“Sabah” “Barselona” oyununa bilet almamışam” Samir Abbasovun ə AÇIQLAMASI
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə keçirəcəyi oyun futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Kataloniya təmsilçisi ilə qarşılaşma ərəfəsində Azərbaycan millisinin sabiq futbolçusu, “Sumqayıt” və “Neftçi” klublarının keçmiş baş məşqçisi, eyni zamanda 2024-cü ildə təcrübə proqramı çərçivəsində “Barselona” akademiyasını ziyarət etmiş Samir Abbasovun fikirlərini öyrənmək qərarına gəldik.
Təcrübəli mütəxəssis İdman.Biz-ə açıqlamasında İspaniya klubunun hazırkı gücünü yüksək qiymətləndirib.
Abbasov bildirib ki, onun akademiyada olduğu vaxtdan bəri klubda baş məşqçi və futbolçu heyəti dəyişsə də, “Barselona” öz səviyyəsini qoruyub. Onun sözlərinə görə, komanda son dövrlərdə, xüsusilə gənc futbolçuların hesabına yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Düzdür, mən orada olanda tamam başqa ab-hava var idi. Baş məşqçi də, futbolçular da fərqli idi. Amma “Barselona” istər o vaxt, istərsə də indi “Barselona”dır. Hazırkı komanda haqqında dünyanın müxtəlif televiziya kanallarında, o cümlədən “Sky Sports”da müsbət fikirlər səsləndirilir. Hətta onu dünyanın bir nömrəli komandası hesab edənlər də var. Bu da “Barselona”nın gücünü göstərir.
Son vaxtlar futbol baxımından həddindən artıq böyük sıçrayış ediblər. Əvvəllər də güclü idilər, amma bu gənc futbolçularla sanki tamamilə başqa səviyyəyə yüksəliblər”.
Sabiq baş məşqçi “Sabah”ın futbolçularına qarşılaşmadan maksimum zövq almağı tövsiyə edib. O, belə oyunların hər futbolçunun karyerasında xüsusi yer tutduğunu vurğulayıb:
“Düşünürəm ki, bu oyunla bağlı mənim kimi insanlardan müsahibə almağa belə ehtiyac yoxdur. Çünki deyəcəyimiz elə də çox söz yoxdur. “Barselona” “Barselona”dır. Sadəcə futbolçulara, məşqçilərə və “Sabah” klubuna bu oyundan zövq almağı arzulayıram.
Futbolçulara demək istəyirəm ki, hesab necə olur-olsun, oyun hansı nəticə ilə bitsə də, hər futbolçuya “Barselona” ilə meydana çıxmaq qismət olmur. Hətta yoldaşlıq görüşündə belə bu komanda ilə oynamaq hər kəsə nəsib olmur. Bu, futbolçu üçün böyük şərəfdir.
İnanın ki, bu gün bir çox futbolçu sizin yerinizdə olmaq istəyərdi. Belə oyunlar futbolçu karyerasını başa vurduqdan sonra da yaddaşda qalır. Məsələn, mənim üçün Portuqaliya ilə oyun, Kriştianu ilə qarşılaşma və digər belə matçlar yaddaqalandır. Ona görə də meydana çıxın və bu oyunun həzzini yaşayın. İnşallah, nəticə də istədiyiniz kimi olar”.
Samir Abbasovdan “Sabah” - “Barselona” oyununa bilet alıb-almadığını da soruşduq.
Samir Abbasov bildiridi ki, futbol matçlarını stadiondan izləmir. Bununla belə, mütəxəssis ötən dəfə “Borussiya” Dortmundla qarşılaşma zamanı oğullarının ona xəbərsiz bilet aldığını açıqlayıb:
“Mən ümumiyyətlə oyunlara getmirəm, nə Azərbaycan, nə də xarici oyunlara. Amma ötən dəfə “Borussiya” Dortmundla oynayanda evdə uşaqların danışdığını gördüm. İki oğlum var. Soruşdum ki, nə məsələdir? Sən demə, xəbərim olmadan ikisi də “Borussiya” ilə oyuna bilet alıblar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Noyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















