Icma.az
close
up
RU
“Sevgi himninin müəllifi”

“Sevgi himninin müəllifi”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ənvər Əlibəyli – 110

Gözəl bir yaz günü anadan olan şair-tərcüməçi Ənvər Əlibəyli bahar çayları kimi coşqun yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatında layiqli yer tutub. Ulu öndər Heydər Əliyev onun haqqında deyib: “Mən Ənvər Əlibəylini çox böyük hörmətlə xatırlayıram. O, həm yaxşı jurnalist, həm yaxşı şair idi. Həm də televiziyaya yaxşı rəhbərlik edirdi”.

Ənvər Əlibəyli əvvəl tibb texnikumunda, ardınca Xarici Dillər İnstitutunun fəhlə fakültəsində, daha sonra APİ-nin ədəbiyyat fakültəsində təhsil alıb. Hər üç sahə onun yaradıcılığında rol oynayıb və necə deyərlər, üçü birində cəmləşib: tibb elmində musiqi ilə müalicənin mümkün olduğunu öyrənib, musiqi dilini yaxşı bilib və ədəbiyyat nəzəriyyəsini dərindən mənimsəyib deyə, bütün əsərləri yüksək səviyyəli olub.

Ənvər Əlibəyli İkinci Dünya müharibəsindən əvvəl Azərbaycan radiosunda çalışıb. Müharibəyə 416-cı Taqanroq Azərbaycan Diviziyasının tərkibində topçu zabit kimi qatılıb. “Dnepr” adlı şeirində yazıb:

Qızdı ara, qopdu tufan,
Yağı - damla, biz - bir dəniz.
Sənin üçün candan keçdik,
Həyat şirin, sənsə əziz.
Vurduq, düşmən döndü külə,
Açdıq sübhü gülə-gülə.

Yeri gəlmişkən, Xalq şairi Bəxtiyar Vahabzadə məşhur “Dörd yüz on altı” poemasının bir fəslini ona həsr edib, bir əlində qələm, digərində silah olan döyüşçünü vəsf edib.

Yumşaq təbiətli bu həlim insan, –
Deyərdin, quşa da daş ata bilməz.
Ancaq... top ardına keçdiyi zaman
O yalnız əsgərdir, ölər, yenilməz!
Döyüşdə əsgərdi - adicə əsgər;
Döyüş qurtardımı? - şairdir Ənvər.

Döyüş orden və medallarına layiq görülən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanandan sonra Bakıya qayıdaraq bir müddət hərbi jurnalist kimi “Vətən uğrunda” jurnalında fəaliyyət göstərib. Sonra “İnqilab və mədəniyyət”, “Təbliğatçı” jurnallarının məsul katibi, “Ədəbiyyat” qəzetinin redaktoru kimi məhsuldar çalışıb. Onun ömrünün böyük bir qismi dövlət tele-radiosunda məsul vəzifələrlə bağlı olub. SSRİ Ali Sovetinə deputat seçilib.

Ənvər Əlibəylinin yaradıcılığında saf sevgi motivləri güclü olub. Şeirlərinə Qara Qarayev, Rauf Hacıyev, Cahangir Cahangirov, İbrahim Topçubaşov, Səid Rüstəmov, Rauf Hacıyev, Tofiq Quliyev, Hökümə Nəcəfova, Ramiz Mirişli və başqaları gözəl mahnılar bəstələyiblər. “Azərbaycan”, “Bu gün elə xoşbəxtəm ki”, “Bakı, əziz şəhər”, “Sevgilim”, “Gəlmədin”, “İlk məhəbbətim”, “Gəl-gəl”, “Xəzərim”, “Qəşəng qızlar”, “Narınc”, “Hamıdan göyçək”, “Söz olmasaydı” kimi populyar mahnılar musiqi xəzinəmizin parlaq inciləri kimi bu gün də müğənnilərin repertuarını bəzəyir.

Dillər əzbəri olan “Azərbaycan” mahnısında şairin 3 bəndlik şeirindən yalnız 2 bəndi oxunur. Səbəb də bu olub ki, 3-cü bənddə sovet rejiminin yada salınmasını yasaqladığı bir məsələyə – Azərbaycanın parçalanmasına çox incə şəkildə işarə vurulur:

Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
İki yerə parçalanmış ürəyim deyim.
“Yurdum, yuvam, məskənimsən”, Azərbaycanım!
Al bayraqlı vətənimsən, Azərbaycanım!

Onu da deyək ki, Ənvər Əlibəyli bir çox məşhur film mahnılarının da sözlərinin müəllifi olub. Ən məşhuru “Bəxtiyar” filmində Rəşid Behbudovun oxuduğu mahnılarıdır. Şair “Qara daşlar”, “Qızmar günəş altında”, “Bir məhəlləli iki oğlan” filmlərində səslənən mahnıların da həmmüəllifidir.

Qələmdaşlarının “Sevgi himninin müəllifi” adlandırdıqları nəğməkar şairin “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri”, “Dalğalar arasında”, “Elə xoşbəxtəm ki!”, “Ədəbiyyat”, “Nəğmələr”, “Bir kitab şeir”, “Ürəyimdəsən”, “Seçilmiş əsərləri” və s. kitabları nəşr olunub.

Ənvər Əlibəyli Azərbaycan Televiziyasının ilk rəhbəri olub. Bir ara başqa sahədə çalışsa da, 1965-ci ildən ömrünün sonuna kimi yenidən televiziyaya rəhbərlik edib. Onun iki övladı – radio jurnalisti Şəlalə Əlibəyli və telerejissor Şahin Əlibəyli ilə birlikdə çalışmışıq. Heç vaxt atalarının ad-sanı ilə öyünməyib, öz zəhmətlərinə güvəniblər.

Şairin digər övladı – filologiya elmləri doktoru Şəfəq Əlibəyli deyir ki, atalarını baharda daha çox xatırlayırlar:

– Atam 1 Aprel Yumor Günündə dünyaya gəlib, bəlkə də buna görə baməzə və zarafatcıl insan idi. İlk kitabı baharın gəlişindən soraq verən “Qaranquş” adı ilə çap edilib və onun istedadının müjdəçisi olub. Atam dünyasını da çox sevdiyi baharda – mayın 7-də dəyişib. Şeirlərindən həmişə bahar təravəti duyulur. Onun nəvəsi, mənim oğlum Tural Qahirənin “Eyn Şams” Universitetinin dilçilik fakültəsinin yetirməsidir. Babaları Ənvər Əlibəyli və Gəray Fəzlinin poeziya bulağından su içdiyi üçün o da gözəl şeirlər yazır.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Aprel 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri