Səfəvi imperiyasından tamamilə azad bir ideologiya Səfəviçilik
Icma.az, 525.az saytına istinadən bildirir.
Nicat Mədətli
Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis
Tarixi şəxsiyyətlər və hadisələr hər zaman bir çox ölkələrin gündəmində mübahisə yarada bilmişdir. Fransızlar Fransız İnqilabının yaxşı və ya pis olduğunu, almanlar II Vilhelmin Birinci Dünya müharibəsini başlatmasının önəmini və ya önəmsizliyini, türklər Mustafa Kamal Atatürkün Osmanlı İmperiyasını süquta uğratmasının müsbət və mənfi cəhətlərini hələ də mübahisə mövzusu seçməkdə davam edirlər. Xüsusilə, qüdrətli tarixi ilə qürur duyan millətlərin söhbət mövzularında tarixi şəxsiyyətlər və hadisələr üzərində müzakirə etmək dəb halını almış davranış formasıdır. Eyni xüsus, Səfəvi və Əfşarlar kimi nəhəng imperiyalar meydana çıxarmış Azərbaycan xalqı üçün də keçərlidir.
Lakin son zamanlarda Şah İsmayıl Xətai və Səfəvi dövləti üzərində gedən mübahisələr artıq təhqirli münaqişələrə çevrilmişdir. Milli Məclisin deputatı Fazıl Mustafa tərəfindən Səfəvilərlə bağlı dilə gətirilən irad və düşüncələri onun mətbuatda bir çox şəxslər tərəfindən reaksiya ilə qarşılanmasına səbəb oldu. Hətta mediada “Səfəviçilik” deyə bir termin sıx-sıx yanlış formada istifadə olunmağa başladı. Bir tarixçi kimi, mən də mövzu ilə bağlı öz düşüncələrimi bildirmək istəyirəm:
Hər bir xalq öz tarixini mənimsəməli və onunla qürur duymalıdır. Şəxsiyyətlərin və keçmiş dövlətlərin fəaliyyətləri hal-hazırdakı situasiyalar ətrafında dəyərləndirilməməli, o dövrün tələbləri diqqətə alınaraq və o dövrün pəncərəsindən baxılaraq analiz edilməlidir. Beləliklə, Səfəvi imperiyasının digər Azərbaycan dövlətçiliyinin nümayəndələri (Şirvanşahlar, Əfşarlar, Azərbaycan Xalq Cümhuriyyəti və b.) ilə birlikdə Azərbaycan tarixi və siyasi həyatında əvəzedilməz bir yerə sahib olduğunu qeyd edə bilərəm. Daha da irəli gedərək deyə bilərəm ki, Səfəvi İmperiyası Azərbaycan dövlətçiliyinin tarixi zirvələrindən biridir.
Lakin bugün münaqişə mövzusu olan məsələ tarixi cəhətdən deyil, siyasi mövzular üzərindən ələ alınaraq oxunmalıdır. Çünki bugün mətbuatda xeyli mübahisələrə səbəb olan xüsus yanlış olaraq, “Səfəviçilik” adı altına “Səfəvi İmperiyası”dır. Bu iki anlayışı bir-birlərindən ayırmaq lazımdır. Belə ki, Səfəvi İmperiyası bizə məxsus olsa da, Səfəviçilik ideologiyası 1990-cı illərdə (bir az da öncələrə qədər uzana bilər) İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasındakı ideoloji nizamı təsir dairəsi altına almaq üçün irəli sürülmüş bir düşüncədir. İranın bugün öz ərazisini irəli sürərək Səfəvi İmperiyasını mənimsəmə cəhdləri hər kəs tərəfindən bilinən bir gerçəkdir. 1991-ci ildə hələ yeni-yeni müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının cəbhədə müharibədən başqa mübarizə apardığı bir məsələ daha var idi: ideologiya axtarışı. Məhz bu mübarizəyə bəzi dövlətlər müdaxilə etməyə cəhd də göstərmişdir. Bu dövlətlərdən biri də cənub qonşumuz idi. Hətta Səfəvi İmperiyası ərazisinin böyük bir hissəsini özündə ehtiva etdiyini irəli sürərək öz məqsədlərini həyata keçirmək üçün yeni bir ideologiya növü də yaratmışdı: Səfəviçilik.
Əslində farsların ortaya atdığı Səfəviçilik düşüncəsinin Səfəvi İmperiyasının tarixi və mədəni irsi ilə heç bir əlaqəsi yox idi. Səfəviçilik müstəqilliyini təzəcə elan etmiş Azərbaycan Respublikasını ideoloji cəhətdən təsir altına almaq üçün irəli sürülən bir vasitə idi.
Digər tərəfdən, fars rejiminin 1990-cı illərdə ideoloji cəhətdən həyata keçirdiyi fəaliyyətin təsirinə qarşı əks-təsir hal-hazırda bir çox ziyalılarmız tərəfindən müdafiə olunmaqdadır. Buna baxmayaraq, aydın şəkildə görülür ki, mövzu ilə bağlı media və mətbuatda gedən mübahisələrdə tamamilə fərqli xüsusiyyətlərə sahib olan Səfəvi dövlətçiliyi və Səfəviçilik anlayışları bir-biri ilə qarışdırılır. Bu yanlışa düşmək olmaz. Çünki anlayışlar arasındakı fərqi görmədən obyektiv nəticə əldə etmək qeyri-mümkündür. Qısaca qeyd etsəm, bugün mübahisəyə səbəb olan mövzu Səfəvi dövlətçiliyi deyil, Səfəviçilik ideologiyası olmalıdır.
Eyni zamanda, unutmamaq lazımdır ki, etməli olduğumuz şey son dərəcə asandır: Səfəvi İmperiyasını milli düşüncəmizin istiqaməti olan azərbaycançılıq ideologiyası ilə harmoniya halında mənimsəmək və təbliğ etmək. Azərbaycan dövlətçilik tarixi bu halda yuxarıda bəhs etdiyimiz mübahisələrdən tam azad olacaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 10 Avqust 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















