Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Unutmağın resepti

Hərdən onun toxunduğu yerlər

qopar bədənindən

hissə-hissə yoxa çıxarsan hərdən

Hərdən “qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...

Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı

Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...

Bunu da öyrənmişdin uşaqlıq paltarından

Gör ayrılığın üstündən neçə payız keçib e,

onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...

Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də

barmaqların əllərindən sırsıra tək sallanar.

Boş küçədə öskürər xatirələr astaca

Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində

Hərdən büdrəyərsən... yıxılarsan

xatirələrin yanından keçəndə...

Bənazir Bhutto ölməmişdi

“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda

Gecə məni “Bayu-bayu” ilə yatırıb

səhər anamın yoxluğu ilə oyatdılar

Anasının narıncı koftasını iyləyib yatan bu uşağı birdən “narıncı inqilablar”ın qucağına atdılar

Sonra həyat məhkəmə çəkici ilə döydü

sinəmi

Ürəyimi açıb içimdən çıxıb getdi uşaqlığım

Son dəfə dolmuş gözlərlə

boş ömrümə baxıb getdi uşaqlığım

Qapının ağzında ayaqqabının biri azaldı

Atam “əcəb evimiz genişləndi e” deyib təsəlli doldurdu cibimizə

Anam evdən getdiyi gün bizi atıb çölə çıxdı ev,

həsrət qaldıq evimizə

Hələ bu zəhrimar ayrılıq qapımıza gəlməmişdi

Hələ Bənazir Bhutto ölməmişdi - Şərq anasız qalmamışdı

mən anasız qalanda

Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik

Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?

“Ananı çox sevirsən, ya atanı?” sualını verənlər

“Ananla qalırsan, ya atanla?” sualı ilə üstümə gəldilər

Qışqırıb “Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu” dedim

Bacım ağlamağımı eşitməsin deyə,

gecələr anamın paltarını dişləyib hönkürdüm,

hər gecə onun narıncı koftasını güvə kimi dişimə sıxıb yedim

Yamaqlı şalvarımı tikdikcə qırış düşdü anamın əllərinə:

söküldü əlinin dərisi

Ayaqlarının şişmiş yaşıl damarında öldü bütün flora

Qapımızın ağzında canını tapşırdı fauna

Atam siqaretin tüstüsüylə öyrətdi bizə gələcəyin dumanlı olacağını

Sən gedəndən sonra qapımızı açan olmadı deyə

o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi

Ana, mən Səddamın edamını gördüm

Bircə qardaşımın nə vaxt böyüyüb bu yaşa çatdığını görmədim.

Ailəmiz dağılanda öyrəndim ki,

burnunda ana qoxusu,

gözlərində ana yuxusu gəzdirən qızlar

mətbəxi əzbər bilirlər

Öyrəndim ki, anasının ömründə yıxılan kişilər

sevgini əzbər ölürlər.

Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda

Beləcə, bacım “üçbucaq teoremi”ni ütüdən

“Çevrənin raduisu”nu qazandan

Nidanı atamın çəliyindən

Nöqtəni də anamın yoxluğundan öyrəndi.

Qadın uzaqlığı

Gedişindən bir gün ötdü

İndi saat on altıdır.

Belə göz yaşından sonra

Daha ömür sualtıdır.

Mənə bir pislik elə

Səni asan unutmaqçün.

Bircə əlcəyini saxla

Göz yaşımı qurutmaqçün.

Qucağım boşdur...qırıram

Köynəyimin hər düyməsin

Çobanyastığı falıtək:

“Gəlsin, yoxsa gəlməsin?”

Ən təmiz sığalımı da

Aparmısan öz üzündə.

Astara çevrilib evim

Qalmışam çölün düzündə.

Gəl bu axşam geri qayıt

Qucağından otaq düzəlt.

Uzaqlardadır xoşbəxtlik

Saçlarından uzaq düzəlt.

Sevincimi sənə verim

Qoy üzün gülsün həmişə.

Mən yaşamağa yox...səni

Xoşbəxt etməyə gəlmişəm.

Gəl həyat yenə başlasın

Dünya da sənə oxşasın

...və sən olsun dörd bir yanım

Hər gün, hər axşam səslənim:

“Ay balaca xanımım...”

Qadın təkliyi

O vaxt yelləndiyin ağac budağı

Məktub səhifəsitək qayıdar sənə.

Sonra xatırlanar gülüş yerləri...

Durub axtararsan öpüş yerlərin

Sızıldar əlində bir dodaq səsi

Pozar sükutunu bir uzaq səsi

...və səni üşüdər, elə üşüdər

Qəfil xatırlanan bir qucaq səsi.

Saçının rəngini dəyişərsən tez

Güzgüdə daraqla döyüşərsən tez

Üzün də dəyişər, amma gözündə:

Durub sənə baxar nəhəng onsuzluq

...və mənfi sonsuzluq, mənfi sonsuzluq

Kişi köynəyinə baxıb çaşarsan

Qəfil bir hönkürtü haqlayar səni.

Mən alan eynəyə ilişər telin

Saçın xatirəyə bağlayar səni.

Birgə ağrıyarıq... bax elə mən də:

Vağzalda çəkdiyin qatar rəsmini

Pencəyin cibinə büküb qoymuşam

Bax elə o gündən, ağrılı gündən

Ürəyimdən qatar keçir hər axşam.

Daha barmaqlarım əlimə gəlmir...

Bu yarım gülüşdən, yarım sevincdən

Mənə də, sənə də ömür düzəlmir.

Yaxşı iş tapırsan... geyim seçirsən

Alınmır, yenə də ömür düzəlmir.

Tutduğun əlimi aparmısan da

Bir qolum yanımda odun təkliyi.

Sənin də ömrünün bircə adı var:

“Boşluqlar içində qadın təkliyi”.

Tanışlıq tarixi

Yastığımda başının yeri qalıb

İndi ömrü yaşamaq o boşluğa yıxılmaqdı hər axşam

Belə soyuq tənhalıqla yatmaq da

çarpayıya uzanmaq yox, dağılmaqdı hər axşam

Mən hər gecə üstünü örtməyimi

saçını qurulamağımı görürəm yuxuda

Sənsə o qədər yoxsan ki:

quruyub mətbəxə dağıtdığın su da.

Bircə əl-üz dəsmalımda dodaq izin qalmışdı

Asmışdım gülüşünün şəkli kimi divardan.

Daha o da silinib... deyən daha gülmürsən

Sığınırsan yorğun axşam bircə qucaq sözünə.

Tanışlıq tarixi, görüş saatı

telefon nömrəsi, köynək ölçüsü

- hamısı unudulur, hamısı itir

Rəqəmlərlə yaşayıb böyüyən sevgilər

sonda bir sözlə bitir.

Unudulur hər şey, cizgilərin də

Şərab içməyin, yemək yeməyin də

Bir söz deyim: əgər qalsaydın,

mən səni tanıyardım getməməyindən.

Moskva göz yaşlarına inanmır

Zen, bişirdiyin keksə daraşmış qarışqalar da öldü

Daha səndən heç nə qalmadı bu şikəst evdə

Daha mən öyrəndim ki, tarix üşüməyi qucaqlaşmaqçün

Sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb

Uşaqlıqdan, gənclikdən, qocalıqdan başqa

bir də onsuzluq dövrü olur insan ömrünün

Yalandı, Zen... Yalandı

insanı qocalıq yox, onsuzluq dövrü öldürür

Qucaqladığım qadınları birləşdirib

özümə bir ana düzəldə bilmədim...

Bəzən bu nəhəng ömür bircə sözdən ibarət olur: “Gəlmədi...”

Zen, qadını ən çox atası unudur

Ən çox xatirələr xəstələndirir adamı

İştahın olmur yemək yeməyə,

yaşamağa,

...gəlməyə

Nədənsə metro çıxışlarından heç vaxt “O”na tərəf çıxmadıq

Heç vaxt tapa bilmədik unutmağın reseptini

Əlimizdə onu axtarmaq öldü

Ayağımızda çıxıb gəlmək...

Sənə gülmək gətirəcəm, qızım, doyunca gülmək...

Daha buruq saçlar unutmasın

Sən də unutma, Zen, sən də unutma:

Ayrılıq haqqında deyilmiş ən gözəl söz - ayrılmamaqdı.

Aqşin Evrən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see290

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see227

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see224

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see191

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see176

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see170

Evlilikdə ilk gecə qorxusunu necə aradan qaldırmaq olar?

14 May 2026 22:42see161

Yaponiya Mərkəzi Bankında faiz dərəcələrinin artırılması siqnalları güclənir

14 May 2026 21:52see158

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see158

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” VİDEO

15 May 2026 00:29see154

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see154

BVF xəbərdarlıq edir: Qlobal iqtisadiyyat mənfi senariyə doğru gedir

14 May 2026 21:30see151

UEFA “Atletiko Madrid”i 15 min avro cərimələyib

15 May 2026 01:12see151

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see150

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see150

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see148

Kola qapağındakı kiçik dəliyin sirri açıldı

15 May 2026 00:38see147

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see145

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

15 May 2026 08:14see143

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri