Söz içində... Sözümüz...
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Atın tərs yəhərli gəlsin
Azərbaycan dilində qədim el-obanın həyat tərzi, atçılıq və döyüş adətləri ilə bağlı olan bir qarğış ifadəsidir. Bu ifadə məcazi mənada: ”ölüm xəbərin gəlsin”, “evinə qara xəbər gəlsin” və.s anlamındadır.
İfadənin yaranma tarixi və səbəbi:
Bu ifadənin yaranması qədim monqol-türk döyüş adətləri(mərasimi) ilə əlaqədardır.Belə ki, keçmişdə monqollardan bir igid döyüşdə həlak olduqda onun atının yəhəri tərsinə-arxası qabağa çevrilərək qoyularmış. Sonra at sahibinin evinə göndərilərmiş.
Ailə üzvləri atı tərs yəhərlənmiş vəziyyətdə görəndə başa düşərmişlər ki, atın sahibi döyüşdən qayıtmayıb,igid həlak olmuşdur.At artıq sahibsiz qalmışdır.
Fikrimizcə, bu deyimdə at , sadəcə , nəqliyyat vasitəsi deyil. Həlak olmuş igidin mərdliyinin, el-obadakı nüfuzunun rəmzi hesab olunurdu.Həmçinin bu ifadə qədim döyüş mədəniyyətində atın nə qədər mühüm yer tutduğunu göstərir. Çünki bəzən bir xəbər sözlə deyil, atın vəziyyəti ilə çatdırılmışdı.
Nəticədə:“Atın tərs yəhər gəlsin” ifadəsi adi bir qarğış deyil. Xalq yaddaşında ölüm xəbərini, döyüşdə igid itkisini və ailənin faciəsini ifadə edin tarixi-mədəni deyimdir.
Dil çaşar, düzünü deyər
Dilimizdə tez-tez işlədilən atalar sözlərindən biridir. Bu ifadənin mahiyyəti ondan ibərətdir ki insan bəzən fərqinə varmadan, dili sürüşərək ürəyində və ya ağlında olan həqiqəti söyləmək zorunda qalmalı olur. Sadə dillə desək, insan yalan danışmaq və ya nəyisə gizlətmək istəsə də, bəzən bilmədən həqiqəti dilə gətirir.
İfadənin yaranma tarixi və səbəbini Şərq folklorşünaslar aşağıdakı rəvayətlə əlaqələndirmişlər. Həmin rəvayətin qısa məzmunu belədir:
Ərəbistanda Hübayri adında bir məmur olub . O, xəlifəyə sədaqətlə qulluq edib,ancaq xəlifənin yan-yörəsində olan xainlər aranı vururlar. Addımbaşı Hübayri haqqında yalan məlumat verirlər. Vəzir bundan istifadə edərək, Hübayrini saraydan qəsdən uzaqlaşdırır. Hübayri sözünü cəsarətlə deyən adam idi. Vəzir isə onunla açıqcasına düşmənçilik edirdi.
Aradan uzun müddət keçir, xəlifə vəzirini yanına çağırıb deyir:- Misrin başçısından mənə tez-tez şikayət gəlir, deyirlər o, adamları açıqcasına incidir, var-dövlətlərini zorla əllərindən alır. Onun əvəzinə yaxşı bir namizəd axtarıram?
Vəzirin Zübeyri adında özü kimi ləyaqətsiz bir dostu var idi. İstəyir ki, xəlifə Misirə onu göndərsin. Lakin çaşır və deyir:
- Əmir-əl-mömin, Misirə Hübayri göndərək.Xəlifə deyir:
- Yaxşı yadıma saldın,biz o vaxt Hübayrini işdən ədalətlə çıxarmamışıq.Gərək günahımızı yuyaq.
- Xəlifə sağ olsun,mən Zübeyrini demək istəyirdim,səhvən Hübayrini dedim.
- Vəzir,dil çaşar,düzünü deyər. Misirə Hübayri getməlidir.
Hübayri bu xəbərdən sevinir və deyir:- Vəzir,işi gərək Allah düzəltsin. Sənin yamanlığın özünə qaldı.
Üz verəndə astar da istəyir
Bu ifadəyə müasir dilimizdə tez-tez rast gəlinir. İfadə o zaman işlədilir ki, bir insana həddindən artıq güzəşt edirsən, hörmət göstərirsən, yaxşılıq edirsən, o isə bundan istifadə edərək daha çox şey tələb etməyə başlayır.
Bu ifadənin yaranma tarixi bilavasitə geyim və dərzilik sənəti ilə əlaqəlidir.Belə ki, paltar tikilərkən üz parçası və astardan istifadə olunur. Üz parçası paltarın görünən,xarici tərəfidir, astar isə onun içərisinə tikilən parçadır.
İfadənin etimoloji açıqlanması isə belədir; buradakı üz sözü üst sözü ilə qohumdur, “üstünü verəndə altını da istəyir” deməkdir. Yaxud “Hadisə üz verib” cümləsində də üz elə üst deməkdir(yəni əhvalat “gizli qalmayıb,üstə çıxıb).
Qarı ilə qiyamətə qalmaq
Bu ifadənin Azərbaycan dilində çox qədim zamanlardan işləndiyini güman etmək mümkündür. Belə ki, bu ifadə “əbədilik, uzunömürlülük” mənasında işlənir.
“Qarı ilə qiyamətə qalmaq” ifadəsi Nuh tufanı haqqında miflə birbaşa bağlıdır. Həmin rəvayətdə göstərilir ki, Nuh peyğəmbər yaşadığı yerdə həddindən artıq dindar qoca bir qarı da yaşayırmış. Həmin qarının tufan baş verəcəyindən xəbəri olmur. Qarı həmişə evində yun əyirib bazarda satmaqla dolanarmış. Bu dəfə də qarı çoxlu yun alıb, evinə gəlir və yunu əyirməyə başlayır. Bu hesabla qarı 7 gün evdən bayıra çıxmır. Məhz həmin 7 gündə tufan baş verir, əhalinin çoxu qırılır. Tufan sakitləşdikdən sonra camaat əvvəlki yerə qayıdır və qarını sağ görüb təəccüblənirlər. Qarı heyrətlənmiş yerli sakinlərə belə cavab verir ki, o 7 gün ərzində evdən bayıra çıxmayıb. Buna görə də tufandan xəbəri olmayıb. Qarı sadəcə onu da bildirir ki, əyirdiyi yunun azca nəmləndiyini hiss edib.
Qaş düzəltdiyi yerdə göz çıxardı
Bu ifadə xalqımızın həyat müşahidələrindən yaranmış, məcazi mənalı,ibrətamiz bir məsəldir. İfadə o zaman işlədilir ki, bir insan hansısa işi yaxşılaşdırmaq, düzəltmək və ya kiməsə kömək etmək istəyərkən,əksinə, vəziyyəti daha da pisləşdirir.
İfadənin yaranma tarixi və obrazlı məzmunu XIII əsrdə yaşamış böyük türk mütəffəkiri Cəlaləddin Ruminin “Məsnəvi”dəki ( “Ayı və bağban”) təmsilinə gedib çıxır. O da ehtimal olunur ki, Rumi bu təmsilin süjet xəttini qədim Hindistanın” Pançatantra” əsərindən götürmüşdür.
Həmin təmsildə deyilir ki, bir zamanlar tənha yaşayan bir bağban özünə dost axtarırmış. Günlərin bir günü meşədə bir ayı ilə rastlaşır. Ayı da tək yaşamaqdan bezdiyi üçün onlar dostlaşırlar.
Bağban ayını öz evinə gətirir, ona yemək verir, qayğısına qalır. Ayı da öz növbəsində bağbanın qulluğunda dayanır, onu quruyurmuş.
Bir gün bağban ağacın kölgəsində yatarkən burnunun üstünə bir milçək qonur. Ayı milçəyi qovmağa çalışır. Milçək uçub gedir, amma bir azdan yenidən bağbanın burnuna qonur. Ayı hirslənir. Bu dəfə milçəyi birdəfəlik öldürmək qərarına gəlir. Yerdən böyük bir daş götürür və bağbanın burnuna qonmuş milşəyi vurmaq üçün var gücü ilə daşı atır. Nəticədə milçək ölür,amma ağır daş bağbanı da öldürür.
Beləcə, ayı dostunu qorumaq istəyərkən onun ölümünə səbəb olur.
Kəsək oturub daşın gününə ağlayır
Azərbaycan xalq deyimlərindən biridir. Gündəlik həyatda tez-tez istifadə etdiyimiz məsələlərdən biridir. Bu məsələ həm özünü tanımayan, həm də başqasının vəziyyətinə əsassız şəkildə acıyan insanlara aid edilir.
Məsələnin maraqlı bir xalq rəvayəti əsasında izahı var. Rəvayətə görə, bir gün ağacın altında bir kəsək parçası(qurumuş, torpaq parçası) çox qəmgin oturub ağlayırmış:
Ağac ondan soruşur:
-Ay kəsək, niyə belə kədərlisən? Nə olub?
Kəsək cavab verir:
- Göyə baxmırsan? Qara buludlar yığışıb,bir azdan yağış yağacaq. Yanımdakı yazıq daşın halına yanıram. Yağış yağanda sel gələcək, bu daşı ovub dağıdacaq,aparıb yox edəcək. Ağac onun sözlərinə təəccüblənərək deyir:
- Ay kəsək, sən özünə bax! Sən yağış yağmamışdan ovulub tökülürsən. Yağış yağanda ilk növbədə sən torpağa qarışacaqsan. Sən öz vəziyyətini düşünmək əvəzinə, möhkəm daşın gününə ağlayırsan?.
Çək qamışını (qəmişini)..!
Azərbaycan dilində tez-tez işlədilən ifadələrdən biri də “çək qamışını” ifadəsidir. İfadənin işləndiyi xüsusi məqamlar var.Bu ifadə dilimizdə kontekstdən asılı olaraq istehza,kinayə və ya kiməsə xəbərdarlıq etmək məqsədilə işlədilir. İfadə ən çox Bakı və şəhər ətrafı kənd, qəsəbələrinin dilində daha çox işlənməkdədir.
İfadənin yaranma tarixi və səbəbi şərti olaraq belə izah olunur.
XIX əsrdə Bakıda neft tapılandan sonra Abşeronda neft sənayesi güclü inkişafa başladı. Mədənlərdə işləmək üçün hər yerdən- Volqaboyundan başlamış Cənubi Azərbaycana qədər olan məkanlardan işləmək üçün insanlar Bakıya axışırdı. Neft sənayesi dıgər infrastrukturların, o cümlədən geniş ticarət əlaqələrinin də yaranmasına real zəmin yaradırdı
Cənubi Azərbaycandan işləmək üçün Bakıya gələn soydaşlarımız yol pullarını çıxarmaq, bir müddət dolanışıq ehtiyatlarını təmin etmək məqsədilə satmaq üçün özləri ilə yerli məhsullarda gətirərdilər. Həmin məhsulları ya bazarlarda, ya müvəqqəti sığındıqları fəhlə baraklarının həndəfərində xırd edərdilər. Gətirilən mallar içərisində ən çox satılanı isə sulu qəlyanlar olardı( Ehtimal ki, sulu qəlyanların ölkəmizə gətirilməsi tarixi təxminən bu dövrləri şamil oluna bilər). Həmin dövrlərdə Təbriz istehsalı olan sulu qəlyanlara Bakıda tələbat çox imiş. Yerli -Bakı qoçuları, bəyzadələr və imkanlı şəxslər sulu qəlyanı “brend” mal kimi göydə qapardı. İlk dövrlər “eksport mal” sayılan sulu qəlyanların qiyməti baha idi.Bir neçə nəfər birləşib qəlyanı əldə edərdi. Bu qəlyanı almağa o dövrdə hər kəsin maddi durumu imkan vermirdi. (Sonralar sulu qəlyanların qiyməti düşmüş,sovetlər dövründə isə ondan çayxanalarda istifadəsinə yasaq qoyulmuşdu)
Əldə olunan qəlyanların “dadına baxmaq üçün” imkanlı şəxslər ya çayxanalarda, ya da xüsusi təşkil olunmuş otaqlarda,o cümlədən kiçik həcmli palatkalardan(çadır) istifadə edərdilər.
Sulu qəlyanlara “xüsusi marağı” olan şəxslər həvəslə çadır-palatkaların həndəvərində gəzişib, qəlyandan bir qüllab almaq üçün xahiş-minnət edər, ya da çadırın cırılmış deşiklərinə qamışı uzadıb içəridəki tüstünü ciyərlərinə çəkərdilər. Çox vaxt içəridəki şəxslərdən biri qəlyanın dumanlı təsirindən bayıra çıxıb Bakı ləhçəsi ilə “ALƏ, ÇƏK QƏMİŞİNİ..,-deyib ətrafdakıları qovarmış.
Bu ifadənin yaranma səbəbini yarıciddi, yarızarafat mənasında ustadım, filologiya elmlər doktoru , professor Qəzənfər Kazımovdan eşitmişəm.
Ardı var...
Tərtib edən:
Arif Kazımov,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı:128
Bu xəbər 27 Noyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















