Seçkilərdən sonrakı Ermənistan
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İrəvanda geosiyasi durum və regional siyasət necə olacaq?
Ermənistanda 7 iyun 2026-cı il parlament seçkiləri ölkənin daxili siyasi balansı ilə yanaşı, Cənubi Qafqazın geosiyasi gələcəyi baxımından da mühüm nəticələr doğurub. Bu, yalnız Ermənistan üçün yeni hökumətin müəyyənləşdirdiyi seçki deyil, eyni zamanda, ölkənin gələcək geosiyasi istiqamətini bəlirləyən referendum xarakteri daşıyır.
Rəsmi nəticələrə görə, “Mülki müqavilə” partiyası 726.819 səslə və 49,75 faiz səs nisbətilə birinci oldu. “Güclü Ermənistan” İttifaqı 23,27 faiz, “Ermənistan İttifaqı” isə 9,92 faiz səs topladı. Beləliklə, “Mülki müqavilə” 105 deputat yerindən 64-nü qazandı. Seçkinin nəticəsi Paşinyan hökumətinin 2020-ci il Qarabağ müharibəsindən sonra sürətləndirdiyi xarici siyasət dəyişikliyinin seçicilər tərəfindən əhəmiyyətli dərəcədə təsdiqləndiyini göstərir. Bu siyasət Rusiyadan ənənəvi təhlükəsizlik asılılığının azaldılması, Avropa İttifaqı (Aİ) ilə münasibətlərin dərinləşdirilməsi, Azərbaycanla sülh sazişinin tamamlanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində formalaşır.
İrəvan üçün dəyişən və dəyişməyən dəyərlər
Seçki qələbəsi Paşinyan üçün xüsusilə Azərbaycanla sülh və Avropa ilə daha yaxın münasibətlər baxımından yeni siyasi imkanlar yaradıb. Bununla yanaşı, Ermənistanın xarici siyasətindəki dəyişiklik Rusiya ilə münasibətlərin tamamilə qırılması demək deyil. Ermənistan hələ də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və Rusiya ölkənin enerji, ticarət və təhlükəsizlik sahələrində mühüm aktoru olaraq qalmaqdadır. Bu baxımdan yeni dövrün əsas xüsusiyyəti klassik mənada “Rusiyadan qopma”dan daha çox, çoxşaxəli və getdikcə Qərb mərkəzli xarici siyasət axtarışıdır. Bu nəticə Paşinyan hökumətinə xarici siyasətdə daha qətiyyətli hərəkət etmək imkanı vermişdir. Lakin hökumətin əldə etdiyi parlament üstünlüyü konstitusiya dəyişiklikləri üçün tələb olunan üçdə iki səs çoxluğuna çatmır. Buna görə də Azərbaycanla yekun sülh sazişi və konstitusiya islahatları baxımından hökumətin qarşısında hələ də mühüm siyasi və hüquqi maneələr mövcuddur. Paşinyan komandasının yenidən hakimiyyətə gəlməsi “şaxələndirilmiş xarici siyasət” anlayışına verilən ictimai dəstəyin davam etdiyini göstərir. Artıq hökumətin 2026-2031-ci il proqramı elan olunub. Yeni hökumət bir tərəfdən Aİ və Amerika Birləşmiş Ştatları ilə münasibətləri dərinləşdirməyi, digər tərəfdən isə Rusiya ilə birbaşa qarşıdurmadan qaçan balanslaşdırılmış siyasət yürütməyi qarşısına məqsəd qoyur. Bununla yanaşı, Azərbaycanla davamlı sülh sazişinin imzalanması, nəqliyyat dəhlizlərinin açılması, iqtisadi modernləşmə və təhlükəsizlik sektorunun yenidən qurulması hökumət proqramının əsas prioritetləri sırasındadır. 2026-cı il seçkilərindən əvvəl Ermənistandakı siyasi müzakirələrin mühüm mövzularından biri ölkənin geosiyasi istiqaməti idi. Seçkilərdən sonra bu istiqamət nə dərəcədə dəyişib və redaktə edilib? Nikol Paşinyan hökumətinin seçki yolu ilə siyasi mövqeyini yeniləməsi nə dərəcədə ölkənin strateji xarakterini dəyişdirəcək? Bu suallara cavab tapmaq üçün ölkədə son dövrlər baş verən siyasi situasiyanı, atılan addımları təhlil etməyə ehtiyac var.
Siyasi legitimlik, daxili və xarici amillər
“Mülki müqavilə” partiyasının parlamentdə çoxluğu əldə etməsi Paşinyana koalisiyaya ehtiyac olmadan hökumət qurmaq imkanı verməsi hakimiyyətin institusional baxımdan güclənməsi deməkdir. Bununla belə, parlamentdəki çoxluq cəmiyyətin bütün təbəqələrində siyasi konsensusun əldə edildiyi anlamına gəlmir. Beləliklə, Ermənistan siyasətində mühüm bir paradoks meydana çıxır: Paşinyan hökuməti institusional və parlament baxımından güclənərkən, cəmiyyətdəki siyasi parçalanmalar öz mövcudluğunu davam etdirir. Bu səbəbdən Paşinyanın qarşısındakı əsas problem yalnız hökuməti idarə etmək deyil, əldə etdiyi seçki dəstəyini uzunmüddətli siyasi legitimliyə çevirməkdir. 2018-ci ildəki “Məxməri inqilab”dan sonra Paşinyanın siyasi diskursu demokratikləşmə, korrupsiyaya qarşı mübarizə və keçmiş siyasi elitanın aradan qaldırılması üzərində qurulmuşdu. 2026-cı ildən sonra isə Paşinyanın siyasi mövqeyi əhəmiyyətli dərəcədə dəyişib. Artıq Paşinyan sistemi dəyişdirməyə çalışan müxalifət lideri deyil, dövlət idarəçiliyinin mərkəzində dayanan hökumət rəhbəridir. Avropa Parlamentinin seçkilərdən əvvəl dərc etdiyi qiymətləndirmədə Ermənistanın 2022-ci ildən etibarən Rusiyadan tədricən uzaqlaşaraq Aİ ilə münasibətlərini dərinləşdirdiyi bildirilib. Həmin qiymətləndirmədə 5 may 2026-cı ildə keçirilmiş ilk Aİ–Ermənistan sammitinin münasibətləri yeni səviyyəyə çıxardığı vurğulanır. İzlədiyimiz ermənidilli mediada 2026-cı il parlament seçkilərindən sonra daxili və xarici siyasətlə bağlı önə çıxan məsələlər göstərir ki, Paşinyan hökumətinin əsas strategiyasını “Real Ermənistan” doktrinası təşkil edir. Mediada gedən müzakirələr təhlil edildikdə üç əsas geosiyasi yanaşmanın önə çıxdığı görünür: “Real Ermənistan” yanaşması: mövcud sərhədlər daxilində dövlət quruculuğu və qonşularla münasibətlərin normallaşdırılması; Çoxşaxəli xarici siyasət: Rusiya ilə əlaqələri tamamilə qırmadan Aİ, ABŞ, Fransa və Hindistanla münasibətlərin inkişaf etdirilməsi; Dövlətin yenidən qurulması: ordunun, iqtisadiyyatın və dövlət institutlarının müharibədən sonrakı şəraitə uyğunlaşdırılması.Müstəqil erməni araşdırma mərkəzlərinin və mətbuatının əsas diqqət yetirdiyi məsələlər ümumilikdə bunlardır:
• Ermənistanın xarici siyasəti tarixi iddialardan daha çox mövcud dövlət sərhədləri üzərində qurulmalıdır;
• Azərbaycanla sülh sazişi ölkənin təhlükəsizliyi üçün zəruri hesab edilir;
• Avropa İttifaqı ilə yaxınlaşma dəstəklənir, lakin Rusiya ilə birbaşa qarşıdurmadan qaçmağın vacibliyi vurğulanır;
• seçki prosesində Rusiya, Qərb və regional aktorların Ermənistan siyasətinə təsir göstərməyə çalışması müzakirə olunur.
Məsələn, ermənicə və rusca yayımlanan “CivilNet”də gedən təhlillərdə əsasən bu istiqamətlər üzərində dayanılır. Araşdırma jurnalistikası ilə tanınan “Hetq”də dərc olunan qiymətləndirmələrdə xarici siyasətdən daha çox dövlət idarəçiliyi məsələləri ön plana çıxarılır. Ümumi qiymətləndirmələr aşağıdakılardır:
• məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi;
• korrupsiyaya qarşı mübarizədə yeni mexanizmlərin yaradılması;
• müdafiə islahatlarının şəffaf şəkildə həyata keçirilməsi;
• Avropa standartlarına uyğun dövlət idarəçiliyinin formalaşdırılması.
Bəzi araşdırma mərkəzləri Qərblə yaxınlaşmanı dəstəkləməklə yanaşı, hökumətin hesabatlılığının qorunmasına da xüsusi diqqət yetirir. Daha çox erməni diasporunun səsi kimi çıxış edən “Noyan Tapan”da yayımlanan təhlillərdə isə Ermənistanın artıq yalnız bir böyük gücə arxalana bilməyəcəyi fikri önə çıxır. “Aravot” qəzetindəki şərhlərdə daha çox daxili siyasi müzakirələrə diqqət yetirilir. “168.am” və digər müxalif media orqanlarında isə tamamilə fərqli qiymətləndirmələrə rast gəlinir. Bu mənbələrdə Paşinyanın Qərbə həddindən artıq yaxınlaşdığı, Rusiya ilə münasibətlərin pisləşməsinin təhlükəsizlik riski yaratdığı, Azərbaycanla aparılan danışıqlarda həddindən artıq güzəştlərə gedildiyi və konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrin milli kimliyi zəiflədə biləcəyi iddia olunur.
Avropa, yoxsa Rusiya: seçim qaçılmazdır
Ermənistan–Rusiya münasibətləri yeni dövrün ən mürəkkəb məsələsi kimi erməni siyasi fikrini məşğul edən problemlərdəndir. Həqiqət budur ki, Ermənistan uzun illər təhlükəsizlik baxımından Rusiyadan asılı olub. Rusiya Ermənistanın əsas təhlükəsizlik tərəfdaşı olmaqla yanaşı, ölkədə hərbi bazasını saxlayır, enerji sektorunda mühüm çəkiyə malik və Ermənistanın xarici ticarətində böyük paya sahibdir. Bu fikrə də haqq qazandırmaq olar ki, Ermənistanın qısa müddət ərzində Rusiyadan tamamilə ayrılması mümkün deyil. Rusiya hələ də Ermənistan iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. 2025-ci ildə Ermənistanın xarici ticarətinin, təxminən, 35 faizini təşkil edən Rusiya ölkənin enerji təminatında mühüm rol oynayır. 2026-cı ilin iyulunda Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın tətbiq etdiyi bəzi ticarət məhdudiyyətləri ilə bağlı problemlərin həll edilməsini istəməsi iqtisadi asılılığın davam etdiyini göstərmişdir.
Erməni seqmentlərində tez-tez bu məsələyə diqqət çəkilir ki, Rusiya Ermənistanın enerji sisteminə nəzarət edir; Metsamor Atom Elektrik Stansiyası üçün yanacağın hamısı Rusiyadan alınır, Ermənistan–Türkiyə sərhədində hələ də Rusiya hərbçiləri durur və Gümrüdə 102 saylı hərbi baza fəaliyyət göstərir. Bunlara Ermənistanın təbii qaz təminatında Rusiyadan asılılığını da əlavə etsək, Moskvanın bu ölkəyə təsir imkanlarının kifayət qədər geniş olduğu görünər. Ümumi fikir budur ki, Ermənistanın Rusiyadan tamamilə qopmaq kimi bir məqsədi yoxdur. Amma Paşinyanın Rusiya siyasətində əsas məqsədi Moskva ilə münasibətləri birdən-birə qırmaq deyil, ondan asılılığı azaltmaqla xarici siyasət seçimlərini genişləndirməkdir. Seçkidən öncə və sonra şahidi oluruq ki, Ermənistanın xarici siyasətindəki ən mühüm dəyişikliklərdən biri Aİ ilə münasibətlərin strateji xarakter qazanmasıdır.
Ermənistan parlamenti 2025-ci ildə Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul edib və qanun 2025-ci ilin aprelində qüvvəyə minib. Paşinyan 2026-cı ildə Avropa Parlamentindəki çıxışında Aİ üzvlüyünün avtomatik nəticə olmadığını, əsas prioritetin Avropa standartlarının tətbiqinə verilməli olduğunu bildirmişdir. Bu da faktdır ki, 5 may 2026-cı ildə keçirilən ilk Aİ–Ermənistan sammiti münasibətlərin institusional cəhətdən möhkəmləndirilməsi baxımından mühüm hadisə sayılır. Sammitdə, enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq kimi məsələlər ön plana çıxıb. Bu vəziyyət Ermənistanın xarici siyasətində mühüm dönüşü göstərir. Əvvəlki dövrdə Avropa Ermənistan üçün daha çox demokratikləşmə və iqtisadi yardım çərçivəsində qiymətləndirilirdisə, indi Aİ Ermənistandan çox şey istəyir: iqtisadi və siyasi tərəfdaşlıq; demokratik islahatların dəstəkçisi; təhlükəsizlik sahəsində alternativ tərəfdaş; nəqliyyat və enerji bağlantılarında strateji aktor. Bunlar hələlik arzudur və Ermənistanın qısa müddətdə Aİ üzvü olması real görünmür. Ermənistanın Aİ üzvlüyü ilə bağlı hüquqi və siyasi addımları, ilk növbədə, Avropa standartlarına uyğunlaşma və strateji istiqamətin dəyişdirilməsi anlamına gəlir. Buna isə hələ Ermənistan hazır deyil. Amma Ermənistan Qərbə açılmaq istəyir, buna ölkənin siyasi institutlarının nə dərəcədə hazır olmamaları da əsas suallardan biridir. İrəvanın Qərbə inteqrasiyası yalnız Aİ ilə məhdudlaşmır. ABŞ da Ermənistanın yeni xarici siyasət arealında getdikcə daha çox əhəmiyyət qazanır. Vaşinqton üçün Ermənistan Cənubi Qafqazdakı nəqliyyat yolları, enerji təhlükəsizliyi, İran sərhədi və Rusiyanın regiondakı təsirinin azaldılması baxımından strateji əhəmiyyət daşıyır. Və bu fürsətin əldən verilməyəcəyi qənaətindəyik. Lakin Ermənistanın Qərblə yaxınlaşması Rusiya tərəfindən yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilmir. Moskva İrəvanın Qərbə istiqamətlənməsini Cənubi Qafqazda nüfuzunun azalması kimi görür. Şübhəsiz ki, Kreml bunun asanlıqla baş verməsinin qarşısına ciddi maneələr çıxaracaq və artıq bu maneələrdən hər kəsin xəbəri var. Bu səbəbdən iqtisadi sanksiyalar, ticarət məhdudiyyətlər və siyasi təzyiqlər qarşıdakı dövrdə Ermənistan–Rusiya münasibətlərinin əsas vasitələri olaraq qala bilər. Ermənistanın 2026-cı ildən sonrakı xarici siyasətinin ən mühüm məsələsi Azərbaycanla münasibətlər olacaqdır. Ermənistanın siyasi fikrində və bütün mətbuat orqanlarında yayımlanan yazılarda bu məsələ birinci yerdədir.
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Sentyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















