Ruslan “əlaçı” məşqçi idi
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
O həm də Lev Yaşinə qol vurmuşdu
Ruslan Abdulla oğlu Abdullayevin XX əsrin 60-cı illərinin ortalarından 2002-ci ildə 58 yaşında həyatla vidalaşanadək Azərbaycan futbolunun inkişafına verdiyi töhfələr unudulmayıb. Bu çox istedadlı insanın bir hücumçu, sonra da məşqçi kimi böyük hörmət qazanması, futbolumuzun ən yaxşı yetirmələri arasında özünə layiqli yer etməsi təsadüfi deyildi.
Azərbaycanın Əməkdar məşqçisi, SSRİ idman ustası kimi fəxri adlar daşımış, Moskva Ali Məşqçilik Məktəbini əla qiymətlərlə bitirmiş yeganə həmyerlimiz R.Abdullayev həyatı tez tərk etməsəydi, şübhəsiz, ürəkdən bağlandığı işin respublikamızda inkişafına daha çox fayda verə bilərdi. O, futbolda fəaliyyətinin böyük bir hissəsini "Neftçi"də keçirmiş, Azərbaycanın 1 nömrəli komandası heyətində SSRİ çempionatlarının güclülər dəstəsində 76 oyunun iştirakçısı və 13 qolun müəllifi olmuşdur.
Gənc hücumçu hələ flaqmanın sıralarına dəvət olunmazdan əvvəl futbolda ilk addımlarını atdığı Cəncədə yerli azarkeşlərin sevimlisinə çevrilmışdi. Məşqçilik fəaliyyəti də təkcə "Neftçi" ilə bağlı olmayıb, "Kəpəz", "Araz" (Naxçıvan), "Turan" (Tovuz) komandalarında, Türkiyənin "Ərzurumspor" klubunda, Slovakiyada da işləmişdi.
Mərhum həmkarım Abas Əzimov 2011-ci ildə Azərbaycan futbolunun 100 illiyi münasibətilə nəşr etdirdiyi "Xatirələr işığında" adlı kitabında R.Abdullayevin də fəaliyyətinə geniş yer ayırıb. Vaxtilə Ruslanla bir yerdə oynamış, çalışmış, onunla yaxından ünsiyyətdə olmuş insanların hücumçu–məşqçiyə dərin ehtiramla kitabın müəllifinə söylədikləri fikirlər adama çox şey xatırladır. Düşünürəm ki, həmin fikirlərlə siz də maraqla tanış olacaqsınız.
1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı "Neftçi"nin müdafiəçisi Yaşar Babayev: "Ruslan komandaya gələndə mən artıq "Toxucu"nun əsas heyətində çıxış edirdim. Elə həmin il komandanın adı dəyişilib "Dinamo" oldu. Hər dəfə məşq başa çatandan sonra məşqçimiz Yaqub İsmayılov Sergey Kramarenko və Ruslanı meydanda saxlatdırıb, məşqi davam etdirməyi tapşırırdı. Yaqub müəllim onları çox işlədirdi. Elə bunun nəticəsidir ki, hər ikisi yaxşı futbolçu kimi tanınmışdı. Bir il sonra Ruslan "Dinamo"nun heyətinə daxil edildi".
SSRİ idman ustası Şahmir Hüseynov: "Ruslan Abdullayev bir müddət Gəncədə oynadıqdan sonra onu "Neftçi"yə dəvət etdilər. Burada ilk oyununu həmin il oktyabrın 31-də Bakıda Kuybışevin (indiki Samara) "Krılya Sovetov" komandası, son görüşünü isə 1972-ci il sentyabrın 2-də Moskvada "Torpedo" ilə keçirmişdir. 1968-ci ildə Gəncə dinamoçuları güclülər dəstəsində çıxış etməyə başlayanda Ruslanı öz doğma komandasına çağırdılar. O, burada da layiqincə çıxış etmiş, "Dinamo"nun heyətində 28 oyunda meydana çıxmış, 7 qol vurmuş və klubun "bombardiri" olmuşdur.
Bir görüşü ayrıca qeyd etmək istərdim. Gəncədə Moskvanın "Dinamo" komandası ilə oyunda Ruslan gözəl hazırlıq nümayiş etdirdi. Qonaqlar 1:0 hesabı ilə irəlidə idilər. Topu qapımıza Gennadi Yevrujuxin vurmuşdu. Nə qədər çalışsaq da məşhur Lev Yaşinin qapısına yol tapa bilmirdik. Hamımız istəyirdik ki, ona qol vuraq. İkinci hissənin ortalarında hakim "Dinamo"nun qapısına təxminən 35 metr məsafədən cərimə zərbəsi təyin etdi. Ruslan topu götürüb, hakimin göstərdiyi nöqtəyə yaxınlaşdı. Biz gözəyirdik ki, indi topu kiməsə ötürəcək. Lakin o, özü topu qapıya vurmağı qərara aldı. Zərbə... Qol!".
Burada öz tərəfimdən əlavə edim ki, statistikaya müracıət etdikdə məlum olur ki, gəncəli və moskvalı həmklubların həmin görüşü 1968-ci il iylun 7-ďə 30-cu SSRİ çempionatı çərçivəsində keçirilmiş və 1:1 hesabı ilə heç-heçə başa çatmışdır.
Çingiz İsmayılov, SSRİ idman ustası: "Ruslan futbolçu, həm də məşqçi kimi çox nadir insan idi. Moskva Ali Məşqçilik Məktəbini əla qiymətlərlə bitirən yeganə azərbaycanlı məşqçi idi. Məktəbi bitirdikdən sonra təcrübə keçmək üçün Moskva onu Hollandiyanın məşhur klublarından birinə göndərmişdi. Bakıya qayıtdıqdan sonra "Neftçi"nin hazırlıq qrupunda və əsas komandasında məşqçi kimi çalışmış, sonra isə əsas komandanın baş məşqçisi olmuşdu. Harada işləməsindən asılı olmayaraq, onun öz dəst-xətti var idi. İlk növbədə komandada nizam-intizamı əsas şərt hesab edirdi. Heç vaxt istəməzdi ki, klubun rəhbərlərindən kimsə onun işinə qarışsın. Bu səbəbdən də bəziləri onu sevməzdi. Bir sözlə, Ruslan istedadlı məşqçi idi. Oğlu Elxan da futbol oynamağı çox sevirdi. Respublikanın bir neçə klubunda müdafiəçi rolunda Azərbaycan çempionatlarında çıxış etmişdir. Lakin tez-tez aldığı zədələr onun böyük futbolçu kimi yetişməsinə mane olmuşdur. Hazırda məşqçi işləyir".
...Bu arada, Ruslan Abdullayevin bir vaxtlar oyunçusu, sonra da baş məşqçisi olduğu " Neftçi" nin 90 illik yubileyi (18 mart 2027-ci il ) getdikcə daha da yaxınlaşır. Ruhu şad olsun.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 31 Oktyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















