Icma.az
close
up
RU
Sabahlara doğru həyat eşqi ilə

Sabahlara doğru həyat eşqi ilə

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vahid MƏHƏRRƏMOV
Hərbi jurmalist

Dünyaya göz açdığımız ilk günlərdən enişli-yoxuşlu ömür yollarında üzü sabahlara doğru yolçuluğa başlayırıq. Aylarını, həftələrini, günlərini yaşadığımız illər əlimizdən tutub dayanmadan bizi arxasınca çəkə-çəkə gələcəyə aparır. İnsan ömrü sanki heç vaxt dayanmayan, həmişə yollarda olan sarvansız karvana bənzəyir. Özümüzdən sonra dərinli, dayazlı izlər qoya-qoya işıqlı sabahlara çatmaq üçün ömrün zamanı bilinməyən son dayanacağına doğru tələsmədən və ləngimədən yol gedirik.

1961-ci ilin isti bir yay günündən yola çıxan ömür karvanım 2026-cı ildə hiss olunmadan 65-ci pilləsinə yaxınlaşır. Bir anlıq ayaq saxlayıb geriyə boylanıb yaşanmış illərə baxa-baxa düşünürsən ki, bu da 65 yaş! Bu da həyat naxışlarının bərli-bəzəkli 65-ci ilməsi. Bu da ömür sarayının 65-ci mərtəbəsi! Bundan sonra neçənci mərtəbəyə qədər qalxacam, həyatımın naxışlarına neçənci ilməni vuracam? Təbiidir ki, bunu heç kim bilmir və bilə də bilməz. Çünki hər şey sirri xudadır. Bu yerdə ən yaxşısı "ya qismət" - deyib növbəti illərə doğru yol almaqdır.    

Hərdən fikrə gedib düşünür və özünə sual verirsən ki, 65 il nə tez ötdü? Nə vaxt gəlib keçdi ömür karvanı? Necə oldu ki, onun gəlişini, gedişini hiss etmədik? Dönüb arxada qalan illərə baxanda fikirləşirsən ki, sanki hər şey dünən-srağagün baş verib. Sevinə-sevinə çiynimizdə içi dəftərlə, kitabla dolu olan çanta ilə, əlimizdə mürəkkəb qabı orta məktəbə gediyimiz, oxuduğumuz və 10 ildən sonra bitirdiyimiz, hərbi xidmətə yollandığımız, ailə qurduğumuz və başqa illər nə vaxt yaşanılıb. Sanki bütün bunlar bir-iki günün içində baş verib və tamamlanıb.

Şükürlər olsun ki, ömrün dolaylarından yavaş-yavaş gah asanlıqla, gah da çətinliklə keçərək gəlib bu günə, bu pilləyə çata bildim. İndi bu pillənin uca nöqtəsi hesab elədiyim bir yerində rahatca oturub yaşayıb arxada qoyduğum illəri üzü geriyə vərəqləyirəm. Bir-birinin arxasınca sıralanmış illərin hərəsi mənə bir cür əziz, bir cür doğmadır, bir cür sevindiricidir, bir cür kədərlidir. Yaşadığım bu illərin hərəsi ömür kitabımın səhifələrinə bir cür yazılıb. Özü də redaktəsiz, bəzəksiz-düzəksiz, necə var elə o cür.

Qarşılaşdığımız gündəlik hadisələrə, gələcəyə hesablanmış məqsədlərə çatmağa başımız o qədər qarışır ki, illərin necə və nə vaxt keçdiyini hiss etmirik. Sanki bundan istifadə edən zaman da bizdən xəbərsiz qəsdən tez ötüb keçir. Başımızı qatan işlərdən bir anlıq ayılanda baxıb görürük ki, ömrümüzün xeyli hissəsi yaşana-yaşana arxada qalıb. Hiss olunmadan ötüb keçən illər yaddaşımızda müxtəlif hadisələrlə qalır. Buna görə də bəzən illəri xatırlaya bilməyəndə yaddaşımızdan baş qaldıran hadisələr gülümsünə-gülümsünə üzümüzə boylanır. Yaşadığımız o illəri xatırlamaq üçün həmin hadisələr bizə bir növ bələdçilik edir.

Həyat çox qəribə və qəribə olduğu qədər də sirli-sehrlidir. Bunun belə olduğunu dünyanın varlığını, yoxluğunu vecimizə almayanda, "Araz aşığımızdan, Kür topuğumuzdan" olanda bilmirdik. Bunu yalnız bir az yaşa dolandan, necə deyərlər, başımız daşdan-daşa dəyəndən sonra anlayırıq. Onda da gec olur, artıq qatar stansiyadan keçib gedir. Qatarın arxasınca qaçmağın, baxmağın faydasız olduğu da hamıya yaxşı məlumdur.

Yaşadığımız həyat göstərir ki, insan nə qədər savadlı, mütaliəli olsa da, sabah, nəinki sabah, heç bir-iki dəqiqədən sonra başına nələrin, hansı işlərin gələcəyindən xəbəri olmur. Buna görə də, gözlənilməz hadisə ilə qarşılaşanda da çaşıb qalır. Bəzən nə edəcəyini, hansı addım atacağını bilmir. Kim bilir, bəlkə də elə hər şeyi əvvəlcədən bilməmək daha yaxşıdır. Çünki başımıza gələcək işləri əvvəldən bilsək, bəlkə də həyat maraqsız olar. Daha dünyada heç bir sirr qalmaz, hər şey aşkara çıxar, qaranlıqlar işıqlanar. Ondan sonra heç nə oxuyar, heç nə öyrənərik. Dünənə qədər bizim üçün maraqlı olanlar gözdən düşər, kitaba, qəzetə, jurnala həvəs və ehtiyac qalmaz.

Uşaqlıq və yeniyetməlik illərində böyüyəndə jurnalist olacağım, hətta əynimə hərbi forma geyinib zabit kimi doğma ordumuzun sıralarında xidmət edəcəyim heç ağlıma gəlməzdi. Çünki o illərdə elə zənn edirdim ki, heç böyüməyəcək, elə gənc yaşda qala-qala yaşayacağıq. Amma neyniyək ki, hər şey düşündüyümüz kimi olmadı. Qoynuna doğulduğumuz dünya özümüzdən xəbərsiz bizi böyütdü. Ömrümün 17 ili doğma Zəngilan rayonunun Babaylı kəndində keçdi. Sonra kəndimizdən yavaş-yavaş dünyanın başqa yerlərinə cığır saldım, yol açdım. Bu yol hələ bitməyib, davam edir.

Yadıma gəlir, orta məktəb illərində hərdən şeirlər yazırdım, hərdən də hekayə-filan düzüb-qoşurdum. Bu yaxınlara qədər şeir dəftərim evdə qalırdı. Sonra necə oldusa, günlərin birində yoxa çıxdı, sanki bir günün içində yağlı əppək olub göyə çəkildi. Onun itməyinə çox təəssüfləndim. İndi yalnız belə bir dəftərin olduğu yadımda qalıb. Orta məktəb illərində şeir yazmağım daha çox dostlarımın işinə yarıyırdı. Onlar gözəlliklərinə heyran olduqları qızlara məktub yazanda mənim köməyimdən istifadə edirdilər. Köməkliyimlə yazılmış sevgi məktublarına qızlar həmişə müsbət cavab verirdilər. Buna görə də bir çoxları sevgi məktubları yazmaq fikrinə düşəndə mənə xahiş-minnət edirdilər.

Orta məktəbi bitirdikdən sonra gələcək ömrümün davamını yaşamaq, bir növ həyatımı qurmaq üçün Bakı şəhərinə üz tutdum. Ürəyimdə tumurcuqlayan arzuların arxasınca kiçik bir kənddən böyük bir şəhərə gəldim. Sonra hərbi xidmət illəri. Əsgəri xidmətim də ata-baba yurdundan xeyli uzaqlarda, az müddəti keçmiş ittifaqın Çita şəhərində, xeyli hissəsi isə qədim türk yurdu olan Monqolustanda keçdi. Ordudan tərxis olunandan sonra doqquz il neftçıxarma mədənlərində işlədim. 24 il 5 ay  doğma ordumuzun sıralarında xidmət etdim. Hərbi jurnalist kimi Birinci və İkinci Qarabağ müharibələrinin, Aprel döyüşünün iştirakçısı oldum. Məğlubiyyətimizin acısını da yaşadım, Zəfərimizə də ürəkdən sevindim. Çətin, ağrı-acılarla dolu günlər çox gördüm, gərgin anlar yaşadım. Bu illərdən yaddaşımda qalaq-qalaq acılı-şirinli xatirələr qaldı.

Bu xatirələr mənə çox sadiqdir, illərdir yorulmadan bir yerdə yol yoldaşlığı edirik. Elə mən də xatirələrimə sadiqəm, onları heç vaxt unutmuram. Hərdən oturub xatirələrimlə söhbət edirik, pıçıldaşırıq, dərdləşirik. Onların gözü həmişə açıqdır, yatmayır, oyaqdır, əsgər kimi ayıq-sayıqdır. Hərdən xatirələrimdən güllə səsi də eşidilir. Axı onların əksəriyyəti qan qoxulu müharibə ilə, döyüşlərə bağlıdır.

Xatirələrimə sadiq qalaraq illər sonra onları sözə çevirib qələmə aldım, vaxtım olduqca da tələsmədən kitablara köçürdüm.  Axı bu xatirələr həm də Qarabağ müharibələrinin tarixinin bir hissəsidir, kiçik bir parçasıdır. Buna görə də onları vərəqlərə köçürdüm ki, qoy maraqlananlar onları oxusunlar, müharibənin tarixini az-çox bilsinlər. Xatirələrimi kağız üzərinə köçürüldükcə yavaş-yavaş kitablarım da çıxdı.

Görünür, jurnalist olmaqla yanaşı, qismətimdə yazıçılıq da var imiş. Nəhs də olsa, deyim ki, 13 kitabın müəllifiyəm. Yuxusuz və yorğun gecələrimin məhsulu olan bir roman, üç povest, onlarla hekayə, saysız-hesabsız publisistik məqalələr yazmışam. 14-cü kitabım, "Zəfər yanğısı" adlı romanım çap prosesindədir. Kitablarımın hamısı Qarabağ müharibəsindən, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdən, bu döyüşlərdə vuruşan zabit və əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan, yurdumuzun azadlığı uğrunda şəhid olan cəsur oğullardan bəhs edir.

Kitablarımın müharibədən bəhs etdiyini onların adlarını oxuyanda da görmək mümkündür. "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Qələbə naminə", "Ölməzlik zirvəsi", "Pulemyotçu Nurəddin", "Erməni əsirliyindən dönənlər", "Qanlı gecə-qanlı tarix", "Hər addım uğrunda", "Kəsilməyən atəş səsləri", "Müharibənin qanlı kölgəsi", "Ölməzlik yolunun yolçusu", "Elimizə qayıdırıq" və "Cıdır düzündə Zəfər bayrağı" və çap prosesində olan "Zəfər yanğısı".

Qarabağ müharibəsindən yazdığım məqalə, hekayə və povestlər daha çox "Əsgər", "Azərbaycan Ordusu", "Azərbaycan", "Sərhəd", "Aydın yol", "Ədəbiyyat qəzeti", "Bakı", "525-ci qəzet", "Kaspi", "Ədalət", "Biznes Tayms" qəzetlərində, həmçinin "Azərbaycan", "Ulduz", "Ustad", "Xəzan" və "Qobustan" jurnallarında, "Yazı" ədəbiyyat dərgisində çap olunub. Necə deyərlər, ara-sıra imzalar içində imzam görsənib. Bu hekayələri, povestləri, publisistik məqalələri oxuyan dost-tanışlar da hərdən zəng vurub həmin əsərlər barədə xoş sözlər deyiblər.

Uzun illərdir Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüyəm. Müharibə mövzusunda yazdığım bədii və publisistik əsərlərə görə müxtəlif illərdə, müxtəlif mükafatlar almışam. 2025-ci ildə Yazıçılar Birliyi tərəfindən Prezident təqaüdünə layiq görülmüşəm.

Ömür karvanı ilə bərabər, yaradıcılıq karvanı da öz axarı ilə davam edir. Nə qədər yazıb-yaratsam da, ürəyim hələ də doludur. Sanki ağız-bağız dolu olan böyük bir qabın üstündən yalnız bir-iki qurtum su içilib. Qalanları elə olduğu kimi qalıb, qələmin toxunuşunu gözləyir. Yazdıqca mövzular tükənmir, sanki birindən ikincisi pöhrələyib qol-qanad atır, tumurcuqlardan yeni çiçəklər açır. Amma mənə elə gəlir ki, nə pöhrələr, nə də çiçəklər əvvəlkilərə bənzəmir. Onlardan daha parlaq, maraqlı və oxunaqlıdır.

Yaşanan təcrübə onu göstərir ki, həyat heç də həmişə adamın üzünə gülmür. Hərdən sərt çöhrəsini də göstərir. Elə buna görə də bəzən sevinclə yanaşı, kədərli günlərin də ağrı-acılarını yaşamalı oluruq. Amma həyatımın belə xoş bir çağında kədərli günlərin qapısını döyməsək, daha yaxşı olar.

Ümid etmək istərdim ki, hələ qarşıda keçiləcək, aşılacaq xeyli dolanbac yollar, cığırlar var. İnşallah, gələcəyə doğru addımlayacağım o yollardan, o cığırlardan da asta-asta, sözün ətəyindən tuta-tuta keçib gedəcəm. Əgər hələ gələcəyə doğru gedəcəyimiz, keçəcəyimiz yollar varsa, deməli, yeni yazılacaq əsərlər də var, qazanılacaq uğurlar da. Təki yollarla yolçuluğumuz bir yerdə olsun, davamlı olsun, heç vaxt qısalmasın, azalmasın, uzandıqca uzansın...

Yaşadığımız həyat dəcəl uşaqlar kimi heç vaxt bir yerdə dayanmır. Sanki sel suları kimidir, axdıqca durulur, durulduqca saflaşır və büllurlaşır. Bu saflıq, bu duruluq içində üzü sabahlara doğru gedən ömür yollarımız apaydın görsənir.

Həyatımız həm də sanki dəlisov dəniz kimidir. Onun hərdən qəzəblənib qabarması, coşması və sonra da yavaş-yavaş geri çəkilməsi, sakitləşməsi, sükuta dalması var. Ömür yollarımız da elə bu qabarmaların, geri çəkilmələrin içində keçir.

Sən demə, özümüzdən xəbərsiz olaraq həyat yollarımızın görünən və görünməyən tərəfləri də var imiş. Görünən tərəflərindən söz açmağa dəyməz. Çünki bunu hamı görür. Görünən dağa isə bələdçi lazım deyil. Yəqin ki, maraqlısı ömrümüzün görünməyən tərəfləridir. Təbiidir ki, ömrümüzün görünməyən tərəfləri fikirlərimizlə, düşüncələrimizlə baş-başa qaldığımız yaradıcılıq anlardır. Həmin düşüncələrdən də yeni əsərlər yaranır. Deməli, gec-tez görünməyən tərəflər də sözdən don geyinərək gözə görsənəcək, aləmə səs salacaq. 

65 il əvvəl başlayan sarvansız ömür karvanım yorulmadan yoluna davam edir. Ömür yolları ilə yolçuluğum bir gün, bir an olsun dayanmır. Yorulmaq bilmədən üzü sabahlara doğru gedir. Deməli, 65-in ardı tələsmədən, yavaş-yavaş, illəri arxada qoya-qoya, uzaq gələcəyə çatmaq üçün böyük sevgi və yüksək həyat eşqi ilə yaşanılır. Qarşıda isə gözümüzə işıqlı yollar görünür. Qoy bütün yollarımız işıqlı və nurlu olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see402

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see346

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see241

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see229

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see206

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see205

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see205

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see203

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see197

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see189

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see182

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see181

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see177

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see170

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see168

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see163

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see161

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see154

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri