Rusiyada qadını öldürüb Azərbaycana gəldilər 12 il sonra tutuldular
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
12 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ötən il dekabrın 27-də Rusiya Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Baş Prokurorluğuna göndərilib.
İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

