendensiya aydındır: Rusiya və Avrasiya istiqamətinin payı azalır, Aİ və Çinin payı isə artır. Buna baxmayaraq, Ermənistan ixracı üçün Rusiya ən mühüm bazar olaraq qalır. 2025-ci ildə Ermənistanın ümumi ixracının, təxminən, 35,3 faizi Rusiyanın payına düşüb, Aİ-nin payı isə 7,9 faiz olub. Konfrans iştirakçıları bütün bunlar ətrafında müzakirə apararaq, belə qənaətə gəliblər ki, Rusiya bazarını yalnız inzibati qərarla Avropa bazarı ilə əvəzləmək mümkünsüzdür. Həm də ona görə mümkünsüzdür ki, söhbət satış kanallarının, logistikanın, standartların, qablaşdırmanın, sertifikatlaşdırmanın və marketinqin yenidən qurulmasından gedir.

Əlbəttə, Ermənistanın Rusiya ilə münasibətlərin əhəmiyyəti yalnız əmtəə dövriyyəsinin strukturu ilə müəyyənləşmir. İkincinin qazı birincinin iqtisadi və sosial dayanıqlılığının, eləcə də iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin ən mühüm amillərindən biri olaraq qalır. Buna görə də qazın qiymətinin mümkün dəyişməsi təkcə Moskva ilə İrəvan arasındakı münasibətlər deyil, həm də daxili siyasi sabitlik məsələsidir.

Qalstyan həyəcan təbili çalırmış, amma...

Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib ki, qazın qiymətinin mümkün artması ssenarisi ölkəyə ikili təsir göstərəcək. İlkin təsir ümumi inflyasiya səviyyəsinin yüksəlməsi, ikinci dərəcəli təsir isə digər malların qiymətinin artması vasitəsilə özünü göstərəcək. Çünki qazın qiyməti istehsalın, o cümlədən istixana məhsullarının və sənaye istehsalının maya dəyərinə təsir göstərir. Eyni zamanda, iqtisadi fəallığın azalması riski də yaranır.

Qalstyan bu variantı nə “A” baza ssenarisinə, nə də “B” ssenarisinə aid olmayan “X” ssenarisi adlandırıb və onu hadisələrin “daha apokaliptik” inkişafını nəzərdə tutan ssenari kimi xarakterizə edib. Mərkəzi Bank rəhbərinin sözlərinə görə, bu ssenari reallaşacağı təqdirdə, tənzimləyicinin reaksiyası əhəmiyyətli dərəcədə güclü və qeyri-standart olmalıdır.

Mərkəzi Bank sədrinin bu bəyanatı prinsipial əhəmiyyət daşıyır. Çünki sözügedən qurum, faktiki olaraq, xəbərdarlıq edir: qazın bahalaşması eyni vaxtda iki əsas göstəriciyə – inflyasiyaya və iqtisadi artıma zərbə vura bilər. Konfransda da mövcud məqam vurğulanıb və buna görə bildirilib ki, enerji məsələsi müzakirə edilmədən inteqrasiya seçimi haqqında danışmaq natamam yanaşmadır. Rusiya qazına alternativ, ən azı, onun qiyməti baxımından müqayisə edilə biləcək səviyyədə olmalıdır (min kubmetr üçün 177 dollar). Konfransda vurğulanan ən mühüm məqamlardan biri isə budur: Azərbaycanın və İranın, hətta, fiziki baxımdan Ermənistanın ehtiyac duyduğu qaz həcmlərini təmin edə biləcəyi şübhəlidir.

Yeni “Ukrayna ssenarisi” və Ermənistan

Əlbəttə, şübhə əsaslandırılır. Özü də “Ukrayna ssenarisi” ilə. Konfransda vurğu məhz bunun üzərinə qoyulub və bildirilib ki, Moskva qarşısında suverenliyin müdafiəsi şüarları altında Ermənistan Azərbaycandan həmin Rusiya qazını daha baha qiymətə ala bilər. Yəni vaxtilə Rusiya qazından imtina etdiyini iddia edən Kiyevin, əslində, “reeksport” sxemi çərçivəsində həmin qaz üçün daha yüksək qiymət ödəməsi kimi.

Buna görə də konfransda gəlinən nəticələrdən biri budur ki, Ermənistan siyasi baxımdan istənilən ölkəni alternativ tərəfdaş elan edə bilər. İqtisadi baxımdan isə tərəfdaşlıq yalnız müqayisə edilə bilən şərtləri təmin etmək imkanı olduğu halda realdır. Başqa sözlə desək, Rusiya qazı daha baha qazla əvəzlənirsə, qiymət fərqini son nəticədə Ermənistan istehlakçısı ödəyir.

Müvafiq olaraq, Rusiya bazarı daha uzaqda yerləşən, logistika və sertifikatlaşdırma xərcləri daha yüksək Avropa bazarı ilə əvəzlənirsə, bu fərqin, daha doğrusu, daha böyük ehtimalla yaranacaq iqtisadi itkilərin yükünü Ermənistan əhalisi daşıyacaq. Ən əsası, əgər müəyyən nəqliyyat marşrutları bağlanır, yeniləri isə Ermənistanın bu marşrutlara çıxışına nəzarət etmək imkanı qazanan düşmən dövlətlərdən keçirsə, bu, asılılığın başqa bir formasını doğurur. “Düşmən dövlət” təqdimatında vurğunun böyük ölçüdə Azərbaycan, qismən isə Türkiyənin üzərinə qoyulduğu gün kimi aydındır. Elə isə keçək konfransın bilavasitə Bakı və Ankara mövzusuna.

Ermənistan üçün Azərbaycan və Türkiyə amili

Beləliklə, konfransda bildirilib ki, Ermənistan hakimiyyətinin xarici siyasətdə Türkiyə və Azərbaycanla, nəyin bahasına olursa-olsun, yaxınlaşma kursu yalnız İrəvan deyil, bütövlükdə, Cənubi Qafqaz regionu üçün, kifayət qədər, birmənalı olmayan nəticələrə gətirib çıxara bilər. Yəni Paşinyan hakimiyyətinin siyasəti Ermənistanın xarici iqtisadi infrastrukturunun əhəmiyyətli hissəsini ölkənin tarixən və siyasi baxımdan son dərəcə mürəkkəb münasibətlərə malik olduğu dövlətlərlə əlaqələndirəcək. Konfransda sual olunub: Rusiya ilə iqtisadi bağın zəiflədilməsi fonunda Ermənistana və erməni xalqına düşmən münasibətdə olan Türkiyə və Azərbaycanın nəqliyyat, enerji və ticarət imkanlarından asılı vəziyyətə düşmə, real diversifikasiyadırmı?

Yeri gəlmişkən, bu sual Paşinyan iqtidarının ölkənin diversifikasiya siyasətinə üstünlük verəcəyinə dair açıqlamasına əsasən ortaya atılır. Eyni zamanda, bildirilir ki, Aİ regiondan uzaqda yerləşir, Türkiyə və Azərbaycan isə Ermənistanın bilavasitə qonşuluğundadır. Əgər Ermənistan iqtisadiyyatının yenidən qurulması türk dövlətləri tandeminin iqtisadiyyatından və infrastrukturundan faktiki asılılığın yaranması ilə müşayiət olunarsa, Gürcüstanda Mixeil Saakaşvilinin prezidentliyi dövründə baş verdiyi kimi, Avropa ritorikası daha dərin regional transformasiyanın yalnız zahiri örtüyünə çevrilə bilər.

Bir sıra erməni ekspertləri də vurğulayırlar ki, hakimiyyət avrointeqrasiya və Rusiyadan suverenliyin müdafiəsi şüarları altında Aİ və ABŞ-ın dəstəyi ilə, əslində, Ermənistanı Türkiyə və Azərbaycanın peykinə çevirir. O ekspertlər ki, Rusiyadan “bəsləndikləri” sirr deyil və onlar Aİ komissarı Marta Kosun dediklərinə qəzəb yağdırırlar. Axı xanım Kos bildirmişdi ki, Aİ Ermənistan və Türkiyənin enerji sistemlərini birləşdirmək üçün böyük vəsait yatırmaq niyyətindədir. Məqsəd ölkənin Rusiyanın enerji sahəsində əməkdaşlığını azaltmaqdır.

Onu da bildirək ki, Paşinyan iqtidarı da Ermənistanın Türkiyə və Azərbaycanla enerji sahəsində sıx əməkdaşlığa, hətta Azərbaycan qazının alınmasına hazır olduğunu bəyan edib. Yeri gəlmişkən, “Postsovet məkanında müasir inteqrasiya proseslərinin xüsusiyyətləri” mövzusundakı konfransda Nikolun bu fikirlərindən ciddi qıcıq ifadə olunub.

Ermənistan–Aİ əməkdaşlığını gözdənsalma cəhdi

Məlum olduğu kimi, 2026-cı ildə Aİ Ermənistana elan etdiyi 52 milyon avroluq dəstək paketindən artıq 34 milyon avro köçürüb. Daha 18 milyon avronun ayrılması ilə bu paket tam həcmdə təmin edilməlidir. Vəsait, xüsusilə, Rusiyanın ticarət məhdudiyyətlərindən zərər çəkmiş biznesin və ixracatçıların dəstəklənməsinə yönəldilib.

Bundan başqa, iyulda Avropa Komissiyası Ermənistanın Aİ-yə ixracının, təxminən, 80 faizi üçün ticarətin müvəqqəti liberallaşdırılmasını təklif etdiyini açıqlayıb. Müvafiq tənzimləmə qüvvəyə mindikdən sonra bu tədbirlər iki il müddətinə nəzərdə tutulub.

Lakin sözügedən konfransda bildirilib ki, Avropa bazarına çıxış zəmanətli deyil. Üstəlik, bu bazar Rusiya bazarından əhəmiyyətli dərəcədə böyük olsa da, orada məhsullara, sertifikatlaşdırmaya, qablaşdırmaya, keyfiyyətə, izləniləbilənliyə və rəqabətə dair tələblər xeyli yüksəkdir. Digər tərəfdən, Aİ mümkün itkiləri hansısa formada kompensasiya etmək niyyətindən uzaqdır.

Yekun, yoxsa təhrik?

Konfransda o da vurğulanıb ki, Ermənistan məsələsində Aİ-nin, habelə, bu siyasəti dəstəkləyən ABŞ-ın məntiqi həm də Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsinə əsaslanır. Bu isə avtomatik olaraq Rusiyanın və İranın mövqelərinin zəifləməsi deməkdir. Axı Moskva və Tehran regionda Qərbin iki əsas geosiyasi rəqibidir.

Üstəlik, tədbirdə türk dövlətlərinin inteqrasiyası layihəsini fəal şəkildə inkişaf etdirən Türkiyənin Moskvanın təşviq etdiyi Avrasiya inteqrasiyası üçün faktiki rəqib layihəyə çevrilən proses çərçivəsində daha güclü mövqeyə yiyələnəcəyi, Mərkəzi Asiyada rol oynaya biləcəyi üzərində dayanılıb. O Mərkəzi Asiyada ki, orada Birləşmiş Ştatların iki əsas geosiyasi rəqibi — Rusiya və Çin aparıcı mövqelərə malikdirlər. Beləliklə, konfransda sual ünvanlanıb: Bütün bunlar Ermənistanın və erməni xalqının maraqlarına uyğundurmu?

Son və ya Rusiya ilə bağlı olmayan təminat

Sonda onu bildirək ki, “Postsovet məkanında müasir inteqrasiya proseslərinin xüsusiyyətləri” adlı XVII beynəlxalq konfransda Ermənistanın və erməni xalqının maraqlarına uyğunluq baxımından mübahisələndirilməyə çıxarılmış məqamların heç də hamısının qərəzli yanaşmadan qaynaqlandığını iddia etmirik. Əlbəttə, bəzi müqayisələr tam yerindədir. Eləcə də İrəvanın Aİ-yə fokuslanmasının zərərli tərəfləri barədə söylənilənlər. Həqiqətən, birmənalı şəkildə Qərbə bel bağlamaq olmaz.

Görünür, buna görədir ki, Paşinyan iqtidarı xarici siyasətin və iqtisadiyyatın diversifikasiyası üzərində dayanır. Məsələ diversifikasiya siyasətinə imkan tanınmamasındadır. Məsələn, Rusiya erməni məhsullarının öz bazarlarına daxil olmasına yol verməməklə, bunu edir və beləliklə, İrəvana hansı bazarın daha sərfəli olduğunu müəyyənləşdirmək şansı vermir. Ümumən, Moskva məsələni kateqorik qoyur: ya bizimləsən, ya da bizimlə deyilsən! Halbuki Paşinyan və bütövlükdə, erməni iqtidarının təmsilçiləri Aİ ilə Aİİ arasında fərqi anladıqlarını bildirərkən, müstəqil seçim üçün imkan şansının yaradılmasından söz açırlar.

Bəli, böyük məsələ ondadır ki, Rusiya tərəfi davranışları ilə Ermənistanın müstəqil dövlət kimi suveren siyasi və iqtisadi xətt yürütməsinin yolverilməzliyi tezisi üzərində dayanır, təxminən, “Ermənistan bizdən asılı olub və asılı da qalmalıdır” mesajını verir. Əslində, həm əvvəlki sayımızda üzərində dayandığımız “Cənubi Qafqazda nəqliyyat dəhlizləri” mövzusundakı, həm də indi detallarını diqqətə çatdırdığımız “Postsovet məkanında müasir inteqrasiya proseslərinin xüsusiyyətləri” mövzusundakı konfransda məhz belə bir ismarışa fokuslanır.

Amma Rusiyada bu kateqorik və kompromissiz yanaşmanın Ermənistanda və erməni xalqında qıcıq doğurduğu niyəsə nəzərə alınmır. Halbuki məhz bu kateqorikliyə görə Kreml Ermənistanda iki seçki prosesini uduzub. İndi isə onun böyük ölçüdə can atdığı növbəti seçkidəki qalibiyyət yox, hay ictimai rəyini qanuni seçilmiş Paşinyan iqtidarına qarşı qaldırmaqdır. Yəni niyyət, hər bir halda, xoş deyil və bu, kənardan çox gözəl görünür. Axı niyyət necə xoş olsun? Mümkün deyil. Çünki Rusiyanın 30 ilə yaxın müddətdə Ermənistanda xunta rejimini dəstəkləməsi faktı var. O rejim ki, erməni xalqına olmazın zülm, əzab və məhrumiyyətlər yaşatmış, ölkəni quldur xisləti ilə idarə etmiş, Kremlin vassalına çevirmişdi. İndi də eyni tərzin tətbiq edilməyəcəyinə hansısa təminat yoxdur.

Əvəz CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri