Icma.az
close
up
RU
Rüşvət alanda vicdanı susan məmur “Atamın işi”

Rüşvət alanda vicdanı susan məmur “Atamın işi”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qapını açanda içəri yalnız özü yox, boynubükük bir gün də daxil oldu. İşdən yenə qanıqara qayıtmışdı. Rəis müavini təyin ediləndən sonra bu hal onun üçün adi hala çevrilmişdi. Amma bir qayda qoymuşdu özünə: idarədə yığılan qaranlıq duyğular evin qapısından içəri keçməməli idi. Qapıdan girər-girməz ekranlara dalmış uşaqlarının alınlarından öpər, həyat yoldaşını qucaqlayıb saçlarının tanış qoxusunu dərindən içinə çəkərdi. Bu anlar onun üçün nəfəs kimi idi – beynini sıfırlayır, gün boyu yığılan yorğunluğu və mənəvi kirəcləri az da olsa yuyub aparırdı.

Cəmi iki ay idi ki, onu rayonun hərbi komissarlığında rəis müavini təyin etmişdilər. Hərbi təhsili yox idi, amma ali təhsili vardı, özü də savadlı, ziyalı bir adam idi. Ədəbiyyatı sevirdi, arada şeirlər yazırdı, dərdi də, duyğusu da qələmlə danışırdı. Həssas adam idi. Küçədə köməksiz birini görəndə dayana bilməzdi – yaxınlaşar, nə bacarırdısa, əl uzadardı. Amma özü barədə heç danışmazdı. Ürəyində nə qədər yüklər daşısa da, onu paylaşmazdı. Başqalarının dərdinə qulaq asar, elə bil dinlədiyi adamın yükündən bir hissəsini özü daşımağa razı olar, səssiz-səmirsiz onun yükünü öz çiyinlərinə bölüşərdi.

İlk gündən bu işə isinişə bilməmişdi. Sanki hər səhər kabinetin qapısını açanda, vicdanını, hisslərini, şəxsiyyətini çöldə qoymalı olurdu. İçəri girdikdə bir “mexanizm”ə çevrilirdi – sadəcə rəqəmlərlə, planla, göstərişlə çalışan bir aparat hissəsi.

İşin mexanizmi sadə, amma çirkli idi. Hərbi xidmətə getmək istəməyənlərin cibində pul olmalı idi. Onun masasının üstündə daim bir dosye dururdu – rayonun çağırışa düşən bütün gənclərinin siyahısı. Bu siyahıya baxar, kimin vaxtı çatıbsa, valideynlərinə zəng edər, "gəlin, danışaq" deyərdi. Əslində danışılan bir dildə deyildi – bu, susaraq başa düşülən, rüşvətlə qurulmuş bir sistemin dili idi. Gündəlik masasına çatan pullar az qala bir zavodun aylıq dövriyyəsinə bərabər idi. Və bu pulların hər biri ya ümidlə, ya qorxu ilə, ya da göz yaşları ilə verilirdi.

Günün ikinci yarısı qapısı döyüldü. İçəri girən çağırışçının atası idi – keçən həftə gəlmişdi, oğlunun səhhəti ciddi idi. Tez-tez tutmalar keçirirdi, özü də tək uşaq idi. Ata oğlunu bu vəziyyətdə əsgərliyə göndərmək istəmirdi. Şərtləri bilirdi – rüşvət məbləğini də.

Bu dəfə əlində pul vardı. Nimdaş pencəyinin cibindən çıxardığı balaca bağlamanı açdı, qabarlı barmaqları ilə pulları bir-bir sayıb masanın üstünə qoydu. Müavin donub qaldı. Gözləri o əllərin üstündə ilişib qalmışdı – o əllər ona atasının əllərini xatırlatdı: illərlə torpaqla, daşla, zəhmətlə yoğrulmuş əllərə. Boğazı düyünləndi. "Bir həftəyə gəlin, hərbi bilet hazır olar" – dedi, səsi tanımadığı qədər boğuq çıxdı.

