Şərafət Şəfa yazır: “Ozan Maqsud Kocanın fəryadı milli irsimiz”
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Türk xalqının zəngin mədəniyyətinin sübutu olan ozan-aşıq sənətinin tarixi qədimdir. Dədələrimizin bizə mirası olan bu irsi yaşatmaq, gələcək nəsillərə ötürmək biz ozanların boynuna düşən vəzifə yüküdür. Bu sənətə olan istəyin zəifləməsi mənim ağrılı yerimdir”
Aşıq Maqsud Koca
Qədim dövrlərdən süzülüb gələn ozan səsi bütün türk soylarının folklor nümunəsi olaraq, bu günə qədər də qorunur, nəsildən nəsilə ötürülür. Türkün milli irsi olan, aşıq sənəti, folklor nümunələri milli kimliyimizin əsası olaraq, qədim epik dastanlarını, xalqın azadlığını, qəhrəmanlığını, dostluğunu, məhəbbətini, ilahi eşqi qədim dövrlərdən “ozan”, “varsaq”, “dədə”, “açıq” adları ilə yaşatmaqdadırlar.

Saz səsini eşidən hər bir türkün qanı cövlan edir, ruhu pərvazlanır. Elə bir türk eli, türk obası yoxdur ki, orda saz səsi eşidilməsin. Dədə Qorqudun köksünə sığınan sazımızın sevdalılarından, daşıyıcılarından biri olan Molla Cümə deyir ki;
Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Küllü aşıqların anasıyam mən.
Sözün qüdrətini, milliliyini ehtiva etməyə çalışan aşığın yaradıcılığının möhürüdü ilk misra. Türkün qədimliyini, incəsənətin, mədəniyyətin beşiyi olan türk ellərini andırır.
Bu gün daha bir qoruyucu ocaqdayam. Türkiyədən duyulan bir fəryadın izindəyəm. Onu uzun illərdir ki, tanımağıma baxmayaraq, eyni tədbirlərdə olmağımıza rəgmən müsahib olmaq imkanım olmamışdı. Mətbuatdan və sosial şəbəkələrdən davamlı izləyicisinə çevrilmişdim. Adamın narahatlığı, milli irsə, kökünə olan bağlılığı, ozan sənətinin yaşaması, gələcək nəsillərə ötürmək üçün etdiyi mücadilə diqqətimdən yayınmamışdı. Bu da ona və sənətinə olan sayğı, sevgi və ehtiramı daha da artırdı.
İstanbulda Aşıqlar Odasında, ozan məclisində qonaq olduq. Kiçik oda böyük ürəyini, qapılarını açmışdı ozansevərlərin üzünə. Həm türk, həm Azərbaycan aşıqlarının, şairlərinin seirləri səsləndirilən, qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu və məhəbbəti vəsf edən mahnıların klassik ruhununun zənginlyində divarlardakı şəkillər və qədim əşyalar da diqqətimdən yayınmadı. Bu odada böyük bir sevginin, məsuliyyətin, vətənsevərliyin, soy-kökə bağlılığın nişanəsi vardı. Bütün estetik idealını ozançılığın geniş bədii gerçəkliyində əks etdirməyə çalışmışdı. Həm məclisdən, həm odadan, həm efirdəki, mətbuatdakı çıxışlardan hiss olunan narahatçılığın fəryad dolu iniltisi dolurdu qulaqlara. Bu səs keçmişdən gələcəy səslənən Fəryadinin səsiydi.

Nağıl dili yüyrək olar-deyir ozanlarımız. Maqsud Koca Fəryadi 1961-ci ildə Azərbaycan əsilli ailədə dünyaya göz açıb. Türkiyənin cənnət guşələrindən biri olan Qarsın Arpaçay kəndində aşıq İsgəndərin ocağında saz səsində böyüyən Maksud genetik olaraq sazı sevməyə başlayır. Atasından əlavə ustad aşıq Sosgertli Hicranidən də dərs almağa başlayır. Babası Rahim Koca, atası İsgəndər Koca, əqrəbaları aşıq Mehmet Hicrani, aşıq Ali Rıza Ezgi ozan sənətinin tanınmış isimlərindəndirlər. Qarsın çətin coğrafi mövqeyi, iqlim şəraiti hamı kimi Maqsudun da həyat və yaradıcılığına təsirsiz ötüşmür. Kənddə məktəb olmadığı üçün təhsili yarımçıq qalan Maqsud el şənliklərinə qatılmağa başlayır. Atasından dastançılığı öyrənən aşıq, ozan sənətinin dərinliklərinə yiyələnməyə başlayır. Onun folklora olan dərin sevgisi 1977-ci ildə onu İstanbula, ustad aşıq Mehmet Hicraninin yanına götürür.
Aşıq havaları ilə püxtələşən Maqsud təkcə türkiyəli ozanların deyil, Azərbaycan ozanlarının da mahnılarını səsləndirir, şairlərini təbliğ edir. Sonradan isə öz şeir və bəstələrilə çıxış etməyə başlayır. Ustadı Maqsudun fədakarlığını, ozan sənətinə olan sevgisini və onun yaşanması üçün verdiyi çabanı, səssiz fəryadını, narahatçılığını təqdir edərək ona Fəryadi ləqəbini verir. Məclisə aşıq gəldi, elə yaraşıq gəldi deyiminin gözəlliyində ömrünü bir az da gözəlləşdirən Fəryadi 1977-ci ildə ilk albomunu buraxır. Aşıq qocalar gəzər, eldə ucalar gəzər. Ucala-ucala gəzən aşıgın ugurları artmağa başlayır. Onun sadəliyi, təvazökarlığı, sənətsevərliyi qəlbləri fəth edir. Yaradıcılığını daha da genişləndirən Fəryadı 1986-ci ilə qədər 8 albom buraxır. Lakin bu da aşığı qane eləmir. Içindəki narahatlıq, səssiz fəryad onu rahat buraxmır. O, hiss edir ki, vicdan yükü məsuliyyət yüküylə üst-üstə düşür, onu bir türk olaraq milli irsi qorumağa, nəsildən nəsilə ötürməyə vəzifə borcuyla yükləyir. O, ona ilahidən vergi olaraq verilmiş, Dədə Qorqudun əmanətini ürəyindən, ruhundan süzülüb barmaqlarına dolan, odun parçasından düzəldilmiş sazın tellərində nəğməyə çevrilən bu müqəddəsliyi yaşatmalıdır.

Məşhur aktyor Brendan Fletçer deyir ki, hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş, o saatı qaçırmamaqdadır…Fəryadi də artıq o saatın gəldiyini hiss edir. Qəlbinin hökmünə baş əyərək doğulduğu yurda yol alır. 1986-cı ildə Qarsda Aşıqlar qəhvəxanası açır və orda məclis yaradır. 1988-ci ildə ailəsi ilə İstanbula yerləşir və yaradıcılığını genişləndirməyə çalışır. Televiziya verlişlərinə, konsertlərə, onlayn konfranslara qatılan ozanımız daha bir uğur əldə edir. Türkiyə Cümhuriyyətinin 70 ilinə həsr etdiyi “Mustafa Kemal” adlı şeiri Mədəniyyət Nazirliyinin keçirdiyi şeir yarışmasında ikinci olur. Artıq daha da məşhurlaşan şairin şeirləri dərslik kitablarına salınmağa başlayır.
Ozan sənətini daha geniş çərçivədə sərgiləmək üçün öz hesabına Avropa ölkələrinə gedərək, orda yaşayan türk xalqlarına konsertlər verir, tədbirlər keçirir, milli irsi təbliğ edir. İnsan üçün ən böyük vicdan Vətənə layiqli övlad olmaqdır. Ləyaqətli insan özünü deyil, vətənini və millətinin gələcəyini də düşünür. Artıq yetirmələri ilə tanınan aşığın daha bir istəyi çox böyük çətinliklə də olsa həyata keçir. O, 1996-ci ildə İstanbulda Aşıqlar Odası Kültür Evini qura bilir. 32 aşığın qatıldığı bu möhtəşəm layihə artıq hər yerə səs salmağa başlayır. Folklora, ozan sənətinə marağı olan gənclər bu ocağa üz tuturlar. Fəryadi ləqəbinin ruhuna verdiyi böyük təpkiylə o, 2017-ci ildə böyük İstanbulun Halkalı adlanan ərazisində daha bir Aşıqlar Evi qurur. Azərbaycan aşıqları ilə də əlaqələrini dərinləşdirən Fəryadi 2001-ci ildə aşıq Zülfiyyə ilə “O sahildən bu sahilə” adlı bir albom çıxardır. Artıq efirlərdə yer verilən aşıq 2002-ci ildə özəl kanallarda dastanlar söyləməyə başlayır. “Ozan telindən” adlı verilişlə çıxış edir. Türk dünyasından gələn ozanları efirə dəvət edərək, gənclərə daha geniş meydan verir.
Ozan sənətinin təbliği və gənc ozanların yetişdirilməsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Yaşayan İnsan Hazinesi” adlı mükafata layıq görülür. Bundan sonra isə müxtəlif mükafatlara layiq görülən ozan öz yetirmələrinə ozan sənətinin incəliklərini öyrədərək, yaratdığı Xalq Ozanları Kültür Evini onlara miras buraxmaq istədiyini deyir.
Sazın-sözün sehrində məclis aparan, aşıqlara meydan verən Fəryadinin sənətə olan sevgisi, bağı eşq fəlsəfəsi aşılayan lirikanın təsirindən doğurdu. “Mənim nələr çəkdiyimi kim bilir”, “Yüregin yansın”, “Kime güveneceksin” kimi şeirlərilə möhürünü vuran ozan hazırda Türkiyənin “Ulusal” kanalında proqram aparıcılığı edir. Eyni zamanda aşıqlıq sənətinin içində azərbaycanlı ozanlarını və şairlərini də təbliğ edərək, yaşadır. Kökü Azərbaycana bağlı olan bu təmkinli, təvazökar insan Akademik F.Qasımzadənin təbirincə desək, əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayinlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır.
Adi insanlar vaxtlarını neçə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı.
Böyük tarixçi alim Riçard Nelson deyir ki, ötən günün qəm-kədərinə yaşadığınız bugünkü günü korlamağa izn verməyin. Təfəkkürü zəngin olan insanlar daima önə baxarlar. Üfüqləri fəth etməyə yaddaşlarda qalmağa, eli, obası üçün yararlı olmağa çalışırlar. Türkiyədən kiçik bir odadan ucalıb, Azərbaycana və bütün türk ellərinə yayılan Fəryadinin səsinə hər gün demək olar ki qonaqlar gəlir. Onun yaratdığı kiçik oda hər şənbə günü müxtəlif qonaqlarla zənginləşir, gözəlləşir. Həm dünyasını dəyişən, həm uzaqda, yaxında olan ustad aşıqlarının ruhları şad, qəlbləri sevinclə dolur bu odadan. Bu oda tarixin səsi, milliliyin göstərgəsi, ozan ruhlarının yaşadığı, yaşadıldığı məkan olaraq sevilir.
Hansı sənətin sahibi olursan ol, yaratmaq istədiyini sevərək yaradarsan laləzar olur. Laləzar isə hər zaman bülbüllərin yuvasına çevrilir, cəh-cəhləri könül oxşayır. Bizim Aşıqlar Evi kimi.
Artıq biz də bu evin, bu ocağın, bu ailənin bir üzvünə çevrilərək, ozanlara dəstək olmağa çalışacağıq. Onların sazına qələmimizlə rəng verərək rəngarənglik yaradacağıq. Bu sənətin təbliği milli varlığmızın sağlam yaşamıdır.
Əziz ozan fədaisi Maqsud Koca və onun davamçıları, bu odaya üz tutan bütün ozanlarımız, hər birinizə uğurlar diləyirik… Çıxdığınız bu müqəddəs və məsuliyyətli yol dədələrimizin yolu, dilləndirdiyiniz saz səsi keçmişimizin gələcəyə səslənən səsidir. Yazan əlləriniz, deyən diliniz, telə toxunan barmaqlarınız var olsun!
Bütün türk ellərimizdən ozan səsi, saz səsi əskik olmasın!
Sevgi və ehtiramla,
Şərafət Şəfa










