Şakir Paşa ailəsinin beş möcüzəsi Türkan Turan yazır
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Türkan TURAN
İnandığı hər şey üçün möhtəşəm xətalar edən qadın
Atatürk Kültür Mərkəzində "Şakir Paşa ailəsinin beş möcüzəsi" adlı sərgi açılıb. Sərgidə ailənin rəssam olan beş fərdinin - Cavad Şakir Kabaağaçlı, Fahrelnisa Zeid, Aliyə Berger, Füreya Koral və Nejad Devrimin əsərləri nümayiş etdirilir. Sərginin kuratorları Siret Uyanık və Ömər Faruk Şərifoğludur.
Əslində bu sərginin açılmağı əla oldu. Çünki ailə "Aşkı Məmnu", "Yarpaq Dökümü" tərzində çəkilən "Şakir paşa ailəsi: möcüzələr və skandallar" adlı teleserialla son zamanlarda gündəmə düşdülər. Toplumun yaddaşında "gəlininə göz dikən və oğlu tərəfindən öldürülən" o məlum məsələ ilə qaldılar. Nəzərə alaq ki, əhalinin yarıdan çoxu Osmanlı kimi nəhəng imperatorluğun tarixini "Möhtəşəm Yüz il" adlı serialı izləyərək öyrəndiklərinə inanırlar. Məsələn, sən tarixi fakt qoyursan ortaya, onlar deyir ki, yanlışdır, serialda belə bir şey yoxdu. Bu halda Şakir Paşa ailəsi ilə bağlı da bütün uydurmaları real qəbul edəcəkləri danılmazdır. Şübhəsiz ki, rəsmə, kitaba marağı olanlar ailənin yüksək keyfiyyətlərin, sənətlə iç-içə olan həyatlarına yaxşı bələddilər. Amma görünən odur ki, şou həmişəki kimi daha çox maraq doğurdu. Şakir Paşa ailəsinin serialda bəhs edilən hekayəyə etiraz etməklərindən və xeyli çək-çevirdən sonra dayandırıldı.
Bir şəcərənin xronologiyası
Elə sərginin girişində göstərilən şəcərənin xronologiyası ailənin böyüklüyünü, əhəmiyyətini, mədəni-bədii həyatda tutduğu mühüm yeri gözlər önünə sərir. Gördüklərimizdən və oxuduqlarımızdan belə anlayırıq ki, Sultan Əbdülhəmidin sadrazamlarından Əhməd Cavad Paşanın qardaşı Şakir Paşa və onun övladları Osmanlı İmperatorluğu və Cümhuriyyəti əhatə edən 150 illik tarix boyunca siyasi tarixdən daha çox sənət tarixində ciddi rol oynayıblar.
Ailə hekayəsinə həsr olunmuş birinci otaqdan sonra ilk olaraq Şakir Paşanın oğlu, Halikarnas Balıqçısı kimi tanınan yazıçı Cavad Şakir Kabaağaçlının rəsmləri ilə qarşılaşırıq. Yazıçının rəssamlığı haqqında Bodrumda ziyarət etdiyim ev-muzeyindən azacıq da olsa məlumatlı idim, amma düzünü desəm, onun bu qədər mükəmməl rəssam olduğunu və bu əsərlərində ən müxtəlif tərzlərdən istifadə etdiyini bilmirdim. Yazıçının orientalist təsiri daşıyan və "1001Gecə"dən ilham alan rəsm əsəri məni valeh etdi. Sərgidə ailənin ən önəmli türk rəssamlarından biri olan Fahrelnisa Zeidin bir çox əsərləri nümayiş etdirilir. Qeyd edim ki, Fahrelnisa Şakir Paşanın qızı, Cavad Şakirin bacısıdır.
