Rusiyanı Beynəlxalq Məhkəməyə verə bilərikmi? “Bu özbaşınalığa mütləq cavab verilməlidir, amma..”
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiyanın imperialist siyasətinə qarşı mübarizə başda Türkiyə olmaqla bütün Türk dünyası ilə koordinasiyalı şəkildə aparılmalıdır...”
“Unutmamalıyıq ki, hazırda Rusiyada milyonlarla vətəndaşımız yaşayır və atacağımız addımlar onların da taleyinə təsir göstərəcək. Azərbaycan ilk növbədə bu insanların da taleyini fikirləşməli, onların başqa bölgələrdə yerləşdirilməsi məsələsini planlaşdırmalı...”
Xəbər verildiyi kimi, Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Bakıya göndərdiyi məktubda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verildiyini açıqlayıb. Təbii ki, bu o deməkdir ki, indən belə Rusiyanın Azərbaycana təzminat ödəcəyini gözləmək olmaz. Bəs görəsən, bundan sonra Azərbaycanın məsələ ilə bağlı hansı addımları atmaq imkanı var? Bizim müstəqil istintaq başlatmaq və Rusiyanı beynəlxalq məhkəməyə vermək üçün yetərincə haqqımız yoxdurmu? Əgər bu addımı atsaq, Kreml - Putin buna necə reaksiya verər?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, Moskvanın bu özbaşınalığına mütləq cavab verilməlidir, amma cavabımız ölçülü olmalı, bəzi xarici güc mərkəzlərinin təhriklərinə çox etibar edilməməlidir:
“Nəzərə alınmalıdır ki, Rusiyanı çökdürmək istəyən xeyli sayda xarici dövlətlər var və onlar bu dövlətə qarşı ikinci cəbhənin açılmasını arzulayırlar. Sözsüz ki, Azərbaycanın bu prosesə qoşulması Rusiyanın çöküşünü sürətləndirə bilər. Amma Rusiyanın potensial təzyiqlərinə nə qədər hazır olub-olmadığımızı da gözdən keçirmək lazımdır. Unutmamalıyıq ki, hazırda Rusiyada milyonlarla vətəndaşımız yaşayır və atacağımız addımlar onların da taleyinə təsir göstərəcək. Azərbaycan ilk növbədə bu insanların da taleyini fikirləşməli, onların başqa bölgələrdə yerləşdirilməsi məsələsini planlaşdırmalı, ondan sonra müəyyənləşdirdiyi qarşı tədbirləri həyata keçirməlidir”.
Heydər Oğuzun fikrincə, Rusiyanın imperialist siyasətinə qarşı mübarizə başda Türkiyə olmaqla bütün Türk dünyası ilə koordinasiyalı şəkildə aparılmalıdır:
“Çünki rus imperializmi təkcə bizi təhdid etmir. Bizimlə yanaşı Mərkəzi Asiya ölkələri də onun hədəfindədir. Üstəlik, Rusiyanın caynağından xilas olmağa çalışan qardaş ölkələr Çinin yayılma siyasətinin hədəfinə çevrilə bilər. Xüsusilə Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələrin demoqrafik problemləri var. Rusiyada yaşayan soydaşlarımızın bu ölkələrdə yerləşdirilməsi Çinin ekspansionist siyasətinin zəiflədilməsinə kömək edə bilər. Amma bütün bu proseslər öncədən düşünülmüş və planlaşdırılmış şəkildə aparılmalıdır”.
Siyasi şərhçinin fikrincə, Rusiyanın təyyarə təxribatına hüquq çərçivəsində cavab vermək, onu beynəlxalq məhkəmələrə vermək mümkündür, amma bunun nə qədər işə yarayacağını da öncədən düşünmək lazımdır:
“Məlumdur ki, beynəlxalq hüquq mövcud dünya düzənini nizamlamaq üçün formalaşdırılıb. Amma son zamanlar dünyanın idarə olunmasında da yeni tendensiyalar ortaya çıxır. Köhnə nizam faktiki dağılıb, yeni düzən isə hələ qurulmaq ərəfəsindədir. Dolayısıyla köhnə dünya düzəni üçün nəzərdə tutulan hüquq sistemi də işləmir və ya xeyli təsirsiz vəziyyətə düşüb. Qərb dövlətləri Azərbaycanın Rusiyanı beynəlxalq məhkəməyə verməsini bəlkə də dördgözlə gözləyirlər. Hətta mümkündür ki, Azərbaycanın bu şikayətini böyük alqışla qarşılayıb Rusiyaya xarici uçuşları dayandırmağa, ona qarşı yeni sanksiyalar tətbiq etməyə də gedə bilərlər. Ancaq bu addımlar bizim problemlərimizə çarə olacaqmı? Məncə, ilk əvvəl bu suala cavab tapılmalıdır. Kiminsə öz rəqibini və ya düşmənini bizim əlimizlə məhv etməyə rəvac verməməliyik. Belə çətin zamanda sadəcə özümüzü və tərəfdaşlarımızla müttəfiqlik bağlarımızı inkişaf etdirməyə çalışmalıyıq. Dünyanın digər dövlətləri və güc mərkəzləri Rusiyaya qarşı effektiv siyasət yürüdəcəyi bir zamanda bizim də ritorikalarımız və addımlarımız getdikcə sərtləşə bilər. Amma nə yazıq ki, hələlik bu addımların heç biri yoxdur. Nə Avropa ölkələri Rusiyaya qarşı aktiv tövr sərgiləyirlər, nə də Rusiyadan torpaq iddiaları olan Çin, Yaponiya və s. kimi ölkələr yerindən tərpənirlər. Hər kəsin başını quma soxub ətrafı görməmək moduna keçdiyi bir zamanda bizim ucuz qəhrəmanlığımız nə qədər fayda verər, bilmirəm.
Azərbaycanın bu durumda atacağı ən rasional addımlar ehtiyatlı mübarizə taktikasıdır. Rəsmi Bakı rus imperializminin təməllərini sarsıdan Türk dünyası quruculuğunda oynadığı rolu davam etdirməli, Moskvanın təzyiqlərinə əhəmiyyət verməməlidir. Amma bu təzyiqlərin süni şəkildə artmasına da imkan və ya bəhanə yaratmamalıdır.
Qısası, mən “qisas soyuq yeməkdir, onu isti-isti almaq olmaz” fəlsəfəsinə inanıram və Rusiyanın bu kimi xainliklərini ağlımızın bir tərəfinə yazmağın, münasib vaxtı gözləməyin tərəfdarıyam…”
Təqdim etdi:
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















