Icma.az
close
up
RU
Səfir Kopırkinə daha bir etiraz notası verildi

Səfir Kopırkinə daha bir etiraz notası verildi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paşinyan isə özünü o yerə qoymur və Rusiya ilə “qarşılıqlı-faydalı əməkdaşlıq”dan dəm vurur

Ermənistan–Rusiya münasibətlərində, necə deyərlər, bir müddətdir əsən soyuq küləklər son günlərdə baş verən bəzi hadisələrlə daha da güclənib. Əlbəttə, söhbət rəsmi İrəvanın yanvarın 9-da Avropa İttifaqına üzv olmaq istəyini bəyan etməsindən və yanvarın 14-də ABŞ-la strateji tərəfdaşlıq haqqında saziş imzalamasından gedir. Düzdür, Rusiya rəsmiləri Ermənistan hökumətinin bu addımlarını rəsmi İrəvanın suveren hüququ kimi qiymətləndirirlər. Amma bundan narazı qaldıqlarını da gizlətmirlər.

Ermənistan–Rusiya münasibətlərin-
dəki narazılıq dünən özünü bir daha göstərib. Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin yanvarın 15-də Ermənistan xarici işlər nazirliyinə çağrılıb. Bu barədə məlumatı Ermənistan xarici siyasət idarəsi yayıb. Bildirilib ki, səfirin XİN-ə çağrılmasına 2025-ci il yanvarın 12-də Ümumrusiya Dövlət Televiziyasında (“Rossiya-1”) yayımlanan “Həftənin xəbərləri” (“Vesti nedeli”) verilişi ilə, daha doğrusu, verilişdə səslənən fikirlərlə bağlıdır. Qeyd olunub ki, proqramın həmin buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı fikirlər səsləndirilib. Ermənistan xarici siyasət orqanı söhbətin hansı fikirlərdən getdiyini açıqlamayıb. Yalnız bildirilib ki, verilişdə “Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü əleyhinə” süni şəkildə quraşdırılmış çıxışlar səsləndirilib. Görüşün sonunda Rusiya səfirinə müvafiq etiraz notası təqdim edilib.

Qeyd edək ki, bu, Rusiya səfirinin Ermənistan xarici işlər nazirliyinə ilk dəfə çağrılması deyil. Bundan əvvəl də rəsmi İrəvan dəfələrlə səfir Kopırkini nazirliyə dəvət etmiş və ona iradlarını bildirmişdir. Artıq bu məsələ sistemli xarakter alıb. Münasibətlərin indiki səviyyəyə gəlib çatması isə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqların nəticəsi kimi qiymətləndirilməlidir. Bu geosiyasi reallıqların yaradılmasının əsası isə 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsi zamanı qoyulub. Nikol Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ilin mayından sonra münasibətlərdə yaranmış xırda anlaşılmazlıqları nəzərə almasaq, demək mümkündür ki, həmin vaxtadək Rusiya–Ermənistan münasibətləri yüksələn xətt üzrə inkişaf edirdi.

Heç kəsə sirr deyil ki, Ermənistan həm də Rusiyaya güvənərək, 2020-ci il sentyabrın 27-də sərhədyanı bölgədə genişmiqyaslı təxribatlar törətməyə cəhd göstərmişdi. Rusiyanın mövqeyinin necə olduğunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ötən il Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsinə dair suala cavabında ətraflı izah etmişdi: “Deyərdim ki, bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır. Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxan informasiya – məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini...”

Həqiqətən də 2020-ci ildə Azərbaycanın Zəfəri ilə yekunlaşan Vətən müharibəsi bölgənin geosiyasi mənzərəsini dəyişdi, uzun illər mövcud olmuş, hər üç həmsədrin möhkəmlənməsinə çalışdıqları status-kvo pozuldu. Doğrudur, yeni regional nizam hələ tam formalaşmadığından bəzən gərginlik və qeyri-müəyyənlik də müşahidə olunur. Ermənistan–Rusiya ikitərəfli münasibətlərindəki tendensiya isə bu ölkələr arasında uzun illər mövcud olmuş müttəfiqliyin aşınması prosesinin getdiyini göstərir. Haylar qanunsuz əməllərinin cəzasız qalmasına o qədər arxayınlaşmışdılar ki, İkinci Qarabağ müharibəsi zamanı da himayədarlarından güclü dəstək alacaqlarını düşünürdülər. Ancaq Prezident İlham Əliyevin yürütdüyü balanslı xarici siyasət kursu, Rusiya ilə əlaqələrə yeni forma və məzmun verilməsi rəsmi Moskvanı İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa vadar etdi. Ermənistan hökuməti bölgəyə rusiyalı sülhməramlı qüvvələrin gəlişini, Qarabağda hələ də separatçı rejimin tör-töküntüsünün qalmasını nəzərə alaraq “bəlkə də qaytardılar” düşüncəsi ilə Rusiya ilə, necə deyərlər, körpüləri tam yandırmadı. 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində isə “cin şüşədən çıxdı” və Ermənistan–Rusiya münasibətləri daha da korlandı.

Ermənistan hökumətinin həmin dövrdə Avropa İttifaqının ilkin olaraq 100 nəfərdən ibarət müşahidə missiyasını azı 2 il müddətinə ölkəyə dəvət etməsi də Rusiyaya qarşı demarş sayıla bilərdi. Bu hadisə müstəqilliyin bərpa edilməsindən bəri Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi tanınmış kiçik ölkə üçün cəsarətli addım kimi qiymətləndirilirdi. Moskvadan verilən reaksiyalar isə onların hadisələrin bu istiqamətdə inkişafından narahatlıq keçirdiklərini söyləməyə əsas verirdi. İndi isə Rusiya səfirinin “Ermənistanın suverenliyi və ərazi bütövlüyü əleyhinə” hansısa çıxışa görə nazirliyə çağrılması, ona etiraz notasının təqdim edilməsi münasibətlərdə yaranmış narazılığın daha bir halqasıdır.

Buna baxmayaraq, Ermənistan hökuməti özünü o yerə qoymur və “eyni 
vaxtda iki stulda” oturmaq siyasətini yenə davam etdirir. Ölkənin baş naziri Nikol Paşinyanın dünən “Facebook” sosial şəbəkəsində xarici siyasətlə, yaxın-uzaq ölkələrlə bağlı yazdıqları da bundan xəbər verir. Qeyd edib ki, İrəvanın balanslaşdırılmış (?) xarici siyasəti öz praktik nəticə verməkdədir: “Ermənistanın İranla münasibətləri həmişəkindən daha subyektivdir. Gürcüstanla münasibətlərimiz strateji tərəfdaşlıq orbitindədir, inkişaf üçün yeni perspektivlər və potensial açır. Türkiyə ilə görünən qarşılıqlı anlaşma bazası formalaşıb. Ermənistan Azərbaycanla münasibətlərdə bütün məsələlərə dair konstruktiv həll yolları təklif edib. Bu kontekstdə regionda yenidən eskalasiyanın baş verməsinin əsası yoxdur ki, bu da yeni gərginliyin olmayacağını göstərir. Bizim Rusiya ilə münasibətlərimiz hər zamankından daha praktikdir. Konkret məsələlərə yönəlib və “emosional qablaşdırmadan” uzaqdır. Biz bu əlaqələri qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyi hədəfləyirik. Avropa İttifaqı ilə əlaqələr həmişəkindən daha sıxdır və bu, Brüsseldə də qeyd olunur. ABŞ-la strateji tərəfdaşlığa start verildi. Hindistanla münasibətlərimiz yeni məna kəsb edir. Çinlə əlaqələrimiz inkişaf edir və dərinləşir. Yaxın Şərqdə tərəfdaşlıq üçün yeni imkanlar yaranıb”.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən “World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə ­Məmmədova bildirdi ki, Ermənistan rəhbərliyinin bir sıra yanlış hesablamalıar apardığı göz önündədir. Onun sözlərinə görə, ölkə hər zaman Rusiyanın forpostu olub. Ermənistanın yaranımış durumu dəyişdirmək üçün iqtisadi, o cümlədən siyasi gücü olmalıdır: “Ancaq biz görürük ki, Ermənistan hazırda bu kriteriyaların heç birinə cavab vermir. Ermənistan iqtisadiyyatı Rusiyadan verilən subsidiyalardan asılıdır. Rəsmi İrəvanın yürütdüyü siyasət onun özü üçün yaxşı heç nə vəd etmir. Regionda ona etimadın səviyyəsi sıfıra bərabərdir. Sözün əsl mənasında, ermənilərə güvən qalmayıb. Çünki onlar hər addımda öz müttəfiqlərini sata bilərlər. Hayların ən yaxın tərəfdaşı Rusiya idi ki, hazırda onu arxadan vurmaqla məşğuldurlar. Ermənistan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı qərar qəbul etməsini, ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamasını başqa cür qiymətləndirmək mümkün deyil”.

R.Məmmədova dedi ki, biz bunun nəticəsinin nə olacağını yaxşı bilirik. Gürcüstanın başına gələnlərin eyni formada Ermənistanın da başına gəlməsi ehtimalı çox böyükdür: “Gürcüstan təxminən 10-15 ildən sonra başına gələnləri, Avropadan ona heç bir yardım olmadığını başa düşdükdən sonra həmin kursdan geri çəkildi. Bu gün rəsmi Tbilisi yenidən yaxın qonşuları – Türkiyə, Azərbaycan və Rusiya ilə inteqrasiyaya gedir. Ermənistan da eyni duruma düşəcək. Bu gün Ermənistanda gedən proseslərin vaxtilə Gürcüstanda baş vermiş proseslərdən heç bir fərqi yoxdur. Bunu nəzərə alaraq, deyə bilərik ki, İrəvanı da Tbilisinin taleyi gözləyə bilər. Daha doğrusu, gözləyir. Biz buna əminik. Çünki Qərb ölkələri indiyədək verdikləri vədləri, demək olar ki, yerinə yetirmirlər”.

Rusiya–Ermənistan münasibətlərinin getdikcə pisləşdiyini vurğulayan ekspert son zamanlar narazılığın yüksək vəzifəli rəsmi şəxslər tərəfindən dilə gətirildiyini bildirdi: “Baş vermiş son hadisə, yəni Ümumrusiya Dövlət Televiziyasında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovun Ermənistanla bağlı səsləndirdiyi fikirlərə rəsmi İrəvanın reaksiyası da anlaşılan deyil. Kiselyov özü də bildirib ki, Ermənistan dövlətinin onun hansı sözündən narazı qaldığını başa düşə bilmir. Bir proqramda səslənən hansısa fikirlərə görə, Rusiya səfirinin nazirliyə çağrılaraq ona etiraz notasının verilməsi göstərir ki, İrəvan Moskva ilə ziddiyyətli münasibətlər dövrünə qədəm qoyub. Yəni bir tərəfdən Avropa İttifaqına daxil olmaq qərarı verməklə, ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamaqla Rusiyanı qıcıqlandırır, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqının üzvü kimi qalmaqla birliyin verdiyi faydalardan bəhrələnir. Rusiya baş nazirinin müavini Aleksey Overçukun da bildirdiyi kimi, Ermənistan iqtisadiyyatının artımı onun Avrasiya İqtisadi İttifaqının üzvlüyünün əsas benefisiarı olduğunu göstərir. Halbuki, bunlar bir-biri ilə kəskin ziddiyyətdə olan qurumlardır. Bu gedişlə Rusiya Ermənistanı özünə dost-tərəfdaş kimi yox, rəqib kimi görməyə başlayacaq. Rusiyadan üz döndərməsi Ermənistanın daha bərbad günə düşməsinə gətirib çıxaracaq. Görünür, bunu İrəvanda hələ dərk etmirlər”.

Səxavət HƏMİD 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri