Saxta cərrah kimi 16 yaralı əsgəri əməliyyat etdi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu fotodakı şəxsin adı Ferdinand Uoldo Demaradır. O, tarixə “Böyük saxtakar” (The Great Impostor) ləqəbi ilə düşüb. Bəs ona bu adın verilməsinin səbəbi nə idi?
Demara həyatının müxtəlif dövrlərində özünü benediktin rahibi, həbsxana müdiri, gəmi həkimi, uşaq tərbiyəsi üzrə mütəxəssis, tikinti mühəndisi, şerif müavini, diplomlu psixoloq, hüquqşünas, tibb işçisi, müəllim, redaktor və hətta xərçəngə qarşı dərman axtaran alim kimi təqdim edib.
Ən təəccüblüsü isə onun bu saxtakarlıqlardan əsas məqsədinin pul qazanmaq olmaması idi. Demara daha çox ətrafındakı insanların hörmətini və nüfuzunu qazanmağa can atırdı. Güclü yaddaşı, fotoqrafik yaddaş qabiliyyəti və yüksək intellekti ona müxtəlif peşələrin nümayəndəsi kimi çıxış etməyə imkan verirdi.
Onun qeyri-adi həyat hekayəsi hələ 16 yaşında evdən qaçması ilə başlayıb. Bir neçə il sistersian rahiblərinin yanında yaşadıqdan sonra, 1941-ci ildə ABŞ ordusuna yazılıb. Daha sonra Hərbi Dəniz Qüvvələrinə keçib. Özünü zabit kimi təqdim etməyə çalışsa da, buna nail ola bilməyib. Nəticədə intiharını səhnələşdirərək yoxa çıxıb və bu dəfə Robert Linton adlı şəxsin kimliyindən istifadə etməyə başlayıb. Özünü dini meylli psixoloq kimi təqdim edən Demara Pensilvaniya və Vaşinqtondakı kolleclərdə psixologiyadan dərs deyib.
Lakin onun saxtakarlığı uzun müddət gizli qalmayıb. FTB əməkdaşları izinə düşdükdən sonra Demara fərariliyə görə 18 ay həbs cəzası alıb.
Həbsdən çıxdıqdan sonra yenidən saxta sənədlər əldə edib, Şimal-Şərq Universitetində hüquq təhsili almağa başlayıb və sonradan yenidən rahib həyatı yaşamağa qayıdıb. Hətta bu gün də fəaliyyət göstərən bir kollec təsis edib.
Kilsədə gənc həkim Cozef Sir ilə tanışlığı isə onun həyatında yeni mərhələnin başlanğıcı olub. Demara bu dəfə həmin həkimin adından istifadə edərək özünü cərrah kimi təqdim etməyə başlayıb.
Koreya müharibəsi zamanı Kanada Hərbi Dəniz Qüvvələrinin “Kayuqa” esminesində gəmi həkimi vəzifəsinə təyin olunub. Leytenant rütbəsi ilə xidmət edən Demara Koreya sahillərinə göndərilib. Tibbi təcrübəsi olmasa da, penisilindən istifadə etməklə xəstələrin müalicəsində uğurlu nəticələr əldə edib.
Lakin onun həyatının ən inanılmaz hadisəsi bundan sonra baş verib.
Bir gün esminesə əməliyyat olunmalı olan 16 ağır yaralı əsgər gətirilib. Gəmidə yeganə cərrah hesab edilən Demara yaralıların əməliyyata hazırlanmasını əmr edib. Özü isə tibbi ədəbiyyatı götürərək kayutuna çəkilib.
O, cərrahiyyə dərsliyindən istifadə edərək əməliyyatlara hazırlaşıb və daha sonra yaralı əsgərləri bir-bir əməliyyat edib. İddialara görə, onların arasında olduqca mürəkkəb cərrahi müdaxilələr də olub. Ən heyrətamiz məqam isə əməliyyat olunan 16 əsgərdən heç birinin həyatını itirməməsi idi.
Demaranın bu uğuru haqqında qəzetlərdə heyrətamiz yazılar dərc olunmağa başlayıb. Lakin şöhrət onun saxtakarlığını da üzə çıxarıb. Əsl həkim Cozef Sirin anası qəzetdə oğlunun adını görərək baş verənlərdən şübhələnib və məsələni araşdırmağa başlayıb. Beləliklə, Demaranın əsl kimliyi üzə çıxıb.
Gəminin kapitanı uzun müddət xidmət etdiyi həkimin əslində tibb təhsili olmayan bir saxtakar olduğuna inanmaq istəməyib. Kanada Hərbi Dəniz Qüvvələri isə ona qarşı cinayət təqibi başlatmamaq qərarına gəlib. Nəticədə Demara ABŞ-a qayıdıb.
Amma onun macəraları bununla bitməyib.
Sonralar Texasda həbsxana müdirinin müavini vəzifəsində çalışıb. Onu psixologiya sahəsindəki biliklərinə görə işə götürüblər. Demara burada məhbusların psixoloji cəhətdən yenidən tərbiyə olunması üçün xüsusi proqram hazırlayıb və müəyyən uğurlar əldə edib.
Daha sonra Los-Ancelesdəki böyük evsizlər sığınacaqlarından birində məsləhətçi işləyib. Oreqonda kollec təhsilini başa vurduğunu təsdiqləyən sənəd əldə edib və xəstəxanada kilsə keşişi kimi fəaliyyət göstərib.
Ferdinand Uoldo Demara 1982-ci ildə ürək çatışmazlığından vəfat edib. Onun qeyri-adi həyat hekayəsi əsasında bir neçə kitab yazılıb, film və televiziya serialları çəkilib.
Beləliklə, həyatının böyük hissəsini başqalarının kimliyinə girərək keçirən bu adam tarixdə ən məşhur saxtakarlardan biri kimi yadda qalıb. Onun hekayəsi insan yaddaşının, intellektin və müşahidə qabiliyyətinin nə qədər güclü ola biləcəyini göstərməklə yanaşı, insanları aldatmağın bəzən nə qədər inanılmaz həddə çata biləcəyini də ortaya qoyur.
Müəllif: Dmitri Qaponenko
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