Günəşin doğuşu
Sərginin digər maraqlı adlarından biri həyatını heyrət və çaşqınlıq içərisində öyrəndiyim Şakir Paşanın kiçik qızı Aliyə Bergerdir, bu mövzuya qayıdacam. Uzaqdan impressionist görünən, lakin yaxınlaşdıqca təfərrüatları həqiqətən heyrətləndirən "Günəşin doğuşu" tablosu mütləq şəkildə görülməyə dəyər əsərlərindəndir. Mənə elə gəlir ki, başqa bir tablo olmasaydı, sərgiyə sırf bu rəsmə baxmaq üçün gedərdim. Bundan əlavə, burada Aliyə Bergerin oyma və rəsm əsərlərini də görmək mümkündür.
Sərgidə ailənin digər rəssamı Fahrelnissa Zeidin oğlu yəni Şakir paşanın nəvəsi Nejad Melih Devrimin əsərləri ilə də qarşılaşırıq. Devrim əsərlərində daha çox mücərrəd kompozisiyalara yer verib.
Gecikən dəyər
Sərginin beşinci sənətçisi Türkiyənin keramika mövzusunda ən görkəmli sənətkarlarından biri sayılan Füreya Koraldır. Füreyya Şakir Paşanın qızının qızı, yəni nəvəsidir. Bilmirəm niyə, amma Füreyanın öz əlinin fortepiano virtuozunun əllərini xatırladan qəlibi, keramikadan tikdiyi kiçik evlər məni çox təsirləndirdi. Əsərlərini görəndə belə qənaətə gəldim ki, Füreyanın dəyəri hələ də yetəri qədər qiymətləndirilməyib.
Yüksəlişin təməli
Daha əvvəl yazıçı Cevat Şakir Kabaağaçlıdan dəfələrlə yazmışam. Hətta Bodrumda ziyarət etdiyim evindən, məzarından da bəhs etmişəm. Amma bu yazıların heç birində atası və şəxsi həyatı xaric digər ailə üzvlərindən söhbət açmamışam.
Keçmişi acı hadisələr və macəralarla dolu olan Şakir Paşa ailəsi İstanbulun aristokratlarından idilər. Soyağacları ata tərəfi türk torpaqlarındandır, ana tərəfi isə Giritdəndir. Dədələri vaxtilə Afyonkarahisarın Kabaağaç qəsəbəsinə din xadimi kimi təyin edilir. Ailəni davam etdirən oğul Mustafa Asım bəy hərbçi kimi təhsil alır. Sonra polkovnik rütbəsinə qədər yüksəlir və hərbi şuranın üzvü olur, o dövrdə mühüm vəzifələr tutur. Lakin vaxtsız ölümü ilə doqquz yaşlı qızı, beş və yeddi yaşlı oğlanları İstanbula gətirilir. Cavad və Şakir uşaqlar üçün pulsuz internat məktəblərinə yerləşdirilir və burada atalarının peşəsi olan hərbi xidmət yönündə yetişdirilirlər.
İkisi də iti zəkaları və təqdirəlayiq davranışları ilə qərargah zabiti və paşa rütbəsinə qədər yüksəlirlər. Hər iki qardaş hərbi karyeraları ilə yanaşı, tarixçi və sənətçi kimi də ad çıxarır, siyasi arenadakı rolları və bilikləri ilə də tanınırlar.
Sultanın qorxusu, Paşanın sonu
Böyük qardaş olan Cavad Paşa tezliklə Sultan Abdulhamid səltənətinin ən gənc baş vəzirlərindən biri olur. Fotoqrafçılığa xüsusi maraq göstərən Cavad Paşa bu işin ustasına çevrilmişdi. Hətta hər markadan ibarət fotoaparatları toplayaraq zəngin kolleksiya yaratmışdı. Çəkdiyi şəkilləri evdə yaratdığı qaranlıq otaqda özü çıxardırdı, o dönəm bu işlər elə də asan deyildi. Yeri gəlmişkən, qeyd edim ki, həmin fotoşəkillərdən biri 1901-ci ildə Parisdə mükafat qazanmışdı.
Təxminən 5000 kitabdan ibarət kitabxanası olan sadrazam Cavad Paşa Osmanlı hərbi tarixi ilə bağlı da əsərlər yazmışdı. Cavad Paşanın Sultan Abdulhamidə qarşı Parisdə mərkəzləşmiş "Jön Türklər"ə qarşı ilıq yanaşması, padşahı şübhəyə salır, hətta bunu özünə təhlükə kimi görür və onu vəzifədən azad edərək Şama sürgünə göndərir. Bəlkə də belə bir şey yox idi, amma beş yüz min kvadratmetrlik Ulduz Sarayında öldürüləcəyi qorxusu ilə bir yataq otağı belə olmayan Sultanın bu cür qorxuya qapılmasını kifayət qədər normal hesab edirəm.
Sürgünə göndərilən Paşanın səhhəti Şamın iqlimi ilə uyuşmur və ciddi xəstəliyə tutulur. O dəcədə ki, İstanbula xərəklə gətirilir və gənc yaşda ölür. İki dəfə ailə həyatı qurmağına baxmayaraq, övladı olmayan Cavad Paşanın adını Şakir Paşa qardaşının sağlığında dünyaya gələn ilk övladına verir öz adını da yanına qoyur. Paşa qardaşının oğlu Cavad Şakir Kabağaçlını öz balası kimi sevirdi. Hətta Cavad Şakir atası ilə bəzi davalarında əmisinə görə onunla pis davrandığını iddia edirdi. Təbii ki, bunlar mübahisəli məsələlərdir. Eynən Şakir Paşanın oğlu Cavad Şakir tərəfindən öldürülməsi kimi.
Şakir Paşa və ailəsi
Ailənin ikinci ən məşhur üzvü Şakir Paşa idi. O da böyük qardaşı Cavad kimi tarixçi idi və gənc türklərin ideyalarını qəbul etməyə meyilli idi. Bu səbəbdən o, Hərbi Akademiyada oxuyarkən 17 gün həbsdə qalmışdı. Qardaşı Cavad Paşa kimi xarici dillər bilirdi. İki dəfə xarici ölkələrdə səfir kimi Osmanlı İmperiyasını təmsil etmişdi. Şakir Paşa da iki dəfə evlənmişdi. Birinci həyat yoldaşından olan oğlu atasının peşəsini seçmişdi. İkinci həyat yoldaşı Giritdən gələn Sare İsmət Xanım olub. Böyük oğlu Cavad Şakir Kabağaclı bu evlilikdən doğulan oğlu idi. Şakir Paşanın böyük qızı Hakkıyə Xanım (keramikçi Füreya Koralın anası) əl işləri ilə, ikinci qızı Ayşə Xanım isə pianoçuluğu ilə tanınırdı. Hakkıyə Xanım Sidedə məskunlaşıb və oradakı böyük bir malikanəni otelə çevirmişdi. Qədim Səlcuqlu tikililərindən rəngarəng və oyma taxta tavanlar, qapılar və digər elementləri toplayıb onları Side otelinin tavan və qapılarına yığaraq canlandıran o idi. Ailənin üçüncü qızı Fahrelnisa Zeyd tanınmış dünya rəssamı idi.
"Hər şeyi sevgi və ehtirasla etdim"
Ailənin son övladı bu yazının mövzusu olan Aliye Bergerdir.
Yuxarıda da qeyd etdiyim kimi, onun yaşadıqları mənə olduqca maraqlı gəlmişdi. Bəzi macəraları var, ondan bəhs edib, indi yazacağım eşq hekayəsini kölgələməyəcəm. Amma dəlisov eşq məsələlərinə marağı olanlar Aliyə xanımın həyatını dərindən araşdıra bilərlər.
Həyat devizi "Sevgi ilə yaşadım, ölüm belə içimdəki sevgini öldürə bilmədi. Hər şeyi şövqlə, ehtirasla, sevgi ilə etdim!" idi. Aliyə Berger həyatını həqiqətən də bu cümlədə dediyi kimi yaşamışdı; coşğulu, təlatümlü, sevgi dolu.
Sevgi, hikkə, yoxsa xəstəlik?
Ailənin ən kiçik qızı Aliyə musiqi bilikləri əldə etmək üçün İstanbulda məskunlaşan tanınmış macar virtuozu Karl Bergerin yanına göndərilmişdi. Balaca Aliyə gənc müəllimindən skripka dərsləri almağa başlayır. Ancaq tezliklə vəziyyət dəyişir və qızcığaz müəlliminə aşiq olur. Karl Berger həddən artıq yaraşıqlı adam idi. Daha əvvəl türk və əcnəbi ailələrin qızları ilə xeyli eşq macəraları olmuşdu. Aliyənin böyük bacıları Hakkıyə və Ayşə balaca bacılarının Karl Bergerə olan münasibətini hiss edərək ona xəbərdarlıq da etmişdilər. Amma Aliyə bu xəbərdarlıqlara "Berger mənimlə evlənəcək!" deyərək cavab vermiş, onları vecinə almamışdı. Bir müddət sonra İstanbulun müxtəlif məhəllələrində müxtəlif sevgililəri olduğu haqda söz-söhbətlər yayılan musiqi müəllimi get-gedə Aliyədən uzaqlaşır, hətta musiqi qabiliyyəti olmadığını deyərək dərslərini dayandırır. Sevgisinin rəddi ilə nəticələnən bu hadisə Aliyənin hirsinin, əsəbinin pik nöqtəyə çıxmasına səbəb olur. Hətta iş Karılın evinə basqın etməyinə, onu ölüm təhdidi ilə hədələməyə qədər gedib çıxır. Vəziyyətin içindən çıxılmaz hal aldığını görən kaman müəllimi İstanbulu tərk etməyə hazırlaşır. Hətta qısa zamanda iş yerini boşaldır. Evinə də gedə bilmir. Üsküdarda sadəcə gecələr dərs dediyi tələbələrdən Onnanın evində qalmağa başlayır.
Ailəsinin xəbərdarlıq və manelərinə baxmayaraq, Aliyə bu evi tapır və özünə rəqib kimi gördüyü qızı silahla vurmaq qərarına gəlir. Bir gecə bacısının həyat yoldaşının silahını götürür Üsküdar yollarına düşür. Karl Bergerin qaldığı evə gəlir. Tophanelioğlu təpəsində otuz dörd nömrəli evdə yaşayan məşhur erməni ailəsi və əsilzadələrindən sayılan, Parisdə təhsil almış tanınmış hüquqşünas Hırant bəyin qapısına döyür. Qızı Mani beş-altı il idi ki, Karl Bergerdən dərs alırdı. Bu ailə ilə sıx bağlılığı olan məşhur macar virtuozu gecə gec saatlarda buraya gələcəkdi. Ona görə də, Aliyə bu qapıya gəlmişdi. Qapını qızın açacağını fikirləşir və açılan kimi atəş edir. Köməkçi, bəzi mənbələrdə isə evin xanımını vurduğu deyilir. O anlarda Karl Berger aşağı mərtəbədən qaçmağa çalışır.
Nəticədə, Aliyə otuz beş sutka həbs cəzasına məhkum edilir. Tibbi rəyə görə, cinayətin qəzəb zəminində törədildiyi və günahkarın tanınmış ailədən olduğundan, həmçinin onun belə bir cinayəti təkrar etməyəcəyi müəyyən olunduğuna görə cəza müddəti təxirə salınır.
Sonun başlanğıcının başladığı yer...
İşə bax ki, bu hadisədən sonra Aliyə Bergerin Karl Bergerlə münasibəti 23 il davam edir. Onların evliliyi Karl Bergerin ölümündən altı və ya yeddi ay əvvəl rəsmiləşir. Karl və Aliye Bergerin simvolik evliliyi 1947-ci ildə Karl Bergerin ölümü ilə sona çatır. Büyükada körpüsündən gəmiyə minmək istəyərkən Karl Bergerin ürəyi dayanır. Bu itki ilə dəli olmaq həddinə çatan Aliyə Berger ərini atası Şakir Paşanın yanında, Büyükadadakı müsəlman qəbiristanlığında dəfn edir. O vaxta qədər Karl Bergerin İslamı qəbul edib adını dəyişdiyini bilən yox idi. Bu həqiqət, Aliyə Bergerin Cümhuriyyət qəzetində yerləşdirdiyi elandan məlum olur. Qəzetin 17 sentyabr 1947-ci il tarixli sayında belə yazılmışdı: "Ömər Baki-Karl Bergerin vəfatı şəhərimizin sənət çevrəsində kədərlə qarşılandı. Ölkəmizin tanınmış skripka ustası Şakir Paşanın kürəkəni və Aliyə xanımın həyat yoldaşı Ömər Bakinin (Karl Berger) cənazəsi günorta namazının ardından Böyükada məzarlığında dəfn ediləcək".
Sevgi insana nələr edər, etdirər....
Aliye Bergerin gəncliyində skripka çaldığı, lakin heç vaxt rəsm çəkmədiyini bilməyən yoxdur. Karl Bergerin ölümündən sonra bacısı Fahrülnisa onu bu sənətə yönləndirir. O da içində başa çıxa bilmədiyi ehtiraslı sevgisini qravüraya həsr edərək şöhrət qazanır. Özünün dediyinə görə, uşaqlıq və yeniyetməlik illərində atasının kitablarını vərəqləyərkən Çin rəsmlərinə rast gələndə ilk dəfə rəssamlığa məhəbbət bəsləyib. Ancaq daha çox maraq böyük qardaşı Cavad Kabaağaçın İtaliyadan gətirdiyi çılpaq qadınların tammetrajlı rəsmlərini görəndə yaranıb. Atası Şakir Paşa bu rəsmlərə o qədər qəzəblənib ki, onları malikanədən yığışdırıb. Aliyə Berger uşaqlıq illərində onlara heyran olmaq üçün çardağa necə girəcəyini xarakterik şəkildə təsvir edir. Üçüncü marağı isə böyük bacısı Fahrülnisa malikanənin bağçasında rəsm çəkərkən huşunu itirməsi ilə yaranıb. Bacısı içəriyə aparılanda Aliyə onun palitrası, fırçaları və boyaları ilə bağda tək qalır, içindəki rəsm həvəsini hiss edir.
Amma rəssamlığı Karl Bergerin itkisinə dözə bilmədiyini görən Fahrülnisanın onu Avropaya aparması ilə başlayır. Karl Berger artıq yox idi! Aliye Berger ərinə olan sevgisini əvvəlcə heykəltaraşlığa, sonra isə qravüraya yönəldir. Üç il ona dərs keçən müəllimi Con Baklend Raytın studiyasında işləyir. Bu sənət Karl Bergerə olan sevgisi kimi, onu bütünlüklə əhatə edirdi. Qravüraları Aliyənin daxili dünyasının əksi idi. Onun sənətkarlığı Karl Bergerə duyduğu sevgi ilə dolu idi. Qara və ağa üstünlük verirdi. Sonralar Karlın ağrısını unutmaq üçün bu sənət növünü seçdiyini deyirdi. İlk sərgisini 1951-ci ildə İstanbulda keçirsə də, 1954-cü ildə bu peşədə göstərdiyi səylərə görə mükafatlandırılır. Şəxsi sərgiləri Paris, London və Vyana kimi böyük sənət mərkəzlərində, iştirak etdiyi qrup sərgiləri isə on dörd xarici şəhərdə keçirilib. Rəssamın dörd əsəri İstanbul Şəkil və Heykəl Muzeyində, üçü isə Albertina Muzeyində nümayiş etdirilir. Aliye Berger oymağa gec başlamışdı, lakin qısa müddət ərzində rekord sayda əsər yaratmışdı. Karl Berger onun nə bu sənətin zirvəsinə çatmasının, nə də həyatını həsr etdiyi sevginin şahidi oldu. 1974-cü ildə onun da ürəyi dayandı. Ərinin yanında dəfn edildi. Çünki ölümündən sonra böyük sevgisi Karl Bergerə qovuşacağına inanırdı. Bəlkə də belə idi! Bəlkə də qovuşdular.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Oktyabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















