Şeyxülislamın ABŞ səfəri
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-dən 14-nə qədər Amerika Birləşmiş Ştatlarında səfərdə olub.
İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatından başlanan səfər zamanı QMİ sədri A. Paşazadə ştat rəhbərliyi ilə görüşüb, bir sıra tədbirlərdə iştirak edib.
Şeyxülislam həmçinin Vaşinqtonda Senat və Konqres üzvləri ilə maraqlı görüşləri baş tutub. QMİ sədri həmçinin Nyu-Yorkda BMT rəsmiləri, “Dinlər Sülh uğrunda” Təşkilatı və “Vicdana çağırış” Fondunun rəhbərləri ilə müzakirələr aparıb.
Bu səfər çərçivəsində diqqəti çəkən görüş BMT Baş katibi ilə oldu.
Şeyxülislam BMT Baş katibi Antonio Quterreş tərəfindən təşkilatın Baş Qərargahında qəbul olunub. Burada maraqlı bir məqam məlum olub. BMT Baş katibi deyib ki, QMİ sədri onun Baş katibi vəzifəsində olduğu 9 ilə yaxın müddət ərzində BMT Baş Qərargahında qəbul etdiyi ilk dini liderdir.
Vaşinqtonda isə Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən heyət Ağ Evdə qəbulda olub. Burada QMİ sədri ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının Strateji Məsələlər üzrə Xüsusi Müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü baş tutub.
Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında imzalanan sülh protokolundan sonra Cənubi Qafqaz regionu üçün yeni fürsətlər yaranıb.
Şeyxülislam A. Paşazadə ABŞ prezidenti Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasına görə, minnətdarlığını bildirib. O, ABŞ-ı Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Qeyd edib ki, belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun deyil.
Bu səfər tolerantlıq siyasəti baxımından hansı mesajları daşıyır?
Şeyxülislam Allahşükür Paşazadənin ABŞ-a səfəri ölkəmizin dini-humanitar diplomatiyasının növbəti mərhələsi kimi diqqət çəkir. Bu səfər təkcə dini xarakter daşımır, həm də Prezident İlham Əliyevin illərdir uğurla həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasətinin beynəlxalq müstəvidə təbliği baxımından mühüm siyasi, ideoloji və mənəvi mesajlar verir.
Azərbaycan bu gün İslam dünyasında nadir nümunə kimi tanınır: Burada müxtəlif dinlərin nümayəndələri birgə, qarşılıqlı hörmət şəraitində yaşayır, dövlət isə bu harmoniyanı qorumağı öz siyasətinin əsas prinsipi kimi qəbul edib. Şeyxülislam Allahşükür Paşazadə çıxışlarında qeyd edib ki, tolerantlıq Azərbaycanda təkcə dövlət siyasəti deyil, həm də xalqın tarixi-mədəni yaddaşından gələn bir dəyərdir.
ABŞ kimi çoxkonfessiyalı, çoxmədəniyyətli bir ölkəyə edilən bu səfər həm İslam dünyasına, həm də Qərbə ünvanlanmış mesaj kimi dəyərləndirilə bilər. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, İslam dini sülh və mərhəmət dinidir, Azərbaycan isə bu dəyərləri real şəkildə yaşadan bir ölkədir.
Paşazadənin çıxışlarında vurğulanan ideya da məhz budur: dini zəmində qarşıdurmaların, nifrət çağırışlarının artdığı bir zamanda, Azərbaycan “dinlərarası sülhün modeli” kimi çıxış edir. Bu, həm də ölkəmizin qlobal humanitar proseslərdə etibarlı tərəfdaş statusunu möhkəmləndirir.
Allahşükür Paşazadə son 30 ildə İslam-xristian münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynayıb. Onun fəaliyyəti nəticəsində Qafqaz Müsəlmanları İdarəsi təkcə regional dini qurum deyil, həm də beynəlxalq səviyyədə sülh və dialoq mərkəzi kimi tanınır.
Dini diplomatiya – Azərbaycanın yumşaq güc siyasəti
A.Paşazadənin xarici səfərləri və beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın yumşaq güc strategiyasının bir parçasıdır. Bu siyasət Azərbaycanın beynəlxalq imicini təkcə enerji və təhlükəsizlik sahəsində deyil, həm də mənəvi dəyərlər, dinlərarası dialoq və sülh təşəbbüsləri üzərindən formalaşdırmağa xidmət edir.
ABŞ-da keçirilən görüşlər, konfrans və dialoqlar vasitəsilə Azərbaycan özünü İslam dünyası ilə Qərb arasında körpü rolunda təqdim edir. Bu, həm də Qərbdə İslam dininin yanlış təqdimatına qarşı real nümunə üzərindən cavab vermək imkanı yaradır.
Şeyxülislam Allahşükür Paşazadənin ABŞ səfəri sadəcə bir dini tədbir kimi deyil, Azərbaycan dövlətinin tolerantlıq fəlsəfəsinin nümayişi kimi dəyərləndirilməlidir.
Bu səfər göstərdi ki, Azərbaycan müxtəlif dinlərin sülh içində yaşadığı nadir məkan olaraq beynəlxalq nüfuzunu artırır. Qafqaz Müsəlmanları İdarəsi artıq regional dini qurumdan qlobal dialoq mərkəzinə çevrilib. Ən əsası, Azərbaycan İslam və Qərb dünyası arasında etimadın bərpasına töhfə verən əsas platformalardan biridir.
Bu əlaqələr ABŞ və Azərbaycan arasında münasibətlərə hansı təsiri göstərir?
Şeyxülislam Allahşükür Paşazadənin ABŞ səfəri təkcə dinlərarası dialoq baxımından deyil, həm də Azərbaycan–ABŞ münasibətlərinin ictimai-siyasi müstəvisinə müsbət təsir göstərən hadisə kimi dəyərləndirilə bilər.
Rəsmi səviyyədə Azərbaycan–ABŞ münasibətləri əsasən enerji, təhlükəsizlik və regional sabitlik mövzularında qurulub. Lakin Şeyxülislamın səfəri bu münasibətlərə “yumşaq diplomatiya” elementi əlavə edir.
ABŞ cəmiyyəti üçün İslam dünyası ilə dialoq məsələsi həssas və mühüm istiqamətdir. Paşazadənin sülh, tolerantlıq və qarşılıqlı hörmət çağırışları bu fonda Azərbaycanı etibarlı tərəfdaş və sabit müsəlman ölkəsi kimi təqdim edir.
Bu, xüsusilə ABŞ siyasi dairələrinin Azərbaycanı regionda sabitlik və multikulturalizm modeli kimi görməsini gücləndirir. Beləliklə, dini diplomatiya vasitəsilə ictimai rəydə müsbət təsəvvür formalaşır, bu da sonradan siyasi dialoqa əlavə rahatlıq gətirir.
ABŞ-ın dini institutları ilə əməkdaşlıq platforması
Səfər zamanı QMİ nümayəndə heyətinin ABŞ-ın dini təşkilatları, kilsə liderləri və akademik dairələr ilə təmasları Azərbaycan haqqında bilgilərin genişlənməsinə imkan yaradır.
Bu görüşlər nəticəsində ABŞ-da Azərbaycanın dini dözümlülük və azadlıq təcrübəsi tanıdılır, ölkəmiz İslam dünyasında radikalizmə qarşı mübarizədə prinsipial xəttin təmsilçisi kimi təqdim olunur. Həmçinin Vaşinqtonda ictimai-dini dairələrdə Azərbaycanla əməkdaşlıq üçün mənəvi zəmin formalaşır.
Bu platforma vasitəsilə ABŞ və Azərbaycan arasında dini-humanitar əlaqələrin institusional səviyyədə dərinləşməsi mümkündür.
Qərb mediasında və akademik mühitdə Azərbaycan çox zaman regiondakı geosiyasi proseslər kontekstində təqdim olunur. A.Paşazadənin səfəri isə bu təsviri mədəni və mənəvi dəyərlər müstəvisinə daşıyır.
Bu, həm də ABŞ ictimaiyyətində Azərbaycanın din azadlığına hörmət edən, xristian və yəhudi icmalarına bərabər münasibət göstərən və islahatçı, müasir müsəlman ölkəsi kimi imicinin güclənməsinə xidmət edir. Belə müsbət fon diplomatik və siyasi məsələlərdə — xüsusilə enerji əməkdaşlığı və təhlükəsizlik dialoqu kimi sahələrdə ABŞ tərəfinin münasibətini yumşalda və dərinləşdirə bilir.
ABŞ kimi böyük dövlətin dini dairələri ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq humanitar nüfuzunu artırır.
Bu nüfuz ölkəmizi təkcə enerji resurslarına görə deyil, həm də mənəvi və mədəni dəyərlərinə görə tanıdan ölkə kimi göstərir. Beləliklə, Azərbaycan dünyada sivilizasiyalararası dialoqun aktiv iştirakçısı kimi daha çox qəbul olunur.
Bu, diplomatik baxımdan da dəyərlidir, çünki beynəlxalq müstəvidə ölkənin imicini formalaşdıran yalnız siyasi qərarlar deyil, dəyərlər üzərindən qurulan əlaqələr dədir.
Şeyxülislam Allahşükür Paşazadənin ABŞ səfəri Azərbaycan–ABŞ münasibətlərinə mənəvi, mədəni və ictimai-siyasi dərinlik gətirir. Bu səfər vasitəsilə ABŞ cəmiyyətində Azərbaycan haqqında tolerant, sabit və müasirləşən müsəlman ölkəsi obrazı güclənir, iki ölkə arasında yumşaq diplomatiya kanalları möhkəmlənir. Gələcəkdə dini-humanitar əməkdaşlığın siyasi əlaqələrə əlavə enerji verməsi üçün zəmin yaranır.
Yəni bu səfər, diplomatik dildə desək, “yumşaq gücün” – mədəni və mənəvi təsirin nümayişdir.
Aydın ABBASOV
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















