Rusiya Ermənistanda yeni liderlər axtarmaq üçün hərəkətə keçdi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskvada hakim “Vahid Rusiya”nın yaratdığı “Millətlərin azadlığı uğrunda” beynəlxalq forum keçirilib.
2024-cü ilin fevralında yaradılan platformanın əsl məqsədi Rusiyanın postsovet məkanında siyasi təsir imkanlarını genişləndirməkdir.
Təşkilatın bəyan etdiyi məqsəd Qərbin siyasi, iqtisadi, maliyyə, informasiya və mədəni təsir mexanizmlərinə qarşı mübarizə aparmaqdır.
Platformanın Asiya, Afrika, Latın Amerikası, Yaxın Şərq, Avropa və MDB ölkələrindən 50-dən çox siyasi partiyanı birləşdirdiyi bildirilir.
Forumun əsas ideoloji xətti Qərbin dövlətlərin daxili işlərinə müdaxiləsi, seçki proseslərinə təsiri və milli suverenliyin məhdudlaşdırılması mövzuları üzərində qurulub.
Moskvadakı tədbirə 70-dən çox ölkədən nümayəndələrin qatılıb. Hərəkata “Vahid Rusiya”nın sədri Dmitri Medvedyev rəhbərlik edir.
Tədbirdə Ermənistanın parlamentdənkənar müxalifəti də iştirak edib. Sabiq Prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov və hazırda həbsdə olan Qagik Tsarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyasının təmsilçisi Arman Abovyan Paşinyan hakimiyyətinin siyasətini sərt tənqid ediblər.
Şarmazanovun çıxışında əsas ittiham Qərbin Ermənistanda seçki proseslərinə müdaxiləsi və hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiqlərə münasibətdə ikili standartlar nümayiş etdirməsi olub.
Onun fikrincə, Qərb ölkələri demokratiya və insan hüquqları barədə danışsalar da, İrəvanda müxalifətə qarşı təqiblərə lazımi reaksiya vermirlər. Erməni siyasətçi bunu “seçki neokolonializmi” adlandırıb.
O hesab edir ki, bəzi beynəlxalq qurumlar seçkilərin legitimliyini qiymətləndirərkən demokratik meyarlardan daha çox hakimiyyətin geosiyasi istiqamətini nəzərə alırlar.
Arman Abovyan isə seçki proseslərinin siyasi təzyiq vasitəsinə çevrildiyini iddia edib. O, rəhbərlik etdiyi siyasi qüvvənin 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində parlamentə düşməməsini və partiya lideri Qaqik Tsarukyanla bağlı hüquqi prosesi hakimiyyətin siyasi rəqibləri sıxışdırması kimi təqdim edib.
Rusiya hakimiyyətinin Ermənistanda daha çox Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” partiyasını və eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokunu dəstəkləyir.
Hazırda hər iki siyasi qüvvə parlamentdə 41 mandatla təmsil olunur. Belə olan təqdirdə, rəsmi Moskvanın foruma nə üçün adları çəkilən siyasi fraksiyaların nümayəndələrini deyil, küçə müxalifətini dəvət etməsi sual doğurur.
Halbuki Ermənistanda parlament üsul-idarəsinin (parlamentli respublika və ya parlamentli monarxiya) mövcud olduğunu nəzərə alsaq, siyasi proseslərə qanunverici orqanda iştirak edən müxalifətin təsiri daha çoxdur.
Bu baxımdan, Rusiyanın tamamilə fərqli seçim etməsi bir neçə kontekstdə izah oluna bilər.
İlk növbədə, Samvel Karapetyanın və Robert Köçəryanın seçkilərdə məğlub olması Rusiyada onlara qarşı inamsızlığın yaranması kimi şərh oluna bilər.
Bu gün Baş nazir Nikol Paşinyan Ermənistanda siyasi vəziyyətə tam nəzarət edir və Rusiya ilə Qərb arasında geosiyasi balansı davam etdirir. Müxalifət isə Ermənistanı Rusiyanın tam təsir dairəsinə qaytaracağına dair verdiyi vədləri yerinə yetirə bilmədi.
Üstəlik, Samvel Karapetyan, Robert Köçəryan və Qagik Tsarukyan həbsdədir. Ona görə də əsas ehtimallardan biri Rusiyanın Ermənistanda yeni müxalifət lideri axtarmaq cəhdi ilə bağlıdır. Rusiya həmin fiquru parlamentdə təmsil olunmayan küçə müxalifəti sıralarında tapmağa çalışır. Həm Eduard Şarmazanov, həm də Arman Abovyan Rusiyaya bağlı şəxslər sayılır.
Kreml onu da anlayır ki, parlamentdə azlıqda olan müxalifət Paşinyanı impiçment edəcək resursa malik deyil. Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün parlamentdə təmsil olunmayan müxalifət də güclü olmalıdır.
Bu mənada, Şarmazanovun və Abovyanın foruma dəvət edilməsi Rusiyanın küçə müxalifətini aktivləşdirmək niyyəti kimi də başa düşülə bilər.
Amma adları çəkilən siyasətçilər indiyə qədər Karapetyandan və Köçəryandan fərqli kurs təqdim edə bilməyiblər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Noyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















