Səhiyyə idarəçiliyində növbəti mərhələ
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi keçid mexanizmini vahid strateji modellə əvəz edəcək
Ölkəmizin iqtisadi gücü artdıqca bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də mühüm dəyişikliklər, irəliləyişlər müşahidə olunur. Milli səhiyyə sisteminin dinamik inkişafı və tibbi xidmətin əlçatanlığının təmin olunması vətəndaşların sağlamlığının qorunmasına hədəflənib. Bu sahədə aparılan islahatlar, reallaşdırılan genişmiqyaslı layihələr dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının əsas tərkib hissəsidir.
Prezidentin 2007-ci il 27 dekabr tarixli sərəncamına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 2016-cı il 24 noyabr tarixli fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin, 2018-ci il 20 dekabr tarixli fərmanına əsasən isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması aparılan genişmiqyaslı islahatların uğurlu nümunəsidir.
Dövlət başçısının əhalinin sağlamlığının təminatına və səhiyyənin inkişafının dünya standartları səviyyəsinə yüksəlməsinə istiqamətlənmiş sərəncam və tapşırıqlarına əsasən ölkəmizdə yeni, müasir texnologiyalarla təmin olunmuş tibb müəssisələri tikilir, şəfa ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. Sözsüz ki, səhiyyə sisteminin inkişafı yalnız tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir avadanlıqlarla təchizatı və ixtisaslı kadrlarla təmin olunması ilə məhdudlaşmır. Bu sahədə müsbət nəticələr əldə etmək üçün maliyyələşmə mexanizmləri, idarəetmə strukturları, xidmət standartları, kadr siyasəti və rəqəmsal həllər vahid məqsəd ətrafında birləşdirilməlidir.
İcbari tibbi sığortaya keçid - dövrün zərurəti idi və milli səhiyyənin qarşısında dövlət tibb müəssisələrinin fəaliyyətinin yeni maliyyələşmə mexanizmlərinə uyğunlaşdırılması, tibbi xidmətlərin təşkili prinsiplərinin yenilənməsi, maliyyə resurslarından istifadənin səmərəliliyinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması kimi mühüm vəzifələr qoyurdu. Uzun müddət formalaşmış ənənəvi idarəetmə mexanizmlərindən yeni sistemə keçid yalnız maliyyələşmə qaydalarının dəyişdirilməsi ilə mümkün deyildi. Xəstəxanaların gündəlik fəaliyyətinin təşkili, idarəetmə qərarlarının operativ qəbulu, resursların bölüşdürülməsi və xidmətlərin keyfiyyətinə nəzarət məsələlərinə yeni yanaşma tələb olunurdu. Məhz belə şəraitdə dövlət tibb müəssisələrinin idarə olunmasına birbaşa diqqət yetirən, təşkilati məsələləri operativ həll edə bilən ayrıca idarəetmə strukturuna ehtiyac duyulurdu.
Bu baxımdan TƏBİB dövlət tibb müəssisələrini sovet dövründən qalan köhnə modeldən çıxarıb icbari tibbi sığortanın yeni maliyyələşmə sisteminə çevik şəkildə uyğunlaşdırmaq, dövlət xəstəxanalarının menecmentini gücləndirmək, xidmət standartlarını sürətlə qaldırmaq və özəl tibb sektoru ilə rəqabətədavamlı etmək üçün yaradılmışdı. Keçid dövrünün yaratdığı böyük idarəetmə yükünü və maliyyə mexanizmlərini operativ tənzimləmək üçün xəstəxanaların birbaşa TƏBİB-ə həvalə edilməsi o dövr üçün ən düzgün taktiki addım idi.
Artıq operativ idarəetmə strukturu kimi yaradılan qurum öz missiyasını uğurla tamamladı. Bu gün isə əsas diqqət yalnız yeni maliyyələşmə mexanizminin tətbiqinə və tibb müəssisələrinin operativ idarə olunmasına deyil, səhiyyə sisteminin, bütövlükdə, necə inkişaf etdirilməsinə yönəlməlidir. Yeni şəraitdə Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli sərəncamı ilə TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi keçid dövrünün başa çatması, daha qlobal, mərkəzləşdirilmiş idarəetmə mərhələsinə inteqrasiya, tibbi sığorta sisteminin təkmilləşdirilməsi və daha çevik vətəndaşyönümlü modelə keçiddir. Məqsəd operativ idarəetmənin əhəmiyyətini səhiyyənin ümumi inkişaf prioritetləri ilə uzlaşdırmaq, strateji planlaşdırma, maliyyə mexanizmləri, tibbi xidmətlərin keyfiyyəti, rəqəmsallaşma və kadr siyasətini vahid sistemin qarşılıqlı əlaqəli elementləri kimi fəaliyyətini təmin etməkdir.
Bundan sonra başlıca vəzifə operativ idarəetmə ilə vahid strateji rəhbərlik arasında tarazlıq yaratmaq, səhiyyə sisteminin bütün istiqamətlərini ümumi məqsədlər ətrafında birləşdirməkdir. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi istiqamətində aparılmış islahatların əsas strateji hədəfləri səhiyyə sisteminin inkişafı üzrə vahid strateji yanaşmanın tətbiqi və idarəetmədə koordinasiyanın gücləndirilməsi, idarəetmədə məsuliyyət və hesabatlılığın artırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, bürokratik prosedurların azaldılması və qərarların qəbulunun sürətləndirilməsidir.
Bütün dövlət tibb müəssisələrində vahid keyfiyyət standartlarının və nəticəyönümlü qiymətləndirmə mexanizmlərinin tətbiqi, əhalinin sağlamlıq göstəricilərinin daha da yaxşılaşdırılması, bu sahədə rəqəmsal inteqrasiyanın gücləndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi, rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi, müxtəlif istiqamətlər üzrə həyata keçirilən islahatların qarşılıqlı və əlaqələndirilmiş şəkildə icrası, tibb kadrlarının hazırlanması və peşəkar inkişafının ölkənin real səhiyyə ehtiyaclarına uyğunlaşdırılması da əsas məqsəddir.
Vətəndaşyönümlü səhiyyə sistemi, ilk növbədə, tibbi xidmətlərə əlçatanlıqda, zəruri müayinələrin vaxtında aparılması, keyfiyyətli müalicə imkanlarında özünü göstərməlidir. Bunun üçün idarəetmənin bütün səviyyələrində vətəndaşın ehtiyacları əsas götürülməli, xidmətlərin keyfiyyəti barədə məlumatlar sistemli şəkildə təhlil edilməli və problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görülməlidir.
TƏBİB-in yaradılması ilə bağlı əvvəlki mərhələnin əsas xüsusiyyəti dövlət tibb müəssisələrinin yeni maliyyələşmə sisteminə uyğunlaşdırılması və operativ idarə olunması idisə, indiki mərhələnin əsas çağırışı həmin təcrübənin vahid strateji idarəetmə çərçivəsində daha səmərəli təşkilidir. Nəticə etibarilə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı institusional dəyişiklik vahid strateji yanaşmanın gücləndirilməsi, idarəetmə proseslərinin optimallaşdırılması və məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaradacaq.
Qarşıya qoyulan hədəflərə nail olmaq isə qərarların icrasının keyfiyyətindən, maliyyə və insan resurslarının səmərəli idarə olunmasından, rəqəmsal inteqrasiyanın inkişafından və tibbi xidmətlərin nəticələrinin ardıcıl qiymətləndirilməsindən asılı olacaq.
Səhiyyə idarəçiliyinin yeni mərhələsində əsas məqsəd daha çevik, koordinasiyalı, maliyyə baxımından dayanıqlı və vətəndaşın ehtiyaclarına yönəlmiş vahid sistemin formalaşdırılmasıdır. Bu məqsədə çatmağın əsas göstəricisi isə struktur dəyişikliklərinin inzibati sənədlərdə deyil, tibbi xidmətlərin keyfiyyətində, əlçatanlığında və insanların sağlamlığının qorunmasında yaratdığı real nəticələr olacaq.
Mehparə ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 20 Oktyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