Ata çıxıb getdi. Müavin əlini uzadıb pul qutusuna toxunmadı. Həmin an düşündü: “Bunu o necə düzəldib? Kredit götürüb? Borc alıb? Bəlkə mal-heyvan satıb?” İçindən nəsə qopdu…

Elə o anda küçədən bir səs eşidildi. Qışqırıq, təkər səsləri, tormoz cığırtısı... Pəncərədən baxanda dizlərinin üzüldüyünü hiss etdi. İdarənin qarşısında qəza olmuşdu.

Yerə sərilən adamın paltarından tanıdı. Qan gölməçəsinin içində, hərəkətsiz uzanmışdı. Yaxınlaşanda titrəməyə başladı. Elə bir neçə dəqiqə əvvəl pulunu aldığı ata idi. O ata, qırmızı qanı qara asfalta yayılan ata...

Ata bir an gözlərini açdı, ətrafındakı insanlara baxdı. Müavinlə göz-gözə gəldi. O baxışda nə təəccüb, nə qorxu vardı – yalnız dərin bir sual... və o baxış donub qaldı.

Axşam evə qayıdanda özünü nə ayaqda hiss edirdi, nə də yerə bağlı. Elə bil yuxuda idi – ağır, boz, havasız bir yuxuda. İçindəki səssizlik küçədən daha səsli idi.

Qapını açanda hər zamankı kimi uşaqlarını öpdü, həyat yoldaşını qucaqladı. Amma bu dəfə nəfəsi onun saçlarını deyil, içinə dolan günahı hiss etdi.

Təzəcə kresloda oturmuşdu ki, 3-cü sinifdə oxuyan oğlu əlində dəftər ona yaxınlaşdı:

– Ata, müəllim inşa tapşırığı verib. Kömək edə bilərsən?

– Mövzu nədir?

Uşaq gülümsədi. Sadə, təmiz uşaq gülüşü...

– “Atamın işi”

O an sanki zaman dayandı. Bu iki söz onu boğazından tutub silkələdi. Tənha bir otaqda güzgüyə baxırmış kimi hiss etdi özünü – amma bu güzgü vicdan idi.

Əlləri titrədi. Bədəni kresloda olsa da, ruhu nəyinsə içinə düşürdü... bir dərinliyə, bir bataqlığa.

"Atamın işi..." – bu cümlə beynində fırlanırdı, sanki hərflərdən qamçılar düzəldib vicdanına vururdular.

Əmin oldu: O artıq yalnız bir vəzifəli şəxs deyildi. O, çirkabın ortasında susaraq yaşamağı seçmiş bir ata idi.

Və birdən beynində nəyinsə partladığını hiss etdi. Sanki içindəki divar çat verdi. Sanki gözünə görünməyən bir qapı açıldı – ya işığa, ya zülmətə.

Gözlərini açanda, ətrafında hər şey bulanıq və qeyri-müəyyən idi. Neçə gün keçmişdi, bilmirdi. Xəstəxananın soyuq, ağır havası onu boğurdu. Hiss edirdi ki, bədənində heç bir qüvvə qalmayıb. Amma daha pis olanı, ruhunun da sıradan çıxması idi.

Çox keçmədən qapı açıldı. Rəisi gülümsəyərək içəri daxil oldu.

– Bəsdir, bu qədər istirahət etdiyin. İdarədə işlər tıxanıb, hər şey sənə görə dayanıb, – dedi, gülümsəyərək…

Onun gülüşü də, sözləri də heç bir əhəmiyyət daşımırdı. Müavin reaksiya vermədi. Gözləri boşluğa dikildi, sanki içində heç bir şey qalmamışdı.

Rəisi danışmağa davam edərkən, müavin bir anlıq düşündü: “Bəlkə də hər şey bu qədər önəmsizdir. Hər şeyin axarı, hər şeyin qiyməti... Sən özün də heç nə bilmirsən.”

O an, müavin yenə gözlərini palatanın tavanına çevirdi. Rəisin səsi artıq qulaqlarında boğulurdu. O, heç bir şeyə cavab vermədi.

Və bir anlıq, ilk dəfə hiss etdi: nə həyat, nə də ölüm – heç bir şey onun üçün indi həqiqətən anlamlı deyildi.

Elnur Məmmədli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri