Icma.az
close
up
RU
Rusiya: miqrasiya siyasəti, yoxsa siyasiləşmiş miqrasiya?

Rusiya: miqrasiya siyasəti, yoxsa siyasiləşmiş miqrasiya?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə dəyişikliklər qüvvəyə minib. Dəyişikliyə əsasən, ölkəyə xarici vətəndaşların girişi və qalma müddəti sərtləşdirlib. Yeniliklər arasında dövlət rüsumlarının artırılması, miqrantların işəgötürülməsi və ölkədən çıxarılması ilə bağlı prosedurların təkmilləşdirilməsi və elektron izləmə mexanizmlərinin tətbiqi yer alıb. Məqsəd miqrasiya axınını və əcnəbi vətəndaşların fəaliyyətini daha effektiv şəkildə nəzarət altında saxlamaqdır. 

Qeyd edək ki, dövlət rüsumlarının artırılması ilə bağlı yeni tənzimləmə, xüsusilə, əcnəbi vətəndaşların Rusiyada qalma və işləmə imkanlarını məhdudlaşdırır. Bu, miqrasiya prosesini iqtisadi baxımdan çətinləşdirir. Çünki yüksək rüsumlar mühacirlərin öz ölkələrinə qayıtmağa və ya başqa dövlətlərə getməyə məcbur edir. 

Bundan başqa, yeni qanunvericilikdə vizalı xarici vətəndaşların qalma müddətinin yalnız vizanın etibarlılıq müddəti ilə, vizasız xarici vətəndaşlar üçün qalma müddətinin 90 günlə məhdudlaşdırılması yer alıb. Bu, daha sərt miqrasiya siyasətinin tərkib hissəsidir. Onların daha yaxşı izlənməsi və ölkədəki mövcudluqlarının nəzarət altında saxlanmasına xidmət edir və miqrantların hüquqlarını məhdudlaşdırır. 

Miqrantların Rusiyada az müddət qalması ölkədəki işçi qüvvəsi bazarına mənfi təsir göstərəcək. Üstəlik, bu qaydaların tətbiqi Rusiya iqtisadiyyatına töhfə verən miqrantları bürokratik maneələrlə üzləşdirəcək.

Onu da qeyd edək ki, qanuna dəyişikliklər işəgötürənlərə vizasız miqrantların işə götürülməsi və işdən çıxarılması barədə Daxili İşlər Nazirliyinə məlumat verməyi məcburi edir. Bu tədbir işəgötürənlər üzərində əlavə yük yaradır, bəzi hallarda həddindən artıq bürokratik prosedurların yaranmasına səbəb olur. Həmçinin işəgötürənlər üçün daha çox vəzifə yaradır, iqtisadi fəaliyyətin sərbəstliyinə mənfi təsir göstərir. 

“QR kodu”nun tətbiqi isə əcnəbilərin ölkəyə girişini və ölkədə qalma müddətini izləmək məqsədini güdür. Bəzən bu cür elektron izləmə sistemləri, şəxsi məlumatların gizliliyi və təhlükəsizliyi ilə bağlı suallar doğurur. Miqrantların şəxsi məlumatlarının toplanması və bu məlumatların mərkəzləşdirilmiş sistemdə saxlanması həm hüquqi, həm də etik baxımından doğru deyil. Üstəlik, texnologiyanın hər zaman mükəmməl işləməməsi nəzərə alındıqda, məlumatların səhv idarə edilməsi və səhv qərarların qəbul edilməsi risklərini artırır. Bu, bir tərəfdən ölkəyə girişin izlənməsi və nəzarət altına alınması məqsədini güdürsə, digər tərəfdən, əlavə vaxt və maliyyə sərfiyatına səbəb olur. Bu cür tələblər, əlavə xərclər miqrantların Rusiyaya gəlişini çətinləşdirəcək. Nəticədə ölkəyə xeyirdən çox ziyan vuracaq. 

Qeyd edək ki, yeni qaydalara əsasən, fövqəladə vəziyyətlərdə (qohumun xəstəliyi və ya ölümü kimi) təcili giriş üçün ərizə təqdim etmək imkanı da verilir. Bu qayda müəyyən hallarda miqrantlara daha humanitar yanaşmanı təmin edir. Amma, bu, yalnız fövqəladə vəziyyətlərin düzgün təyin olunmasından asılıdır və belə vəziyyətlərdə sui-istifadə və ya saxta ərizələrin təqdim olunması ehtimalını artırır. 

Miqrantların ölkədən çıxarılmasına dair səlahiyyətlərin polislərə verilməsi hüquqi sistemin balansını pozacağı ehtimalını yaradır. Çünki məhkəmə əvəzinə polisin verdiyi qərar insan hüquqları baxımından risklər yaradacaq və bu, xüsusilə qanunsuz miqrantlarla bağlı düzgün və ədalətli qərarların qəbul edilməməsi riskini artıracaq. 

Bunların hamısı Rusiyada son illərdə millətçi və ekstremist qüvvələrin fəallaşması fonunda baş verir. Bu, xüsusilə islamafobiya və etnik ayrı-seçkiliklə bağlı riskləri artırır. Rusiyada artan millətçi təmayüllər, qeyri-rus və xüsusilə, müsəlmanlara qarşı bir neçə dəfə zorakılığa səbəb olub. Real vəziyyət müsəlmanların, o cümlədən azərbaycanlıların Rusiyada daha çox risklə üzləşməsinə, həmçinin psixoloji amillərin artmasına yol açır. Belə bir şəraitdə polisin səlahiyyətlərinin artırılması, cəmiyyətdəki müxtəlif etnik və dini qrupların, xüsusən də Qafqaz və Mərkəzi Asiyadan gələn miqrantların hüquqlarının pozulmasına səbəb olacaq. 

Beləliklə, Rusiya Federasiyasının miqrasiya qanunvericiliyində edilən dəyişikliklər miqrasiya nəzarətini gücləndirməyi və miqrasiya axınını daha sərt şəkildə idarə etməyi məqsəd qoyur. Bununla belə, bu dəyişikliklərin praktikada necə tətbiq ediləcəyi, xüsusilə əcnəbi vətəndaşların hüquqları və iqtisadi fəaliyyətləri baxımından ciddi problemlər yarada bilər. Dövlətin bu siyasəti iqtisadi çətinliklərə səbəb olmaqla yanaşı, sosial ədalət məsələlərini gündəmə gətirəcək. Həmçinin, şəxsi məlumatların qorunması çətinləşəcək və insan hüquqlarına hörmət prinsipi pozulacaq.

Cəsarət HÜSEYNZADƏ, 
İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri 

– İyunun 30-dan etibarən Rusiyaya səfər etmək istəyən əcnəbilər yeni və olduqca sərt prosedurlarla qarşılaşacaqlar. Rusiya Federasiyasının tətbiq etdiyi yeni qaydalara əsasən, ölkəyə gəlmək istəyən şəxs səfərindən azı 72 saat əvvəl müvafiq qurumlara elektron şəkildə məlumat verməlidir. Əgər səfərə icazə verilsə, ona xüsusi kod təqdim olunur və yalnız bu kod vasitəsilə ölkəyə girişə icazə verilir. Ümumilikdə, Rusiyanın son illər miqrasiya ilə bağlı ardıcıl şəkildə yeni və sərt qaydalar tətbiq etməsi onu göstərir ki, ölkə miqrasiya siyasətini yalnız dövlət təhlükəsizliyi ilə deyil, həm də siyasi və ideoloji məqsədlərlə əlaqələndirir. Qanunvericiliyə il ərzində bir neçə dəfə dəyişikliklər edilir, qaydalar daha da sərtləşdirilir, nəticədə miqrantların hüquqları məhdudlaşdırılır. Bu isə beynəlxalq hüququn prinsiplərinə ziddir.

Narahatedici məqamlardan biri budur ki, yeni qaydaların tətbiqi zamanı sistemsizlik və özbaşınalıq halları müşahidə olunur. Maraq doğuran digər məsələ isə viza almış şəxslərin 72 saatlıq əvvəlcədən xəbərdarlıq sisteminə tabe olmalarıdır. Əgər həmin kodu əldə etməsələr, sərhəddən geri qaytarıla bilərlər. Bu isə viza institutunun hüquqi etibarlılığına ciddi zərbədir.

Hazırda Rusiyanın aidiyyəti qurumlarında miqrasiya ilə bağlı daha sərt təkliflər müzakirə olunur. Bəzi mexanizmlər isə artıq absurda çevrilib. Rusiya dövlət universitetlərində təhsil alan əcnəbi tələbələr belə əlavə sənəd təqdim etməyə məcbur edilirlər. Eyni zamanda, xüsusi reyestr anlayışı tətbiq olunur. Bu reyestrlər isə çox zaman qərəzli və şəffaflıqdan uzaq şəkildə formalaşdırılır. Daha təhlükəli məqam odur ki, bəzən bir şəxsin, sadəcə, sosial şəbəkələrdə və ya vebsaytlarda Rusiya ilə bağlı kiçik bir fikir bildirməsi ölkəyə girişinə qadağa qoyulması üçün yetərli sayılır. Bu cür senzura xarakterli yanaşmalar ifadə azadlığını pozur, insan hüquqlarına açıq təhdid yaradır.

Yeni qaydalar fonunda, xüsusilə Azərbaycan vətəndaşlarına qarşı ayrı-seçkilik halları daha qabarıq şəkildə özünü göstərir. Son dövrlər Rusiyanın Azərbaycanla bağlı yürütdüyü qərəzli siyasət göz önündədir. Buna bariz nümunə kimi Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlıların yaşadığı evlərə qəfil basqın təşkil etməsi bu siyasətin davamlı və ideoloji xarakter aldığını açıq şəkildə nümayiş etdirir. Həyata keçirilən əməliyyatlar zamanı bir neçə həmvətənimiz həlak olub, bir çoxu ağır bədən xəsarətləri alıb, digərləri isə zorakılıqla saxlanılıblar. Bu tədbirlər heç bir məhkəmə qərarı və hüquqi əsas olmadan, tamamilə qanunsuz şəkildə həyata keçirilib.

Bütün bu proseslər Rusiyanın qeyri-rus xalqlara, xüsusilə türk-müsəlman mənşəli icmalara qarşı sistemli və ideoloji əsaslara söykənən repressiv siyasət apardığını nümayiş etdirir. Rusiyada miqrasiya siyasəti artıq təhlükəsizlik məsələsi deyil, siyasi və sosial təzyiq alətinə çevrilib. Azərbaycan vətəndaşları ilə yanaşı, Mərkəzi Asiya respublikalarından olan miqrantlara qarşı da oxşar diskriminasiya halları geniş yayılıb. Bir çox hallarda insanların, sadəcə, Rusiya siyasətini tənqid etməsi, internetdə bir cümlə yazması onların “qara siyahıya” düşməsi və ölkəyə buraxılmaması ilə nəticələnir.

Bu hallar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilməli və müvafiq hüquqi və siyasi cavab tədbirləri görülməlidir. Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti və diaspor təşkilatları bu məsələdə daha fəal mövqe tutmalı, həmvətənlərimizin hüquqlarının qorunması üçün beynəlxalq instansiyalar qarşısında məsələ qaldırmalıdırlar.

Pünhan ƏFƏNDİYEV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri