Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Sarı işıqlar altında Şahin Səmədovun hekayəsi

Sarı işıqlar altında Şahin Səmədovun hekayəsi

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Şahin Səmədovun "Sarı işıqlar altında" hekayəsini təqdim edir.

Baxışları melodiyası tanış, sözləri isə yaddaşımdan silinmiş köhnə bir mahnı kimi idi. Onu metronun tutqun işığında görəndə içimi qəribə doğmalıq bürüdü, amma yaddaşım o üzü xatırlamaqdan qorxurdu. Metronun sarımtıl, yorğun işıqları onun paltosunun çiyinlərinə düşür, ətrafdakı səs-küyü sanki udurdu. Tuneldən gələn ilıq, rütubətli hava axını saçlarımı tərpətdikcə burnuma qəribə bir qoxu dəydi. Bu qoxu beynimin dərinliklərində yatmış hansısa isti bir axşamı oyatdı, amma eyni anda kürəyimdə buz kimi üşütmə gəzdi.

Qatar gurultu ilə platformaya yaxınlaşanda o, başını azca yana əydi. Məhz o an – çənəsinin xətti və boynundakı kölgə – yaddaşımda nəsə bir qığılcım yaratdı. Sanki illər əvvəl, günəşin qürub etdiyi hansısa sakit həyətdə bu duruşu görmüşdüm. Qapılar açıldı. O heç tələsmədən, bu şəhərin bütün vaxtına sahibmiş kimi vaqona daxil oldu. Mən isə özüm də fərqinə varmadan, ayaqlarımın məni apardığı istiqamətə tabe olub onun arxasınca addımladım. Vaqonun içi adamla dolu idi, amma mənim diqqətim yalnız onun tünd-qəhvəyi paltosuna kilidlənmişdi. İki-üç nəfər aralıda, tutacaqdan yapışıb dayandım. Qatar tunelin qaranlığına daxil olduqda şüşələrdən bizim solğun əkslərimiz canlandı. Pəncərədəki əksinə baxırdım: gözləri qapalı idi, üzündə isə qəribə, arxayın bir təbəssüm var idi. Sanki kimsənin onu izlədiyini bilmir, ya da bilsə də, buna əhəmiyyət vermirdi.

Növbəti dayanacaqda düşəcəkmi, yoxsa məni şəhərin ən ucqar küçələrinə aparacaq? Mən bu qızı niyə izləyirdim? Yaddaşımdakı o isti xatirənin arxasında gizlənən soyuq həqiqəti tapmaq üçün, yoxsa sadəcə bir zamanlar itirdiyim kimisə geri qaytarmaq ümidi ilə?

Qatar sürətini azaldıb işıqlı bir stansiyaya daxil olanda o, gözlərini açdı. Başını tərpətmədən, sadəcə göz ucu ilə vaqonun şüşəsinə – düz mənim şüşədəki əksimə baxdı. Təbəssümü bir anlıq dondu və qapılar açılan kimi kütlənin arasına qarışıb yox olmağa çalışdı. Mən isə nəfəsimi tutub onun arxasınca platformaya atıldım.

Qatarın qapıları bağlandı və vaqonlar tunelin qaranlığına çəkildi. Platformadakı izdiham eskalatorlara doğru axışıb yox oldu. Bir neçə saniyə ərzində ətraf qəribə sükuta qərq oldu.

O isə getmədi. Platformanın ortasında, sarı işıqların düz altında dayanıb relslərə baxırdı. Sanki kimi isə – ya da məhz məni – gözləyirdi.

Ürəyimin döyüntüsünü qulaqlarımda hiss edə-edə ona yaxınlaşdım. Addımlarımın səsi boş platformada əks-səda verirdi. Yanında dayanıb bir müddət tərəddüd etdim, sonra sakit səslə dilləndim:
– Bağışlayın... Bəlkə də, qəribə səslənəcək, amma sizi haradansa tanıyıram. Sadəcə haradan olduğunu xatırlaya bilmirəm.

O, başını yavaşca mənə tərəf çevirdi. Yaxından baxanda gözlərindəki isti parıltının arxasında dərin bir kədər və eyni zamanda soyuq bir ehtiyatlılıq gördüm. Üzündə sirli, xəfif bir təbəssüm yarandı.
– Bəzən insanlar tanış gəlir, çünki onları görmək istəyirik, – dedi. Səsi məxmər kimi yumşaq, amma bir o qədər də uzaq idi. – Ya da bəlkə yaddaşımız bizə oyun oynayır, – dedi.
– Yox, bu, sadəcə bənzərlik deyil, – deyə israr etdim və əlimi uzatdım. – Mən... sadəcə tanış olmaq istəyirdim. Bəlkə adınızı desəniz, yaddaşım mənə kömək edər.

O, uzatdığım ələ baxdı, amma əlini qaldırmadı. Gözlərini birbaşa gözlərimə zillədi. O baxışlarda elə bir ağırlıq var idi ki, bir anlıq bayaqkı bütün o isti xatirələr buza döndü.
– Adımı bilsən, peşman olarsan, – pıçıldadı. – Amma doğrudan da xatırlamaq istəyirsənsə... de görüm, sonuncu dəfə yağış altında kimi tək qoyub getmisən?

Bu sözlər boş platformada ildırım kimi çaxdı. Nəfəsim boğazımda düyünləndi.

Sükut bir neçə saniyə davam etdi. Mən hələ də onun sualının şokunda ikən o, gözlənilmədən üzündəki soyuq ifadəni sildi və yüngülcə gülümsədi.
– Nə isə... bura çox boğucudur, – dedi və başı ilə çıxışı göstərdi. – Gəl metrodan çıxaq.

Bu qəfil dəyişiklik məni çaşdırdı. Bayaqdan bəri məni baxışları ilə süzən, sirli və uzaq görünən bu yaraşıqlı qızın belə asanlıqla yola gəlməsi qəribə idi, amma etiraz etmədim. Birlikdə eskalatora doğru addımladıq. Pillələr bizi yerin üstünə, şəhərin axşam sərinliyinə qaldırdıqca yan-yana dayanıb söhbətə başladıq.
– Bayaqkı sualın, – deyə söhbətə başlamaq istədim, amma o, əlini yelləyib sözümü kəsdi.
– Unut getsin. Bəzən sadəcə insanları yoxlamaq üçün qəribə suallar verirəm. Görüm necə reaksiya verəcəksən.
– Bəs imtahandan keçdim? – deyə zarafata salmağa çalışdım, halbuki içimdəki gərginlik hələ tam keçməmişdi.
– Hələlik hə, – gülümsəyərək cavab verdi.

Metronun qapılarından çıxanda axşamın ilıq küləyi üzümüzə vurdu. Qız dərindən nəfəs alıb ətrafa boylandı.
– Boğazım qurudu. Bəlkə su alaq?
– Əlbəttə, – dedim.

Yaxınlıqdakı kiçik marketə girib iki şüşə soyuq su aldım. Çıxanda suların birini ona uzatdım. Şüşəni alarkən barmaqları barmaqlarıma toxundu – qəribə dərəcədə isti idi.
– Təşəkkür edirəm. İndi isə dənizə tərəf gedək, – dedi və addımlarını dənizkənarı parka tərəf yönəltdi.

Parkın işıqları altında yan-yana addımlayırdıq. Dənizdən gələn duzlu meh, sarı küçə fənərlərinin işığı və onun yaxınlığı başımı gicəlləndirirdi. Özümü saxlaya bilməyib yavaşca onun əlindən tutmaq istədim. Lakin o, ani bir hərəkətlə əlini geri çəkdi.
– Bağışla, – dedim.

O dayandı, üzümə baxdı. Gözlərində yenə o sirli, insanı özünə çəkən parıltı vardı. Yavaşca mənə bir addım da yaxınlaşdı.
– Sadəcə əlimdən tutmağı xoşlamıram, – pıçıldadı. Səsi axşam mehinə qarışıb düz qulağıma doldu. – Mənim xoşuma gəlir ki, belimdən tutsunlar.

Tərəddüdlə əlimi qaldırıb onun incə belinə toxundurdum, sonra isə yavaşca özümə tərəf çəkdim. O heç bir müqavimət göstərmədi, əksinə, bir az da mənə söykəndi.

Yenidən addımlamağa başladıq. Amma artıq ətrafdakı heç nəyi – nə küçə işıqlarını, nə yanımızdan keçən insanları, nə də dənizin səsini eşidirdim. Gözüm heç nəyi görmürdü. Bu qız bir neçə dəqiqənin içində ağlımı başımdan almışdı. Ürəyim möhkəm döyünür, içimi həm qarşısıalınmaz bir həyəcan, həm də izaholunmaz bir təhlükə hissi bürüyürdü.

Əlim belində, iradəm isə sanki tamamilə onun ovcunda idi. Məni dəniz sahilinə doğru aparırdı, addımlarım özümdən asılı deyildi.

Sahilə çatanda dayandıq. Qarşımızda qaranlıq, sonsuz Xəzər uzanırdı. Dalğaların sahil daşlarına çırpılan ritmik səsi axşamın sükutunu pozurdu. Bir müddət ikimiz də susub uzaqlara, suyun üzərində titrəyən işıqlara baxdıq. Birdən o, başını yana əymədən sakit, amma əmrə bənzər bir səslə dilləndi:
– Məni arxadan qucaqla.

Ətrafa göz gəzdirdim. Sahilboyu gəzişən insanlar, skamyada oturanlar var idi. Bir anlıq tərəddüd etdim, içimdəki ehtiyatlı səs məni saxlamağa çalışdı. Amma onun saçlarından gələn tanış qoxu bütün məntiqimi susdurdu. Arxasına keçdim və onu qucaqladım. Bədəni isti idi, amma nədənsə içimdə qəribə bir həyəcanla qarışıq gizli narahatlıq dolaşırdı.

Bir neçə saniyə beləcə dayandıq. Dəniz mehi saçlarını üzümə vururdu. Birdən yenidən pıçıldadı:
– Məni öp.

Nəfəsim daraldı. Ehtiyatla onun yanağından öpdüm. O isə başını çevirib üzümə baxdı və istehzalı təbəssümlə güldü. Baxışları dodaqlarıma dikilmişdi. O an anladım – o, yanağından yox, dodaqlarından öpməyimi nəzərdə tutmuşdu. Bu oyun getdikcə məni daha dərin bir burulğana çəkirdi.

Elə bu an arxadan yüngül ayaq səsləri eşidildi. İkimiz də çevrildik. Təxminən səkkiz-doqquz yaşlarında bir oğlan uşağı yanımızda dayanmışdı. Əli ilə arxa tərəfdə, skamyada oturan bir neçə qadını göstərib ciddi ifadə ilə dedi:
– Oradakı xalalar deyir ki, özlərini mədəni aparsınlar.

Bir anlıq pərt oldum, əlimi onun belindən çəkmək istədim. Lakin qız heç halını pozmadı. Üzündəki o sirli ifadə yerini sərt və soyuq baxışa verdi. Uşağa tərəf əyilib kəskin səslə dedi:
– Get o xalalarına de ki, özümüz bilərik.

Uşaq qızın baxışlarından çəkinib tez arxaya döndü və qaçaraq uzaqlaşdı. Mən isə onun bir saniyənin içində belə dəyişməsinə – əvvəlki cazibədar səsindən əsər-əlamət qalmamasına baxıb heyrətləndim. O isə yenidən dənizə döndü və sanki bayaqkı hadisə heç yaşanmayıb kimi sakitcə gülümsədi.

Uşaq uzaqlaşdıqdan sonra sahildə qəribə bir sükut çökdü. Ətrafdakı insanların baxışlarını kürəyimdə hiss edirdim, amma qızın heç nə olmamış kimi sakit davranması məni həm heyrətləndirir, həm də qorxudurdu.
– Bəlkə buradan gedək? – deyə soruşdum.

O, dənizdən gözlərini çəkmədən başını tərpətdi.
– Gedək. Onsuz da bura çox cansıxıcı oldu.

Biz parkın işıqlı hissəsindən uzaqlaşıb daha sakit, ağacların kölgəsi düşən kimsəsiz bir xiyabana doğru addımladıq. Beynimdəki bütün suallara cavab tapmaq, bu qızın kim olduğunu dəqiqləşdirmək istəyirdim.
– Bayaq metroda adını demədin, – deyə sükutu pozdum. – İndi deyərsən? Adın nədir?

O, addımlarını saxlamadan, gözlərini qaranlıq cığıra zilləyərək cavab verdi:
– Sevda.
– Bəs harada yaşayırsan, Sevda? Nə işlə məşğul olursan? – deyə sualları ard-arda düzdüm.

O, yüngülcə güldü, amma bu gülüşdə bayaqkı istilikdən əsər-əlamət yox idi.
– Şəhərin o biri başında yaşayıram, – soyuqqanlılıqla dedi. – Nə işlə məşğul olduğuma gəlincə... insanların zəif nöqtələrini tapıram. Bəzən rəssamam, bəzən psixoloq, bəzən də sadəcə yolunu azmışların bələdçisi.

Bu müəmmalı cavab məni daha da əmin etdi ki, o sadəcə məni sınayır. Nəhayət ki, onu haradan tanıdığımı tapdığıma inandım. Özümü saxlaya bilməyib arxayın bir səslə dilləndim:
– Daha oyun oynamağa ehtiyac yoxdur. Mən səni tanıdım.

Addımlarımı saxlayıb onun üzündəki reaksiyanı gözlədim. Düşünürdüm ki, sirrini açdığım üçün indi pərt olacaq və hər şeyi etiraf edəcək.

Lakin Sevda dayandı, yavaşca mənə tərəf döndü. Küçə fənərinin zəif işığı üzünə düşəndə gözlərindəki ifadə məni yerimdə dondurdu. Orada nə pərtlik, nə də tanışlıq əlaməti var idi – yalnız dərin bir təəccüb və buz kimi bir soyuqluq.
– Məni haradan tanıyırsan? – deyə soruşdu. Səsi boş xiyabanda kəskin eşidildi.
– Zarafat etmə, – dedim. İçimdəki arxayınlıq bir anda buxarlanmağa başladı. – Səni tanıyıram, – dedim.

Qız bir addım geri çəkildi. Mənə elə baxırdı ki, sanki qarşısında ağlını itirmiş bir adam dayanmışdı.
– Sən nə danışırsan? – deyə sərt səslə soruşdu. – Mən səni tanımıram. Metrodakı o söhbətdən əvvəl səni həyatımda heç vaxt görməmişəm.

Onun müəmmalı cavabları məndə zərrə qədər də şübhə yeri qoymadı. Tamamilə əmin idim. Bu qız keçmiş sevgilimin bacısı idi, ya da ən yaxın qohumu. Çox bənzəyirdilər. Həm də illər əvvəl onun köhnə fotoalbomunda gördüyüm üz cizgiləri yaddaşımı aldatmazdı. Metrodan bəri məni bu qədər özünə çəkməsinin, o qəribə sualları verməsinin və sahildəki cəsarətli hərəkətlərinin səbəbini düşünürdüm. Ancaq ona bu barədə heç nə demək istəmirdim. Bəlkə də, o mənim kim olduğumu həqiqətən də bilmir.

Skamyaların birinin qarşısında dayandıq.
– Gəl bir az oturaq, – sakit səslə dedi.

Skamyada yan-yana əyləşdik. Aramızdakı məsafə cəmi bir nəfəs qədər idi. Bir müddət heç birimiz danışmadıq. Sadəcə bir-birimizə baxırdıq. Küçə fənərlərinin yarpaqların arasından süzülən zəif işığı onun gözlərinə düşürdü. O, heyranlıqla gözünü məndən çəkmirdi. Baxışlarında elə bir dərinlik, elə bir qəribə parıltı var idi ki, mən hələ də bir azdan onun etiraf edəcəyini gözləyirdim.

Ancaq gözlənilməz bir şey baş verdi.

Onun baxışlarındakı heyranlıq bir anda qırıldı. Dodaqları titrədi, gözləri doldu və birdən-birə hönkür-hönkür ağlamağa başladı. Çox təəccübləndim. Hətta bir anlıq nə edəcəyimi bilməyib yerimdə donub qaldım. Bayaqdan soyuqqanlı, sirli və hər şeyə hakim görünən bu qız indi qarşımda uşaq kimi dayanmadan ağlayırdı. Çiyinləri sarsılır, göz yaşları yanaqlarından süzülüb paltosunun yaxasına damcılayırdı.

İçimdəki arxayınlıq yerini dərin bir narahatlığa verdi. Yavaşca ona tərəf əyilib ehtiyatla soruşdum:
– Nə oldu? Niyə ağlayırsan? Səbəbi nədir?

O, cavab vermədi. Başını aşağı salıb üzünü əlləri ilə örtdü və dayanmadan ağlamağa davam etdi. Bu göz yaşları oyuna bənzəmirdi. Sanki içində boğduğu, heç kimə deyə bilmədiyi ağır bir yük məhz indi, bu qaranlıq skamyada onun üzərinə çökmüşdü.

Onun bu qəfil və qarşısıalınmaz göz yaşları beynimdəki kiçik şübhə buludlarını da dağıtdı. Artıq zərrə qədər də tərəddüd etmirdim: o məni tanıyırdı. Metrodakı o təsadüfi görünən baxışlardan tutmuş sahildəki cəsarətli yaxınlaşmaya qədər hər şey bilərəkdən idi. İndi isə burada, qarşımda oturub hönkür-hönkür ağlamasının tək bir səbəbi var idi – etdiyi hərəkətlərin peşmanlığını çəkirdi.

“Başqa nə səbəb ola bilərdi ki?” – öz-özümə düşündüm. Həyatında ilk dəfə gördüyü yad bir adamın qarşısında heç kim belə için-için, ruhu parçalanmış kimi ağlamazdı. Bu göz yaşları vicdan əzabı, bəlkə də yanlış hərəkətlərin yaratdığı utanc hissi idi. O sadəcə məni sınamaq istəmiş, amma öz qurduğu emosional tələnin içində boğulmuşdu.

Axşamın sükutunda yalnız onun kəsik-kəsik nəfəs almağı və yarpaqların xışıltısı eşidilirdi. Onu tələsdirmək, ya da hər şeyi bildiyimi üzünə vurub daha da əzmək istəmədim. Əlimi yavaşca çiyninə qoyub sakitcə yanında oturdum. Bir müddət hönkürtüsünün səngiməsini, nəfəsinin düzəlməsini gözlədim.

Nəhayət, çiyinlərinin titrəməsi azaldı, əllərini üzündən çəkib yaşlı gözləri ilə qaranlığa baxdı. Mən isə səsimə ən yumşaq, ən anlayışlı tonu verərək yenidən dilləndim:
– İndi bir az sakitləşdin... De görüm, niyə ağlayırdın? Artıq gizlətməyin mənası yoxdur, mənə hər şeyi danışa bilərsən.

Bu sözləri deyərkən daxilimdə bir rahatlıq var idi. Elə bilirdim ki, indicə başını qaldıracaq və hər şeyi etiraf edəcək.

O, dərindən nəfəs aldı, əllərinin arxası ilə yanaqlarındakı yaşları sildi və qaranlıq xiyabanın boşluğuna baxaraq boğuq səslə pıçıldadı:
– Mən nişanlıyam. Bu yaxınlarda toyum olacaq.

Gözlədiyimin əvəzinə tamamilə başqa həqiqəti, onun fərqli etirafını eşitdim.
– Nişanlısan? – deyə təəccüblə soruşdum. – Bəs onda mənimlə niyə tanış oldun? Niyə metroda mənə elə baxırdın?

O, başını çevirib yaşlı, amma parıltı ilə yanan gözlərini mənə zillədi.
– Səndən xoşum gəldi, – açıq və kəskin bir səslə dedi. – Səni görəndə elə bil nəfəs aldım. Məni məcburən, heç vaxt istəmədiyim bir oğlana veriblər. Həm də... bu gün sənə yaxınlaşmaqla, səni qucaqlamaqla onlardan heyfimi çıxdım. Məni məcbur edənlərdən.
– Sənə inanmıram. Bu, sadəcə bəhanədir. Əgər doğrudan da istəmirsənsə, bəs niyə nişanı geri qaytarmırsan? Müasir dövrdə yaşayırıq, heç kim səni məcbur edə bilməz.

Qız acı-acı güldü. Bu gülüşdə dərin bir çarəsizlik və eyni zamanda qorxunc bir soyuqluq var idi.
– Artıq gecdir, hər şey həll olunub, toy günü belə təyin edilib. Sən mənim düşdüyüm bataqlığı başa düşməzsən.

Bir anlıq susdu, nişanlısını xatırlayanda bədənindən bir üşütmə keçdi. Üzündəki ifadə sərtləşdi.
– Bilirsən, o necə adamdır? – deyə pıçıldadı. – Kəlləsi boş, kobud, həyatda heç nəyi anlamayan qanmazın biridir. Təsəvvür elə, qırx səkkiz ölçü ayaqqabı geyinir – nəhəng, kələ-kötür, daş kimi ağır bir adam. Yanında dayananda elə bilirəm ki, nəfəsim kəsilir. Hər hərəkəti, hər sözü mənə işgəncədir.

Ona baxırdım. Nə qədər səmimi danışsa da, dediklərinə inanmağım gəlmirdi. Yox, əgər dedikləri həqiqətdirsə, belə çıxırdı ki, məni öz qaranlıq intiqam oyununun bir parçasına çevirmişdi.

Sözlərini bitirdikdən sonra o, sanki yuxudan ayılmış kimi diksindi və tələsik ətrafa göz gəzdirdi. Gecənin qaranlığı ağacların arasından daha sıx boylanırdı.
– Artıq getməliyəm, – dedi.

Onu bu vəziyyətdə buraxmaq istəmirdim. Beynimdə hələ də cavabsız qalan onlarla sual var idi.
– Bir az da oturaq, – deyə təkid etdim.

O, başını buladı. Gözlərində bayaqkı kədərin yerini təşviş almışdı.
– Yox, getməliyəm. Dəqiq bilirəm ki, artıq məni axtarırlar. İlk dəfədir ki, evdən tək çıxmışam. Məni həmişə nəzarətdə saxlayırlar, – dedi.

Bir anlıq susdu və əlavə etdi:
– Düz eləmədim. Gərək belə etməzdim.

Sonra qəfil hərəkətlə ayağa qalxdı. Mən də onunla birlikdə qalxmaq istəyəndə əlini qaldırıb məni saxladı.
– Xahiş edirəm, məni ötürmə. Özüm gedirəm, – qətiyyətlə dedi.
– Gəl sabah görüşək, – deyə təklif etdim.

O bu sözlərə yalnız acı, amma sirli bir gülüşlə cavab verdi və başını yelləyərək etiraz etdi. Heç nə demədən məndən uzaqlaşdı.

Beynimdəki bütün tərəddüdlər artıq yerini soyuq bir məntiqə vermişdi. Əslində, onun dediklərinin bircə kəlməsinə belə inanmamışdım. Nə o uydurma nişanlıya, nə o kələ-kötür, kobud adam hekayəsinə, nə də evdən ilk dəfə gizlincə çıxması nağılına aldanmışdım. Bayaq “sabah görüşək” deyəndə də səmimi deyildim – onunla yenidən görüşmək kimi bir fikrim yox idi. Sadəcə reaksiyasını yoxlayırdım.

Böyük ehtimalla o məni gec də olsa, tanımışdı. Sahildəki cəsarətli oyunundan sonra skamyada üzümə baxarkən birdən-birə kim olduğumu xatırlamış, etdiklərinin ağırlığından və utancından ağlamağa başlamışdı. Mən onun bacısının, ya da çox yaxın qohumunun sevgilisi idim, keçmişin unudulmamış, yarımçıq qalmış bir kölgəsi.

Bunu anlayanda isə panikaya düşmüşdü, izi itirmək, məni azdırmaq və fikrimi yayındırmaq üçün bütün o acınacaqlı ssenarini bir anda uydurmuşdu. İndi isə bu yalan pərdəsinin arxasında gizlənərək sakitcə qaçıb aradan çıxmaq istəyirdi.

O, xiyabanı tərk edib yolun digər hissəsinə keçdi və başını dik tutaraq, yalnız irəli baxaraq iti addımlarla yeriməyə başladı. Mən isə yerimdə donub qalmışdım. Gözümü ondan çəkə bilmirdim. Küçə fənərlərinin işığı altında uzaqlaşan bu qız mənə yenə metrodakı ilk anı – izaholunmaz doğmalığı və gizli təhlükəni xatırladırdı. Bir az uzaqlaşdıqdan sonra birdən dayandı, başını çevirib mənə baxdı və üzündə bayaqkı sirli təbəssümlə əl elədi.

Mən əlimi qaldırmağa macal tapmamış o, yenidən yoluna davam etdi. Mən isə özümdən asılı olmayaraq addımlarımı işə saldım – ondan bir az arxada, yolun digər hissəsi ilə səssizcə onun arxasınca addımlamağa başladım.

Küçənin sonundakı qaranlıq tini burulmazdan əvvəl o, sanki addımlarımın səsini, ya da kürəyindəki baxışlarımın ağırlığını hiss etmişdi. Başını yavaşca arxaya çevirdi, gözləri yolun o biri tayındakı kölgəmi tapdı və kəskin bir baş hərəkəti ilə arxasınca gəlməməyimi işarə etdi. O baxışlarda artıq nə oyun var idi, nə də tərəddüd – yalnız sərt bir xəbərdarlıq oxunurdu.

Bir saniyə sonra isə döngəni burulub gecənin qaranlığında əridi.

Mən yerimdə donub qaldım. Onun arxasınca getmək istəyim bir anda sönmüş, yerini dərin bir boşluğa vermişdi. Dərin bir nəfəs alıb addımlarımı tamam fərqli bir istiqamətə – şəhərin hələ də sönməmiş, işıqlı mərkəzinə doğru yönəltdim.

Yol boyu addımladıqca gecənin sərinliyi üzümə vurur, beynim isə bu qəribə axşamın bütün fraqmentlərini yenidən birləşdirməyə çalışırdı. Metronun sarı işıqları, sahildəki hipnotik yaxınlıq, skamyadakı qəfil göz yaşları və nişanlısı haqqında danışdığı dəhşətli detallar... Bütün bunlar doğrudan da keçmiş sevgilimin bacısının qurduğu bir oyun idi, yoxsa mən tanımadığım bir qadının qaranlıq taleyinə bir neçə saatlıq şahidlik etmişdim? Dəqiqləşdirə bilmirdim.

Cəmi bir neçə gün sonra, şəhərin tamamilə başqa küçəsində birdən ayaq saxladım. O idi. Eyni tünd-qəhvəyi paltoda, saçları yenə küləkdə dağılmış halda qarşı səki ilə addımlayırdı. Həyatın bu qədər amansız bir təsadüf hazırlaya biləcəyinə inanmaq çətin idi.

Məni görmürdü. Baxışları yerə dikilmişdi, sanki ətrafdakı dünyadan tamamilə qopmuşdu.

Lakin bu dəfə tək deyildi. Yanında nəhəng cüssəli, kələ-kötür üz cizgiləri olan, hər addımında sanki asfaltı titrədən kobud bir adam yeriyirdi. Gözlərim qeyri-ixtiyari aşağıya – o adamın ayaqlarına dikildi. Bəli, o idi... qırx səkkiz ölçü ayaqqabılar.

O gecə skamyada hönkür-hönkür ağlayarkən dediyi hər bir kəlmə – istəmədiyi evlilik, qaçılmaz tale və kiçik intiqam – hamısı acı həqiqət imiş. Mən isə öz xəyallarımda azıb onun göz yaşlarını oyun sanmışdım.

Onlar mənə fikir vermədən yan keçdilər. Qız üzündə dərin, çarəsiz bir kədər ifadəsi ilə o adamın qoluna girmişdi və ikisi birlikdə bizim o gecə addımladığımız dənizkənarına doğru uzaqlaşdılar. Mən donub qalmışdım – anladım ki, bəzən insanın ən böyük yanılması gördüyünə deyil, beyninin uydurduğu yalanlara inanmasıdır.

Arxama dönüb əks istiqamətə yeridim. Şəhərin izdihamı məni yenidən uddu, amma o gecəki sarı işıqların kölgəsi üzərimdən çəkilmədi. Bəzən insanlar bir-birinin həyatına sadəcə bir güzgü kimi girir – mən onda keçmişimin kölgəsini axtardım, o isə məndə qaçılmaz taleyindən bir gecəlik azadlığı tapdı. Və ən qorxulusu bu idi: ikimiz də bir-birimizə baxmışdıq, amma heç birimiz qarşımızdakı insanı görməmişdik.

1200 səhifəlik roman böyük mükafat qazandı - Müəllif əsər üzərində 20 il işləyib Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq Çingiz Aytmatovun “Cəmilə” əsəri YUĞ Teatrında
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri