Icma.az
close
up
RU
Səma Muğanna: Babam, deyərdi ki, “Yazıçının dəli olması yaxşıdır, o, başqa cür dəlidir SÖHBƏT

Səma Muğanna: Babam, deyərdi ki, “Yazıçının dəli olması yaxşıdır, o, başqa cür dəlidir SÖHBƏT

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İsa Muğannanın nəvəsi olaraq tanınıram və bu mənim üçün həm qürurdur, həm də məsuliyyət


Mənə ilk yol göstərən Qibləgahım (babam) oldu


Sadəcə babamın yaratdığı nurdan ilhamlanaraq qələmimi qorumağa çalışıram


Kitab canlıdır-kitab həm yaşayır, həm də insanı yaşadır


Son illərdə Azərbaycan ədəbiyyatında yeni nəsil yazarların fəallığı hiss olunmaqdadır. Gənc qələm sahibləri fərqli mövzulara, yeni ədəbi üslublara müraciət edir, xüsusilə də şəxsi təcrübəyə, duyğulara və mistik elementlərə əsaslanan əsərlərlə çıxış edirlər. Onlar üçün yazmaq sadəcə sənət deyil, həm də bir ifadə forması, ruhun dili, öz dünyaları ilə oxucu arasında qurulan körpüdür.

Bu müsahibədə də öz yaradıcılıq yolu, ədəbiyyata gəlişi və yazıya yanaşma tərzi ilə seçilən gənc bir yazıçının düşüncələri əksini tapır. O, ədəbiyyatı həm sığınacaq, həm də məsuliyyət kimi qəbul edir. Yazılarında reallıqla yanaşı, insanın görünməyən daxili aləmini, emosional dərinliklərini və zamanla dəyişən ruh halını oxucuya təqdim etməyə çalışır.


Sherg.az-ın bugünkü həm söhbəti xalq yazıçısı İsa Muğannanın nəvəsi, gənc yazıçı Səma Muğannadır:


-Ədəbiyyata marağınız necə yaranıb?

Ədəbiyyata marağımın təməli ən kiçik yaşlarımdan-5-6 yaşlarımdan qoyulub. Biz hər zaman Qibləgahımın (babamın) olduğu o müqəddəs ocaqda ondan öyrənmişik. Nağıllar, hekayələr, onun yazıları, əsərləri bir uşaq olaraq daim diqqətimi çəkib. Amma təkcə yazılar yox, o yazılardakı hadisələr, qəhrəmanlar da məni heyrətləndirirdi. Hətta deyərdim ki, bu maraq daha da əvvəldən, 3-4 yaşlarımdan başlayıb. O vaxtdan evimizdə saysız-hesabsız nağıl kitablarım var idi. Anam, atam, nənəm, babam-hamısı həmin o nağılları müxtəlif obrazlarla ifa edir, səhnələşdirirdilər. Onlardan aktyor kimi canlandırma tələb edirdim. Mən isə bu hadisələri həm izləyir, həm də öz təxəyyülümdə təhlil edirdim. Obrazları tanıdıqca içimdə bir hiss yaranırdı ki, mən də yazmalıyam. Kitaba olan marağım sevgiyə çevrildi. Elə bir sevgi ki, yazıçı qələmsiz, rəssam fırçasız, bəstəkar musiqisiz qala bilməzsə, mən də qələmsiz, kitabsız qala bilmirəm.

Bu sevgini mənə ilk aşılayan Qibləgahım oldu. Anamın mənə danışdığı, bəzən isə özü uydurduğu nağıllar bu marağı daha da böyütdü. Orta məktəbə başladıqda, birinci sinifdə sevimli müəlliməm Təranə Yusubova bu sevgini möhkəmləndirdi. Biz artıq balaca nağıllardan daha böyük və mürəkkəb əsərlərə keçdik.

Məktəb illərində səhnəyə olan marağım da güclü idi. Müxtəlif tədbirlərdə çıxış edir, əsərləri müzakirə edirdik, bəzən dərs belə ikinci planda qalırdı. O qədər içdən gələn bir sevgiydi bu.

Nəhayət, 8 yaşımda ilk yazım-"Babama məktub"  Almaniyada dərc olundu. Həmin vaxt artıq Qibləgahım bu dünyada yox idi. O məktubu əvvəlcə gizlətdim...Kiçik vərəqlərdə, şəxsi gündəliyimdə balaca yazılar yazırdım. Heç vaxt düşünməzdim ki, bir gün onlar çap olunacaq, işıq üzü görəcək.

Zamanla ədəbiyyat mənim üçün bir peşəyə çevrildi. Mən onunla həmkar və həmfikir oldum. 


-Niyə ədəbiyyatı həmkar və həmfikir kimi vurğuladınız?

-Çünki necə deyərlər, kitab canlıdır-kitab həm yaşayır, həm də insanı yaşadır. İnsanlar kitabla nəfəs alır, düşünür, hiss edir. Mən də eləyəm ədəbiyyatla nəfəs alıram, ədəbiyyatla yaşayıram. Ədəbiyyat təkcə sözlər deyil, o, bir sevgidir, yaşamaq eşqidir. Əgər bir insanın daxili dünyasını tanımaq istəyirsinizsə, ona sadəcə bir sual verin: "Ədəbiyyatı sevirsənmi?" Cavab "bəli"dirsə, deməli, o insanın duyğuları da, daxilindəki təlatümlər də, xoşbəxtliyi də gerçəkdir. Çünki ədəbiyyat özü reallığı sevir. O, insanı özü ilə üz-üzə qoyur.

Mənə ilk yol göstərən Qibləgahım (babam) oldu. Amma ən böyük dəstəyim anam və ilk müəllimim Təranə xanım idi. Onlar məndə olan o kiçik qığılcımı alova çevirdilər.

Bugün də düşünə bilmirəm ki, bir gün gələcək və mən ədəbiyyatsız qalacağam. Bu mənim üçün mümkün deyil...


–Yəni, ədəbiyyata bir ailə mirası kimi baxırsınız?

–Bəli. O əlimdən alınsa, qoparılsa, mən ruhən sönərəm. Həyatda bəlkə cismən yaşaya bilərəm, amma ruhən yox. Ədəbiyyatsız bir günümü təsəvvür etmək belə mümkün deyil.


–Heç düşünmüsüz ki, "Səma Muğanna" adı bir gün "İsa Muğanna" adının önünə keçə bilər? 

–Xeyr, belə bir fikri nə vaxtsa düşünməmişəm, düşünə də bilmərəm. Bəzən yazıçılar arasında istedad yarışı olur. Amma o mənim babamdır deyə demirəm-İsa Muğanna xalqın yazıçısıdır, xalqın döyünən ürəyidir.

Səma isə onun yalnız balaca bir nəvəsi olaraq kiçik addımlar atır, onun işığından bir zərrə götürüb yoluna davam edir. İstər yaşca, istər sənətdə nə qədər irəliləsəm də, o, dühadır, o zirvəyə çatmaq mümkün deyil. Onun yerini heç kim-nə başqaları, nə də nəvəsi əvəz edə bilməz.

Mən sadəcə babamın yaratdığı nurdan ilhamlanaraq qələmimi qorumağa və yazı yolumu davam etdirməyə çalışıram.


–Səni ilk olaraq İsa Muğannanın nəvəsi kimi tanıyıblar. Bəs indi elə düşünürsən ki, artıq öz adını tanıtmısan, yoxsa hələ bu yolun əvvəlindəsən?

–"Artıq tanıtmışam" deməzdim. Deyərdim ki, tanıtmaq yolunda ilk addımları atıram. Çünki hələ yaşım azdır. Düzdür, kiməsə görə 19-20 yaş artıq ciddi yaş kimi görünə bilər. Amma mənə elə gəlir ki, bu yaşda olsam da, hələ də içimdə o 5 yaşlı Səmayam.

Hələ də mən İsa Muğannanın nəvəsi olaraq tanınıram və bu mənim üçün həm qürurdur, həm də məsuliyyət. Hələ də düşünürəm ki, Səma Muğanna adına tam sahib deyiləm. Çünki o ad böyük bir yük, böyük bir mənəvi miras daşıyır. Və bəlkə də içimdə bir qorxu var: insanlar məni anlaya bilməzsə? Hiss etdiklərimi duya bilməzlərsə?



-Niyə bu cür düşünürsüz?

-Çünki mənim yazılarımda reallıqla mistik qarışıqdır deyə insanlar bəzən onu başa düşmürlər. Həmyaşıtlarım bu söhbətlərdən qaçırlar və darıxırlar. Mən düşünürəm ki, 20-30 ildən sonra bəlli bir yaşa gələndə bu imza tanına bilər. İndi sadəcə, kiçik adımlar atıram.


–Bu gün azərbaycanlı bir yazıçı olmaq sənin üçün nə deməkdir? Bu sənə hansı hissləri yaşadır?

–Bu mənim üçün çox böyük bir qürur və fəxrdir, eyni zamanda isə çox böyük məsuliyyətdir. Çünki əgər biz bu yolda addımlayırıqsa, yalnız bu günü yox, sabahı da düşünməliyik. Yazmaq həm də düşünməkdir: “Mən necə yazım ki, sözüm oxucuya çatsın, onun ruhuna toxunsun?”

Amma bir şeyi səmimi şəkildə deyim:

Məndə heç vaxt bu fikir olmayıb ki, “oxucunu necə cəlb edim?”

Çünki mən həmişə öz dünyamda yaşamışam-öz düşüncəmdə, öz daxili aləmimdə. Bəlkə kiminsə nəzərində bu bir eqoizm kimi görünə bilər. Amma mən belə düşünmürəm. Məncə, oxucu yazıçını olduğu kimi qəbul etməlidir, olduğu kimi sevməlidir.

Yazıçı necə hiss edirsə, necə düşünürsə, oxucu da onu o cür anlamalı, o cür hiss etməlidir. Mən heç vaxt demərəm ki, “Səma duyğusal yazıçıdır” və ya “Səma öz obrazlarına qarşı qəddardır”. Kiminsə gözündə mən çox sakit və müdafiəsiz görünə bilərəm, başqasına görə isə tam əksi. Bunun qərarını mən yox, oxucu verməlidir.

Və niyə deyirəm ki, bu yol çətindir? Çünki indiki zamanda, xüsusən də gənc yazıçılar üçün irəliləmək, öz sözünü demək asan deyil. Qarşımıza çıxan maneələr çoxdur, amma yenə də inanmaq lazımdır. Ümid işığını görmək, ona doğru addımlamaq lazımdır. Düzünü deyim, mən hələ o işığa çatmamışam. Mən sadəcə öz sevdiyim dünyada, öz işığıma doğru addımlayıram.


-Ən böyük arzun nədir?

-Xalqımın sevgisini qazanmaq. Məni bir azərbaycanlı yazıçı olaraq, bir vətən qızı olaraq qəbul etmələrini istəyirəm. Çünki bir yazıçı üçün ən böyük hədiyyə oxucularının sevgisi və dəstəyidir. Onların sevgisi olmasa, qələm də susar.



–Bəzən cəmiyyətdə belə bir fikir formalaşır ki, kişi yazıçılar qadın yazıçılardan daha yaxşı yazır. Bu barədə necə düşünürsüz?

–Bəli, bu fərqi biz təkcə ədəbiyyatda deyil, həyatın bir çox sahələrində görürük. Amma məncə, bu fərq tarazlıqla qarşılanmalıdır. Heç kim-nə qadın, nə kişi –digəri ilə müqayisədə nə daha üstün, nə də daha aşağıda durmalıdır. Çünki qadın və kişi yazıçılar fərqli düşüncə tərzinə malikdirlər və bu, onların yazılarına da sirayət edir.

Qadın yazıçıların baxış bucağı daha çox daxilə yönəlik, daha emosional və hissiyatlıdır. Kişi yazıçılar isə bəzən xarici görkəmə, hadisənin dinamikasına və daha sərt yanaşmalara üstünlük verirlər.

Məsələn, bir qadın yazıçı bir gənc oğlan obrazını yaratdıqda, onun xarakterinə, ruhuna, daxili gücünə fokuslanır. Məsələn, Koroğlu və ya Babək kimi qəhrəmanlar qadınların qələmində daha dərin duyğularla təqdim olunur. Amma kişi yazıçılar bəzən həmin obrazlara görünüş cəhətdən yanaşır və ya özlərini onlarla müqayisə edirlər.

Sanki bir kişi yazıçı qəhrəman yaradanda düşünür: "Əgər bu obraz real olsaydı, mənim yerimə keçə bilərdimi?" Bu sual onların yazılarına da yansıyır. Qadın yazıçılar isə, ən azından mən özüm üçün deyə bilərəm ki, bu cür düşünmürəm. Mən heç vaxt bir obrazı yazarkən onun məndən üstün olub-olmadığını fikirləşmirəm. Mən sadəcə onun iç dünyasına enirəm.

Qadın yazıçılar daha çox dramatik və faciəvi janrlara yönəlirlər. Kişi yazıçılarda isə bəzən dedektiv, realist və ya fəlsəfi yönlər üstünlük təşkil edir. Təbii ki, bu, ümumiləşdirmədir və istisnalar da var.

Amma əsas odur ki, bu fərqlilikləri düzgün dəyərləndirmək lazımdır. Hər iki cinsin yazıçıları özünəməxsus dəyərlər gətirir və ədəbiyyat məhz bu müxtəlifliklə zənginləşir. Vacib olan, bu fərqləri üstünlük və ya çatışmazlıq kimi deyil, tamamlayıcı xüsusiyyətlər kimi görməkdir.


–Digər dənc yazarlara hansı tövsiyələri verərdiz?

–Ən birinci tövsiyəm bu olar: çoxlu kitab oxusunlar. Çünki bu gün gənclər arasında ən böyük problemlərdən biri mütaliə vərdişinin olmamasıdır. Kitaba maraq azalıb, halbuki yazmaq üçün ilk şərt- oxumaqdır. Düşüncəni genişləndirən də, üslubu formalaşdıran da, yazıçını yetişdirən də məhz oxuduğu kitablardır.

İkinci və çox vacib bir şey: qələmlərindən qorxmasınlar. Heç vaxt özlərinə sual verməsinlər ki, “bunu yazsam, görəsən insanlar nə düşünər?”-bu düşüncə yazını susdurar. Onlar bilməlidirlər ki, qələm azaddır. Qələm düşüncənin, hissin, ruhun dilidir və onu boğmaq olmaz.

Yazmaq istədiklərini çəkincəsiz, cəsarətlə, öz istədikləri tərzdə qələmə alsınlar. Və əgər bu yola bir dəfə çıxıblarsa, heç vaxt yarı yolda dayanmasınlar.

Ən çətin məqamda belə davam etməyi bacarsınlar. Çünki yazmaq bir ömürlük yoldur-səbir, zəhmət və inam tələb edən bir yol.


–Yaxınlarda yeni kitabınızın təqdimatı oldu. Kitab nə haqqındadır və oxucuya nə vəd edir?

–Bu kitab-"Həyatımdan parçalar" sənətli romandır. Əsas obraz da elə özüməm-Səma. Kitabda Səmanın məktəb illərindən tutmuş universitet dövrünə qədər keçdiyi həyat yolu, ailəsində və məktəbdə yaşadığı hadisələr, eləcə də daxili düşüncələri yer alıb.

Bu əsər, bir növ avtobioqrafik ruhlu bədii romandır, amma onu quru faktlarla deyil, sənətkarlıqla, bədii dillə yazmağa çalışmışam. Eyni zamanda, əsərdə oxucu bəzi yerlərdə mistik ünsürlərlə də qarşılaşacaq. Yəni roman sənətli olsa da, mistika da öz izini buraxır.

Maraqlı tərəfi isə budur ki, romandakı Səma-real həyatda tanınan Səmadan xeyli fərqlidir. Özüm olsam da, o obrazı daha fərqli bir rakursdan, bəzən hətta özümə zidd şəkildə yaratmışam. Məni tanıyanlar əsərdəki Səmanı oxuyanda onun müəyyən mənada mənim əksim olduğunu hiss edəcəklər.


–Yazılarınızda mistikanın üstünlük təşkil etdiyini deyirsiz. Niyə məhz mistika?

–Mən həmişə bu dünyaya bağlılığımı bəzən itirmiş kimi oluram, sanki içimdə inamım “ölür”. Nədən ölür? Kitabımda da əks olunmuş məktəb illərimdə yaşadığım ədalətsizliklərdən, özümü o mühitdə tapa bilməməyimdən. Oxucularım da biləcəklər ki, həyatımın bu dövründə məni çox sarsıdan hadisələr olub.

Bəlkə də mistika mənim üçün bir növ qoruyucu qaladır. O dünyaya daxil olaraq, orada yaratdığım öz mənəvi aləmimdə insanlarla söhbət edirəm, onları anlayıram, onlar da məni anlayır. Bu, bəzən reallığın soyuqluğundan və acımasızlığından uzaqlaşmağın, ruhi bir təskinlik tapmağın yolu olur.

Bəzən özümə belə gəlir ki, bəlkə də bu dünyada yaşamaq mənim üçün çətindir, və oxucular məni buna görə “dəli” adlandıra bilərlər. Amma babam, qibləgahım, həmişə deyərdi ki, “Yazıçının dəli olması yaxşıdır, o, başqa cür dəlidir". Bəlkə də bu, məhz o başqa cür dəlilikdir.

Real həyat çox acımasızdır və mənim ruhum bu sərtliyə dözməkdə çətinlik çəkir. Ona görə də mən mistikaya üz tuturam, ona yaxınlaşıram. Ola bilsin, gələcəkdə mistikadan uzaqlaşaram, amma nə qədər uzaqlaşsam da, o həmişə yazılarımın içinə sızacaq, əsərlərimin ruhunda yaşayacaq.


–Qarşıda hansı layihələrin var? Yeni kitabının üzərində işləyirsən?

–İki il öncə “Qeyib olan uşaqlıq” kitabımı təqdim edəndə oxucularım məndən növbəti kitabın nə vaxt çıxacağını soruşdular. Mən isə cavab vermişdim ki, beş il sonra. Maraqlıdır ki, beş il yox, bir ildən sonra yeni kitabımı “Həyatımdan parçalar”ı təqdim etdim. Əslində istəyirəm ki, oxucularım bir az həsrətdə qalsınlar. Lakin hazırda yeni bir hekayə üzərində işləyirəm. Adı “Mavi yarpaq”dır. Bu əsər mistik yox, tamamilə real hadisələrə əsaslanır. Cəmiyyətdə müşahidə etdiyim, qarşıladığım faktlar və həyatın özündən götürdüyüm səhnələrdən bəhrələnərək onu qələmə alıram.

Yaxın vaxtlarda “Mavi yarpaq” oxucularla görüşəcək.


–“Qeyib olan uşaqlıq” əsərində də baş rolda siz idiz?

–Əsərin baş rolunda mən və anam-Sevinc Muğanna varıq. Orada iki əsas obraz-Çiçək və Günəş mövcuddur. Əslində, Çiçək obrazı anamın gənclik illərini, onun ruhunu və həyat mübarizəsini simvolizə edir. Günəş isə onun uşaqlığını, həmçinin mənim uşaqlığımı-yaşamadığım, itirdiyim uşaqlığımdır.

Anamla mən əsərdə ana-qız deyil, bacı kimi təsvir olunuruq. Bunun səbəbi isə odur ki, əgər ana-qız münasibətini birbaşa qələmə alsaydım, oxucular dərhal anlayacaqdılar ki, bu mən və anamıq. Amma bacı obrazı ilə oxucunu müəyyən qədər çaşdırmaq, hadisələrin yavaş-yavaş ortaya çıxmasını təmin etmək istəyirdim. Mən oxucunun dolayı yolla hadisələrə varmasını, bunu kəşf etməsini sevirəm.

Əsərdə Çiçək və Günəş bir-birini tanımır, bacı olduqlarını bilmirlər. İllər sonra qarşılaşırlar və həmin andan hadisələr başlanır. Günəş, balaca Səmanın itirilmiş uşaqlığını, arzuladığı amma yaşaya bilmədiyi uşaqlığı təcəssüm etdirir. Çiçək isə gənc, təravətli, amma ruhu solmuş və həyatın ağır sınaqları ilə üzləşmiş gənc qadını təmsil edir.

Onların bir-birini tapması, sevgi bağlarının yenidən qurulması həm gəncliklərini, həm də uşaqlıqlarını yenidən kəşf etmələri mənasını daşıyır.


– Ən yaxşı əsərinizi yazmısız?

–Bunu demək mənim üçün bir az çətindir, dəqiq bilmirəm. Amma ən çox sevdiyim əsərim "Göyərçinin qəribə sevgi hekayəsi"dir. Orada göyərçini gənc qız kimi təsvir etməmişdim, həmin obraz tamamilə mənim təxəyyülümün məhsuludur. Lakin ona qarşı böyük bağlılıq hiss edirəm. O, mənim üçün çox doğma və əzizdir, ən sevdiklərimdən biridir.

Maraqlısı odur ki, bu hekayəni 14 yaşımda yazmışam. Sənətli romanım-"Həyatımdan parçalar"ın da adını çəkə bilərdim, amma etmədim. Çünki "Göyərçinin qəribə sevgi hekayəsi" mənim üçün daha çox saf, incə duyğuları ifadə edir. O, 14 yaşındakı Səmanın saf, təmiz və gözəl hisslərinin təcəssümüdür.


-Buradan oxucularınıza nə demək istəyərdiz?

-Səmanı olduğu kimi qəbul edin və sevin. Onun əsərlərini oxuyarkən sanki özünüzü həmin hekayələrdə tapın. Araşdırın, bilin kimdir Səma və siz onu necə görürsünüz. Hər şeydən öncə isə, özünüzü sevin, özünüzə dəyər verin. Ümid işığınızın heç vaxt sönməsinə imkan verməyin. Həyatda addımlayın, mübarizə aparın.

Niyə özünüzü sevin deyirəm? Çünki mən vaxtilə özümə layiq olduğum qədər dəyər verməmişdim. İndi isə, aylar sonra 20 yaşım tamam olur və mən artıq özümü sevirəm, özümə layiq olduğumu bilirəm.

Özünüzə dəyər verin ki, sizi sevənlər də sizə dəyər versin və sizi qoruya bilsinlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see295

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see176

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see162

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see159

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see156

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see149

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see149

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see149

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see137

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see136

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see136

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see131

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see130

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see129

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see126

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see126

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see124

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see121

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see121

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri